Muğanlı kəndində Novruz bayramı Mədəniyyət

Muğanlı kəndində Novruz bayramı

II yazı

21 mart 2012-ci il. Bu gün Muğanlı kəndində (Borçalı) bayrama hazırlığın videoçəkilişləri, o cümlədən informatorlarla videosöhbətlər aparılmalıdır. Muğanlı kəndinə gəlirik. Kənddə bizi Asif Rəhim oğlu qarşılayır və Qasım Səfər oğlunun evinə götürür. Burada ağbirçək nənələr və ağsaqqallarla söhbət etməliyik. Yenə də eyni hərarət və mehribanlıqla qarşılanırıq. Bu dəfə aşağıda adları çəkilən dörd söyləyici ilə işləyirik: Meçan Qurban qızı, 1936-cı il doğumlu; Zərnişan Qurban qızı Hüseynova, 1934-cü il doğumlu; Əslixan Həbib qızı Heydərova, 1937-ci il doğumlu; Səttər İbrahim oğlu Heydərov, 1935-ci il doğumlu. Adları çəkilən söyləyicilərdən aşağıdakı məsələlər haqqında məlumatlar əldə olunur:
1. Keçəpapaqlar: Qocalar kimlərin və hansı sayda keçəpapaq ola bilməsi haqqında sualıma qeyri-müəyən cavablar verirlər. Son sözlərinə görə cəmi 5-10 nəfər keçəpapaq bəzənirmiş. Hazırda keçəpapaqlar mart ayının əvvəllindən dəstə bağlayıb, kəndi gəzib pay yığsalar da, bu işə əvvəllər bayrama 10 gün qalmış başlayırmışlar.
2. Maska: Söyləyicilər hər cür maska gördüklərini təsdiq edirlər. Mən şir maskası haqqında xüsusi soruşuram. Zərnişan Qurban qızı təsdiq edir ki, o, 1939-40-cı illərdə şir maskasını gözləri ilə görüb. Mən söhbəti dərinləşdirdikcə onlar arasında mübahisə düşür. Meçan Qurban qızı deyir ki, axı o vaxt maskanı hardan alacaqdılar? Kasıblıq idi. Lakin onun böyük bacısı Zərnişan Qurban qızı "var idi" deyərək sözünün üstündə durur.
Maska söhbətinə Səttər İbrahim oğlu aydınlıq gətirir. O, deyir ki, keçəpapaqlar başlarına təkcə keçədən papaq geyirdilər, bircə gözləri görünürdü. Şir maskası sonradan çıxdı.
3. Çərşənbələrin ardıcıllığı və adları: dörd çərşənbə aşağıdakı ardıcıllıqla keçirilirmiş: Birinci, "xavarrama çərşənbə"; İkinci, "kürə çərşənbə"; Üçüncü, "sarımsaqlı çərşənbə" (variantı: külək çərşənbə); Dördüncü, "axır çərşənbə" (variantı: su çərşənbə).
4. Hər çərşənbədə bişirilən yeməklər. Söyləyici nənələr birinci dəfə dörd çərşənbənin dördündə də aş (plov) dəmlədiklərini söyləyirlər. Lakin sonra bildirirlər ki, keçmişdə kasıb vaxtı idi və çərşənbələrdə südlü aş, cincəl xəngəli, yumurta, güləş və s. kimi yeməklər bişirilirdi.
5. Axır çərşənbə falları. Qızlar bir evə yığışır, kasaya üzük salıb, kimə ərə gedəcəkləri barəsində fal açırmışlar. Yaxud qızlar düzlü kömbə yeyib, niyyət tutub yatırmışlar ki, yuxuda onlara su verən gələcək nişanlılarını görsünlər. Axır çərşənbə gecəsi çiy yumurta ilə fal açırmışlar. Meçan Qurban qızının qayınatası öz qız nəvəsinin (Meçan nənənin qızının) bəxtini bilmək üçün ev adamlarından xəbərsiz toyuq damının üstünə bir yumurta qoyub, yanında da bir dənə qırmızı, bir dənə də qara karandaş qoyub. Kişi səhər ev adamlarına deyib ki, yaman sevinirəm, nəvəmin bəxti yaxşı olacaq: yumurtanın üstünə qırmızı qələmlə xətt çəkilib.
