Zorakılıq məzmunlu cizgi filmləri Mədəniyyət

Zorakılıq məzmunlu cizgi filmləri

Milli motivli cizgi filmlər çəkililməlidir

Hər bir uşağın ən sevimli peşəsi həm də cizgi filmlərinə baxmaqdır. Hər bir uşaq sevdiyi filmin qəhrəmanlarının əksi olan əşyalar istəyər, onun təsviri olan geyimə üstünlük verər. Cizgi filmləri adətən tərbiyəvi istiqamətinə görə oyunlara, nağıllara yaxındır. Bəzi cizgi filmləri uşaqlara tərbiyələndirici təsir göstərir, onlara bu və ya digər vəziyyətdə necə davranmağı öyrədir, dəcəllik edən, daim mübahisə edən, yoldaşları ilə yola getməyən uşaqların sonunun necə olmasını onlara izah edir. Bir sözlə cizgi filmlərinin uşaqların tərbiyəsində və formalaşmasındakı rolu təkzib edilməzdir. Bu gün ekranlarda həm də zorakılıq səhnələri ilə dolu olan cizgi filmləri nümayiş etdirilməkdədir. Bu cür filmlərin uşaq psixologiyasına kifayət qədər mənfi təsir göstərməsi dəfələrlə bəyan edilsə də nəticəsi yoxdur.
Mütəxəssislər hesab edirlər ki, bu tip nümayişlər günün müəyyən hissəsini onları izləməklə keçirən uşaqların psixologiyasında ciddi problemlər yarada bilər. İndi olmasa belə, onların şüuraltında yer alan bu səhnələr nə zamansa həyatda da təkrarlana bilər. 20 ildən artıq uşaq psixologiyasının tədqiqatı ilə məşğul olan alman psixoloqu Rayner Patslaf "Donuq baxışlar" kitabında televiziyanın uşağa olan psixoloji təsirindən geniş bəhs edir. Rayner yazır: "Cizgi filminin qəhrəmanının böyük gözləri uşaqda qorxu və yorğunluk hissi əmələ gətirir. Çəkilmiş personajların kəskin formaları uşaqlarda aqressiya hissini oyadır və həmyaşıdları ilə münaqişə halları yaşadır. Hədsiz parlaq rənglər uşağın real həyata olan marağını söndürür. Uşaq üçün ən təhlükəlisi isə animasiya (anime) filmləridir. Bu yapon cizgi filminin janrıdır. Cinayət, qan, ölüm səhnələri onlarda xüsusilə real əks olunur. Anime əvvəlcə uşaqlar üçün yox, böyüklər üçün nəzərdə tutulmuşdu. Çünki yalnız yaşa dolduqca insan ekranda olanları adkevat şəkildə qiymətləndirə bilir".
Qeyd edək ki, uşaq bağçasında eksperiment məqsədi ilə 5 yaşlı uşaqlar üçün müasir tipli cizgi filmi nümayiş etdirdikdə uşaqların yerlərində tərpənmədən, gərgin vəziyyətdə oturduqları qeydə alınmışdı. Eyni yaşda olan ikinci qrup uşaq üçün isə Vinni Pux cizgi filminin sovet versiyası nümayiş etdirilmişdi. Bu zaman uşaqların sərbəst şəkildə deyib-gülərək cizgi filmini seyr etmələri diqqəti cəlb edir.
Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru və psixoloqu Tahiba Quliyeva bildirir: "Televizorun uşaqların həyatında həm müsbət, həm mənfi təsirləri mövcuddur. Uşaqlar televizora baxaraq bir çox şeyi məhz burdan öyrənirlər. Bir çox hallarda uşağın sakitliyini təmin etmək və ya işlərimizi rahat görə bilmək üçün uşağı saatlarla televizorun önündə qoyuruq. Bu isə uşaq psixologiyasına mənfi təsir göstərir. Bəzən uşaqda ciddi problemlərə gətirib çıxardır. Cizgi filmlərinin uşaqlarımız üzərində nə qədər ciddi təsirə malik olduğunu düşünmürük. Cizgi filmləri də özlüyündə qruplara ayrılır: öyrədici cizgi filmlər və zorakılıq məzmunlu cizgi filmlər".
