Sevmək istəyirəm Mədəniyyət

Sevmək istəyirəm

Göyərçin

Sevmək istəyirəm səni,
dəlicəsinə,
Dodağında görmək istədiyim
ən şirin gülüş kimi.
Sevmək istəyirəm səni,
kişicəsinə,
Alışdıqca ovulmayım
siqaret külü kimi.
Sevmək istəyirəm səni,
səncəsinə,
Uzaqdan,
baharla payız kimi.
Sevmək istəyirəm səni,
məncəsinə,
İstəklərini ovcunda gizlətmiş
məktəbli qız kimi.
Ürəyimdəkiləri sənə açmadan
sevmək istəyirəm,
Üz-üzə gələndə
hiss edəcəksənmiş kimi
qaçmadan sevmək istəyirəm.
Bir an belə acımadan,
Hardasa,
yaşadığınız icmadan
uzaq, uzaq bir yerdə
Sarılmadan,
qucmadan sevmək istəyirəm.
Səni görmədən,
adını duymadan,
Qollarının üstündə uyumadan
sevmək istəyirəm.
Razıyam,
yanımdan laqeyd keç,
Razıyam,
dünyanın ən çirkin qadınını seç,
Amma nəzərlərimdə günahsız ol,
qurduğum xəyallar yıxılmasın.
Yanıldığımı görüb
ürəyim sıxılmasın.
Hava qaralan kimi
pəncərəndən süzülən
işığın ahənginə
rəqs eləsin baxışım,
Səhər şəfəqləyəndə
pəncərəndən yığışım.
Hər gün,
hər gün axşamı gözləyim
görüş üçün,
Üfüqlər qızaranda
ağlayım için-için.
Sızlayım, ağrı çəkim,
sənsizləyim təzədən,
amma susum əbədi,
Heç kəs hiss etməsin ki,
gecə evə gəlmədim.
Qəlbinin hərarəti
bir tayfanı isitsin,
Küçədə üşüyüm də.
Yağışlı havalarda
hamı səninlə
birgə çətirin altda getsin,
Mən çətirsiz, gizlicə...
Özümə də etiraf etməyim
bu sevgini,
Eşidib bilən olar,
Yerin də qulağı var.
Uzun-uzun düşüncələrə dalıb,
Arzuların fövqünə ucalıb,
Fəza cismləriylə
adının hərflərini qurum,
Mavi qübbələr boyu
rəsmlərini uydurum.
Günəşin gözlərinə
qara eynək vurum,
Təsvirin üçün
istifadə etdiyim rənglər
o qədər parlaq ki,
qamaşa bilər.
Bütün təpələri, dağları,
hətta göyləri
fəth etdikdən sonra
enmə dövrü gəlir.
Buna görə də səni təpələrdən,
dağlardan, göylərdən
xəbərsiz sevmək istəyirəm.
Görüşməmək ümidiylə
ümidsiz sevmək istəyirəm.
Dünyaların kənarıyla
düşməkdən qorxmadan yerimək,
"Yarın baxçasına girmək",
Çiçəklərdən ulduz hörmək,
Səmasız yüksəklikləri
dönə-dönə görmək istəyirəm.

Səni sevmək istəyirəm,
bulaq kimi,
Səsin zehnimə dolsun.
Səni sevmək istəyirəm,
gülab kimi,
Ətrin ruhuma hopsun.
Səni sevmək istəmirəm,
tanıdığım biri kimi,
Səni sevmək istəmirəm,
ölü kimi, diri kimi.
Səni sevmək istəmirəm,
bir saat kəfkiri kimi,
Həyatımı xərcləyəsən.
Səni sevmək istəyirəm,
taleyimin şeiri kimi,
Gəncliyimdə unutduğum
gizli görüş yeri kimi.
Ömür qısa,
yaşananlar daimidir,
Sevgisiz qəlb
soyumuş ilham kimidir.
Qapısını nə döyən var,
nə halını soruşan,
Əsil məhəbbət odur ki,
sevinclə qəm barışa.
Yorğanımı sığallayır,
Yastığımı tumarlayır,
İntizarım keçsin deyə
qucaqlayır,
Axşam-səhər nuş edirik
həsrətini əlli-əlli,
Yalnızlığım məndən dəli.
Təkliyimdən bir gün küssəm,
Ürəyinə yolum düşsə,
Anlayarsan, sevgi nədir?
Əlacsız tək mənsiz gəzmək,
Şəklimi güllə bəzəmək
bəhanədir.
Kimin sözü olsa,
yanına gəlsin,
Küləklər inadla yolunu kəssin,
Otlar
salam verib qarşında əssin,
Mən görə bilməyim...
Məktublar göndərim,
cavabsız qalsın,
Yağışlar yağdırım,
torpaqsız qalsın,
Ağaclar bitirim,
yarpaqsız qalsın,
Bitməsin gileyim...
"Necəsən, hardasan"- deməyim.
Əslində bilirəm hardasan,
Yerini bildiyim sən,
sən özün deyilsən ki,
Onu mən yaratmışam,
istəyimə qarşılıq.
Vulkandan çox yandırır bəzən zəif bir işıq.
Ən böyük yalan ikən, ən böyük doğrum oldun,
Aldatdın öz-özünü,
həmişə yorğun oldun.
Arada xoşbəxt olub,
ömrümə röya dedim,
İdrakım vəcdə gəldi,
qəlbimə dərya dedim.
Yoxluğunla yaşayıb,
adına sevda dedim.
İstədim ki,
əsrlər unutmağa yetməsin,
İstədim ki,
nəhrlər soyutmağa yetməsin.
Qiyyə vurdum havada,
dünyaya düşdü səsim,
Yəqin ki, eşitmədin,
başın qarışıq idi,
Sənin bir günahın yox,
zaman qarışıq idi.
Öyrənmədim,
illər keçdi,
öyrənmədin dilimi,
Səni sevmək istəyirəm,
fəlakətin sonu kimi,
Cəhalətin müdrikliyə
halal olmuş qanı kimi,
Qürur dolu azadlığım-saflığım,
vicdanım kimi,
Qorxu kimi həddini aş,
istəmədim, kəs yolumu.
İstəmədim,
duyğuların daldasında,
tut, qolumu.
Ocaq yandırmaq üçün
qışda son kibrit çöpü,
Ağırlığı altında
yarıyadək əyilmiş insanın
fikir yükü,
Hədəfim olmasaydın,
kim bilərdi sən kimsən?
Nə qədər bacarmısan,
iliyə işləmisən.
Meşəni baltalayan
qəddar odunçu kimi,
Hərdən
qatilim olmaq istəmisən, eləmi?
Ayrılıqda,
birlikdə,
nə fərqi, sevgi varsa,
Əgər qədəh-qədəhə
ürəklər toxunursa?
Narazısan son vaxtlar,
"yorulmuşam", deyirsən.
Axı hardan bilim ki,
əyninə nə geyirsən,
Nə içirsən, yeyirsən?
Hər halından xəbərsiz
Necə dərd etmək olar
dərdini birisinin?
Biz qoruya bilmədik
aşiqliyin irsini,
Bir şeirimdə demişdim:
"Həyat tərəzisinin
Boş gözü dolu gözdən
ağır, ağır, ağırmış".
"Güvəndiyim dağlara,
sən demə, qar yağırmış".

02 noyabr 2013-cü il