Teatr Muzeyinin “Cənnətim Qarabağ” rubrikası davam edir Mədəniyyət

Teatr Muzeyinin “Cənnətim Qarabağ” rubrikası davam edir

“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi sayılan, milli dramaturgiyamızın inkişafında, peşəkar teatrımızın təşəkkülündə və tərəqqisində müstəsna rolu olan yazıçı-dramaturq, nasir və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevə həsr olunub.

Əbdürrəhim bəy Əsəd oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Şuşanın Ağbulaq kəndində bəy ailəsində dünyaya göz açıb. Atasını çox erkən itirməyinə baxmayaraq ailəsi və qohumları onun təlim-tərbiyəsinə xüsusi diqqət göstəriblər. Bu qayğının təsiri ilə elmə həvəsi artan Əbdürrəhim 1890-cı ildə Şuşa şəhərindəki altıillik realnı məktəbi bitirdikdən sonra Tiflis Rеalnı Məktəbinin sonuncu sinfinə daxil olur. Bir il burada oxuduqdan sonra ali təhsil almaq məqsədilə 1891-ci ildə Peterburqa gələrək imtahanla Yol Mühəndisləri İnstitutuna qəbul olunur. O, burada səkkiz il ərzində tədris dərslərindən əlavə universitetin şərq fakültəsində də azad müdavim kimi mühazirələr dinləyir. Şəhərin ədəbi və mədəni həyatı Haqverdiyevdə sənətə, teatra olan həvəsi daha da artırır. Hələ tələbəlik illərində bir sıra pyeslər yazan Əbdürrəhim bəy Haqverdiyev Şuşaya qayıdan kimi müxtəlif tamaşalar təşkil edərək öz vətənində teatrın təşkili və inkişafı üçün çalışır. Xatirələrində ədibin özünün yazdığına görə 1884-cü ildə Şuşada tamaşaya qoyulan Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan” komediyası onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olub. Belə ki, teatra yeni qədəm qoyan gənc yazıçı, 1897-ci ildə Şuşada dahi şair Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında «Məcnun Leylinin qəbri üstündə» musiqili muğam səhnəciyini hazırlayır. Bu musiqili pyesin tamaşaya qoyulması Azərbaycanın və bütün Qafqazın mədəni həyatında dönüş nöqtəsinə çevrilir. Bu hadisə həmin vaxt səhnədə xorda iştirak edən 12 yaşı olan Üzeyir bəy Hacıbəylinin gələcəkdə “Leyli və Məcnun” operasını yazmasına təkan verir.

Cəhalətin hökm sürdüyü bir zamanda teatrlarımız aktyor kasadlığından və büdcə yoxsulluğundan əziyyət çəkirdi. Belə çətin vəziyyətdə dramaturq müxtəlif mövzulu əsərlərin səhnələşdirilməsində lazımi bütün tədarüklərin görülməsi üçün canla-başla iştirak edir, ətrafına teatra meyli olan fədailəri və bacarıqlı gəncləri toplayırdı. Xatirələrə görə, Şuşada tez-tez «Şərq konsertləri» kimi məclislər qurub xanəndə və musiqiçiləri ora cəlb edən Ə. Haqverdiyev idi. 1901-ci ildə Şuşadan Bakıya gələn ədib “Bakı müsəlman dram truppasını” yaradaraq milli teatrda ilk baş rejissor kimi tarixə düşür. O, öz dəstəsinə Murad Muradov, Salah bəy Sadıqbəyov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Səməd Mənsur, Mehdi bəy Hacınski kimi teatr həvəskarlarını cəmləyir. Bakıda Həsənbəy Zərdabi, Nəcəfbəy Vəzirov, Cahangir Zeynalov, Hüseyn Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanışlığı gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır. Bir müddət fərqli vəzifələrdə çalışmasına baxmayaraq teatrla, ədəbiyyatla əlaqəsini kəsmir. 1905-1907-ci illərdə səhnəmizdə milli qadın aktrisaların yoxluğu ucbatından H. Ərəblinskinin təklifi ilə qadın obrazlarının olmadığı “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaqla səhnə sənətimizin bu sarıdan problemini həll etməyə çalışır. Bir maarifpərvər ziyalı olaraq Əbdürrəhim bəy xalqın maariflənməsində teatrın rolunun əvəzsiz olduğunu hesab edərək belə yazırdı: “Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsidir”.

Olduqca zəngin həyat yolu keçən Əbdürrəhim bəy Haqverdiyev istər inqilabdan əvvəl, istərsə də Sovet hakimiyyəti illərində yazdığı bütün əsərlərində ailə tərbiyəsi, əxlaq, təhsil kimi məsələlərin vacibliyinə toxunub. Onun bir sıra hekayə və dramlarında gənc nəslin mənəviyyatının, dünyagörüşünün formalaşması motivləri mərkəzdə durur. Milli-mənəvi dəyərlər, vətənə sevginin aşılanması ədibin ən ali məqsədlərindən idi. Onun "Yeyərsən qaz ətini, görərsən ləzzətini", "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri cadu", "Köhnə dudman", "Baba yurdunda", "Ac həriflər", "Millət dostları", "Qırmızı qarı", "Padşahın məhəbbəti", "Ağac kölgəsində", "Qoca tarzən", "Ədalət qapıları", "Səhnə qurbanı", "Məşədi Qulam qiraət öyrənir", "Qadınlar bayramı", "Kamran", "Sağsağan", "Yoldaş koroğlu", "Çox gözəl", "Daşçı", "Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Marallarım" silsilə hekayələri, "Xortdanın cəhənnəm məktubları" və s. əsərləri klassik irsimizin nadir incilərindəndir.

Bunlarla yanaşı, dramaturq həm də "Həyat" qəzetində və "Molla Nəsrəddin" dərgisində çeşidli janrlarla çıxış edib. Bu satirik jurnal nəşrə başladıqdan dərhal sonra Əbdürrəhim bəy orada Ceyranəli, Xortdan, Həkimi-nuni-səğir, Lağlağı, Mozalan, Süpürgəsaqqal və başqa imzalarla hekayə, felyeton və publisist məqalələr çap etdirib və məcmuənin fədakar əməkdaşlarından biri olub.

Ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq 1928-ci ildə Ə.Haqverdiyevə Əməkdar incəsənət xadimi fəxri adı verilib. O, 1933-cü il dekabr ayının 11-də Bakıda vəfat edib, birinci Fəxri xiyabanda dəfn olunub.

Bu gün ədibin əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində müxtəlif dillərdə çap olunur. Dramaturqun əsərlərinə istər paytaxt, istərsə də bölgə teatrlarında hələ də müraciət olunur.