Tarın dili ilə danışmağı bacaran gənc musiqiçi Mədəniyyət

Tarın dili ilə danışmağı bacaran gənc musiqiçi

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin “Xalq çalğı alətləri – Tar” ixtisası üzrə IV kurs tələbəsi, beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı və laureatı Mehdi Sadıqzadədir.

Mehdinin 19 yaşı var. O, orta təhsilini Neftçala şəhər "Muğan liseyində", ilk musiqi təhsilini isə 7 illik Uşaq incəsənət məktəbində alıb. 2020-ci ildə Milli Konservatoriya nəzdində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. Təhsil aldığı müddətdə "İxtisas-not" fənnindən müəllimi, Xalq çalğı alətləri şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi Cəfər Qafarlı, "Muğam" fənnindən müəllimi isə Xalq artisti Elçin Həşimov olub. Davamlı olaraq Respublika və Beynəlxalq müsabiqələrə qatılaraq yüksək nəticələr əldə edib. 2022-ci ilin may ayında mərhum Xalq artisti, görkəmli bəstəkar və pedaqoq, professor Səid Rüstəmovun anadan olmasının 115 illiyinə həsr edilən müsabiqədə I dərəcəli diplomla mükafatlandırılıb.

2023-cü ildə Moskvada keçirilən "Grand Music Art" İfaçıların XIV Beynəlxalq müsabiqəsində uğur qazanan Mehdi deyib: “Münsiflər I dərəcəli diplomu mənə təqdim edəndə sevincimin həddi-hüdudu yox idi. Bu fəxri yeri qazanmaq məni öz üzərimdə daha çox səylə çalışmağa həvəsləndirdi. Ötən ilin əvvəllərində Azərbaycan Respublikasının Rus icması nəzdində Rus mədəniyyət mərkəzinin XVII respublika müsabiqəsində I, həmin ilin mayında isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan respublika müsabiqəsində II dərəcəli diplomlarla təltif olunaraq “Laureat” adını qazanmışam”.

Mehdi bildirib ki, mütəmadi olaraq kollecdə və kollecdənkənar tədbirlərdə müxtəlif və dərin məzmunlu əsərlərlə çıxış edib. “İ.Dunayevskinin "Kapitan Qrantın uşaqları" bədii filmindən "Uvertüra"nı, H.Vəkilovun "Çılğın rəqs", C.Rossininin "Neopolitan Tarantellası" və digər dünya bəstəkarlarının əsərlərini də ifa edirəm. Mərhum tarzən və pedaqoq Ə.Bakıxanovun 130 illiyinə həsr olunan yubiley tədbirində T.Bakıxanovun "I saylı konserti”ni ifa etdim və müəllif tərəfindən çox yüksək dəyərləndirildim. Orkestr müşayiəti ilə ifa etmək mənim çoxdankı arzum idi. Tədbirlərdə muğam da ifa etmişəm. "Çahargah", "Bayatı-Șiraz", "Şahnaz" muğamlarını ifa edərkən tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışam. Yaşadığım bu duyğular sözlərlə ifadə oluna bilməz”.

Qabaqcıl təhsil işçisi Cəfər Qafarlı şagirdi ilə bağlı təəssüratlarını bölüşərkən deyib: "Mehdi mənim sinfimdə təhsil aldığı bu 4 il müddətində özünü olduqca çalışqan, özünə qarşı tələbkar, məsuliyyətli, geniş maraq dairəsi olan tələbə kimi göstərə bilib. İstedad və bacarığını nəzərə alaraq kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazimov onu daim diqqət mərkəzində saxlayır, bütün konsert tədbirlərində onun çıxışlarına önəm verir. Mehdi çox istedadlı tələbədir. Onun musiqini hiss etmə, duyma qabiliyyətini və ifa texnikasını inkişaf etdirməklə yüksək göstəricilərə nail olmuşuq. Bu illər ərzində Azərbaycan və xarici ölkə bəstəkarlarının müxtəlif janrlı əsərlərini ifa etməklə yanaşı, xüsusilə tar ifaçılığı üçün yazılmış irihəcmli mürəkkəb əsərləri də, məharətlə təqdim edə bilir. Yetirməm dəfələrlə Respublika və Beynəlxalq müsabiqələrin laureatı olub. Qarşıda Mehdini hələ çoxlu sınaqlar, festivallar, bayram tədbirləri, bir sözlə, parlaq ifalar gözləyir. Çox güman ki, tarın ecazkar səsini, yaratdığı möcüzələri dinləyicilərə sevdirməklə yanaşı, gənc ifaçı seçdiyi sənətin sirlərinə məharətlə yiyələnərək Əhsən Dadaşov, Həbib Bayramov kimi tarın dili ilə danışmağı bacaran bənzərsiz sənətkarların davamçısı ola biləcək”.

Moskva şəhərində keçirilən "Grand Music Art" müsabiqəsində qalib olduğu zaman münsiflər heyətinin sədri, Rusiya Musiqi Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti, virtuoz ifaçı Aleksandr Tsıqankov Mehdi haqqında rəy bildirərkən deyib ki, “bu gənc tar aləti ilə dostluq münasibətini tam olaraq qura bilib. Alət və ifaçı bir-birini tamamlayır. Sanki onlar tarla birlikdə nəfəs alırlar”.

Mehdinin arzusu hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Milli Konservatoriyasında ali təhsil almaq, ifaçı və müəllim kimi fəaliyyətini davam etdirməkdir. "Müəllimlərimdən öyrəndiklərimi gələcəkdə tələbələrimə ötürmək istəyirəm. Bu, həm mənim borcumdur, həm də olduqca şərəfli bir işdir", - deyən Mehdiyə yeni yaradıcılıq uğurları diləyir, istəyinin tezliklə reallaşmasını arzulayırıq.