Müqəddəsimiz ANA Mədəniyyət

Müqəddəsimiz ANA

Bu dünyada daima özümüzlə saxlamaq istədiyimiz, əlimizdən buraxa bilmədiyimiz o qədər müqəddəs nemətlərimiz var ki....Elə əziz bildiklərimiz var ki, onu evimizin ən əlçatmaz yerində, eləsini cibimizdə, eləsini şəxsi əşyalarımızın arasında saxlayır, qoruyuruq. Bütün bunlara rəğmən Tanrı bəxşişi bir müqəddəsimiz də var ki, onun yerini yalnız və yalnız ürəyimizin başında qərar veririk. Böyük ədibimiz Cəfər Cabbarlı yazırdı ki,

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,

Fəqət nə güclü, zəif bir vücud var yahu!

Ki hazıram yıxılıb xaki-payinə hər gün

Öpüm ayağını icz ilə.Kimdir o? nədir o?

Ana, ana... O adın qarşısında bir qultək

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əliylə bəla bəhrinə yuvarlansam

Yenə xəyal edərəm bəzmi istirahətdir.

Bəli, analar bu dünyanın mələkləri, Tanrının qərar verdiyi müqəddəsləridir. Nə qədər yaşayırlar, varlığımız, evimizin xeyir-bərəkəti, ağbirçəyimizdir. Dünyasın dəyişdilərmi, bir boy kiçilir, balacalaşır, cılızlaşırıq. Vallah elə anasız görmüşəm ki, deyir anamı itirəndən yetimləmişəm. Baxmayaraq ki, anasını itirəndə altımışdan yuxarı yaşı var idi. Bax belə. Elə Tanrı müqəddəsi olduğundan analara Tanrı fitrəti - yaratmaq verilib , eləcə də Tanrı bu dünyada yaxşı, təqdir olunası əməlləriylə fərqlənən insanları qərar verdiyi, müjdələdiyi cənnəti məhz anaların ayaqları altında qərar verib. Bir şəxs Peyğəmbərdən (s) soruşdu ki, ya Peyğəmbər, kimə yaxşılıq edim? Həzrət buyurdu: Anana! Həmin şəxs bu sualı təkrarlayaraq, daha kimlərə yaxşılıq etməli olduğunu soruşdu. Həzrət anaya yaxşılığı təkidlə vurğulayıb sonda ataya yaxşılığı tövsiyə etdi. (Biharul-Ənvar, c. 74; səh. 49). Və bir də deyirlər ki, Həzrəti Peyğəmbər Əfəndimizdən sual edirlər ki, ya Peyğəmbər səhih namaz üstündə olarkən kimin çağırışına cavab verə bilərəm? Buyurur, yalnız ananın.

Vaxtında dəyər vermək, qədrini bilmək lazımdır anaların. Dəyərli şairimiz, söz, ruh adamı Rizvan İsgəndərzadə - Şəmkirlinin mövzu ilə səsləşən, necə deyərlər, “sarı simə” toxunan "Mən də gələcəyəm bil qadan alım" şeiri oxuduqca məni kövrək notlara köklədi. Şairə minnətdaram. Nə gözəl xöşbəxt - analı günlərimiz var imiş...Eh. ay gidi dünya.

Rizvan İsgəndərzadə yazır:

Belə gec gəlməzdin...getdiyin yerdən...

Ay ana hardasan gəl qadan alım....

Xəyallar...ümidlər,alıb cənginə.

Üfürür gözümə gül qadan alım.

Xəstəyəm başımda yoxdu keşiyim

Qoy olsun dizlərin yenə beşiyim

Dur gedək isinsin evim-eşiyim...

Verginən əlimə əl qadan alım.

Başımı daşlayır hər gəlib -gedən...

Çoxalıb sinəmi dağlayan-didən...

Bir qara daş olub susmusan nədən.... ?!

Mənimlə bir danış gül qadan alım.

Bənövşəm açmayır, yazım yan keçir..

Dağların başından çən,duman keçir

Sənsiz nə gün keçir, nə zaman keçir

Bir günüm olubdur, il qadan alım....

Gözümdən qan axır yaramı bağla...

Dərdimlə durmuşam yanaşı dağla...

Yanında mənimdə yerimi saxla...

Məndə gələsiyəm bil qadan alım...

Rizvanam önümdə min cür çətin var...

Əlində günəş tək hərarətin var.....

Bilirəm nə varın, nə dövlətin var...

Analar, "ləl"imiş, "ləl" qadan alım....

...Allah bütün dünyasın dəyişən analarımıza rəhmət eləsin! Qalan analara canımız qurban. Ana dünyanın hər yerində elə anadır!

Malik Balaşov

Publisist