MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ŞEİRİNDƏ “NOVRUZ” BAYRAMI Mədəniyyət

MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ŞEİRİNDƏ   “NOVRUZ” BAYRAMI

1-ci yazı

Ümumdünya türk xalqlarının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən "Novruz" bayramı minillərdir böyük bir mədəniyyət hadisəsi kimi davam etməkdədir. Hər zamankı kimi bu gün də Azərbaycanda, Türkiyədə, Altayda, Çinin uyğurlar yaşayan ərazilərində, türk xalqlarının yaşadığı bütün coğrafiyalarda və Orta Asiya türk dövlətlərində "Novruz" mart ayında bahar bayramı kimi qeyd olunmaqdadır.
Bu bayramın yeni günün, yeni ilin başlaması, insanlarda qanın qaynaması, ruhun təzələnməsi, ruzunun bollaşması, yeyəcəklərin artması, bitki aləminin canlanması, ağacların oyanması ilə müşahidə edilməsi onun kutsallığına inam yaradıb. Klassik və xalq ədəbiyyatında rastlaşdığımız nümunələr göstərir ki, Novruz-Bahar bayramı hər zaman xalq müdriklərinin diqqətində olub, xalq müdrikliyini, milli-mənəvi dəyərləri ənənəvi şəkildə mühafizə etməkdədir. Babalarımız yazın gəlişi ilə əhatələrində olan bütün varlıqlarda bir canlanma, təzələnmənin, hətta kainatın məhvərində yeniliklərin baş verdiyini qiymətləndirməyə çalışıblar.
XI əsrdə yaşamış və yaratmış Yusif Balasaqunlunun "Qutatğı-bilik" əsərində "Bahar" şeirindən bir parçada baharın gəlişinin təsvirini izləyək:

Əzablı qışı süpürüb apardı yaz əsintisi,
Parlaq yaz yenə qurdu səadət yayın.
Qurumuş ağaclar yaşıl donun geyindi,
Bəzəndi al, sarı, göy, qızıl rənglə.

Şah İsmayıl Xətayinin əsərlərində də bahar mövzusu önəmli yer tutur. "Bahariyyə" şeirində yazın gəlişi xüsusi bir zövqlə - insanda baş verən dəyişikliklərlə, yəni eşq aləmində yeni bir həvəsin yaranması, quşların dilə gəlməsi, instinktlərin oyanması çərçivəsində əhvalın müsbətə doğru yönlənməsi bədii boyalarla rənglənib. Bəndə nəzər yetirək:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu bu canə düşdü.

Hətta sovet dövrünün başlanğıc zamanlarında Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi mütəfəkkirlər də bahara şeirlər həsr edib, bu bayramı bahar bayramı kimi qeyd ediblər. Cəfər Cabbarlının şeirindən bir bəndi burada xatırlatmaq yerinə düşər:

Novbahar oldu, günəş şölələnib nur saçır,
Qar ərir, sellər axır, ot göyərir səhradə.
Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır,
Gül budağına qonub nəğmə oxur azadə.

Göründüyü kimi, istər klassik ədəbiyyatımızda, istərsə də xalq yaradıcılığında bahar mövzusu həmişə gündəmdə olub, bütün zamanlarda aktuallığını qoruyub saxlayıb. Biz bura qədər "Novruz" bayramının klassik ədəbiyyatda yerinə ötəri də olsa nəzər yetirdik. Müasir poeziyamızda da "Novruz" bayramı haqqında yetərincə şeirlər yazılıb və yazılmaqdadır. Xalq şairi Fikrət Qocanın "İlk bahar" şeirində Bahar bayramının özəlliklərindən danışılır:

Nəğmə sərgisidi bahar bayramı,
Sevinclə, sevgiylə boyanıb üzlər.
Elə bil söz qoyub bu bahar hamı,
"Evdə oturmayaq gərək gündüzlər".

