Milli Məclis yanğında ölənlərin xatirəsini andı Hadisə

Milli Məclis yanğında ölənlərin xatirəsini andı

Parlament dövlət büdcəsinin icrasını müzakirə etdi və tətilə çıxdı

Dünən Milli Məclisin yaz sesiyasının sonuncu iclası keçirilib. İclasda 18 məsələ müzakirə edilib. Gündəliyin müzakirəsinə keçməzdən öncə spiker Oqtay Əsədov Binəqədi rayonu ərazisində hündürmərtəbəli binanın yanması nəticəsində insanların ölməsindən və xəsarət almasından söz açılıb. O, xatırladıb ki, 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı Dövlət Komissiyası yaradılıb: "Prezident də hadisəni nəzarətə götürdü. Dövlət Komissiyası isə yüksək səviyyədə çalışır ki, problemlər aradan qaldırılsın. Cənab prezident bir də belə hadisələrin olmaması üçün lazımi tapşırıqlarını verib".
Sonra yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi ilə bağlı çıxış edən İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, dövlət və icmal büdcəsi ilə bağlı şəffaflığın təmin edilməsi 2014-cü ildə də davam etdirilib, dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyası uğurla yerinə yetirilib.
Ç. Əsədullayev dünyada iqtisadi böhran fonunda Azərbaycanın inkişaf etdiyini, bunun düşünülmüş siyasətin nəticəsi olduğunu qeyd edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov nəzərə çatdırıb ki, ötən il yol vergisi və torpaq vergisi ilə bağlı proqnozlar aşağı səviyyədə icra olunub: "Dövlət borcunun ilbəil artmasını nəzərə alaraq, uzun müddətli perspektivdə dövlət borcunun aşağı salınması üçün müvafiq strategiyanın hazırlanmasını məqsədəuyğun sayırıq. 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası müsbət rəy verib".
Azərbaycanın ixrac məhsullarının qiymətinin 2 dəfə düşməsinə baxmayaraq, ölkədə iqtisadi artımın davam etdiyini söyləyən maliyyə naziri Samir Şərifov 2014-cü il dövlət büdcəsinin icrasına dair məlumatları açıqlayıb.
Onun sözlərinə görə, dünyada qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub. Ötən il qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir. 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib. Hesabat dövründə orta aylıq əmək haqqı 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artaraq 39,4 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur. S. Şərifov deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub: "Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub".
Maliyyə naziri əlavə edib ki, hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna qədər büdcənin vahid xəzinə hesabında 1 728 622 300 manat məbləğində qalıq yaranıb. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində büdcənin vahid xəzinə hesabında yaranan 1,729 mlrd. manat məbləğində qalıq bu ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidməti ilə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.
Nazir millət vəkillərini qanun layihəsinin qəbuluna səs verməyə çağırıb.
Qanun layihəsi ilə bağlı müzakirələr zamanı çıxışında millət vəkili Vahid Əhmədov 2014-cü ildə dövlət büdcəsinin yüksək səviyyədə icra olunduğunu qeyd edib və qanun layihəsinin müzakirəsiz qəbul olunmasını təklif edib.
Fazil Mustafa dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı Cənubi Qafqaz respublikaları ilə bağlı müqayisələrin verilməsini istəyib: "Bank kreditləri ilə bağlı məsələnin büdcənin icrasına təsirinin də açıqlanması yaxşı olardı. Çünki bu kreditlər indi verilməyib".
Fazil Mustafa çıxışında daha bir həlli mühüm məsələni diqqətə çatdırıb. O deyib ki, müxtəlif səbəblərdən Türkiyəyə gedən və orada qeydiyyata düşmədən yaşayan Azərbaycan vətəndaşları var: "Həmin Azərbaycan vətəndaşlarının 2500-ə nəfərədək məktəbyaşlı uşağı təhsil almır. Çünki valideynləri orada rəsmi qeydiyyata düşmürlər, bunda maraqlı deyillər".
Deputat bildirib ki, işləmək üçün Türkiyəyə getmiş həmin Azərbaycan vətəndaşları qeydiyyata düşsə, Azərbaycana geri qayıtmalıdırlar: "O valideynlər də orada işlərini itirməmək üçün qeydiyyata düşmürlər. Hansısa formada bu uşaqların təhsil məsələsi həll olunmalıdır. Məktəb açılması da Türkiyə tərəfi ilə müzakirə oluna bilər. O uşaqların yalnız hansı xəstəxanada olduğu barədə sənəd var, başqa sənədləri yoxdur. Bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılmasının nəzərdən keçirilməsini təklif edirəm".
Deputat Fərəc Quliyev isə çıxışında Neft Fondunun vəsaitlərinin bir hissəsini hələ də rus rublu ilə saxlamasını tənqid edib.
Azay Quliyev isə deyib ki, 2014-cü ilin dövlət büdcəsi çox uğurla icra olunub: "Qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilib. Xüsusilə sosial yönümlü layihələrdə hər hansı gecikmələr olmayıb".
