Gül ömrümüz bir xalçanın çeşnisi... Mədəniyyət

Gül ömrümüz bir xalçanın çeşnisi...

1980-ci il idi. O vaxt Şamaxının Həmyə kənd orta məktəbinin şagirdi idim. Şeirlə, poeziya ilə yatıb, şeirlə də duran vaxtlarım idi. Bütün şairləri oxuyurdum, lakin eləsi olurdu ki, qəlbimin süzgəcindən keçə bil¬mirdi. Özüm də ara-sıra şeir yazır, "Yeni Şirvan" qəzetinə apa¬rırdım. Hələ o vaxt duyurdum ki, xalq ruhundan, xalq dilindən uzaq düşən şai¬rin ömrü uzun olmaz. M.Yaqubun yaradıcılığını, zəngin ədəbi irsini, fəlsəfi görüş¬lərini dərin¬dən, obyektiv və sistemli şəkildə öyrənmədən XX əsrin ikinci yarısını və xüsusilə də 1960-2010-cu illər dövrü poeziyasını işıqlandırmaq mümkün olmaz. M.Yaqub ilkin yaradıcılığından başlayaraq min illər ərzində müstəqil siyasi-dövlət həyatını yaşa¬mış xalqın tarixi yaddaşında, qanında və ruhunda dərin kök salmış milli istiqlal düşüncəsinə önəm verib. Rişəsi dərinə işləyən nəhəng ağaclar kimi poezi¬ya-sının ruhu çox keçmişlərdən qidalanıb. Onun poezi¬yası qopub gəldiyi kökə; – Şirvanşahlar mədəni epoxasına söykənir. Məhz ona görə bu epoxal səciyyə şairin yaradı¬cılığının əsas leytmotivini təşkil edir. Şeirləri üç mühüm ideologiya əsasında rekornasiya olunur. Vətən, Millət, Dövlət. Poeziyanın siyasi modulyasiyası bəlli¬dir: Sadalanan məfhumların heç biri, biri olmadan digəri mövcud ola bilməz. Vətən olmadan Millət ola bilməz. Millət olmadan Dövlət mövcud ola bilməz. Millət müəyyən etno-mədəni hadi¬sədir. Hər toplum Millət ola bilməz. Millətin əlahiddə ədaləti olmalıdır. Dünyada yüzdən çox xalq var ki, dövləti yoxdur. Bu qısa xülasəni M.Yaqubun şeirlərindən əxz etmi¬şəm desəm, yanılmaram.
Hər şeyin bir başlanğıcı var. Başlanğıc varsa, son da var, deməli. Lakin ix¬ti¬yari bir nöqtədən başlanan bir hərəkət sonsuza uzanır. Şeir də belədir, haradan başlandığı və harada bitəcəyi məchuldur. Bəlkə ona görə bizdən ağıllı babaları¬mızın bizə ərməğan etdiyi mənəvi arsenalımız – nağıllar "biri var idi, biri yox idi" ibarəsi ilə başlanır. "Var olan başlanğıc, yox olan isə sondur". Əslində nəyin "var olması", nəyin "yox olması" da bir koddur. Min illərdir söylənir, hələ də deşifrə olunmayıb. Bir türk folklorşünası var: – Əflatun Cem. O yazır ki, "Bizim də bir nağıl dünyamız var. Ucsuz-bucaqsız bir dünya bu! Kaloğlanı da içinə alır, Koroğlunu da, Pəri qızını da içinə alır, dev anasını da; səni də içinə alır, məni də: yenə bir fındıq qabığına sığar, yeddi dün¬yaya sığmaz. Hələ bir nağıl dünyasını gəzib-dolaşım deyə dəmir çarıq geyib, ələ dəmir əsa alıb yola düşsəniz: dərə-təpə düz, altı ayda bir güz (payız) getsəniz, bir arpa boyu yol gedərsiniz ancaq!.. Vay, nə nağıllar var, nə nağıllar var orda! Qayçı kəsməz, iynəbat¬maz nağıllar! Belə ha! Amma nağıl deyib keçməyin, kökləri var keçmişdə - dayanıb durur dağ kimi! Budaqları var üstümüzdə yaşıllaşır bağça-bağ kimi! Amma anladılacağı kimi anladan olsa!.."
Musa Yaqubu da oxuduqca duyursan ki, bu adam nağıldan gəlib, bəzən özü bir nağılı xatırladır.

Nağıllardan gələn şair...

