“Artist olmaq istəyirəm, mənə kömək elə” Mədəniyyət

“Artist olmaq istəyirəm, mənə kömək elə”

Bir neçə gündən sonra Lütvəlini Opera və Balet teatrının xor heyətinə qəbul etdilər

Əhməd Anatollunun qeydlərindən: "1926-cı ildə H.Q.Sarabskinin başçılığı ilə bir dəstə artist - Həqiqət Rzayeva, Sürəyya Qacar, Zülfüqar Sarıyev və başqaları ilə Nuxaya tamaşa verməyə gəlmişdik. Qastrola gələn artistləri mehmanxanalarda deyil, şəxsi evlərdə yerləşdirdilər. Hər artist bir evə düşdü. Mən də Lütvəlinin evinə düşdüm. Bu vaxtlar Lütvəli 14-15 yaşlarında idi. Hər axşam onu özümlə göstərdiyimiz tamaşalara baxmağa aparırdım. Tamaşalara baxdıqdan sonra o, mənə tez-tez suallar verir, səhnə sənətinin sirlərinə bələd olmağa çalışırdı. Nuxada göstərdiyimiz "Leyli və Məcnun", "Arşın mal alan" ona çox təsir etmişdi. Buna görədə dinlədiyi əsərlərdən bəzi parçaları əzbərləyib gənclik həvəsilə onları dönə-dönə oxuyurdu. Səsi də pis deyildi, artistliyə marağı vardı. Mən ona məsləhət gördüm ki, məktəbi qurtaran kimi Bakıya gəlsin. Biz onu Opera teatrına işə düzəldərik.
1928-ci ilin payız ayları idi. Mən teatrda məşqdə idim. Tənəffüs zamanı dedilər ki, səni qapıda bir nəfər cavan oğlan gözləyir. Qapıya çıxdım. Orta boylu, səliqə ilə geyinmiş bir gənc mənə yaxınlaşıb ehtiramla salam verdi. Mən onu tanıdım. Nuxada evlərində iki il bundan əvvəl qonaq qaldığım Lütvəli idi.
- Əhməd əmi, artist olmaq istəyirəm, mənə kömək elə - deyə söhbətə başladı. Bir neçə gündən sonra Lütvəlini Opera və Balet teatrının xor heyətinə qəbul etdilər. Lütvəlinin sevincinin həddi-hüdudu yox idi. Hər axşam böyük həvəslə qrimlənib hamıdan əvvəl səhnəyə tərəf gələr və səbirsizliklə pərdənin açılmasını gözləyərdi. Xorla o, özünü yaxşı bir ifaçı kimi göstərsə də mən həmişə onun simasında nə isə daxili bir narahatçılıq duyurdum. Hiss edirdim ki, o, xorda oxumaqla kifayətlənmək istəmir. Məzəli söhbətləri, şirin danışığı ilə Lütvəli kollektivin nəzərini həmişə cəlb edirdi. O, teatrda olmayanda biz darıxırdıq. Hamıdan çox mənimlə ülfət bağlamışdı. Vəli və Hamlet rollarında çıxış edən Lütvəli mənim bütün səhnə hərəkətlərimi və sözlərimi mənimsəmişdi. Hiss edirdim ki, o, bu rolları oynamağa çalışır və səylə məsləhətlərimə qulaq asırdı. Lütvəlinin könlü geniş meydan istəyirdi, bütün qüvvə və bacarığını Azərbaycan səhnəsinin komik ustalarının parlaq yaradıcılıq ənənələrini davam etdirməyə çalışırdı.
1938-ci ildə Bakıda Azərbaycan Dövlət Musiqili Komediya teatrı yaradıldıqda bu teatr Lütvəli Abdullayevin yaradıcılıq imkanlarına çox uyğun idi. Buna görə də o, öz fitri istedadı sahəsində az bir müddət ərzində Musiqili Komediya teatrının qabaqcıl aktyorları sırasına qalxdı və tamaşaçıların sevimlisi oldu".
Söz vaxtına çəkər: 1970-ci ilin Novruz bayramı ərəfəsi idi. Artıq ali təhsil almışdım. Candan artıq işimə daha yaxından bağlandım. Arxiv işim ilə bağlı əvvəlcə telefonla danışır, sonra da vaxt təyin edir və onlarla görüşürdüm. 1970-ci ilin martında növbəti görüşüm sevimli aktyorumuza Lütfəli Abdullayevlə oldu. Neft Akademiyasının yanındakı küçədə yaşayan Lütfəli müəllimlə görüşüm martda baş tutdu. Keçmiş (1 may, indiki Dilarə Əliyeva adına küç.220.) Saat 2 radələrində mənzilinə daxil oldum. Böyük bir ev iti məni qarşıladı. Lütvəli müəllim yox, həyat yoldaşı Sevda xanım itə rus dilində nə dedisə, it səsini kəsdi. Sakitcə sahibinə baxdı. Lütvəli müəllim isə dedi: "Xoş gəlmisən cavan oğlan, eşidirəm səni".
