Bəxtiyar Vahabzadənin məktubları Mədəniyyət

Bəxtiyar Vahabzadənin məktubları

Müstəqil dövlətimiz yaşayıb ucaldıqca bu cür ziyalılarımız da əbədi yaşayacaqlar

Bəxtiyar Vahabzadə ilə 14 noyabr 1968-ci ildə tanış olmağımda indi çalışdığım S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əhəmiyyəti əvəzolunmazdır. Gündəliyimdən qısa xəbər: "Bu gün sevimli şairimiz Bəxtiyar müəllimlə görüşəcəyəm. Bibixanım xala ilə getməyəcəyəm. O, məzuniyyətdədir. Arxivə telefon açan Bəxtiyar müəllim bildirib ki, sənədlər hazırlamışam, gəlin aparın. Sevincimin həddi-hüdudu yox idi. Direktor Ataxan Paşayev məni göndərəcəkdi".
Bəli, Bəxtiyar müəllim sən demə, arxiv fəaliyyətə başlayan ildən - 1966-ci ilin sentyabrında az da olsa sənədləri təqdim edibmiş: Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivi isə 17 iyul 1965-ci ildə yaradılmışdı. Fəaliyyətini isə 1966-cı il yanvarın 1-dən ciddi aparmağa başlamışdı. İndi bu arxiv əsasən yaradıcı insanlarımızın şəxsi fondlarını yaratmaqla işini inamla, yorulmadan davam etdirir. Bu işdə ilk xeyir-dua verənlərdən biri olan Bəxtiyar müəllim arxivin və əməkdaşların ən yaxın dostu oldu. 8 sentyabr 1966-cı ildə 22 sənəd, sonra 24 noyabr 1968-ci ildə 6, 24 aprel 1969-cı ildə 6 və 4 iyun 1969-cu ildə 9 sənədini dövlət arxivinə təqdim edən Bəxtiyar müəllimin şəxsi fondu yaradılır: 66 saylı şəxsi fond Bəxtiyar Vahabzadənin təqdim etdiyi sənədləri əsasında beləcə yarandı. Həmin ildən 15 sentyabr 2003-cü ilə qədər mənəvi xəzinəmizə 5600-dən artıq sənəd (şeir, poema, pyeslər və s.) fotoşəkillər, yazışmaları, ədəbi-ictimai siyasi hadisələrə aid sənədləri, xarici yaradıcı insanlarla yazışmaları, yüzlərlə kitab, jurnallar daha çox diqqət cəlb edir. Amerika, Türkiyə, Almaniya, Ankara, Antaliya, İstanbul, Buxarest, Portuqaliya, Moskva, Ukrayna, Daşkənd, İran, AFR, Bolqarıstan, Şotlandiya, Səudiyyə Ərəbistanı və s. yerlərdən yüzlərlə məktubları Bəxtiyar müəllim 66-saylı şəxsi fonduna təqdim etməklə, həm də xüsusi cavabdehlik hiss edirdi. Bizi də sənədlərin, gələcək tarixin şahidlərinin mühafizəsinə ikiqat cavabdehliyə səfərbər edirdi.
Qəbul etdiyimiz sənədlər əsasında 10 elmi siyahı tərtib edilib. Mənəvi xəzinəmizdə Bəxtiyar müəllimin şəxsi fondundakı sənədlərin həm elmi əhəmiyyəti, həm də sayı etibarı ilə müasirlərindən daha çoxdur. Tarixi Vətən müharibəsi, ermənilərin Vətənimizə hücumları, Qarabağ hadisələri, Xocalı faciəsi, didərginlərimizdən gələn məktublar da Bəxtiyar müəllimin 10 elmi siyahısında səliqə ilə işlənib. Tarixi toponomik yurd yerlərimizə aid aldığı məktublar elmi siyahılarda xüsusi bölmələrdə təsnif edilib. Elmi siyahılarda Bəxtiyar müəllimə gələn məktubların mövzular üzrə sistemləşdirilərək gələcək nəsillərə çatdırılması işi onu çox sevindirmişdi. Şair tarixə çevriləcək heç bir sənədi diqqətindən kənarda qoymamışdı.