Psixoloqun sözlərinə görə, zorakılıq məzmunlu cizgi filmləri uşaqları real həyatdan uzaqlaşdıra bilər: "Zorakılıq məzmunlu cizgi filmlər uşaqlarda davranış pozuntuları, aqressiya, qorxu, laqeydlik və empatiya hissinin zəif olması, zorakılığa meyillilik, real həyatdan uzaqlaşma kimi xüsusiyyətlər yaradır. Uşaqlar həyatı yaxşı dərk etmədikləri üçün cizgi filmlərində gün ərzində izlədikləri zorakılıq məzmunlu sujetlərdən hər hansı bir davranış və ya davranışları örnək alır, özlərini orda izlədikləri obrazların yerinə qoyurlar. Bunun da xoşagəlməz nəticələri dünya statistikasında əksini tapıb. Bu işdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşaqların xüsusi cizgi film izləmə saatları olmalı və bu cizgi filmlər diqqətlə seçilməlidir".
Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmov isə qeyd edir: "Cizgi filmlərinin əsas hədəf qrupu uşaqlardır. Orada proseslərin rəngarəng olması da uşaqların diqqətini çəkməyə yönəlir. Seçilən obrazlar da uşaqların tərbiyəsində əhəmiyyətli rol oynamağa xidmət edir. Çünki uşaqlar bədii filmlərdən çox cizgi filmlərə maraq göstərirlər. Hər bir cizgi filminin də konkret motivi olur. Yəni, onun nəyi özündə ehtiva etməsi, hansı mesajları cəmiyyətə ötürməsi çox önəmlidir.
Məsələn, sovet dövründən bəri ən çox tanınan və sevilən cizgi filmlərdən biri "Nu Poqodi"də daim mübarizədən söhbət gedirdi. Burda bir dovşanın bir canavarı aldatmasından bəhs olunur. Eləcə də "Tom and Cerri"də də biz o prosesi görürük. Amma bu cizgi filmlər bir tərəfdən yaxşı olsa da, digər tərəfdən əyri yolları öyrədirdi, ortada aqressiya, daim narahatlıq var idi. Yaxşı olardı ki, cizgi filmlərinin çəkilmə prosesində uşaqlara daha çox humanizm, insansevərlik, qayğı kimi şeylər nəzərdə tutulsun. Tutaq ki, "Kayu" cizgi filminə baxaq. Burda personajlar çox yaxşı qurulub. Hər bölümdə də uşaqlara hansısa əhəmiyyətli bir şey aşılanır. Məsuliyyət, ailəyə, dostlara, böyüklərə hörmət, tədbirdə özünün necə aparmaq, ad gününü necə keçirmək, necə istirahət etmək və s. kimi. Çox yaxşı olardı ki, çəkilən cizgi filmlər bu kimi keyfiyyətləri təbliğ eləsin".
Psixoloq təklif edir ki, milli motivli cizgi filmlər çəkil
sin: "Bu gün elə cizgi filmləri çəkilir ki, onlara nəinki uşaqların, hətta böyüklərin belə baxması məqsədəuyğun deyil. Müsbət hal olardı ki, bizim milli nağıllarımız əsasında, sırf millli motivli cizgi filmləri çəkilsin. Burda etnopsixologiyadan qaynaqlanan məsələlər var ki, biz onları daha yaxşı dərk edə bilərik".
Elnur Rüstəmov onu da bildirib ki, zorakı məzmunlu filmlərin çəkilməsi ümumiyyətlə, inasanın şüur altına "infeksiya" salır: "Bu hər yaş qrupuna aiddir, istər uşaq olsun, istərsə də böyük. Bu cür filmlərin verilməsində diqqətli olmaq lazımdır. Biz nə qədər diqqətli olsaq, həm özümüzü, həm də uşaqlarımızı kənar psixoloji təsirlərdən qorumuş olacağıq. Yaxşı olardı ki, belə filmlər veriləndə əvvəlcədən xəbərdarlıq edilsin ki, bu filmlərə hansı yaş qrupundan olan insanlar baxa bilərlər".