Şair qeyd edir ki, baharın gəlişi ilə təbiət canlanıb, hər yerdə qızğın iş gedir, belə zamanda evdə oturmaqmı olar? Dağın, daşın çiçəklədiyi bir zamanda təbiət o qədər mehribanlaşıb ki, hətta torpağın altında min illərdir yatan ölülər də dirilə bilər. Bu ifadənin xalq yaradıcılığında qarşılığı "yaz günü ölünü dirildər" kimi sabitləşib. Şair təfəkkürü ilə xalq təəkkürü burada qoşa qanad kimi novbaharın təcəssümündə harmoniya yaradıb:

Bahar özü ilə nələr gətirdi,
Rəngi səsə dönür gülün, gülzarın.
Havası nəğmədi, suyu ətirdi,
Nəfəsi sevgidi bu ilk baharın.

Fikrət Qocanın şeirlərində yazın gəlişi ilə torpağın nəğmə oxumasının yaratdığı rayihənin ətri duyulur. Sular şaqqıldayır, güllər, çiçəklər açılır, quşlar səs-səsə verir, baharın gəlişini bayram edirlər. Təbiətin oyanması şairin sözlərini gülə, çiçəyə çevirib sanki torpağın oxuduğu nəğmə qarşılığında onun yaxasına sancıbdır:

Baharın ilk günləriydi,
Torpaq nəğmə deyirdi.
Sözlər onun gülləriydi,
Torpaq nəğmə deyirdi.

Fikrət Qocadan fərqli olaraq Nüsrət Kəsəmənlinin "Şəhərdə bahar" şeirində qəribə bir nisgilli arzunun şahidinə çevrilirik. Kənd yerlərində baharın gəlişi təbiətdə canlanmanın, yaşıllığın, gül-çiçəyin göyərməsi ilə könülləri oxşayır. Dağlardan axan şəlalələr, yaşıllaşan ağaclar, boynubükük bənövşələr kənd yerlərinin gözoxşayan gözəllikləridir. Şair ümid edir ki, bu il şəhərdə də baharı görəcək

Bu il baharı görəcəyəm, deyəsən,
Bu qara asfalt,
Bu beton evlər
Yamyaşıl göyərəcək.
Acıdil bir adamın
Çaşıb dediyi xoş söz kimi...
Səkilərdə bənövşələr bitəcək,
Dağlardakıtək
Qərib, utancaq.

Nüsrət Kəsəmənlinin əsərlərindəki hüzünlü nisgili "Hara gedirsən, qaranquşum?" şeirində də görürük. Baharda gələn, özüylə sevgi, məhəbbət gətirən qaranquşun köç vaxtında getməsini şair istəmir. Bu torpaqda yuva qurmuş, bala çıxartmış qaranquşlar gedərsə boş yuvaların halı necə olacaqdı görəsən?! Axı yuva qurmaq o qədər də asan başa gəlmir. Yuvası yıxılan insanlar da var, onlar bir ömür boyu qaçqın, didərgin olaraq yaşayırlar. İnsanlar sərhəd dirəklərinin arxasında qalan yurdlarına dönə bilmirlər. "Qaranquş səhər müjdəsi gətirər" deyirlər, bəs qaranquş gedərsə, insanlara müjdəli bir xeyir xəbəri kim gətirəcək?!
Qaranquşlar üçün səmada "naxışlı" sərhəd dirəkləri yoxdur, onlar azaddırlar. Azad olduqlarına görə də hər yerə uçub gedə bilirlər. Şair istəyir ki, onun məhəbbətini qazanmış qaranquş bu il uçub geməsin, əvəzində təbiətin köçərilik ilqarı uçub getsin, həsrətə, hicrana son qoyulsun:

Hara gedirsən, qaranquşum,
Gətirdiyin baharı gerimi aparırsan?
Boş yuvan üşüyəcək
məhəbbətsiz könültək.
Səninlə köçəcəkdir
obamızdan gül-çiçək.
Balaların arxanca
qanad açıb uçurlar,
qoy bu yeri tanısın
bu dimdiyi puçurlar...