Gələcək tariximizin şahidləri olan həm bədii, həm də ictimai-siyasi yazıları çox mühüm elmi mənbələrdir. Minlərlə məktublarda qaldırılan məsələlərə şair can yanğısı ilə nüfuz etmiş və həmin məktubların tarixə çevriləcəyini hiss etmişdi. Bəxtiyar müəllim bu hissini 14 may 2003-cü ildə onunla görüşümüz zamanı arxivimizin qonaq kitabına yazmışdı: "Arxiv - tarixin bu günə qaytarılması, keçmişə uzanan əlimizdir. Arxiv işi ən böyük mədəniyyət işidir. Bu mənada bu gün biz malik olduğumuz Ədəbiyyat və İncəsənət Arxivimizlə fəxr edirik. Dövlət tərəfindən təşkil olunmuş bu arxiv ömrünü başa vurmuş böyük ədəbiyyat və incəsənət xadimlərinin səsini, nəfəsini əl və ayaq izlərini qoruyub saxlayan xəzinəmizdir. Bu gün bu xəzinəmizin başında duran Maarif Teymurov demək olar ki, arxivçilik sənətinin mahir bilicisi olmaqla bu işin fədaisidir. Teymurovun rəhbərliyi altında arxivin bütün əməkdaşları bu sənəti incəliklərinə qədər bildiklərindən, toplayıb təsnif etdikləri hər varağın, hər məktubun, hər imzanın üstündə yarpaq kimi əsirlər. Mən qələm əhli olmaqla arxivin bütün əməkdaşlarına öz təşəkkür və minnətdarlığımı bildirirəm".
Bu ildən sonra da biz Bəxtiyar müəllimlə həmişəki kimi telefonla tez-tez danışır, maraqlı söhbətlər edirdik. Təqdim etdiyi sənədlərin elmi siyahıları ilə maraqlanırdı. Telefon söhbətlərimizi gündəliyimdə qeyd edəndə Bəxtiyar müəllimin Əziz Şəriflə yazdığı məktublar yadıma düşür. Məktubları olduğu kimi oxuculara çatdırmaqla onun bir daha qonaq albomuza yazdığı ilk cümləsi təsdiq olunur. "Arxiv - tarixin bu günə qaytarılması, keçmişə uzanan əlimizdir"- deyən fəlsəfi fikri tam yerinə düşür. Qonaq kitabımıza arxiv sənədləri barədə fikrini yazan Əziz Şəriflə Bəxtiyar müəllimin arxiv işi haqqındakı fikirlər necə də bir-birini tamamlayır və bizim işimizdə cavabdehliyimizi daha da müqəddəsləşdirir.
17 oktyabr 1983-cü ildə arxivimizdə ilk qonaq olan Əziz Şərif yazmışdı: "Arxiv! Hər millətin tarixində arxiv çox böyük əhəmiyyətə malikdir, çünki xalqın keçmişini öyrənmək yalnız arxiv vasitəsilə mümkündür. Gələcəyi təşkil etmək, gələcək üçün hazırlaşmaqdan ötəri keçmişi öyrənmək lazımdır. Bu da geniş mənada arxivdən asılıdır. Hər məktub, xüsusi də olsa, şəxsi də olsa, hər bir sənəd rəsmi, ya qeyri-rəsmi, tarix üçün əhəmiyyətli ola bilər. Mən bunu öz təcrübəmdə sınamışam".
Bəxtiyar müəllimin Ə.Şərifə yazdığı bir necə məktubunu olduğu kimi təqdim edirik. Bəxtiyar müəllimin Mehdi Hüseyn barədə yazdığı fikri şairimizin haqqında da demək olar və deyirik: "Əsil milliyyətçi şairimiz olan Bəxtiyar müəllim xalqımızın kisəsindən getdi". Bəxtiyar müəllim əbədiyaşar qələm şairimizdir. Köklərə bağlanan budaqları da həmişə ayıq olmağa səsləyən, müstəqil dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa çağıran yaradıcı insandır!... Məktublar isə insan qəlbinin gizli harayıdır, bəzən də gizli sirridir, səmimiyyəti və sevincidir, kədəridir. Bəxtiyar müəllimin məktublarından bu gün də, sabah daha çox tərbiyəvi hisslər öyrənəcəyik. Müstəqil millətimiz, xalqımız yaşayıb ucaldıqca bu cür ziyalılarımız da əbədi yaşayacaqlar.