Psixoloq Dəyanət Rzayev bildirir ki, zorakı məzmunlu cizgi filmləri uşaqların şüur altına həkk olunur və nə zamansa həyatda təkrarlanma ehtimalı ola bilər. Bu səbəbdən psixoloq valideynlərin uşaqlar üzərində ciddi nəzarətinə ehtiyac olduğunu bildirir: "Sovet dövürndə çəkilən cizgi filmlərində uşaqlarda mərhəmət hissini gücləndirmək, insanların bir-birinə qayğı göstərməsi, bağışlamaq kimi hisslər daha çox təbliğ edilirdi. Amma bu gün daha çox zorakılıq məzmunlu cizgi filmləri çəkilir. Görürsən ki, cizgi filmində xeyir şərə qalib gəlir, lakin ortada qan var. Sovet vaxtının ən zorakı cizgi filmi "Nu Poqodi" sayılırdı ki, heç orda belə qanlı səhnələr yox idi. Üstəlik indi cizgi filmlər günün hər saatında nümayiş olunur. Görürsən ki, gecə saat 2-3-də televiziyada cizgi filmi verilir. Halbuki, uşaqlar bu vaxtı yatmalıdır. Sovet dönəmində insanlara seçim vermirdilər. Dövlət özü qərar verirdi ki, nə vaxt yatmaq lazımdır, nə vaxt işə getmək lazımdır və s. Bu da elmə əsaslanırdı. Amma bugünkü gündə insanlar qarşısında seçimlər qoyulub ki, necə istəsən, yaşaya bilərsən. Ona görə də, bu cizgi filmlərini günün hər saatında verirlər. Uşağın nə vaxt ona baxmasına isə valideyn nəzarət edir. Eyni zamanda uşağın baxdığı nümayişin məzmununa görə də valideyn məsuliyyət daşıyır. Uşağın gördükləri şüuraltına həkk olunur və üstündən 15-20 il keçsə belə, həmin səhnələr ona uyğun mühitdə reallaşa bilər. Ona görə də bunlar təhlükəlidir. Uşaqlarla bağlı bu məqamlara xüsusi diqqət yetirilməlidir. Ən azından valideynlər maarifləndirilməlidir ki, onlar öz uşaqları ilə məşğul olsun və uşağın baxacağı cizgi filminin məzmununa, zamanına diqqət etsin, nəzarətsiz qoymasın".
Azərbaycan Uşaqlar Birliyi bildirir ki, hazırda terror hadisələri, kriminal görüntülərin əks etdirildiyi cizgi filmlərinin istehsalı artıb: "Hətta uşaqların tərbiyəsinə təsir edə biləcək əxlaqsız görüntülər, ailə münasibətləri, xəyanət səhnələri çəkilir. Bunlar uşaqlarda mənfi hisslərin oyanmasına təsir edir. Xarici istehsaldan fərqli olaraq Azərbaycan cizgi filmlərində dostluq, ətrafa məhəbbət təbliğ edilir. Uşaqlara aid verilişlər, cizgi filmləri uşaq psixologiyası nəzərə alınmaqla nümayiş etdirilməlidir".
Psixoloq Günel Ağayevanın sözlərinə görə, düzgün seçilən cizgi filmləri uşaqların inkişafına müsbət təsir edir: "Lakin elə səviyyəsiz cizgi filmləri var ki, uşağın tərbiyəsinə mənfi təsir göstərə bilər. Belə ki, xüsusilə də müasir cizgi filmlərində zorakılıq və aqressiya əlamətlərinə çox tez-tez rast gəlinir. Bu səbəbdən də valideynlər uşaqları üçün cizgi filmi seçərkən ehtiyatlı olmalı, bəzi məqamlara diqqət yetirməlidirlər".
Günel Ağayeva bildirir ki, cizgi filminin konkret süjeti olmalıdır: "Təəssüf ki, müasir cizgi filmlərinin əksəriyyətinin süjeti yoxdur. Adətən cizgi filminin qəhrəmanlarından biri qovur, digəri isə ondan qaçır. Bu cür görüntü və dinamika uşaqları cəlb etsə də, cizgi filminin heç bir mənası yoxdur. Bu cür cizgi filmləri uşaqlara heç nə öyrətmir, heç nəyi onlara izah etmir, uşaqların əqli inkişafına da müsbət təsir göstərmir".
Günel xanımın sözlərinə görə, çox vaxt cizgi filmləri məntiqə əsaslanmır: "Fikir vermisinizsə, əksər cizgi filmlərində qəhrəmanların geyimləri bir seriyada bir neçə dəfə dəyişir. Bu tip cizgi filmi izləyən uşaqlarda məkan qavrayışı formalaşmır. Belə ki, həmin uşaqlar harda gəldi, necə gəldi davranırlar. Dükanda, həyətdə, maşında və digər yerlərdə davranış qaydalarını pozmağa meylli olurlar.
Cizgi filmləri uşağın psixologiyasına mənfi təsir göstərməməli, onu sakitləşdirməli və maarifləndirməlidir. Cizgi filmlərində mənasız dinamik hərəkətlər əvəzinə öyrədici süjetlər olmalıdır. Sevindirici haldır ki, uşaqların biliyini, dünya görüşünü artıran cizgi filmləri də kifayət qədər var. Valideyn də çalışmalıdır ki, məhz bu cür faydalı cizgi filmlərini seçib övladlarına göstərsinlər. Çox vaxt isə valideynlər buna ciddi əhəmiyyət vermir. Uşaq sakit dursun deyə televiziyada uşaqlar üçün nəzərdə tutulan, bir-birinin ardınca müxtəlif növ cizgi filmlərinin verildiyi kanalları qoşurlar".

Ülviyyə Tahirqızı