Nənələr deyirlər ki, əgər yumurtanın üstünə qara qələmlə zolaq çəkilsə idi, bu, bəxtin pis olacağına işarə imiş. Onlar söhbət zamanı yumurtanın üstündəki xətti gah "zolaq", gah da "yazı" adlandırdılar. Bu xətt çəkənin kim olduğunu soruşduqda "qurban olduğum mələklər" cavabını aldım.
6. Alışma" adəti: Novruzda 5-6 nəfər birləşərək bir heyvan kəsirmiş. Bu adətin adı "alışma" imiş.
7. Oyunlar. Qocalara görə, köhnə vaxtda keçirilən bayramlardakı oyunlar indi yoxdur. Əvvəllər Novruzda güləşmə olur, dirədöymə kimi oyunlar oynanırmış.
21 mart 2012-ci il. Nənələrlə söhbəti bitirib Tanrıverdi Məsuməli oğlu Qasımovun evinə gəlirik. Burada onunla və qardaşı Xudaverdi Məsuməli oğlu Qasımovla görüşərək videosöhbətlər aparırıq. Əvvəlcə Tanrıverdi Məsuməli oğlu bildirir ki, Novruz bizim yeni ilimizdir. Bayramda hamı təzə paltar geyinməli, hər yer yuyulub təmizlənməli imiş. Novruz bayramının teatr, karnaval şəklində zamanla dəyişikliklər də baş verib. Sovet dövründə ağsaqqallıq (institutu – S.R) zəifləməyə başladı. Gənclərin bir çoxu bayramda şah olmaq iddiasına düşdü. Ancaq hamını bir gündə şah eləmək mümkün deyildi. Ona görə də ağsaqqallar nifaq düşməməsi üçün dedilər ki, gəlin keçəpapaqlığı bir on gün əvvəldən başlayaq. Əvvəlcə uşaqlar, yəni xavarçılar keçəpapaq oldular. Sonra cavanlar, sinif-sinif və s., yəni yaş qrupları üzrə. Belə-belə karnavalın gününün sayını artırdılar. Ancaq əsl bayram öz sifətini dəyişmədən durur.
Bu bayramda heç vaxt spirtli içki içilməzdi. Ancaq illərnən bu adət pozuldu: indi içki də içirlər. Burada gürcülərin də rolu var. Ətraf kəndlərin gürcüləri bu bayrama həddən artıq maraq göstərir, bayramda iştirak edirdilər. Elə indinin özündə də gəlirlər. Hər bir ailəyə gürcü qonağı gəlirdi. Onlar bayramı içkisiz keçirmirlər. Ona görə də süfrəyə gürcü qonağın xatirinə içki qoymağa başladılar. Belə-belə içki dəbə düşdü. Burda kirvəliyin də rolu var. Bizdə kirvənin çox böyük hörməti var. Gürcülər də bunu görüb bizlə kirvəlik etməyə başladılar. Bəzən övladı olmayan gürcü niyyət eləyirdi ki, ay Allah, mənə bir övlad ver, azərbaycanlılardan kirvə tutaram. Ona görə də gürcülərin oğlanlarının da, qızlarının da azərbaycanlılardan kirvəsi olur. Kirvələr də bayram günü hökmən bir-birinə qonaq getməli, hər bir kirvə kirvəsi olduğu uşağa pay aparmalıdır. Əslində kirvəlik yolu ilə azərbaycanlılar və gürcülər biri-biri ilə qohum olur, doğmalaşırlar.