Kəmaləddin Qədimin "Axşam çatmaz axşamına bu yazın" şeirində Novruz bayramında fala çıxma səhnəsi təsvir edilib. Məlumdu ki, bayram axşamı qapı dalında dayanıb qulaq asarlar, görsünlər kim nə danışır. Eşidilən sözlərə görə gənclər öz talelərində baş verəcək əlamətlər axtararlar. Xüsusilə subay oğlanlar, qızlar öz qismətlərini arayarlar. Burada da şair əzazil olan "Zülüm Həsənə" üz tutaraq sözlərinə diqqət etməsini vurğulayır, onun kəntöy sözlərindən neçə qəlbin qırılmasını istəmir:

Pəncərədən qulaq asan çox olar.
Qapılardan atılmamış şal hələ.
Şirin danış, neçə ümid yıxılar,
Zülüm Həsən, sözlərini bal elə.

Şairin "Köklə ürəyini yaz havasına" adlı şeirində bahar bayramında nəğmə deyilməsi, qəm-qüssədən azad olunması kimi əlamətlərdən söhbət açılır. Şair "palaza bürün, elinən sürün" atalar sözünün işığında dərdini, kədərini unutmağın yeganə yolunu məhz el ilə birlikdə olmaqda, eli ilə doğmalıqda görür. Nə zaman bu doğmalıq - yaxınlıq baş verəcəksə, ürəklər də isinəcək, hətta sonrakı qış gecələrində də xatirələrin istisi səni üşüməyə qoymayacaqdır. Bütün bu hisslərin bədii ifadəsi şeirdə öz əksini tapıb:

Bürün bir elinən palaza, bəlkə,
Bir el dediyinə doğma deyəsən.
Söykən ki, söykənib bu yaza bəlkə,
Bir ürək dolusu nəğmə deyəsən –
Köklə ürəyini yaz havasına.

Orxan Paşa "Bir yandan da bu yaz havası" şeirində Novruzun gəlişini təbiətdə, hətta qurumuş ağacların canlanması, cücərməsi ilə müşahidə olunduğunu, qönçələrin köz-köz açıldığını,belə bir zamanda odlu baxışlara tuş olanların oddan-alovdan qurtula bilməyəcəklərini təsvir edib:

İl göyçək gəlib, yaz olubdu,
Quru ağac da saz olubdu.
Tər qönçələr köz-köz olubdu,
Közlər dəli şimşək yuvası;
Bir yandan da bu yaz havası!

Ramiz Rövşənin bahar axşamlarının məşumluğu ilə bağlı yazdığı "Çiçəklər doğulur bu yaz gecəsi" şeiri orijinal deyim tərzi, ifadə olunan fikirlərin qeyri-ənənəvi üsulu və şirinliyi ilə seçilir. Təbiətin canlanması yaz gecələrində çiçəklərin doğulması ilə həm də sevgi gətirir. Məsum bir qızın dodaqları şairin adını pıçıldayarsa bu yaz gecəsində nəinki sevmək, bəlkə o qızın yolunda ölmək də olar:

Çiçəklər doğulur bu yaz gecəsi,
Bu yaz gecəsində sevməyə nə var?!
Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlarından, -
Bu yaz gecəsində ölməyə nə var?!

Şair daha sonra bu yaz gecəsində güllər ilə birlikdə haradasa güllələrin də açıldığından söhbət salır. Güllər sözü ilə güllələr sözünün oxşarlığı olsa da, mahiyyətində böyük fərq var. Ağ köynəklərin yaxalığına qonan güllər məhəbbətin, sevginin əlamətidirsə, güllələr ölümün, faciənin dəhşətini yaşadır. Yaşadır dedik, burada bu söz yerinə düşməsə də, hər bir güllədə bir ölüm hökmü gizləndiyinin fərqindəyik. Şairin qəlbini sıxan bu hiss bəşəriyyətin özü-özünə qənim kəsilməyi ilə bağlıdır. İnsan heç düşünmədən özünün gələcəyini top atəşləri altına atıbdır. Hər bir Azərbaycan türkünün bir Təbriz dərdi var, yaz gecəsində "çiçəkləyir", "təzələnir", qövr edir. Yaz gecəsi təkcə məhəbbət gətirmir, dərd, kədər də gətirir:

Çiçəklər açılır bu yaz gecəsi...
Çiçəklər doğulur bu yaz gecəsi
Parisdə, Təbrizdə, həyətimizdə.
Bu yaz gecəsində çiçəkləyəcək
Bəlkə dərdimiz də, həsrətimiz də.

Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru