Tibbi-Sosial Ekspert Komissiyaları yeni inzibati binalarla təmin edilir Hadisə

Tibbi-Sosial Ekspert Komissiyaları yeni inzibati binalarla təmin edilir

Tural

Respublikanın bölgələrində əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və əlillik müayinələrinin müasir tələblərə uyğun şəraitdə aparılmasının təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) diqqət mərkəzindədir. ƏƏSMN tərəfindən bu istiqamətdə aparılan işlərin davamı olaraq, nazirliyin Ağcabədi və Ağdam rayonları üzrə 22 saylı, Saatlı və İmişli rayonları üzrə 34 saylı, Beyləqan və Füzulu rayonları üzrə 37 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) yeni inzibati binalarla təmin edilib.
TSEK-lər üçün yeni iş şəraitinin istifadəyə verilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, hazırda ƏƏSMN-nin 38 region üzrə TSEK-ləri fəaliyyət göstərir. "Nazirliyin digər yerli struktur bölmələri kimi, həmin komissiyalarda da əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması üçün müvafiq işlər aparılır. Ötən ilin ortalarından bu vaxta qədər artıq 18 TSEK yeni inzibati binalarla təmin olunub. Bütün TSEK-lərdə belə şərait yaradılacaq və eyni zamanda onlar tibbi-sosial ekspertiza üçün müasir müayinə cihazları ilə təmin ediləcəklər".
Nazir müavini son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması və bu sahəyə nəzarətin artırılmasının ilkin əlillik təyin olunanların sayının azalmasına, əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəricilərinin yüksəlməsinə səbəb olduğunu, digər tərəfdən bu sahə ilə bağlı şikayət xarakterli müraciətlərin sayının kəskin şəkildə azaldığını qeyd edib. N.Məmmədov hazırda nazirlik tərəfindən aparılan islahatların əlilliyin müayinəsi sistemini də əhatə etdiyini vurğulayıb. O bildirib ki, ƏƏSMN-nin Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərində yaradılan tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasına yönəlib. Bu sistem əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların əks olunduğu göndəriş formalarının kağız daşıyıcılar vasitəsilə deyil, elektron şəkildə TSEK-lərə göndərilməsini, bununla da qeyd olunan sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının minimuma endirilməsini təmin edir. Eyni zamanda, həmin sistem vasitəsilə yaradılan elektron bazada əlillik müayinələrinin nəticələri barədə məlumatlar əhatə olunur ki, bununla da aidiyyəti dövlət orqanları tərəfindən müvafiq məlumatlar bu bazadan elektron qaydada əldə olunur.
Tədbirlər zamanı TSEK-lər üçün yaradılmış yeni iş şəraitlərinə, müayinə avadanlıqlarına, göstərilən tibbi-sosial ekspertiza xidmətinə, eləcə də müvafiq göndərişlərin elektron şəkildə qəbul olunması prosesinə baxış olub. Komissiyaların kollektivlərinə əhaliyə xidmətin layiqli səviyyədə, şəffaf şəkildə həyata keçirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası işinin bərpa mərkəzləri ilə əlaqəli şəkildə təşkili və s. barədə tapşırıqlar verilib.