Barışmağa bir ömür çatmırsa əgər... Mədəniyyət

Barışmağa bir ömür çatmırsa əgər...

Akif Cabbarlı

Yaxın qohumlarımdan birinin bədahətən işlətdiyi "ömür çox qısadır, heç bir dəfə küsüb-barışmağa belə yetmir" sözləri artıq qanadlı ifadə kimi bütün qohum-əqrəba arasında bir zərb-məsələ çevrilib. O, bu sözü, təbii ki, son illər rastlaşdığı bir sıra məişət problemləri qarşılığında özünün fərdi müşahidələri zəminində işlətmişdi və gəldiyi qənaət sözsüz ki, mənim də ürəyimdəndir və bu deyimlə tam razıyam.
Küsmək, incimək, narazılıq, giley-güzar və sair bu kimi sosial-məişət problemləri ilə üzləşməyən az-az adam tapılar. İndi insanlar əvvəllərdə olduğundan daha həssas, daha emosionaldırlar. Hər hansı haqlı-haqsız irada, gileyə daha dözümsüz, necə deyərlər, daha nazikdirlər. "Nazik" sözü təbii ki, burada "qalın" sözünə adekvat kimi yozulmamalıdır. Sadəcə, günümüzdə ehtiyatsız bir hərəkət, yerində işlənməyən bir söz insanların "sarı simi" – nə daha tez, daha rahat "işləyir" , adamların bir-birindən inciməsi, küsməsi, nəticədə gen düşməsi, yollarını ayırması üçün göydəndüşmə bir bəhanəyə çevrilir.
Bəzən insanlar küsməklə inciməyin arasındakı soğan qabığı kimi şəffaf pərdəni ayırmağa cəhd göstərmirlər. Mümkündür ki, lapdan deyilən naqolay bir sözə, hər hansı kobud hərəkətə görə özünə lap yaxın saydığın, sirdaş bildiyin qohumundan, dostundan, iş yoldaşından inciyəsən. Bəs qəlbinə dəyən, ovqatını korlayan sözə və ya hərəkətə görə dərhal həmin adamın səhvini deyib bunun üstündən keçmək mümkün deyilmi? Daha dindirişməmək, küsmək nəyə və kimə gərəkdir? Əgər küsürsənsə, deyəcəyin sözü ürəyində saxlayırsansa, açığı, bunun fəsadları daha ağır olur. Aylarla, illərlə danışmadığın, kəlmə kəsmədiyin adamla qırılan ünsiyyət, pozulmuş münasibət yandırılmış körpü təsiri bağışlayır. Həmin müddətdə küsülülərin həyatında bir çox əlamətdar hadisələr baş verir, ortaq məcrada çox sular axır, fikirlər cövlan edir, arzular reallaşır.
Əgər baş verənlər barədə ortaq müzakirələr aparılmırsa, fikir, mülahizə bölümü baş tutmursa, o zaman illərlə yaranan, formalaşan münasibətlərin buzlaşıb-buzlaşıb daşlaşmayacağına heç kim zəmanət verə bilməz. Mənə dərs deyən universitet müəllimlərindən birinin adını unutqanlıq ucbatından hansısa yazımda çəkməmişdim. Hörmətli müəllimimlə rastlaşanda açıq-aşkar mənimlə görüşməkdən imtina etməsini də məhz bu səhvimin nəticəsi kimi dəqiqləşdirdim və güc-bəla onun məndən küsməsinin qarşısını ala bildim. Daha bilmədim ki, ürəyində incikliyi qaldı yoxsa yox, amma hər halda küsmədi. Çünki mən buna sadəcə, imkan verə bilməzdim. Hər halda ağsaqqalın üzərimdə böyük haqq-sayı vardı və indi hər dəfə görüşəndə ona əvvəlkindən də artıq ehtiram göstərirəm. Yaxud başqa misal. Uzaq illərin söhbətidir, Azərbaycan Radiosunda işlədiyim dövrdə çaparaqların (letuçka) birində o vaxtın adlı-sanlı şair-jurnalistinin verilişi barədə tənqidi qeydlərimin olması məni o adamın gözləmədiyim təpkisi ilə qarşılaşdırmışdı və bioqarafiyama daha bir küsülülük faktı yazıldı. Amma çox dözə bilməzdim. Günlərin birində pilləkəndə qarşılaşdıq və onu möhkəm-möhkəm bağrıma basdım. Hər şeyi gözlərimdən oxudu. Küsü də, inciklik də birdən-birə əriyib getdi. Görünür nahaqdan küsdüyünü anlamışdı və adicə işgüzar müstəvidə insanlıq fəlsəfəsinə yad elementlər gətirdiyinin fərqində olmuşdu. Təbii ki, sonralar onun verilişləri barədə iclaslarda bircə kəlmə də danışmadım. Bilmirəm, bu, yaxşı əlamətdir yoxsa yox, hər halda inkişafa, yaradıcılıq işinə xeyir verməyən simptonlardan sayılmalıdır.
İndi yəqin ki, ziyalı ailələrində, imkanlı nəsillərdə belə, axtarsan neçəsi bir-biri ilə küsülüdür yaxud incik düşüb. Ələk-vələk eləsən, inanın, heç bir əsaslı səbəb tapmazsan. Ağızdan çıxan hər hansı ehtiyatsız söz, kiminsə xoşuna gəlməyən hərəkət, bəlkə də sənin kiminsə ürəyindən olmayan uğurun qarşındakının umu-küsüsü, üz döndərməsi ilə sonuclanır. Bax burada qəlb genişliyi, sözü udmaq qabiliyyəti, qohum-əqrəbanın, dostunun, iş yoldaşının əldə etdiyi nailiyyətləri, qazandığı sərvəti, mal-dövləti haqq-halalcasına qəbul etməyin, bütün bunlara görə sevinməyin ilahi bir bacarıq olduğu yada düşür. Elə insanlıq keyfiyyətləri isə hər kəsə müyəssər olmur.
İllərdir tanıdığım bir nəfər var – heç küsə bilmirəm, inciyəmmirəm ondan. M.özü də bu yazını oxusa yəqin başa düşəcək və onu nişan verdiyim üçün məndən küsməyəcək. Çünki özü həftədə heç olmasa, verdiyi iki-üç sözə açıq-aşkar əməl eləmir. Mən də heç ürəyimə salmıram və ondan küsə bilmirəm. Çünki bu adamın üzündə el arasında deyildiyi kimi, sadəcə, "şeytan tükü" var.
Gəlin bir-birimizdən çalışaq ki, heç vaxt küsməyək. Mahnılarda deyildiyi kimi, küsüb-barışmağın ayrı cür ləzzəti olsa da, axı, ömür bir dəfə küsüb barışmaq üçün yetərli deyil.
P.S. Yazıçı dostlarımdan biri danışır ki, "..."təxminən üç il əvvəl yenicə çapdan çıxmış kitabımı rayonda ikən əzizlərimdən birinə bağışladım. Sonra necə oldusa aramızda arzuolunmaz və mənasız bir mübahisə yaşandı. Hələ gecə ikən kitabımı yatdığım otağın qapısı ağzına vızıldatdılar. Təbii ki, özümü bilməməzliyə vurdum və hər halda bu məsələ məni yaman incitdi. Amma... küsmədim. Bilirdim ki, məni və ailəmi gözlənilən bir xeyir məclisinə çağıracaqlar və biz mütləq bu dəvəti yerə salmamalıydıq.
Küsmək bütün qapıların bağlanması deməkdir.