Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olub Hadisə

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olub

1993-cü ildə xalqın təkidilə hakimiyyətə gətirilən Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə atəşkəsə nail olundu. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Təəssüf ki, Azərbaycanın başının daxili işlərə qarışdığı, yenicə irəliləyişə doğru addımladığı bir vaxtda xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar.

Politoloq Mirsamir Məmmədov "Xalq Cəbhəsi"nə bildirib ki,
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olub: "Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Ümummili Lider demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

Politoloq onu da qeyd edib ki, 2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi.
Cavid