Azay Quliyev qeyd edib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin azalması tendensiyası baş verir: "Bu, ümumi daxili məhsulda da özünü göstərir. Digər mühüm məqamlardan biri odur ki, 2014-cü ildə dövlət büdcəsinə təxminən 1,5 milyard manat qənaət olunub".
Azay Quliyev deputat həmkarı Fazil Mustafanın Türkiyədə yüzlərlə azərbaycanlı ailənin təhsili ilə bağlı qaldırdığı məsələyə də münasibət bildirib: "Hesab edirəm ki, Azərbaycan hökuməti Türkiyədə yaşayan azərbaycanlıları təhsili məsələsinə xüsusi diqqət ayırmalıdır. Ayrılan vəsait onlara kifayət etmədiyindən dövlət buna müdaxilə etməlidir".
O, deputat seçildiyi Şirvan şəhərindəki problemlərdən də söz açıb və mənzil probleminin aradan qaldırılması üçün sosial evlərin tikilməsini təklif edib.
Zahid Oruc Binəqədidə yaşayış binasında baş verən yanğına toxunub: "Müxalifət əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazırdır. O binalar tək xarici görkəm üçün üzlənməmişdi. Bu, həm də binalara qoyulan investisiya idi, vətəndaşların mənzillərinin dəyəri də artırdı. Bu, artıq başqa məsələdir ki, o üzlüklər necə vurulub".
Əvvəllər də xaricdə dini təhsilin qadağan edilməsini təklif etdiyini xatırladan Z. Oruc hazırda xaricdə dini təhsilin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə həyata keçdiyini söyləyib: "Azərbaycanda İslam Universiteti yaradılıb, ancaq bu universitetdə təhsil pulludur. Suriyada, İranda və digər ölkələrdə dini təhsil alanlar o ziddiyyətləri Azərbaycana gətirirlər. Azərbaycanda dini təhsilin pulsuz olması təmin edilməlidir".
Z. Oruc dövlətin milyardlarla manat investisiyasının olduğu Beynəlxalq Bankın da hökumətin hesabatı zamanı Milli Məclisdə təmsil olunmasını istəyib.
O, ipoteka məsələsinə də toxunub: "İpoteka Fonduna 50 milyon manat ayrılır, bu, 50 min manatdan 1000 ailənin mənzillə təmin oluması deməkdir. Bu, yetərli deyil. Məsələn, dövlət qulluqçuları mənzil problemi ilə bağlı müxtəlif səbəblərdən başqa sahələrə üz tuturlar. İpoteka Fondundan vəsaitlərin xərclənməsi ilə bağlı məlumat alırıq, ancaq hansı kateqoriyaların bu vəsaitləri aldığını bilmirik. Ona görə də kənar mənbələrdən ipoteka alınması məsələsi də həllini tapmalıdır".
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov vurğulayıb ki, ölkə xaricində olduğu kimi, ölkə daxilində də Azərbaycanın inkişafını gözü götürməyənlər var: "Son vaxtlar şahidi oluruq ki, Avropa Parlamentinin deputatları Azərbaycan əleyhinə bəyanatlar verirlər, Avropa Parlamentində Azərbaycan əleyhinə qərarlar qəbul edilir".
S. Novruzov deyib ki, Avropa Parlamentinin sədri Marin Şults spiker Oqtğay Əsədovla görüşlərdə deyib ki, Avropa Parlamentinin deputatlarının söylədiklərinə fikir verməyin: "İndi Martin Şultsun maskası cırılıb. Martin Şults iyunun 10-da "İdman və insan hüquqları" mövzusunda tədbir təşkil edəcək. Azərbaycandan da müəyyən insanları dəvət edib. Bu, nə deməkdir? Matin Şults Riqa sammitində Ermənistanı demokratiyanın çiçəkləndiyini ölkə kimi təqdim edir. Baxmayaraq ki, bu ölkədə seçkilər zamanı insanlar güllələnib, insan hüquqları pozulub. Əgər insan hüquqlarının müdafiəçisənsə, Xocalı soyqırımını niyə Avropa Parlamentində müzakirəyə çıxarmırsan? Burada ikiüzlülük, satqınlıq var, Avropa Parlamentinin sədri Avropa Oyunlarına belə münasibət bəsləyirsə, öz partiyasını da satır, sosial ədalət prinsipinə qarşı çıxır. Biz bu insanlara qarşı kəskin mövqeyimizi bildirməliyik, Şultsun öyrətdiyi adamlardır ki, sabah mitinq keçirmək istəyirlər. Martin Şultsun öyrətdiyi adamlardır ki, Azərbaycanda Avropa Oyunlarını boykot etməyə çağırırlar".
S. Novruzov Azərbaycan xalqının ölkə prezidentinin ətrafında birləşdiyini söyləyib: "Bizim böyük, kiçik qardaşımız yoxdur, hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəklər ki, Azərbaycan hansı, onların təriflədiyi ölkələr hansı səviyyədədir".
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası dünənki plenar iclasla yekunlaşıb. Parlamentin spikeri Oqtay Əsədov yaz sessiyasında 10 iclas keçirildiyini, 134 qanun və qərar qəbul edildiyini bildirib. O deyib ki, yaz sessiyası dövründə 165 millət vəkilindən ibarət 70-ə qədər nümayəndə heyəti müxtəlif ölkələrdə səfərdə olub. Parlamentdə müxtəlif ölkə və beynəlxalq təşkilatlardan 350 nəfərdən ibarət 50-dən çox nümayəndə heyəti qəbul edilib.
O. Əsədov yaz sessiyasının uğurla başa çatdığını söyləyib. Dövlət himninin oxunması ilə yaz sessiyası bağlı elan edilib. O. Əsədov sonda qarşıdan gələn Avropa Oyunlarında Azərbaycan idmançılarına uğurlar arzulayıb.