XX əsrin 60-70-ci illəri Azərbaycan ədəbiyyatında yeni bir canlanmaya, yeni bir intibaha səbəb olub. Bədii fikirdə mürəkkəb və ziddiyyətli, lakin dia¬lektik qanuna¬uyğun bir tərəqqi prosesi başlamışdı. Əsrlərin o tərəfindən gələn iri¬miq¬yaslı, möhtəşəm bir ədəbiyyatın ənənələrini arayıb saf-çürük edən, könül çeşməsindən keçirdib durulaşdıran dinamik bir proses idi. Həmin dövrdə ictimai şüurun tərəqqisi ictimai həyata müdaxiləsi güclənirdi. Daha doğrusu, M.Yaqub kimi idrak sahibləri ictimai-siyasi sferaya təsir edə bi¬lirdi. Həyatın, ictimai proseslərin özünün buna ehtiyacı var idi. Uzun illərin inqilabları, repressiya və müharibələr dövrü bitmiş, kainat yeni fazaya qədəm qoymuşdu. Məhz həmin dövrün yazarları əsərlərində xalq ruhunu gəzdirərək, beyinlərə, ürəklərə köçürdülər. Belə qələm sahiblərindən olan M.Yaqub da yaradıcı prosesin bilavasitə iştirakçısı olmaqla 1980-90-cı illərə zəmin hazırlayırdı. Bəlkə şair özü bunun fərqində olmayıb, lakin o, öz şeirləri ilə on minlərlə insanı "tərbiyə" edirdi. Çünki poeziyası xalqın ruhunu oxşayırdı. Mövzuları hamısı "xalq çeşməsindən" süzülüb gəlirdi. Folklor mövzusu heç bir dəyişikliyə uğramadan M.Yaqubun bütün yaradıcılığı boyu keçir. Folklor obrazı bəzən kosmik miqyas əldə edir, obrazın mikrokosmosu kosmosla eyni ölçüdə olur, ona mütəvazi qurulur.


Salam, Lələ!
Səndən gələn yolam, Lələ.
Qəm bayatın dilimdədi,
Ağır şələn belimdədi.

yaxud:

Lələ bir kümə tikdi,
Ağzını günə tikdi.
Lələ, sənin koman hanı?
Üstündəki duman hanı?
Qoy komana çıxım gəlim,
Bir ağlağan gülən üstə;
Şələ qoyum şələn üstə.

M.Yaqubun poeziyasındakı folklorizmləri təhlil edər¬kən görürsən ki, "poeziya sözdə ifadə olunan əqidə deyil, qanı axan yaradan və ya gülümsəyən dodaq¬lardan çıxan himndir". Onun obrazlarının mənbəyi şifahi xalq ədəbiy¬yatın¬da yaradıcılığın ənənəvi konsepsiyalarına xas olan sentimental lirizmdədir.
Musa Yaqub yaradıcılığında klassik və xalq şeiri sinkretizmi sənətkarlığın ən bariz göstəricisidir. Şirvanda, eləcə də Azərbaycanda şimşək şiddətli fikri və yağış ətirli hərəkəti harmonik şəkildə birləşdirən xalq şeiri çoxəsrlik tarixə, qərinələrlə cilalanıb təkmilləşən zəngin ənənəyə malik¬dir. Bəs M.Yaqubu folklora sövq edən nə idi? Milli-etnik mədəniyyətin əsas qaynağı olan folklor əcdadlarımızın bizlərə miras qoyduğu tükənməz sərvətdir. Təbii ki, hər bir xalqın qeyri-maddi mədəniy¬yətinin, etnik-mədəni dünyası¬nın, mənəviyyatının cövhəri, təməl nöqtəsi onun folk¬-lorudur. Xalq öz söz incilərini yaradır, cilalaya-cilalaya, dəyişə-dəyişə, saf-çürük edərək nəsildən-nəsilə ötürərək tarixini ya¬şadır.
Folklorda vətən ocaqdır. Məhəbbət dastanlarımızın qəhrəmanlarının taleyin¬dən bəllidir ki, buta alan qəhrə¬manlar vətənini, elini, obasını, ocağını, qohum-qar¬daşını tərk edib gedirlər. O da məlumdur ki, bu tərkin və səfərin sufi seman¬tikası mənəvi-əxlaqi təkamüldür. Əslində dərvişlik təsəvvüfi mənəvi-əxlaqi təka¬müldə təriqətin, daxili mənəvi yolun simvoludur. M.Yaqubda isə buta Vətəndir, doğma ocaqdır. O, heç vaxt doğma ocaqdan – Buynuzdan ayrılmadı.
M.Yaqubun poetik irsinin ideya-məzmun baxımdan təhlili ilkin olaraq bu zəngin irsin əsas və aparıcı semantik ideya istiqamətlərinin müəyyənləşdirilməsini, həmin ideya istiqamətlərinin ümumən xalq şeirinin ənənəvi və kanonik ideya-mövzu kontekstində kəsb etdiyi özünəməxsusluğun üzə çıxarılmasını tələb edir. Daha çox ənənəvi mətn tiplə¬rindən təşkil olunan, bundan da irəli gələrək həm forma, həm də məzmun baxımından kanoniklik təşkil edən, müəy¬yən klişelərə tabe olan M.Yaqub yaradıcılığında peşəkarlıq qüdrəti, poetik fərdi özünəməxsusluğu bu kanonikliyin, poetik fiqur klişelərinin imkan verdiyi məhdud dairədə nə dərəcədə orijinallıq əldə edə bilməsi ilə ölçülür. Xalq şeirinin əsrlər boyu keçib gəldiyi tarixi-kulturoloji təka¬mül yolu boyunca əldə etdiyi ənənəvi semantik ideya istiqa¬mətləri zəif for¬mada deqradasiya olsa da, aparıcı poetik formullar əsasən dəyişməz qalıb. İstər fərdi poetik üslubundan, istərsə də özəl poetik-fəlsəfi baxışlarından asılı olmayaraq, folklora yaxın olan şair yazarkən bu formullara bu və ya digər baxım¬dan tabe olmağa məcbur olmuşdur. Belə bir şəraitdə ənənə poetik yaradıcılıq üçün hazır formul¬lar təklif edərək fərdi yaradıcılıq prosesini xeyli asanlaşdır¬mış olur.
Musa Yaqubun ictimai məzmunlu əsərləri arasında elə şeirləri var ki, onlar konkret bir situasiyaya, hadisə və əhvalata həsr olunub. Şairin folklordan bəhrələndiyi mövzuların aparıcı ideya istiqamətini dini və təsəv¬vüfə uyuşan mövzulu əsərləri təşkil edir. Dini və təsəvvüfə uyuşan şeirlərin az olmasına baxmayaraq, bu şeirlər ideya-məzmun xüsusiyyətləri baxı¬mın¬dan əlvan palitraya malik olub, bütövlükdə onun poetik-fəlsəfi dünyagörüşünü müəyyən¬ləş¬dirmək, sənətkar şəxsiy¬yətinin spesifikasını aydınlaşdırmaq baxımından son dərəcə əhəmiyyətlidir.

İllərimiz necə keçdi bilmirəm,
Gül ömrümüz bir xalçanın çeşnisi.
İndi burda bir məzardı, bir mənəm,
Əlimdə də 45 ilin heç nəsi...

Bir çox mifoloji mətnlərdə bəşəriyyətin "uşaqlıq" və ya "qızıl dövrü" haq¬qında uydurmalar mövcuddur. Bu aspektdən yunan mifologiyasında itmiş ölkə he¬sab olunan Atlantislə bağlı rəvayətlər diqqəti cəlb edir. Əslində bu mifin yaradıcısı Platon hesab olunur. Onun "Timaios" və "Kritins" dialoqlarında utopik bir ölkədən bəhs edilir. Yunan tanrılarından Poseidona məxsus olan bu ölkə yüksək siviliza¬siyaya malik olmuş, lakin zəlzələ nəticəsində yerlə-yeksan olaraq bəşər tarixində itmiş səadət simvoluna çevrilib. Lakin yaşayan o dövrün sözüdür! Ən möhtəşəm sözü!


Dünya öz yerində tutubdur qərar,
Dağ da yerindədir, duman da, çən də.
Dünyanın işini qarışdıranlar
Qayıdıb dünyadan gileylənəndə,
Cəllad da özünü haqlı biləndə,
Ağır yaraların ağrısı canda,
Vəfasız dünyadan vəfa umanda
Dünyaya adamın yazığı gəlir.

Şair kamil doğulmur. Ancaq anbaan, günbəgün tək¬mil¬ləşərək, mükəmməl¬ləşərək yetkinliyin yüksək zirvə¬sinə, məziyyətlərinin və üstünlüklərinin tamlığına nail olur. Bu, özünü zövqün incəliyində, ağlın itiliyində, mühakimələrin tutarlı¬ğında, arzu və diləklərin təmizliyində biruzə verir. Bəzi şairlər buna gec nail olurlar. Bəziləri isə yetkinliyə heç vaxt nail ola bilmirlər, onlarda həmişə nə isə çatışmır.
Bütün bu sadalananlara nail olmaq üçün mənəvi xəzinədən – folklordan keçməlisən. M.Yaqubun poeziyası xalqdan gələn folklorizmlərlə zəngindir. Çağdaş poeziyanın şeirlərini yaradan şairin irsi bir tərəfdən xalq yaradıcılığına bağlanır. M.Yaqub şeirlərinin kökləri, rişələri folklordan, xalq yaradıcılığından su içir, qüvvət alır.
Təbii coşğun şairə folklor çox zaman mövzu və sujet vermiş, onun bədii formasına, dil və ifadə vasitələrinə rəvan təsir etmişdir. Folklorun, xalq ədəbiy¬yatının yazılı ədəbiy¬yata təsirini M.Qorki belə izah edirdi: "Şifahi yaradıcılığın yazılı ədəbiyyata təsiri çox böyük və mübahisəsizdir. Bədii ədəbiyyatın şəkli, süjet və didaktik cəhətdən xal¬qın şifahi yaradıcılı¬ğından asılılığına qətiyyən şübhə oluna bilməz və bu, çox ibrətamiz hadisədir".

Qalib Sayılov
filologiya üzrə fəlsəfə doktoru