Mən onun üzünə baxıb mat-məətəl qalmışdım. Səhnədə minlərlə tamaşaçını güldürən insan indi çox ciddi görünsə də, üzündəki minikalardan gözümü ayıra bilmirdim. Nəhayət, Lütvəli müəllim dedi:
- Cavan oğlan, mən hələ həyatdayam, sənətimi davam etdirirəm, inşallah, bir az vaxt keçsin, sənədlərimi sizə təqdim edərəm.
Söhbət bitdi. Xoş təəsüratla sənətkardan ayrıldım. İllər keçdi, onunla görüşmək olmadı. Amma indiyə qədər onun sənədlərindən nigaran idim. Bugünlərdə Lütfəli Abdullayevin anadan olmasının 100 illiyini yüksək səviyyədə keçirmək haqqında ölkə prezidentinin sərəncamını oxudum. Tez də qızları Xurşud xanım və Gülara xanımla əlaqə saxladım. Lütfəli müəllimin sənədlərini arxivə qəbul edib şəxsi fondunun yaradılmasına razılaşdıq.
Lütvəli Abdullayev təbiətin ayıldığı bir vaxtda - 22 mart 1914-cü ildə dünyaya göz açıb. 14-15 yaşlarında səhnəyə çıxmış, yoxsul ailəsinə körpəlikdən xoş əhval-ruhiyyə bəxş etmişdi. Hətta ailədəki maddi sıxıntıları da unutmuşdu. Şəki (keçmiş Nuxa) şəhərindəki 10 saylı natamam orta məktəbin 7-ci sinfini bitirmiş, o zaman Şəkidəki fəhlə və kəndli klubunda həvəskar artist kimi həmyerlilərinin hörmətini qazanmışdı. 1929-cu ildə Bakıya gələn Lütvəli Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabskinin diqqətini cəlb etmişdi. Elə bu ildə də indiki Bakı Dövlət Milli Konservatoriyasına qəbul olunur, N.Valtorinlə bir yerdə çalışır, professorlardan Berdekinin sinfində vokal sənətini dərindən öyrənir. Yuxarıda yazdığım qeydlər isə o illərdə məşhur olan Əhməd Anatollunun Lütvəli haqqında yazısından götürülüb.
O illərdə Lütfəli müəllim M.F.Axundov adına Opera və Balet teatrında xor artisti kimi çıxış etmişdi. 1938-ci ildə Opera teatrı ilə birlikdə Azərbaycan Ədəbiyyatı və İncəsənətinin birinci ongünlüyündə uğurla çıxış etmiş, kollektivin daha çox diqqətini cəlb etmişdi. Bu diqqəti Lütfəli müəllim hələ 1923-cü ildə Teatr texnikumun da M.A.Əliyev, S.Ruhulla, Bülbül, Ə.Ələkbərov, Ə.Anatollu, Rza Təhmasib, H.A.Abbasov kimi görkəmli teatr xadimlərinin də hörmətini qazanmışdı. Təbii aktyor jestlərinə malik olan Lütvəli müəllim get-gedə daha da püxtələşir. Sonralar səhnəmizin unudulmaz aktyoru, rejissoru Cahangir Zeynalovun qızı Nəsibə xanımla bir yerdə çalışarkən o, aktyorun sənətinə uyğun mizanları da tez-tez təkrar edərdi.
Lütvəli Abdullayev gerçəkdən aktyor idi: obrazdan-obraza asanlıqla girməsi, tamaşaçıların qəlbini ələ alması, bütün yaradıcılığında, səhnədən-səhnəyə müxtəlif xarakterli, xasiyyətli obrazlar yaratması, yaradıcılıq imkanlarını durmadan inkişaf etdirməsi göz qabağında idi. Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsində böyüyüb, boy atmış, şair qəlbli, xalqının sevgisini qazanmış Lütfəli müəllimin alovlu istedadı tamaşaçıları həmişə ruhlandırdı. O, hələ kiçik yaşlarında ikən böyük səhnə istedadı özünü aydın göstərərdi. Aktyor 9 yaşında xalq mahnılarımızı özünəməxsus oxumuş, sonralar komik aktyor kimi sevilmişdi. O, Azərbaycan xalq musiqisinin və teatrının gözəl ənənələri əsasında tərbiyə almışdı.
Azərbaycan operetta sənətinin inkişafında Lütvəli müəllimin xidmətləri böyükdür. Dövlət Musiqili Komediya Teatrının səhnəsində onun yaratdığı parlaq komik obrazlar silsiləsini heç vaxt unutmaq olmaz. "Məşədi İbad"da Hambal, "Arşın mal alan"da Vəli obrazları yaratması teatr tariximizdə əbədi iz qoyub. Keçmiş SSRİ xalqlarının səhnəsində oynanılmış, xarici ölkələrdə, xüsusi ilə Şərq xalqları ölkələrində şöhrət qazanmış və 54 dilə tərcümə olunmuş "Arşın mal alan" yaşadıqca Lütfəli müəllim də yaşayacaq. Onu da qeyd etmək lazımdır ki, "Arşın mal alan" filmi Dövlət mükafatına (keçmiş Stalin adına mükafat) layiq görülüb.
