Ana dilim - mənim varlığım! Mədəniyyət

Ana dilim - mənim varlığım!

Ana dili – hər bir xalqın varlığının təsdiqidir. Hazırda dünyanın 25 müxtəlif regionunda 300 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Tarixən türk dilinin digər dillərə təsiri məsələsiylə bağlı göstəricilər isə belədir. Erməni dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb. Hər bir xalqın dili o xalqın təfəkkürünü, hər mənada səviyyəsini göstərir.
Bu gün Güney Azərbaycanda yaşayan 30 milyondan çox soydaşımız fars şovinizminin əsarəti altındadır, onlara ana dilimizdə istənilən səviyyədə danışmasına belə imkan verilmir. Güney Azərbaycanda ana dilimizə qarşı olan bütün basqılara baxmayaraq ana dilimiz ölmür, itmir, daim mövcudluğunu hünərvərliklə qoruyub saxlayır. Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Habelə aşıq sənəti Güneydə soydaşlarımızın ərdəmliyilə yüksəlib. Güneydə yaşayan şairlərimiz ana dilində yazıb-yaratmağa üstünlük veriblər. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın "Heydər babaya salam" poeması ana dilimizin soraqlarını çatdıran ən gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; "Heydər babaya salam" poeması milli ruhunun izharı oldu.
"Çaxacağam qaranlığın varına" deyən Güneyli araşdırmaçı, şair Araz Əhmədoğlunun ağlında, duyğularında Azərbaycan – birdir. Ədəbiyyat bu mövzunu həmişə bizə doğma təqdim edir – həsrəti, əhvalımızdakı doğmalığı. Ədəbiyyat xilas kimi öncə fərdin içinə gəlir. Bu mənada xalqı yetkin fərdlər təmsil edir. Ədəbiyyat adına söz deyən kəs bundan sonra daha məsuliyyətli olmalıdır. Çünki insansız, ulussuz, bəşərsiz ədəbiyyat yoxdur. Ancaq böyük söz qalır. Araz Əhmədoğlunun yazılarında bu inad, inam var. Bu inad ötəri, keçici deyil. Daim zamanla çulğaşır, ona dov gəlir, zamanın üzərində yüksəlir. Baxmayaraq ki, onun doğulduğu böyük bir məkanda – Güney Azərbaycanda ana dilimizə basqı var. O, bu çətin, çıxılmaz şəraitdə dilimizi qoruyur, bu dildə yazır. Araz bəy ardıcıl olaraq ulusal düşüncə ilə özünü kökləməyə çalışır. Onun ulusu maarifləndirmək yönündə inamlı, inadlı çabaları var. Yol çox uzundur, çətindir. Burada təbii olaraq yaşın da sanbalı var. Araz bəy şovinizm əhvalıyla yaşamır. Bu, onun türk əhvalından, qüdrətindən irəli gəlir. Əsl adı Abbasəli olan soydaşımızın "Araz" ədəbi təxəllüsüdür. Əvvəlki illərdə yazdığı şeirlərində müəyyən tələsikliklər, tərəddüdlər var. Son şeirlərində isə dil, ruh aydınlığı artır, güclənir. Əgər dil aydındırsa, bu, elə ruhun aydınlığı deməkdir. Nəsri şeirlərinə nisbətən hələ oturuşmayıb. Şeir türk ruhunda, tarixində daha çox döyüşkən olub. Güney Azərbaycan arealında da şeir tarixən xüsusi rol oynayıb. Araz bəy məcburdur ki, hərdən fikrini sətiraltı desin. Onun can yanğısı isə ortadadır. Çətin də olsa, güneyli yazarlarımızın əsərlərinin dililə bağlı işləmələrini arzulayırıq. Bu, qaçılmazdır:
Ana dilim!

Sən ey mənim varlığım,
Bağımsızlıq, bayrağım,
Ən ucalarda əsən
Dalğalanan bayrağım,
Güllü-çiçəkli bağım,
Sərin sulu yaylağım,
İsindirən qışlağım,
Heç yıxılmayan dağım,
Uluslar arasında izlənilən sorağım.
Dədə Qorqud ağzıyla
Nuhdan gələn sorağım
Yaşa ey, Ana Dilim!
Yaşa mənim Varlığım!

1828-ci ildə Azərbaycanın Güney torpaqlarının İran tərəfindən qəsb edilməsindən sonra bu bölgələrdə tədricən ana dilimizin farslaşması mərhələsi başlandı. Bu gün Azərbaycan türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. Şəhriyar yazır:

"...Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsəl dil əsil olmaz...".