Daha sonra Xudaverdi Məsuməli oğlu danışır və əvvəlcə bizə Sərtçala Muğanlı kəndinin əhalisi, inzibati-etnik quruluşu, tarixi, ətrafındakı tarixi obyektlər, keçmiş ənənələri yaşadan dağ adları, kənd əhalisinin Şah İsmayıl Xətayini çox sevməsi, kənd sakinlərinin İkinci Dünya müharibəsində iştirakı, kənddə 1914-cü ildə Realnaya Şkola adlanan məktəbin qurulması haqqında ətraflı məlumatlar verir. Bu insan mənə yeriyən, canlı tarix təsiri bağışlayır. Sonralar videoçəkilişi dəfələrlə seyr edərkən ürəyimdən bir ağrı keçir ki, əgər Xudaverdi Məsuməli oğlu bu bildiklərini özü yazmasa (onsuz da onun fikirlərini kimsə özünün yaza biləcəyi tərzdə çətin ki, yaza bilə), zamanla onun yaddaşındakı tarix birdəfəlik unudulub gedəcək.
Kənddə "Novruz" sözü az işlənirmiş, elə "bayram" deyirmişlər. Bayrama qeyri-adi hazırlıqlar görülərmiş. Bayram 1970-ci ilə qədər ilkin formasını saxlamışdı. 1922-ci ildən 70-ci ilə qədər çox sıxıntılar olub. Bayramda şah taxtının qurulmasını gürcü höküməti zamanla siyasi-tarixi rəng verib, bu da bayrama müəyyən təsirlər edib. Sonralar bir çox formal dəyişikliklər baş verdi. Çərşənbələr başlamamışdan əvvəl ağsaqqallar şah seçirmişlər. Pullu Bayram XX əsrin əvvəllərindən 30-cu illərə qədər bayramın padşahı olub. O, ağsaqqalların icazəsi ilə keçəpapaq olmaq üçün 7 və yaxud 12 adam götürürdü.
Bayrama qədər evləri təmizləyir, döşəməsinə palçıq şirə çəkir, bayram günü hamı, ən azı uşaqlar təzə geyinirmişlər. Ağsaqqalların iştirakı ilə küsülülər barışdırılırmış. Tutaq ki, kimsə kiminsə qızını götürüb qaçıb. Onlar ilin axırına qədər hökmən barışmalı idilər. Çünki bayram günü onlar artıq əllərində müəyyən şirniyyat bir-birinin evinə gedib bayramlaşmalı idilər. Hətta qan düşmənləri belə barışır, bayram günü biri-birinə şirin görsənirdilər. Qorxurdular ki, bunun düşər-düşməzi olar. Çünki inanca görə, bayram günü küsülü qalanda illərnən küsülü qala bilərdin. Bu isə daimi düşmənçilik içində yaşamaq deməkdir. Keçəpapaqların şahı öz ətrafındakı adamları (köməkçilərini) özü seçirdi. Onların tamaşası ilin axır gecəsi başlanırdı. Qapıları döyüb pay istəyirdilər.
Biz öz gözlərimizlə görmüşük. Keçəpapaqlar başlarına boğaza qədər qara keçədən hazırlanmış, qurd qulağına bənzər qulaqları, uzun qara tükləri olan papaq geyirdilər. Bu gün onlar şir maskası geysələr də, hamı ağzında deyir ki, mən "keçəpapağa çıxıram", yəni "keçə papaq" geyirəm. Sonralar dəyişikliklər baş verdi. SSRİ-nin, Azərbaycanın, Gürcüstanın bayraqlarını asdılar. Bu milli keçəpapaq geyimləri də dəyişdi. Mağazadan cürbəcür geyimlər aldılar. Ermənilər bizim bu bayram keçməsin deyə gürcülərə deyirdilər ki, bunlar Şah Abbasın bayramın eləyirlər, onu taxta çıxardırlar. Yəni əllərindən gələn pisliyi eləyirdilər.
Keçəpapaqlar əyinlərinə tərsinə çevrilmiş kürk geyirdilər. Onların belindəki kəmərdə xəncər yeri olurdu. Bəziləri əlinə ağac götürürdülər. Bəzilərinin isə əlində doğruçu qılınc olurdu. Şər qarışana yaxın qapılara gedirdilər. Xüsusən o qapılara gedirdilər ki, orada toy olacaqdı. Yəni kimsə niyyət eləyib, qohum-qonşu qızlarını yığıb, gecəni çalğı çaldıracaq, qızlar da səhərə qədər deyib-güləcəkdilər. Keçəpapaqlar qapılarda oynayırdılar. Onlara yumurta, şirniyyat verirdilər.
Şah mütləq qırmızı geyinərdi, yanında səməni, xonça olurmuş. Şahın tacı, niqabı olurdu. Üç dənə 4-5 metrlik ağacdan (şalbandan) ibarət olan taxt qurulurdu. O taxtın başında təkcə şah otururdu. Aşağıda üzü açıq, yəni maskası olmayan bir şəxs köməkçi olurdu. Digər bir yanda başqa bir şəxs də olurdu ki, o da onları qoruyurdu: üzlərin açmasınlar, maskalarına toxunmasınlar. Şah öz dəstəsi ilə zurnanın, balabanın, qoşa nağaranın sədaları altında kəndin ortasına gəlirdi. O, öz taxtına çıxmazdan əvvəl arxasındakı keçəpapaqlarla birgə meydanı dörd dolanırdı. Şahın üzündə niqab olurdu. Uzun saqqalı olurdu. Tacında hökmən güzgü olmalı idi. O, meydana gələndə əynində qırmızı paltar olmurdu. Şah həmin qırmızı əbanı taxta çıxanda geyirdi.
Əvvəlcədən 2-3 nəfər günahkar hazırlanırdı. Kim ki sözə baxmırdı, adamları incidirdi, onlardan günahkar düzəldirdilər. Həmin günahkarları sorğu-sual edirdilər. Ancaq danışıqla yox, mimikalarla, lal işarələrlə, əl-qolla mühakimə edirdilər. Sonra şah cəza təyin edirdi və keçəpapaqlar onları şallaqlayırdılar. Əvvəlcə onların ayaqlarını falaqqaya salırdılar, sonra ayaqlarının altına şallaqla vururdular. Yəni bərk vurmurdular, amma özlərini elə göstərirdilər ki, guya bərk vururlar. Elə olurdu ki, şah həmin günahkarlardan birinə şiddətli cəza verirdi. Onu şahın taxtının altından asırdılar. Bu zaman bir ağsaqqal şaha təzim edib, bir peşkəşin müqabilində günahkarı azad etdirirmiş. Onda deyirdilər ki, oyna.
Meydanda hamı bir yerdə dururdu. Amma insanlar necə gəldi bir-birinə qarışmırdılar. Hərənin öz yeri var idi, yəni cavanlar bir tərəfdə, qocalar bir tərəfdə, qadınlar öz tərəfində. Amma hamı bir yerdə olurdu.
Ağsaqqallar bir qədər arxada dururdu. Bir mübahisə düşəndə molla, ağsaqqallar işə qarışırdı. Mübahisə demək olar ki, həmişə düşürdü. Çünki keçəpapaqlar şahın vergisini yığırdı. Vergi verməyənlə güləşir, onu şallaqlayırdılar. Bəzən tərslik olurdu və bu zaman molla, ağsaqqal dərhal işə qarışırdı. Şah keçəpapaqlar kimi əyninə tərsinə çevrilmiş kürk geymirdi. O, çuxa geyirdi. Ayağında cüyburun çəkməsi olurdu. Şah taxta çıxanda qırmızı əbasın geyirdi və bu zaman camaat əl çalırdı. Hələ şah gəlməmiş insanlar meydanda cürbəcür oyunlar oynayırdılar…


Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru