COVID-19 testləri nə dərəcədə etibarlıdır? - AÇIQLAMA Hadisə

COVID-19 testləri nə dərəcədə etibarlıdır? - AÇIQLAMA

Bəzən belə şikayətlər olur ki, bir adam bir neçə dəfə koronavirusdan test verir və gah müsbət, gah da mənfi nəticə çıxır.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, tibdə yüzfaizli nəticə yoxdur. Seroloji testlərin də düzgünlüyü 70-80 faiz arasındadır: "Xəstəliyin sonrakı günlərində, ən azı ikinci həftəsində artıq proses ağciyərlərə, aşağı təbəqəyə doğru enir və biz oradan yaxma götürməliyik. Amma bu, mümkün deyil. Belə halda, yuxarıdan yaxma götürülməsi neqativ nəticə verə bilər. Digər tərəfdən, burada texniki məsələlər də var. Əgər yaxma səthi götürülübsə, virus materialı tampona tam oturmayıbsa, mənfi nəticələr qaçılmazdır. Daşınması, saxlanması da texniki şərtlərdir. Ona görə birmənalı olaraq seroloji testlərə etibar edib, diaqnoz qoymurlar. Sadəcə olaraq, bunlar tədqiqatlar üçün müayinə obyekti kimi istifadə oluna bilər. Əsas üsul PCR, yəni ötürmə zəncirvari reaksiya testidir".