Surxay Qocayevin "Ana dilim" şeirini də sunuruq:

Türk elinin yaylasından,
Həm toyundan, həm yasından,
Anaların laylasından,
Sən hopmusan cana dilim,
Ana dilim.
Bu dil mənim öz dilimdir,
Nəğmə dilim, söz dilimdir,
Yanılmayan, düz dilimdir,
Köçüb ruha, qana dilim,
Ana dilim.
Bu dil mənim türk dilimdir,
Tarixlərə görk dilimdir,
Bu dünyanı dərk dilimdir,
Başda tacım səni bilim,
Ana dilim.
Dədəm Qorqud misallısan,
Yüz əhvallı, yüz hallısan,
Bu millətin halalısan,
Yoxdu sənsiz obam, elim,
Ana dilim.
Səninlə bir doğulmuşuq,
Ruhun ilə yoğrulmuşuq,
Biz səninlə var olmuşuq,
Doğransaq da dili-dilim,
Ana dilim.
Professor Fəxrəddin Veysəlli bu gün Azərbaycanda dil situasiyasını belə ümumiləşdirir: "Uzun illər ikidillilik şəraitində yaşayan və rus dilinə önəm verən azərbaycanlılar özlərinin əsas ünsiyyət vasitələrindən olan rus dilindən ayrıla bilmirlər. Əvvəla, bu psixoloji-informativ və mənəvi amillərlə izah olun bilər. Həmişə rusdilli informasiya məkanında olmağa vərdiş etmiş adamlar asanlıqla öz vərdişlərindən imtina edə bilmirlər. Rus dili və ədəbiyyatı, rus mənəviyyatı ruhunda böyüyən adamlar bu ənənənin təsir dairəsindən çıxa bilmirlər, bütün davranışlarını rusca kökləməyə daha az enerji sərf etməklə nail olurlar. Təsəvvür edək ki, sabitləşmiş dil situasiyasından üz çevirib yenisinə alışmaq nə qədər enerji və vaxt tələb edər. Elə bu səbəbdəndir ki, respublikamızın paytaxt əhalisinin xeyli hissəsi, xüsusilə həmişə ruslara rəğbəti olan ailələr, eyni zamanda respublikamızın iri şəhərlərində keçmiş sovet, partiya və komsomol nomenklaturasının yetişdirmələri bu gün də rusca oxuyur, rusca düşünürlər. Digər tərəfdən, imperiya dağıldısa da, onun güclü varisi öz ədası və ambisiyaları ilə qalmaqdadır. Bütün bunlar bizdə rusdillilərin hələ də dil stuasiyasının formalaşmasında mühüm rol oynamalarını təsdiqləyən amillərdir. Qlobal dünyamızda bütün sahələrdə olduğu kimi, dil situasiyasında da amerikan-ingilis düşüncə tərzi və ingilis dili mühüm ünsiyyət vasitəsinə çevrilir. Bu meyil özünü gənclər arasında daha çox büruzə verir. Dünya miqyasına çıxmaq meyli, müasir sivilizasiyaya qovuşmaq, dünya iqtisadi və mədəni bazarında yer tutmaq istəyən gənclərimiz ingilis dilinə daha çox maraq göstərir, bütün güclərini sərf edərək bu diliöyrənib öz gələcək həyatlarını təmin etməyə can atırlar. Dünya əmək bazarında özlərinə bu dillə yer tuta və bu yolla da karyeralarını qura biləcəklərinə əminlik onların bu sahədə daha qətiyyətli addımlar atmalarını şərtləndirir. Müstəqillik illərinin əvvəllərində sərhədlərin açılması və tarixən mənəvi və qan bağlılığımız əhalimizin böyük əksəriyyətində Türkiyəyə meyli motivləşdirdi və ziyalılarımızın böyük qismi dərhal bundan yararlanmağa başladı. Gənclərimiz də bu fürsətdən kifayət qədər yararlandı. Dilimizə xeyli türk sözləri axıb gəldi, televiziya və radioda hətta türk dilinin intonasiyası və vurğusu tez-tez eşidilməyə başladı. Bu günbu meyil bir qədər azalsa da, türk dilinin öz dilimizə qarışaraq işlənməsi adi hal alıb. Dil situasiyasının bir istiqaməti də ərəb dilidir. Dil situasiyasına təsir edən digər amil İran və onun fars dilidir. Son dərəcə həssas olan odur ki, İranda bizim 30 milyona yaxın can bir, dil bir qardaşlarımız yaşayır. Onlarla ünsiyyət bizim üçün həmişə əhəmiyyətli olub. Lakin fars şovinizmi bizə öz ideologiyası prizmasından yanaşıb və öz soydaşlarımızla ana dilimizdə ünsiyyətə qısqanıb, nəticədə biz də ya birbaşa, yada dolayısı ilə fars dilinin təsirinə məruz qalmışıq. Bütün bu sadaladıqlarımızdan kənarda qalan dil mühiti bizim doğma Azərbaycan türkcəsidir. Bu gün KİV-də, radio və televiziyada, parlamentdə səslənən dil bizim əzəmətli Azərbaycan dilimizdir. Bölgələrimizdəki dil ölməz ana dilimizdir. Öz şirinliyi, saflığı və zənginliyinə görə bu dil dünyanın bir çox dillərilə bir sırada addımlayır. Onun qorunması üçün dövlətimiz öz missiyasını layiqincə yerinə yetirir".

Uğur