Koronavirusa yoluxmada artım: səbəblər və çıxış yolları Hadisə

Koronavirusa yoluxmada artım: səbəblər və çıxış yolları

Koronavirusa yoluxma və ölüm sayında artım müşahidə olunur. Artıq yoluxma sayı 2 min nəfərə yaxınlaşır. Həmçinin mənfi tendensiya müşahidə olunur- yoluxma sayı sağalanların sayından bir neçə dəfə çoxdur. Bütün bunlar isə əhalidə təşviş yaradır. Virusa yoluxanların sayında sürətlə artımın nədən qaynaqlanır və hansı problemlərə yol aça bilə?

Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov Bunu Trend-ə deyib ki, Azərbaycanda karantin rejiminin yumşaldılmasına, o cümlədən toyların keçirilməsinə, restoran və ticarət obyektlərinin, metronun açılmasına müəyyən karantin qaydaları çərçivəsində icazə verildi: “Lakin əfsuslar olsun ki, bu qaydalara tam riayət olunmur və nəticədə yoluxma saylarında artım müşahidə olunmaqdadır. Yoluxma sayı həddən artıq çox olarsa, nəzarətdən çıxarsa karantin rejiminin sərtləşdirilməsi də zərurətə çevrilə bilər”.

Yoluxma sayında artım səbəbi

F.Sədirov bildirib ki, yoluxma saylarında artımın səbəblərindən biri də “Delta” ştammının çox yoluxdurucu olmasıdır: “Bu məsələdə bizə ancaq vaksinasiya kömək ola bilər. Nə qədər çox vaksin olunan olsa, biz yoluxma zəncirini bir o qədər tez qıra bilərik. Vaksinasiya sürətli şəkildə davam etməlidir. Vətəndaşlar vaksinasiyadan imtina etməməlidirlər”.

F.Sədirov əlavə edib ki, nə qədər yumşalmalar olsa da qorunma tədbirləri hər zaman keçərlidir: “Ən yaxşı qorunma tədbiri məsafədir. Məsafəni gözləmiş olsaq virusa yoluxma təhlükəsini önləmiş olarıq. Digər bir məqam isə ondan ibarətdir ki, bir çox vətəndaşlar vaksinasiydan sonra qoruma tədbirlərinə əməl etmirlər. Birinci doza bizi qorumur, ikinci doza vurulduqdan 14 gün sonra qoruyuculuq yaranır. Ancaq insanlarda birinci vaksini vurdurduqdan sonra arxayınlıq yaranır və öz çevrəsində qoruma tədbirlərinə tam əməl etmir. Müşahidələrimiz də göstərir ki, yoluxanların əksəriyyəti 1-ci vaksinlə 2-ci vaksinin arasında olan müddət ərzində yoluxur. Birmənalı olaraq vaksin vurdurduqdan sonra da biz özümüzü qorumalıyıq”.

Səhiyyə sisteminin yükü artarsa...

Məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə danışan suallarını cavablandıran tanınmış həkim Vaqif Qarayev bildirdi ki, yoluxmanın sürətlə artmasının səbəbi restoranlarda kütləvilik, toylar, kef məclisləri, yas mərasımləri, həmçinin sosial məsuliyyətsizlik, pandemiyanı, virusu ciddiyə almamaq, vaksindən imtina etməkdir: “Əlbəttə, bu siyahını uzatmaq da olar. Əgər səhiyyə sisteminin yükü artacaqsa, yəni xəstəxanalar yüklənəcəksə qapanmalar ola bilər. Bu qərarı mənim kimi həkimlər yox, hökumət verəcək. Şəxsən mən istəməzdim qapanmalar olsun. Amma hər günahı hökumətin boynuna atmamalıyıq. Yuxarıda səbəbləri vurğuladım. Hər kəs özünü qorumalı, məsafə saxlamalı, gigiyenik qaydalara əməl etməli və peyvənd olunmalıdır”.

V.Qarayev əlavə edib ki, yoluxma dörd, sağalma üç, ölüm ikirəqəmlidir: “Ehtiyatlı olmağa çağırış edəndə təhqirlər yağdırılır. “Virusa inanmırıq”, “pandemiyaya inanmırıq”, “qapanmalara etiraz edirik”, “peyvəndə nifrət edirik”, - deyərək qaydalara əməl olunmur. Restoranlarda vur- çatlasındır, toylarda virusa yoluxan xeyli adam tanıyıram. İndi toylar dayandırılıb, amma məhərrəmlik başlayıb. Yəni yas məclislərində, ibadət yerlərində kütləvi toplanma olacaq. Özümüzü qorumalıyıq”.

Məsuliyyət hissi

Millət vəkili Naqif Həmzəyev isə “Xalq Cəbhəsi”nə bildirdi ki, son dövrdə koronavirusa yoluxmada sürətli artım müşahidə edilir: “Bildiyiniz kimi, yaz aylarında yoluxma sayında azalma müşahidə edildiyi üçün Operativ Qərargah tərəfindən mərhələli şəkildə yumşaldılmaya gedildi. Amma təəssüflər olsun ki, vətəndaşlar yumşaldılma qərarından sonra məsuliyyət hissini unutdular. Xüsusilə toy məclislərində əksər hallarda qaydalara riayət olunmadı. Bu da yoluxma sayının artmasına gətirib çıxardı”.

Vaksinasiya ilə bağlı vəziyyət

O, əlavə edib ki, vaksinasiya ilə bağlı vəziyyət o qədər də yaxşı deyil: “Dövlət tərəfindən vaksinlər Azərbaycana gətirilsə və yanvar ayından etibarən peyvəndlənmə prosesinə start verilsə də vətəndaşlarımızın böyük əksəriyyəti hələ də vaksin vurdurmayıblar. Bu da yoluxmanın artmasına təsir göstərir. Düşünürəm ki, qorunmanın optimal yolu vaksin vurdurmaq, bununla da həm özünü həm də ətrafını qorumaqdır. Düşünürəm ki, insanlar ən qısa zamanda öz növbələrini götürərək, peyvənd vurdurmalıdırlar. Əks halda bizi payız aylarında daha çətin vəziyyət gözləyə bilər. Bu da istər istəməz sərt qərarların qəbul olunmasını zəruriyyətə çevirər. Heç kim istəmir ki, yenidən sərt qərarlar tətbiq edilsin, qapanmalar olsun. Bu baxımdan da mən bütün vətəndşlarımızı vaksin vrdurmağa və dövlətin koronavirusla mübarizədə həyata keçirdiyi tədbilərə dəsətək olmaa çağırıram”.

Toy şənliklərinə nəzarət mexanizmi

Millət vəkili həmçinin “yumşaldılmalar zamanı tətbiq edilmiş qaydalara riayət etməyən bəzi vətəndaşlarımız çox təəssüflər olsun ki, saxta yollarla covid pasportu əldə etdilər”, - deyə bildirib: Millət vəkili əlavə edib ki, düzdür, bunu həyata keçirən bir çox şəxslər cəzalandırılsa da nəticə etibarilə onlar bu prosesə ciddi yanaşmadılar: “Çox təəssüflər olsun ki, toy şənliklərinə nəzarət mexanizmi tam olaraq həyata keçirilmədi. 150 nəfərə icazə verilsə də əksər rayon yerlərində bu say daha çox oldu. Covid pasportu olmayan, həqiqətən də vaksin vurdurmayan şəxslər toy məclislərində iştirak etdilər. Nəticədə bu cür kütləvi tədbirlər yoluxmanın artmasına gətirib çıxardı. Yoluxmanın artması hər kəs üçün bir siqnal olmalıdır. Əks təqdirdə biz, ötən il başladığımız yerə qayıtmalı olacağıq. Belə olduqda ötən illər ərzində aparılan mübarizə, çəkilən xərclər hədər gedəcək. Ona görə də hər kəs vaxt itirmədən covid peyvəndlərindən hər hansı birini vurdurmalıdır”.

“3-cü doz vaksin də vurdurdum”

Onun sözlərinə görə, ç0alışmalıyıq ki, qaydalara riayət edək və ictimai yerlərdə sosial məsafəni qoruyaq: “Əks halda havalar soyuduqca daha acınacaqlı vəziyyətlə qarşılaşa bilərik ki, bu da istər-istəməz hər birimizə mənfi təsir göstərəcək. Çalışmalıyıq ki sərt qapanmalara gedilməməsi üçün hər kəs peyvənd olunsun. Bilirsiniz ki, ikinci vaksini vurdurandan 6 ay sonra antitel azalır, bu da həmin şəxslərin də yenidən virusa yoluxma təhlükəsinı artırır. Əksər dövlətlərdə artıq 3-cü doz vaksinlərin vurulmasına start verilib. Delta ştammı da daha sürətlə yayılır. Bunun qarşısını almaq üçün mən 3-cü doz vaksin də vurdurdum. Məqsədim odur ki, yenidən koronavirusa yoluxmayım. Antiteli aşağı olan vətəndaşlara da tövsiyə edirəm ki, əgər 6 ay tamam olubsa 3-cü doz vaksin də vurdursunlar. İstər istəməz bu virusdan qorunmağıln yeganə yolu vaksin vurdurmaqdır”.

Əli Zülfüqaroğlu