Şumer dilində 9 qəhrəmanlıq eposu tapılıb Mədəniyyət

Şumer dilində 9 qəhrəmanlıq eposu tapılıb

R.Antes yazırdı ki, insanlar çox vaxt tanrıların övladı hesab edilib. O yazırdı ki, insanın gildən düzəldilməsi haqqındakı təsəvvürlər sonrakı dövrlərə aiddir və kosmoqonik deyil, yəni bu ilk insanın gildən yarandığını nəzərdə tutmur. Araşdırmalar göstərir ki, Şumer mətnlərindəki gil də sonradan artırılıb. İlk mətnlərdə gil olmayıb. Bütün Şumer mətnlərində insanın yaranmasının bircə məqsədi var: Tanrıya qulluq etmək. "Enki və Ninmah" əsərində də insanların tanrılara qulluq etmək üçün yaradıldığını görürük. Bu mətndə ilk insanı Ninmah düzəldir və Enki onun taleyini müəyyənləşdirir. Şumer mətnlərinin çoxunda Enki ilk insanın həm yaradıcısı, həm də müəllimi kimi təqdim edilir. Şumer mətninə görə, ilk dəfə yeddi kişi və yeddi qadın yaranıb. Sonra onlar evləniblər və görünür, onların hərəsi bir tayfanın əsasını qoyub. Poemada insanın doğulması da bədii boyalarla verilib. Ancaq bu boyalar həqiqi mənzərəni gizlətmək yox, daha gözəl ifadə etmək məqsədilə seçilib. Aşağıdakı parça bunu aydın göstərir: Doğacaq tanrıları bir yerə toplayaraq, Ninti özü oturub günləri sayırdı bax.
Poemada kişinin arvad alması, arvadın ərə getməsi, onların bir yastığa baş qoyması, uşağın ana bətninə düşməsi, doqquz ay, doqquz gün orda böyüməsi, boylu qadının öz yükünü yerə qoyması, doğumun şadlıqla, şənliklə keçirilməsi o qədər real bədii ifadəsini tapıb ki, elə bil poema beş min il öncə yox, lap bizim günlərdə yazılıb. Poema beş min il öncə yazıya alınsa da, onun tarixi daha qədimdir. Əsər yəqin ki, neçə min il də ağızlardan ağızlara ötürülə-ötürülə yaşayıb. Çünki yazı kəşf ediləndə bu əsərlər bizim oxuduğumuz şəkildə yaddaşlarda mövcud olub. Bu cür bitkin, gözəl bir şəklə düşənə qədər sözsüz ki, min illərlə yaddaşlarda cilalanma, püxtələşmə yolu keçib.
Poemadakı Mama adı çox maraq doğurur. Mama/Mammu sağlamlıq tanrısı Ninqursağın adıdır. O, həkimdir. İlk insanın yaranmasında birbaşa iştirak edib. Doğum işinə o baxır, daha doğrusu, mamaçalıq edir. İlk doğulan uşağı qucağında tutub deyir ki, bunu mən doğmuşam. Mamaça sözü onun adına "ça" sözdüzəldici şəkilçisi artırılmaqla yaranıb. Doğumu və körpə uşaqları sevgi-məhəbbət tanrısı İnannanın himayə etməsi motivi də türk mifologiyasında Umayın vəzifəsiylə üst-üstə düşür. İnsanın doğması və doğulması haqqında mətnlərdə bir ortaq motiv də var. "Etana haqqında nəğmə"də Etana arvadının rahat doğması üçün doğum çiçəyinin dalınca gedir. Eyni motivə Sibir türklərinin miflərində rast gəlinir. Yakut türklərindən toplanmış bir mətndə doğum çiçəyindən danışılır. İ.S.Qurviç bu miflərin tarixinin çox qədim olduğunu yazıb.
İnsanın genetik yolla yaranması və çoxalması bir türk mifində də öz dolğun ifadəsini tapıb. Həmin mifə görə, Tanrı ilk dəfə yeddi kişi və onların yanında yeddi ağac yaradıb. Ağaclar budaq atıb böyüyüblər, ancaq yeddi il ötsə də insanlar çoxalmayıblar. Çünki kişilərin yanında qadın olmayıb. Bu mif onu göstərir ki, insan yalnız genetik yolla ata-anadan doğulmaqla yarana bilər, başqa yol yoxdur. Buradakı ağac obrazına ciddi yanaşmaq lazımdır. Əksər epik mətnlərdə ağac obrazı Tanrını yaxud insanı təmsil etsə də, o burada həqiqi anlamda ağacdır. Mifin məntiqi bununla demək istəyir ki, insanla ağacdan, dağdan, daşdan, istənilən təbii varlıqdan nəsil törənməsi mümkünsüzdür. Şumer və türk törəyiş dastanlarının müqayisəli təhlili göstərir ki, ilk insan genetik yolla yasranıb. Deməli, insanın nəsil artırmasının bircə yolu var: genetik yol.
Şumer və türk qəhrəmanlıq dastanları haqqında danışmazdan əvvəl folklor və xalq anlayışlarının bir-birilə qırılmaz tellərlə bağlı olduğuna diqqət yetirmək lazımdır. Folklorda yalnız epik əsərləri yaradan xalqa doğma olan, onun varlığın¬dan, ruhundan süzülüb gələn motiv, süjet və obrazlar poetikləşdirilir, əbədiləşdirilir və yaddaşlarda yaşayır. Xalqa yad olan, onun milli keyfiyyətlərinə uyğun gəlmə¬yən motiv, süjet və obrazlar heç vaxt folklorlaşmır və yaddaşlarda yaşamır. İ.Abbaslı doğru yazır ki, "Azərbaycan şifahi ədəbiyyatı ideal fikirləri, bəşəri düşüncələri həmişə təbliğ edib. O, yaradıcısı olan xalqa məxsus keyfiyyətləri, məziyyətləri özündə toplayıb".
Bu günə qədər Şumer dilində 9 qəhrəmanlıq eposu tapılıb. Onlardan 2-si Enmerkar, 2-si Luqalbanda və 5-i Bilqamıs haqqındadır. Enmerkar, Luqalbanda və Bilqamıs I Uruk sülaləsinin xaqanlarıdır. Bu sülalənin əsasını Günəş tanrısı Utunun oğlu Meskianqaşar qoyub. XX yüzilliyin 20-ci illərinə qədər Bilqamıs əfsanəvi qəhrəman adlandırılıb, yalnız L.Vullinin apardığı arxeoloji qazıntılar nəticəsində tapılmış "Çar siyahısı" və digər yazılı qaynaqlar onun tarixi şəxsiyyət olduğunu təsdiqləyib.
Şumer qəhrəmanlıq dastanları bunlardır: "Bilqamıs və Ağa"; "Bilqamıs, Enkidu və Yeraltı dünya"; "Bilqamıs və göyün buğası"; "Bilqamıs və ölməzlər dağı"; "Bilqamısın Ölümü"; "Enmerkar və Aratta hökmdarı"; "Enmerkar və Ensikuşdanna"; "Luqalbanda və Anzud quşu"; "Luqalbanda zinrik dağlarda". İnsan yarandığı gündən ölümün səbəbləri ilə maraqlanıb, əbədi həyatın sirlərini öyrənməyə çalışıb. Bu mövzu bütün xalqların mifologiyasında, folklorunda və yazılı ədəbiyyatında öz ifadəsini tapıb. Türk folkloru da bu motivlə zəngindir. Bu motivə ilk dəfə "Bilqamıs və ölməzlər dağı" adlı Şumer dastanında rast gəlinir. Bu dastan Şumer dilində "En-e-kur-lu-ti-la-şe" adlanır. Hərfi tərcüməsi belədir: "Kahin və ölümsüz insanlar dağı". Dastanda giriş hissəsi yoxdur. Əsər birbaşa Bilqamısın ölməz insanlar yaşayan dağa getmək istəyi ilə başlayır. Onun ilk sətirlərində deyilir: Kahin "ölməzlər dağına" yönəltdi fikrini, Kahin Bilqamıs "ölməzlər dağına" yönəltdi fikrini.
Bilqamıs "ölməzlər dağı"na getmək istədiyini ilk dəfə dostu Enkiduya söyləyir. Çünki Enkidu bu dağları da, ordakı sidr meşəsini də, meşəni qoruyan Humbabanı da yaxşı tanıyır. Onların hamısına dərindən bələddir. Burada Bilqamısın dilindən deyilmiş obrazlı, poetik misralar diqqəti cəlb edir:

Şərəfli adlar içində özüm şərəf qazanacam.
Adlar şərəflənməyən yerdə tanrım şərəf qazanacaq.

Bilqamıs bütün insanların şərəfləndiyi, şöhrətləndiyi yerdə özü də şərəflənmək, şöhrətlənmək istəyir. Yox, əgər insanlar bu şərəfə, şöhrətə layiq bilinməzlərsə, onda o tanrısını şöhrətləndirmək fikrindədir. Enkidu Bilqamısa deyir ki, "ölməzlər dağı"na gedəcəyini mütləq Utuya xəbər ver, qoy Utu bilsin ki, sən hara gedirsən?

Ağam, əgər dağa getsən
bunu Utuya xəbər ver.
Dağları Utu yaradıb,
bunu Utuya xəbər ver.

Bu mətndə çox maraqlı sirlər kodlaşdırılıb. "Sidr meşəsi olan dağı Utu özü yaradıb. Sidr meşəsini də onun qəhrəmanı qoruyur". Bu da Humbabadır. Bilqamıs da Humbabanı öldürməyə gedir. Utu buna razı olacaqmı? Bilqamıs Enkidunun sözlərindən sonra bir ağ çəpişi qurbanlıq üçün qucağına basıb üzünü göyə tutur. Əllərini dua üçün göyə qaldırır və Utuya deyir:

Utu, yolum dağlaradır,
özün mənə qahmar ol.
Yolum sidr meşəsinədir,
özün mənə qahmar ol.

Utu Bilqamısın səsini eşidir və göydən ona cavab verir: "Sən güclüsən, sayılansan, dağlara niyə gedirsən?" Utu Bilqamısdan "ölməzlər dağı"na getməyinin səbəbini soruşur. Bilqamıs da ona deyir:

Utu, sənə söz deyəcəm,
sözlərimə sən as qulaq.
Nə fikrim varsa deyəcəm,
ümidimi kəsmə ancaq.
Mənim şəhərimdə
insanlar ölürlər.
Ürəyimi qəm doldurur.
İnsanlar köçüb gedirlər,
Ürəyimi kədər sarır.

Bilqamısın niyə məhz Utuya üz tutması ən əhəmiyyətli məsələlərdən biridir. Doğrudur, sidr meşəsinə getməyi Utuya bildirməyə Biqamısı Enkidu məcbur edir. Bizcə, bunun iki səbəbi var. Birinci səbəb Bilqamısın Utuya qohumluğudur. Çar siyahısından bilirik ki, I Uruk sülaləsinin əsasını Utunun oğlu Meskanqaşar qoyub. Sülalənin ilk çarı Meskanqaşarın oğlu Enmerkardır. İkinci çar Bilqamısın atası Luqalbanda, üçüncü Dumuzu, dördüncü Bilqamısın özü, beşinci isə Bilqamısın oğlu olub. Bu sülaləni Utu himayə edib. Şumerdə möhkəm bir qayda olub ki, bir şəhərin himayəçi tanrısı razılıq verməsə, heç kəs çar taxtında otura bilməzdi. Heç bir şübhə yoxdur ki, Bilqamısın çarlığına da Utu razılıq verib. Digər tərəfdən Enmerkar, Luqalbanda, Dumuzu və Bilqamıs soykökü ilə Utuya bağlı idilər. Utu bu sülalənin, bəlkə də tayfanın himayəçi, qoruyucu Tanrısı idi. Bilqamısın Utuya müraciət etməyinin birinci səbəbi budur. İkinci səbəb yuxarıda deyildiyi kimi, Sidr meşəsini Utunun yaratması və onu qoruması idi. Şumer mətnlərində deyilir ki, Sidr meşəsi olan ərazinin yiyəsi, ağası Utunun özüdür. Bu meşəni mütəxəssislər Livanda lokalizə etməyə çalışırlar. Ancaq Azərbaycana Odlar yurdu, Odlu diyar, Odlar ölkəsi, Gündoğan deyilməsi və Günəşə sitayişin çox qədim izlərinin mövcudluğu Sidr meşəsi olan yerləri Azərbaycanda lokalizə etməyə daha çox əsas verir. Şamaxıdakı Dədə Günəş piri, Qaxdakı Günəş dağı, türk tayfalarından birinin günəş adlanması, Günəşli toponimlərinin çoxluğu (Bakıda, Qubada və s.) da yuxarıdakı fikrin əsassız olmadığını göstərir. Həm də Bilqamıs Urukdan ölməzlər dağına yola düşərkən Livan tərəfə yox, məhz Azərbaycan tərəfə gedib.
Göründüyü kimi, dastanın əsas mövzusu əbədi həyat axtarışı, ölməzliyin sirrini tapmaq arzusudur. Bunu dastanın başlanğıcında Bilqamıs Utuya açıq söyləyib. Bu sujet Bilqamıs haqqındakı dastanların hamısının ana xəttini təşkil edir. Bəs əbədi həyat, ölməzlik Bilqamısın ağlına hardan gəlib?! Bu sualın düzgün cavabını yalnız Şumer qaynaqlarında tapmaq mümkündür. Şumer qaynaqlarında açıqca deyilir ki, ilk insanlar tanrılarla bir yerdə yaşayır, onlara xidmət edirdilər. Əbədi həyat, ölümsüzlük yalnız tanrılara nəsib olub və bunu da ilk insanlar görür və bilirdilər. Onu da bilirdilər ki, özləri Tanrı qanından doğulublar. İnsanların əbədi həyat, ölməzlik fikrinə düşmələri məhz bundan qaynaqlanıb. Ona görə də özlərini göyün bir parçası sayır, göyə, Tanrıya qovuşmağa ölməzlik kimi baxırdılar…

İslam Sadıq
araşdırmaçı