“Qarabağ TV” yaradılması təşəbbüsü ilə... Hadisə

“Qarabağ TV” yaradılması təşəbbüsü ilə...

"Hələlik real olan heç nə yoxdur"

122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilən Flora Qasımova bir müddət əvvəl Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün "Qarabağ TV" yaradılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, hələlik real olan heç nə yoxdur. ""Qarabağ TV" yaradılması mənim arzumdur və bunun reallaşması üçün müvafiq qurumlarla əlaqələr yaradılmalı, perspektivlər öyrənilməlidir. Bu təkcə mənim istəyimə bağlı məsələ deyil. Maraqlıdır, daha neçə nəfər belə bir layihənin reallaşmasını istəyir?".
O qeyd edib ki, arzusunun reallaşması üçün müzakirələr aparılmalı, aidiyyəti təşkilatlarla əlaqələr qurulmalıdır, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən tezlik alınmalı, vəsait ayrılmalıdır: "Hazırda ATV telekanalının nəzdində ermənicə veriliş gedir. Bu sevindiricidir. Amma bu verilişi neçə insan izləyir? Mənim bir məqsədim var. Əgər həqiqətən də Dağlıq Qarabağdakı erməniləri Azərbaycan vətəndaşı hesab ediriksə, baxmayaraq ki, özləri belə demir, biz onlara Dağlıq Qarabağın tarixini, həqiqətlərini öz dillərində çatdırmalıyıq. Yaxşı haldır ki, AzTV və İctimai Televiziyada "Xəbərlər" proqramı ingiliscə, rusca da yayırlar. Amma yeni yetişən ermənilər bu dilləri bilmir. Ermənilər onların beyninə yeridir ki, Qarabağ əzəli olaraq onların torpağı olub. Biz isə öz-özümüzə danışırıq. Ölkə daxilində Qarabağ üçün telekanal yaradılmalıdır. Azərbaycanın inkişafını məhz ermənicə təqdim etməliyik. Çünki televiziya ən yaxşı təbliğat vasitəsidir. Kiminsə qəzet almaq, sayta daxil olmaq imkanı olmaya bilər. Amma televiziya hamının əli çatdığı təbliğat vasitəsidir".
Flora Qasımova bu işdə hər kəsi birliyə çağırıb: "İşğal altında olan torpaqlar geri alınanda kimin ora getməyə mənəvi haqqı olacaq? Zənnimcə, bu suala cavab tapmaq üçün hər kəs öz-özünə hesabat verməlidir. Bu sual veriləndə nə qədər insan cavab verməyə hazır olacaq? Ən azı bunu düşünərək hər kəs əlindən gələni etməlidir".