
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Fərizə Babayeva qeyri-adi dərəcədə hərtərəfli insandır. O, musiqiçi, aktrisa, arxivariusdur, eyni zamanda, məqaləlilərin müəllifi və mədəniyyət sahəsində bir çox nəşrlərin redaktoru, Bakı Marionet Teatrının aparıcı aktrisası, mədəni tədbirlərin təşkilatçısıdır. Onun müxtəlif sahələr üzrə bütün bu işləri görməsi heyrətamizdir. Fərizə Babayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində incəsənət və yaradıcılıq prosesi, Bakı Marionet Teatrının fəaliyyəti, bütün bu işlərə necə vaxt ayırması barədə danışıb.
-Fərizə xanım, sizin çox zəngin yaradıcılıq bioqrafiyanız var. Söhbətimizə teatrdan başlayaq. Marionet teatrına necə gəldiniz?
-Məni bu kollektivə teatrın rejissoru və bədii rəhbəri Tərlan Qorçu dəvət etdi. Biz uzun illərdir ki, onunla ailəvi dostuq. Tərlan “Leyli və Məcnun” tamaşasına səhnə quruluşu verəndə, onda teatr truppasına bir qadın dəvət etmək ideyası yaranıb. Mənim gəlişimə qədər bütün kollektiv kişilərdən ibarət olub.
-Bunun səbəbi nə olub? Sadəcə belə alınıb, yoxsa köhnə vaxtlarda olduğu kimi teatrda qadınlar olmayıb?
- Belə alınıb. Çünki əslində, marionet teatrında oynamaq çox çətindir. Bu teatrın ilk tamaşası olan “Arşın mal alan” məhz fiziki ifa üçün nəzərdə tutulmuşdu. Orada balaca kuklalar, uzun iplərin arxasında insanlar dayanır. Ağır olan səhnəni hərəkət etdirmək, dəyişmək lazım gəlir. Bu, fiziki əmək tələb edir...
-Və bu məqamda siz-kövrək qadın meydana çıxır...
-“Leyli və Məcnun” tamaşasında vəziyyət başqadır. Burada Tərlan qərara gəldi ki, kuklaların yerinə səhnəyə aktyorları çıxarsın. İlk sınaq məşqləri başlayanda bizim bığlı və ciddi kişi aktyorlarımız Leyli kuklası, pərilər və quşları ilə səhnəyə çıxdılar. Tərlan gördü ki, bu səhnə o qədər də alınmır. (Gülür). Həmin vaxt bəzi dəyişikliklər etmək ideyası ortaya çıxdı və teatrda mən səhnəyə çıxdım. Leyli kuklasını əlimə götürdüm və onunla birlikdə dizlərim üstündə oturduğumda, rejissor anladı ki, hər şey qaydasına düşür.
-Ümumiyyətlə, Tərlan müəllimin Bakı Marionet Teatrında tətbiq etdiyi yanaşma normalara uyğundur, yoxsa qaydalardan kənara çıxır? Yəni aktyora kuklalarla birlikdə səhnəyə çıxmaq olar?
- Hər şey tamamilə normaldır. Biz bir neçə dəfə kukla teatrlarının festivallarında olmuşuq və orada hər şeyin mümkün olduğunu görmüşük. Amma Tərlan özünəməxsus üslub düşünüb tapıb. Mən heç bir yerdə aktyorların bu cür texnikada çıxış etdiyini görmədim. Kimlərsə deyirlər ki, bizim diz üstündə hərəkət etməyimiz yapon teatrı üslubuna bənzəyir. Səhnə özü ona bu zərurəti – diz üstündə işləməyi diktə edib.
-Belə bir sual meydana çıxır, kuklaları idarə etmək üçün hansı təlimi keçmək lazımdır? Hər hansı kurs və ya dərslər varmı? Yaxud aktyor özü öyrənməli olur? Mənə elə gəlir ki, bu, çox çətindir...
