Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Novruz bayramı milli-mənəvi ənənə kimi

Novruz bayramı milli-mənəvi ənənə kimi Mədəniyyət

Novruz bayramı milli-mənəvi ənənə kimi

II yazı

Çox qədim tarixə malik olan Azərbaycan xalqı zəngin maddi və mənəvi mədəniyyətə malikdir. Bərəkətli torpaqları, qiymətli yeraltı sərvətləri olan Azərbaycan xalqı bu maddi zənginliklərə sahib olmaqla bərabər, bəşər mədəniyyət tarixini zənginləşdirən nadir mənəvi mədəniyyət nümunələri də yaradıb. Təsadüfi deyil ki, qədim dünya mədəniyyətinin ən məşhur dini-fəlsəfi abidəsi sayılan "Avesta" qədim Azərbaycan tarixi ilə qırılmaz şəkildə bağlıdır. Yaxud oğuzların ulu babası Oğuz kağanın həyatından bəhs etməklə qədim Avrasiyanın tarixini özündə əks etdirən "Oğuznamə" abidəsi həm də milli tariximizin parlaq bir səhifəsi olub, mənəvi-mədəniyyətimizin ən ulu abidələrindən biridir. "Kitabi-Dədə Qorqud" oğuznamələri isə özünün bəşəri-humanist keyfiyyətləri, mənəvi-fəlsəfi siqləti ilə əcdadlarımız oğuzların necə ulu bir mənəviyyata malik olduğunu parlaq şəkildə nümayiş etdirir. Möhtəşəm qəhrəmanlıq eposumuz "Koroğlu" yarandığı çağdan Avrasiya xalqları arasında yayılıb, XIX əsrdə isə Avropada yayılmaqla dünya epos xəzinəsinin ən məşhur abidəsinə çevrilib.
Bu sadalananlar Azərbaycan xalqının qədim folklor abidələri, yəni şifahi yolla yaratdığı sənət zirvələridir. Mədəniyyət tariximizdə Novruz bayramı kimi son dərəcə böyük, əbədiyaşar, tarixi və tarixi olduğu qədər də müasir bir abidə də var. Xalqımızın yazılı mədəniyyət tarixi də son dərəcə zəngindir. Novruz mənəvi mədəniyyət abidəsi kimi milli mədəniyyət tariximizdəki bütün başqa abidələrdə öz əlamətdar xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, Novruz bayramı həm yaşına, həm də yaşama gücünə görə, bəlkə də, ən birinci sırada duran mədəniyyət abidəsidir. Doğrudan da, xalqımızın mədəniyyət tarixində nə qədər böyük abidələr olsa da, onlar bütün hallarda tarixin müəyyən dövrləri, konkret epoxalarla, zaman kəsimləri ilə bağlıdır. Məsələn, "Avesta" son dərəcə qədim tarixə malikdir. Lakin sonrakı dinlər onu yaşamağa qoymadı və bu baxımdan "Avesta" bu gün bizim üçün bir tarixi abidədir. Ağayar Şükürov və Gülnaz Abdullazadə yazırlar ki, zərdüştilik üç böyük imperiyanın dövlət dini olub. O, dövlət dini rolunu VII əsrdən başlayaraq, yəni ərəb xilafəti vasitəsilə tətbiq edilən islamın yayılması ilə əlaqədar olaraq itirib. Həmin vaxtdan zərdüştilik öz varlığını ya da çox çətinliklə açıq şəkildə qoruyaraq saxlaya bilib. İndinin özündə də İranda, Hindistanda zərdüştiliyin xeyli tərəfdarları var.
Eyni sözü "Oğuznamə", o cümlədən "Kitabi-Dədə Qorqud" oğuznamələri haqqında da demək olar. Qədim babalarımız oğuzlar nə qədər ki tarix səhnəsində öz Oğuz adı ilə var idilər, oğuznamələr də aktual idi. Oğuz dövrünün (tarixinin) başa çatması, oğuzlardan müstəqil oğuz xalqlarının (Türkiyə türkləri, Azərbaycan türkləri, türkmənlər, qaqauzlar) yaranması ilə "Oğuznamə" dastanları da yeni dövrün qəhrəmanlıq və məhəbbət dastanlarına ("Koroğlu", "Qurbani", "Abbas və Gülgəz", "Tahir və Zöhrə", "Əsli və Kərəm" və s.) transformasiya olundu.
Ancaq bu abidələr içərisində tarixi hamısından qədim olsa da, heç vaxt "qocalmayan", əksinə, daim cavanlaşan bir abidə də var. Bu – Novruz bayramıdır. Onun tarixi, mənşəyi həddindən artıq qədimdir. Dünya tarixinin bir-birinə zidd ideologiyaları olan epoxaları biri digərini əvəz etdikcə Novruz bayramı nəinki aradan qalxmış, əksinə, öz varlığını daha böyük coşqu ilə sürdürüb, müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan ideologiyalarla döyüşlərdən qalib çıxıb. Məmmədhüseyn Təhmasib özünün 1966-cı ildə çap olunmuş "Adət, ənənə, mərasim, bayram" adlı məqaləsində yazır ki, Novruz bayramı öz mərasimləri ilə birlikdə zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması mərasimi olub. Məhz elə buna görədir ki, xalqımız müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri onlarca bayramları, mərasimləri unutmuş, bunu isə insan əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşatmış, indi də hər il həvəslə gözləyir, hörmətlə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir.
Bəşər tarixinin ən qanlı ideologiyalarından və bu ideologiyası əsasında qurulmuş dövlətlərindən biri olan sovet dövrünü xatırlayaq. Cəlal Qasımov göstərir ki, XX əsrin əvvəllərində – 30-cu illər stalinizm repressiyaları dövründə milli mədəniyyətimiz bütövlükdə repressiyalara, bir çox hallarda məhvə məruz qaldığı kimi, bu qanlı təqiblər Novruz bayramından da yan keçmədi. Həmin dövrdə "Novruz" bayramının keçirilməsi qadağan edildi. Lakin bu bayrama islam dininin qalığı kimi baxan bolşevizmin bütün cəhdlərinə baxmayaraq, onu xalqın yaddaşından silə bilmədi. Öz tarixi ənənələrinə sadiq qalan xalq bu mərasimin meydanlarda olmasa da, mənzillərdə keçirilməsinə nail oldu.
Novruz bayramına qarşı sovet-bolşevik ideoloqlarının apardığı mübarizə öz bəhrəsini vermədi. Bu bayramı Azərbaycan xalqının ailə-məişətindən, milli yaddaşından sıxışdırıb atmaq mümkün olmadı. C.Qasımovun qeyd etdiyi kimi, 1920-ci illərin axırı və 30-cu illərin əvvəllərində min illərlə xalqın yaddaşında kök salmış "Novruz" bayramı da din pərdəsi altında yasaq edilsə də, illər boyu küçə və meydanlarda böyük ruh yüksəkliyi ilə keçirilən bu milli bayramı xalq artıq gizli olaraq, qapalı şəraitdə, lokal bir məkanda – evində keçirməyə başladı. Bunu bilən dövlət məmurları evlərdə də bu tədbirin keçirilməsini qadağan etdi. Bütün qadağalara, təqib və təzyiqlərə baxmayaraq, xalq əcdaddan transfer edilən bu bayramın unudulmasına imkan vermədi, onu qoruyub saxlaya bildi. Başqa sözlə, nə bolşevik təbliğatı, nə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərin illərlə gendə köklənmiş "Novruz"u yaddaşlardan birdəfəlik silə bilmədi, sadəcə, bu bayramın məkanı daraldı, küçədən, meydandan çıxaraq, evlərə, ürəklərə daxil oldu.
Bəs qanlı repressiya üsulları ilə işləyən, milli düşüncənin ən xırda təzahürlərinə görə insanları divara söykəyib güllələyən sovet-bolşevik ideologiyasının Novruz bayramı ilə mübarizədə, əslində, məğlub olmasının səbəbi nə idi? Səbəb Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən dərin qatları ilə bağlı olması idi. Bunlar elə dərin qatlar, elə dərin köklər idi ki, bolşeviklər heç vaxt o dərinliklərə gedib çıxa bilməzdilər. C.Qasımov elə bu dərinlikləri, məhz bu kökləri göz önünə gətirərək yazır ki, 1930-cu illərin sərt qadağaları, zorakı sistem "Novruz"un meydan mərasimlərini müvəqqəti zaman kəsiyində sıradan çıxarsa da, bu milli bayramı bütövlükdə yaddaşdan silə bilmədi. Əslində bu, mümkün də deyildi. Novruz bayramı xalqın qan-gen yaddaşı ilə bağlıdır. Bu bayram tarixən türk etnosunun təşəkkül və formalaşma prosesinin zəruri ünsürü, əsas tərkib materiallarından biri olduğu üçün bir xalq olaraq ümumtürk-oğuz kütləsindən diferensiasiya edən Azərbaycan xalqının etnopsixoloji yaddaşının üzvi elementidir. Başqa sözlə, Novruz qədim Azərbaycan türkünün yaddaşına kənardan gətirilməyib, etnosun fiziki-psixoloji təcrübəsinin içindən inkişaf edərək mentalitet sisteminin zəruri, ayrılmaz struktur səviyyəsinə çevrilib.
Bu cəhətdən bolveşik ideoloqları nəyi unudur, yaxud nəyi bilmirdilər:
– Novruz, sadəcə olaraq, bir bayram yox, Azərbaycan xalqının ritual-mifoloji yaddaşının funksional formulu, mifik-kosmoloji düşüncə ilə yaşayan türk etnosunun gerçəkliyə münasibətinin etnopsixoloji mexanizmidir...
– Novruz bayramı əski türkün məkan-zaman haqqında bütün görüşlərinin yaddaş modeli və bu modelin funksional sistemidir...
– Yaddaş hərəkətə gəlməklə etnosu yaşadır: etnos yaddaş formulları əsasında funksionallaşır – mövcudluğunu qoruyur və inkişaf etdirir...
– Etnosun fiziki-mənəvi təcrübəsinin bütün aksioloji dəyərləri ilkin kökdən başlayıb, bütün dövrlər (siyasi, ideoloji, dini epoxalar) boyunca Novruza konsentrasiya olunmaqla onu akkumulyasiya mənbəyinə – etnoenergetik sistemə çevirir...
– Vaxtaşırı (ritmik olaraq) Novruz bayramını keçirən etnos qapalı-dövrəvi ritmlə ondan keçməklə hər dəfə özünü etnoenergetik arxetiplərlə təchiz edir...
Novruz bayramının milli-mənəvi dəyərlərimizin dərin qatları ilə bağlılığından danışarkən tədqiqatçılar çox dərin kökləri üzə çıxarırlar. Mirəli Seyidov Novruz bayramını xalqımızın ən əski dünyagörüşü, mifoloji düşüncəsi, ilkin təbiət ünsürləri olan od, su, ağac və s. ilə əlaqaləndirərək onu təbiətin qışdan sonra yenidən canlanması ilə bağlı yaz bayramı hesab edib.
Məhəmməd Tantəkin Novruz bayramının mənşəyi haqqında bəhs edərkən göstərir ki, Novruz bayramının kökü qədim insanın təbiətin ölüb-dirilməsi haqqındakı ibtidai animistik görüşlərinə gedib bağlanır.
Hüseyn İsmayılov Novruz bayramının öz ritual-mifoloji kökləri baxımından dörd iri mərhələdən keçdiyini göstərir:
1. Mif mərhələsi;
2. Ritual mərhələsi;
3. Mərasim mərhələsi;
4. Bayram mərhələsi.
"Ergənəkon" qədim türk dastan-rəvayətidir. Onun haqqında orta əsrlər türkmən tarixçisi Əbülqazi Bahadır xan məlumat vermişdir. Türk tədqiqatçısı Əbdülxalıq (Abdulhaluk) Çayın Novruz bayramının bu dastan-rəvayətlə bağlılığını təsdiq edən "Novruz Türk Ergənəkon Bayramı" adlı iri həcmli kitabı da var. O yazır ki, türklərdə Novruzla bağlı görə bildiyimiz ən əhəmiyyətli rəvayət bu günün (Novruzun – S.Q.) "Ergənəkon" dastanı ilə bağlı olmasıdır.
Seyfəddin Altaylı Novruz bayramı adət-ənənələri ilə "Ərgənəkon" dastanını müqayisə edərək bir sıra oxşarlıqlara diqqət cəlb edib. O yazır ki, Ərgənəkon dastanı ilə bizim qeyd etdiyimiz yaz bayramı, yəni Novruzun arasında müəyyən oxşarlıqlar var. Türklər dörd yüz il Ərgənəkon deyilən yerdə yaşadıqdan sonra öz ata-baba yurdlarına atəşin açdığı yoldan çıxıb getmişdilər. Deməli, od onlara azadlıq yolunu, ata-baba yurdunun yolunu açmışdı. Görəsən, axır çərşənbə günü qaladığımız tonqallar Ərgənəkondakı dəmir dağı əritmək üçün yetmiş yerdə qurulub yandırılan körüklərin rəmzidirmi? Bayramdan bir həftə qabaq ölü bayramı kimi də yad edilən Qəbirüstü günü Ərgənəkondan çıxmazdan əvvəl oradakı qəbirlərlə vidalaşma mərasiminin rəmzi ifadəsi ola bilərmi? Uşaq bayramı üçün evdə hazırlanmış müxtəlif növ çərəz, mer-meyvə, boyanmış yumurtalar Ərgənəkondan çıxış üçün hazırlanan yol azuqəsini xatırlada bilərmi? Dastanda işarə edilən "O müqəddəs ayın, o müqəddəs günün müqəddəs saatını gözləyərək çıxdılar" ifadəsi o ayın, o günün və saatın yaddaşlarda əbədiləşdirilməsi üçün həmin ay, gün və saata müqəddəslik donu geyindirilərək yaddan çıxmasına mane olmasın deyə yozula bilərmi? Çünki türkün olum-ölüm mübarizəsində azadlıq və varlıq yolu yetmiş dəridən düzəldilmiş və yetmiş yerdə qurulmuş körüklərin qızışdırdığı tonqallarla dəmir dağ əridilərək türkə yol açmışdı. Son söz kimi deyə bilərik ki, türklər 21 mart gününü Ərgənəkon dastanının yaranmasından da min illər əvvəl bilirdilər, o günü türkün özünəməxsus mədəniyyəti ilə qarşılayıb yola salırdılar, yaratdıqları dastanda da həmin gün öz rolunu oynamışdı, buna görə də müəyyən oxşarlıqlar nəzərə çarpır.


S.Qasımova
araşdırmaçı