

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi keçirilib.
APA xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Ramiz Quliyevin yaratdığı sənət Azərbaycan mədəniyyətində dərin izlər qoyub: “O, mədəniyyətimizin dünyada tanıdılmasında böyük işlər görüb. Onun yaradıcılığı və ifası daim yaddaşımızda və mədəniyyətimizdə yaşayacaq”.
Xalq artisti Fərhad Bədəlbəyli qeyd edib ki, dostu Ramiz Quliyev haqqında danışmaq ona çətindir: “Biz onunla bir çox ölkələrdə səfərlərdə olmuşuq. O, əsl pedaqoq idi, neçə-neçə kitabların müəllifidir. Ramiz kimi sənətkarlar sənətin elitasıdır. Belə sənətkarlara hər zaman diqqət göstərmək lazımdır.”
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə çıxışında bildirib ki, Ramiz Quliyev Azərbaycan musiqisində özünəməxsus iz qoyub: “Həqiqətən də Ramiz müəllim XX əsrin özünəməxsusluğunu musiqimizə gətirmişdi. O, Azərbaycan musiqisini yüksək səviyyədə nümayiş etdirib. Onun ifaları gələcək nəsillər üçün dərslikdir. Ramiz müəllimin xatirəsi hər zaman yaddaşımızda yaşayacaq.”
Xalq artisti Vamiq Məmmədəliyev isə qeyd edib ki, Ramiz Quliyev təkcə ifası ilə deyil, həm də pedaqoq kimi böyük işlər görüb, gözəl tələbələr yetişdirib.
Sonra Xalq artisti Mənsum İbrahimov isə Ramiz Quliyevin özündən sonra böyük bir tar ifaçıları məktəbi qoyduğunu vurğulayıb.
Sonda sənətkarın oğlu, Əməkdar artist Əyyub Quliyev vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib.
Daha sonra Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn edilib.
***
11:27
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir.
APA xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti ilə vida mərasiminə əklil göndərib.
Mərasimdə Xalq artistinin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Ramiz Quliyev II-ci Fəxri xiyabanda dəfn ediləcək.