-Bəli, çox çətindir. Dünya üzrə müəyyən institutlar var, amma onların sayı çox azdır. Həm də onlar kukla teatrlarının qədim ənənələrinin qorunub saxlanıldığı yerlərdədir. Bizim üçün isə institut elə teatrın özüdür. Yeri gəlmişkən, teatr da institut statusuna malikdir. İxtisasından asılı olmayaraq, burada fəaliyyət göstərən hər bir insan kuklaları idarə etməyi sıfırdan öyrənir. Hər bir quruluş müxtəlif hərəkətlər tələb edir və beləliklə, səhnə fəaliyyətini mənimsəmiş olursan. Bizim iki tamaşamız var. “Arşın mal alan” bütün tamaşa boyu gərgin işləyə biləcək çox qüvvətli bədən və əl hərəkətləri tələb edir. Həm də bədənin, barmaqların gərilməsi üçün ən kiçik nüansları hiss etmək lazımdır. Çünki kuklaçının əlində onun demək olar ki, görmədiyi mürəkkəb kukla var. Yəni praktiki olaraq kor-koranə hərəkət etməlisən. Zalda əyləşən tamaşaçının səhnə arxasında baş verən prosesdən xəbəri olmur. Yeri gəlmişkən, bu tamaşanın quruluşundan 30 il keçdikdən sonra səhnədə teatrımızın aktrisaları olan kövrək qızlar da səhnəyə çıxırlar.
-Səhnədə oynamaq çətindir, yoxsa kuklaları idarə etmək? Sizin hər iki sahədə təcrübəniz var...
-Mən hər iki halda həyəcan keçirirəm. ADO teatrında mən uzun monoloqlu baş rollardan birini oynayırdım. Mən ona bir ay ərzində hazırlaşdım. Marionet teatrında bir rolu mənimsəmək üçün isə ən azı bir il lazımdır. Bizim səhnə quruluşlarımız musiqi üzərində qurulub. Tamaşa fonoqram altında gedir və sənin improvizə etmək imkanın yoxdur. Səhv etmək də olmaz. Tempi dəyişməyə imkan verən solo səhnələri də yoxdur. Sən daim kollektivlə sıx təmasda olursan və bütün tamaşa səkkiz adamın birgə işindən asılıdır. Truppamız saat mexanizmdə olan çarxlar kimi işləyir, biri o birindən asılıdır. Əgər bir çarx sıradan çıxsa, hər şey ani olaraq dayanacaq.
-Hansısa gülməli hadisələr olubmu?
-Əlbəttə! Amma bir qayda olaraq, bu, tamaşa üçün faciədir. Hər dəfə belə olur. (Gülür). Şəxsən mənim işıqlar söndüyü vaxt belə faciəm olub. Bir şeylər sıradan çıxmışdı. Bizim səhnədə isə fonoqram ilə yanaşı, həm də işıqlandırma kartı var. Bu, kompleksdir, avtomatik konfiqurasiya edilir və bütün hərəkətlərimiz ondan asılıdır. Yəni, Məmməd dayı filan yerdə oturub lampa ilə sizə yol göstərmir. (Gülür.) Proqramlaşdırılmış mexanizm var. Sonra bir anlıq hər şey sönür... Əslində bəxtimiz gətirdi, çünki Leyli ilə səhraya getdiyimiz səhnə var idi, yəni həmin an tək idik. Nə yaxşı ki, bu, izdihamlı səhnə deyildi. Əlbəttə ki, generator dərhal işə başlayır və sistemin ehtiyat nüsxəsini işə salır. Amma bizim səsimiz və işığımız kompüter vasitəsilə işləyir. Və kompüteri işə saldıqda, səs yazısına başlamaq üçün vaxt lazım idi. Yəni işıq yanır, Leyli ilə mən susuruq. Və səhnə arxasında dayanan oğlanların necə gərgin olduğunu hiss etdim...
- Bu an nə qədər davam etdi?
-Deyəsən, iki dəqiqəyə yaxın. Bu, çoxdur. Və beləcə kuklanı çevirdim, amma səs yox idi... Sonra onu özümə çevirdim və bir-birimizə baxdıq. Amma obrazı tərk etmədik. Biz kədərləndik. (Gülür.) Həmin an bilmirdim, musiqi indi başlasa tamaşa qaldığı yerdən davam edəcək? Yalnız musiqi səslənməyə başlayanda anladım: bəli, artıq hərəkətə keçmək olar! Birtəhər rahat hərəkət etməli və lazımi məqama çatmalı idim.
Hamının başına gəlib ki, kuklanın əli paltardan yapışır və ya iplər qırılır, ancaq əlləriniz idarəetmə aparatı ilə məşğuldur və vəziyyəti düzəltmək üçün bu kiçik saniyəni tapmalı, ipli balaca “aktyor” insan obrazında qalmaq üçün öz hərəkətlərini davam etdirməlidir.
-Teatrdan bir az uzaqlaşaq, ona sonra qayıdarıq. Siz musiqiçilər ailəsindən gəlirsiniz. Atanız Rafiq Babayev, musiqiçi, cazmen, bəstəkar, xalq artisti idi...
-Anam musiqiçidir, bacım, atamın qardaşı və onun bütün bacıları musiqidədir. Atam çox şey etdi! Çox istedadlı bir insan kimi, bir yaradıcı insan kimi arxivini təşkil etməyib. O, sadəcə olaraq, sonsuz çalışıb, irəli atılıb... Nisbətən qısa olan 57 illik ömründə o qədər qaçıb, o qədər işlər görüb ki, indi hər şeyi toplamaq, bərk-bərk saxlamaq çətindir. Ancaq buna ehtiyac çox böyükdür! 23 filmin musiqisinin, başqa bəstəkarların əsərlərinin yüzlərlə aranjemanının müəllifidir, onilliklər ərzində “Qaya”, Rəşid Behbudov, Müslüm Maqomayev, estrada simfonik orkestri ilə çalışıb, caz musiqisində və Azərbaycan xalq musiqisinin aranjemanlarında özünəməxsus üslub yaradıb. Ölümündən sonra sual yarandı: hamısı haradadır? Axtardığım zaman isə onları uzun müddət müxtəlif arxivlərdən toplayırdım. Təxminən on il. Nəticə olaraq musiqişünas Rauf Fərhadovla rus və Azərbaycan dillərində çap olunmuş “Rafiq Babayev: mövzudan improvizə” adlı kitabımız oldu. Heydər Əliyev Fondu DVD, audio CD və foto albomdan ibarət antologiyanın yaradılmasına köməklik göstərdi. Sonra məni azad etdilər. Amma indi başa düşürəm ki, yox. Hər şey yığılmayıb, vaxtilə səpdiyi toxumlar yenidən cücərir. İndi yəqin ki, yeni mərhələyə qədəm qoyuram. Burada isə artıq böyümüş uşaqlarım mənə kömək edirlər. İnşallah, onlar mənim bu yolumu davam etdirəcəklər.
- Yeri gəlmişkən, yol haqqında. Siz özünüz də ailənizin yolu ilə getdiniz və musiqişünas oldunuz. Niyə musiqiçi yox, musiqişünas?
-Bizim ailədə anam musiqişünasdır, bu da ənənədir. Həm də səhnədən çox qorxdum... Mən sadəcə qorxaq idim!
-Bəs nə oldu, bu qorxunu necə dəf edə bildiniz?
-Təəccüblüdür ki, o hələ də mənimlədir...
-Gəlin kukla teatrına qayıdaq. Musiqişünas kimi təhsil - səhnədə kömək edirmi?
-Çox. Axı məktəbdə “musiqi qulağı” inkişaf edir. Demək olar ki, bütün insanların bu potensialı var. Sual onun məşq edilməsidir.
-Fransada, “Şarlevil-Mezier”də keçirilən kukla teatrı festivalında uğurunuz haqqında danışın. Necə ola bilər ki, tamaşaçılar dili başa düşmədən sizin ifanızdan bu qədər ilhamlanıb?
-Təbii ki, hər bir opera əsəri kimi “Leyli və Məcnun”un da öz librettosu var, tamaşaçını tamaşanın mövzusu ilə tanış edir. Bundan əlavə, Fransada bizim gözəl aparıcımız var idi - Bakı Kukla Teatrının və Tərlan Qorçunun böyük dostu Lük Obri. O, vaxtilə Fransanın Azərbaycandakı səfirliyində çalışıb. Müddəti bitdikdən sonra da teatrımızla əlaqəni davam etdirir. Biz festivala gedəndə özü də kömək etmək arzusunu bildirdi. Hər çıxışımızdan əvvəl hekayəni çox gözəl və emosional şəkildə təkrar edirdi.
“Şarlevil-Mezier”dəki tamaşaçılara gəldikdə, onlar mükəmməl teatrsevərlərdir. Onların bir çoxu onilliklərdir ki, festivaldan festivala ora gəlir, afişaları qabaqcadan izləyir, satışa çıxan kimi bilet alır, otel otaqlarını bir il əvvəldən bron edirlər. Bütün dünya ora gəlir, tamaşaçılar mükəmməldir və onları təəccübləndirmək heç də asan deyil. Digər sənətçilər də festivala gəlib öz tamaşalarını nümayiş etdirirlər, çünki onlar da dünya teatrlarında baş verənləri görməkdə maraqlıdırlar. Biz digər tamaşalara da böyük maraqla gedirdik.
-Çıxışınızın bu qədər uğurlu olmasını nə ilə izah etmək olar? Xarici tamaşaçıların ürəyini necə riqqətə gətirdiniz?
-Bunun çoxsaylı səbəbləri var. Ondan başlayaq ki, Azərbaycan ilk dəfə idi ki, hələ ötən əsrin ortalarından bəri təşkil olunan bu teatr biennalında öz tamaşasını təqdim edirdi. Biz peşəkarların meydanında tamamilə yeni oyunçular idik və bu, artıq diqqət çəkirdi. İlk müsəlman operasını tərənnüm edən bu quruluşdakı tamaşamızda Tərlan Qorçunun dahiyanə ideyasına əsasən Şərqin əyani obrazlarının və motivlərinin kvintessensiyası cəmlənib. Bütün bunların hamısı dekorasiyalarda, kuklaların geyimlərində, hətta bizim səhnə hərəkətlərimizdə öz əksini tapır. Tamaşada hər bir təfərrüat ən dərin incəliyinə qədər düşünülüb! Onun ərsəyə gəlməsində bir neçə ölkənin peşəkar ustadları əmək sərf ediblər. Bu işə Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban xanım Əliyevanın bəxş etdiyi əlamətdar töhfəni xüsusilə qeyd etməliyəm. Çəkilən zəhmətin hər biri o qədər sevgi ilə yoğurulub ki, onu hiss etməmək mümkün deyil. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin musiqisi bu əsərə xüsusi zənginlik bəxş edir, Salman Qəmbərov bu musiqini tamaşamıza böyük ustalıqla uyğunlaşdıra bilib!
-Teatrdan başqa bir çox sahəyə maraq göstərirsiniz. Çoxlu sayda layihələriniz var, sizi digər layihələrdə iştirak etməyə çağırırlar, özünüz yazıb-yaradırsınız...Bütün bunları necə çatdıra bilirsiniz?
-Bu barədə ümumiyyətlə, düşünmürəm. Sadəcə edirəm, vəssalam. Bəzi filmlərin prodüseri olmuşam, bəzilərində isə aktyor kimi iştirak etmişəm. Konsertlərdə prodüserlik etmişəm, ədəbi tədbirlərdə, poeziya axşamlarında, rəqs tamaşalarında, sərgilərdə iştirak etmişəm. Bu il Azərbaycanın rəssamları haqqında “Axtarış laboratoriyaları” adlı silsilə mühazirələr təşkil etmişəm və bu işi davam etdirəcəyəm. Ancaq bir iş var ki, hələ musiqi yazmamışam, məncə, onun da öhdəsindən gələrəm!
-Hal-hazırda nəyin üzərində çalışırsınız?
-Mənim üçün arxivarius olaraq qalmaq olduqca vacibdir. Kitabxanaları və arxivləri çox sevirəm. Bilsəniz, keçmişə aid olanları axtarıb-tapmaq necə maraqlı işdir! Hər dəfə keçmişə səyahət etmək detektiv hekayəyə bənzəyir, hər bir xırda məlumat və ya mənbə aşkar edəndə sanki qızıl külçə tapmış kimi olursan. Mənim üçün atamın arxivini yığmaq olduqca vacib məsələdir. Eyni şeyi həyat yoldaşım, heykəltaraş Hüseyn Haqverdiyev barədə deyə bilərəm, bunların hər biri məlumat okeanıdır! O da öz yaradıcılığında həmişə irəliyə can atır, bu baxımdan mənə atamı xatırladır. Mən isə tez-tez onun arxasınca – ona çatmağa, nəyisə yığmağa, fotoşəkillər, mətnlər və yazılar toplamağa çalışıram. Kompüterim az qala bu məlumat bolluğundan daşmaq həddinə gəlib. Həm də mən, onun (ərim –red.) üçün bütün bu məlumatların bir yerdə öz əksini tapması üçün yaxşı bir sayt hazırlamaq istəyirəm.
Bundan başqa, Hüseynin atası Həsən Haqverdiyevin də nəhəng arxivi var! Onun yüzilliyi münasibətilə 2017-ci ildə bəzi materialları yığdıq, səliqə-sahmana saldıq, artıq neçənci albomu dərc edilir.
Əlbəttə, mən çox ümid edirəm ki, bu il Marionet teatrında üçüncü tamaşanın üzərində işləməyə bağlayacağıq. Sonrasını isə əlbəttə, gələcək göstərər.
-Hər zaman oxucular üçün çox maraqlı olan sual bir ailədə iki yaradıcı insanın olmasıdır. Bu nə dərəcədə asan və ya çətindir?
-Sirr çox sadədir. Bir-birinə sərbəstlik vermək lazımdır.
-Nəhayət, sonuncu sual. Gördüyünüz işlərdən hansını öz həyatınızda əsas layihə hesab edirsiniz?
-Yenə də teatrı. Yəqin ona görə ki, teatr mənim həyatda məşğul olduğum bir neçə sənət sahəsini özündə cəmləyə bilib. Teatr olduqca mürəkkəb incəsənət sahəsidir, o özündə həm ədəbiyyatı, həm musiqini, rəqsi və təsviri incəsənəti birləşdirir. Teatr həm də böyük ailədir. Bu ailə həm valideynlərlə, həm də uşaqlarla birgə yaşamaq tərzidir... Səni tərbiyə edirlər, sonra sən tərbiyə edirsən və vaxt keçdikcə başa düşürsən ki, bu vahid kollektivlə qaynayıb-qarışmağı bacarmaq lazımdır. Bizim isə ailəmiz çox böyükdür, bir-birimizlə ünsiyyətdəyik, bir çoxumuz dünyanın müxtəlif yerlərində olsaq da, Bakı bizim hamımızı birləşdirir. Hər dəfə toplaşdığımız böyük və şən yığıncaqlar sayəsində yenə bir araya gəlirik. Əlbəttə, bir-biri ilə ünsiyyəti qoruyub saxlamaq çox mühüm məsələdir.