Bəşir Səfəroğlunun, İmamverdi Bağırovun, Nəsibə xanım Zeynalovanın və onlarla başqaları ilə tərəf müqabili olan Lütvəli Abdullayevin "Dursun" (bəstəkar S.Rüstəmov) əsərindəki Dursun obrazı barədə bir neçə söz də demək olar. "Dursun" obrazını ilk dəfə Lütvəli müəllim ifa edib. Obraz çox koloritli, özünəməxsus xarakterlidir.
Adil Babayev onun haqqında 1966-cı ildə Teatr Xadimləri İttifaqının sifarişi ilə gözəl bir kitab yazarkən aktyorun şəxsi arxivindəki sənədlərdən qədərincə istifadə edib. Həmin kitabdan bir qeydi bugünkü oxuculara, tamaşaçılara çatdırmağı özümə borc bildim. Adil müəllim Lütvəli barədə olan çox zəngin şəxsi sənədlər əsasında kitabını nəşr etdirib (1966).
Arxiv sənədləri həmişə sənətkarın ölümündən sonra onun ikinci həyatıdır. Arzumuz odur ki, Dövlət Ədəbiyyat və İncəsənət arxivində Lütfəli müəllimin şəxsi fondu yaradılsın. Sənədlərinin sayı daha da artsın. Adil Babayev "Tbilisi nəğməsi" tamaşasındakı kiçik bir obraz haqqında yazmışdı: "Hamlet-Lütvəli səhnədə ilk dəfə bir əlində kiçik çanta, o biri əlində çətir çıxır. Gün olanda da, yağış yağanda da o, öz çətirini yerə qoymur. Lütvəli öz qəhrəmanının ağıl gəncliyini göstərmək üçün ona çox xarakterik bir gülüş tapıb. Hamlet-Lütvi adi söhbət vaxtı, ata-anası bir adamla danışan zaman yerli-yersiz gülür. Başqa bir şəkildə isə biz onun şəhər parkında maskarad zamanı qızların dalınca qaçdığını, özünə "ürəyə yatan bir qız axtardığını" görürük. Bütün bu səhnələri L.Abdullayev özünəməxsus bədii bir taktla oynayır.
100 il! Artıq ikinci yüzilliyə addımlayan unudulmaz Lütvəli müəllimin ruhu bu gün də, sabahkı yüzilliklərdə bizimlə birlikdə addımlayacaq. Onun sənətkarlığının görünməyən izləri araşdırılacaq. Özünün dediyi kimi "Artist olmaq istəyirəm, mənə kömək elə" arzusunu böyük sənətkarımız 59 yaşına qədər uğurla yerinə yetirdi.
... Vəli-Lütfəli Telli ilə rastlaşır. (İllərdən sonra "Ulduz" əsərində Nəsibə Zeynalovanın və Lütfəlinin rastlaşdığın xatırlayaq). O, əvvəlcə özünü yığışdırır, üst-başını səliqəyə salır, sonra bir-iki addım qabağa gəlib Telli ilə danışmağa başlayır:
Telli: - Mən maral deyiləm:
Vəli: - Belə məndən ötrü maralsan,
Bu canım da sənə peşkəş.
Bu səhnədə Lütvəli-Vəlinin hazırcavablığını da, səmimiyyətini də, ilk məhəbbətini də, səhnə təhsilini də, müəllimlərini də heç vaxt dəyişmədiyini də (bir insan kimi, aktyor kimi (rollar sözsüz dəyişilirdi) canlandıra bilərdi. Özünün rəqsləri, atmacaları, zarafatları, hazırcavablığı ilə nəzəri cəlb edən Lütfəli müəllim həmişə salondakı tamaşaçıları müəllim, özünü isə öyrənən gənc-tələbələrə bənzədərdi. 1956-cı ildə bəstəkar Səid Rüstəmov qəzetlərin birində yazmışdı: "Lütvəli Abdullayev yenə də Vəli rolunda tamaşaçıların nəzərini cəlb edir. O, bu rolu duzlu, məzəli və səmimi oynayır. Lütfəli Abdullayev xüsusilə birinci və üçüncü pərdələrdə özünü tamaşaçıya daha çox sevdirə bilir". Ümumiyyətlə, Ü.Hacıbəylinin ölməz musiqi komediyaları başqa sənətkarlarımız kimi, Lütvəli Abdullayev üçün də tükənməz yaradıcılıq çeşməsi və həqiqi sınaq meydanı olmuşdu. Bu əsərlər Lütvəlinin bir aktyor kimi yetişməsinə müsbət təsir göstərib.

Maarif Teymur,
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru