Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edəcək
Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirməyə görə cərimə ediləcəklər. Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Məcəlləyə əlavə edilməsi təklif edilən 65-3.1-ci maddəyə əsasən, Azərbaycanda tibbi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək miqdarda cərimə edilir.
Məcəlləyə əlavə edilməsi təklif edilən 65-3.2-ci maddəyə əsasən isə, tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki şəxslər 100 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 800 manatadək miqdarda cərimə edilir.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanununa təklif edilən dəyişiklərə əsasən isə, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.
Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.
Hər iki məsələ Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.