Məktublar:
1. "Təzə iliniz mübarək! Əziz və hörmətli Əziz dayımız! Salam! Rəyiniz vaxtında çatdı. Çox razıyam. Bir də ona görə ki, Siz S.Vurğun yaradıcılığını çox gözəl bildiyinizi də göstərdiniz. Həqiqətən bizim fikirlər birləşir. Sizin "Bakının dastanı" əsərinin XV nəğməsi haqqında fikriniz tamamilə doğrudur və dissertasiyada mən bu məsələdən müfəssəl danışmışam.
Müdafiə olduqca gözəl keçdi. Bir səslə keçdi. Bir daha çox sağ olun. Sizin diqqətinizə və həssas dostluq münasibətinizə görə minnətdaram. Bütün dostlarımızdan Sizə Vətən salamı!
Hörmətlə, Sizin Bəxtiyar".
2. Əziz və hörmətli Əziz müəllim! Salam! Sizə xeyli əziyyət verdiyimə görə üzr istəyirəm. Bunlar hamısı Sizin yumşaq təbiətliyinizdən və alicənablığınızdan irəli gəlir. Biz həmişə Sizə ərk etmişik və edirik. Bəzən isə Sizin mülayimliliyinizdən sui-istifadə edirik. O cümlədən də mən.
Mənə Çingiz çatdırdı ki, Siz həftənin I günü, yəni ayın 17-də işi qurtarıb təhvil verəcəksiniz. Bu, əvəzsiz dərəcədə böyük hörmət və güzəştdir. Mən Sizi çox narahat etməzdim. Sizə çatdırılan məsələyə görə tələsdim.
Bir daha Sizə öz təşəkkür və minnətdarlığımı bildirirəm.
Bütün Azərbaycanda yetişən ədəbiyyatçılar nəsli, cümlədən də mən Sizi özümüzə dayı hesab edirik. Dayıya bacı oğlanlarının ərki qanuni hesab edilməlidir. Lakin mənim ərkim daha böyük olduğundan, Sizi son zamanlar çox incitdiyimdən xəcalətliyəm. Sağlıq olsun. Sizin 100 illik yubileyinizdə bu məktubu oxuyub ötən günləri yad edərik.
Əzizim Əziz müəllim! Bir daha Sizə təşəkkür edir, ədəbiyyatımız naminə, xalqımızın mədəniyyəti naminə yazıb yaradan əllərinizdən öpür, ağarmış saçlarınız önündə başımı əyirəm. Çox sağ olun.
Hörmətlə, Sizin tələbəniz Bəxtiyar Vahabzadə, 16/V-1965
3. Hörmətli Əziz müəllim!
Salam, məktubunuzu aldım. Sizin dəqiqliyiniz və təmkininiz bizim üçün nümunədir. Mənə yazdığınız nəsihəti tam mənada qəbul edirəm. Ümumiyyətlə, mən həmişə tələsirəm. S.Vurğunun "Mən tələsmirəm" şeirinə cavab olaraq "Mən tələsirəm" adlı bir şeir də yazmışam. Həmin şeirdə belə bir ifadə var: "Tələsmirəm" deyəndə də o tələsirdi".
Mən əlbəttə, bu cəhəti özümdə yaxşı əlamət hesab etmirəm. Lakin ömrün azlığı və işin çoğluğu məni bəzən daha artıq tələsməyə məcbur edir. Bir də Çingizin Sizə dediyi o məsələyə görə. Nə isə hər halda Siz çox doğru deyirsiniz, səbrli və təmkinli adamlara mən də qibtə edirəm. Xüsusən bu cəhətdən də Sizdən öyrənməliyik.
Əziz müəllim! Keçən məktubda yazdığım sözləri burda təkrar etmək istəməsəm də, bir iki söz demək istəyirəm: Bir daha çox sağ olun. Sizə minnətdarlığımı bildirirəm. Siz yazdığınız kimi, ərköyün və cavan dostunuzun ərk və nazını götürdünüz və onun o qədər də kamil olmayan yazısını yaxşı qiymətləndirdiniz. Əllərinizi sıxıram. Sizin Bəxtiyar.
Yaxın vaxtda inşallah, Moskvada görüşərik. 31/V-65".

Maarif Teymur,
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru