Dilimizin tarixi xalqımızın tarixi kimi minilliklərlə ölçülür Mədəniyyət

Dilimizin tarixi xalqımızın tarixi kimi minilliklərlə ölçülür

1-ci yazı


Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir. Arası kəsilmədən yaşayış məskəni olmuş bu torpaq bəşər tarixinin müxtəlif mərhələlərini özündə əks etdirən zəngin abidələr ölkəsidir. Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də, onun yalnız son 5 min ili yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunub. Ondan öncəki tariximizin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uzanan zəngin folklor nümunələri əks etdirir.
Dilimizin tarixi də xalqımızın tarixi kimi minilliklərlə ölçülür və bu dildə yaradılmış folklor nümunələrinin tarixi o qədər qədimdir ki, bu qədimlik qarşısında heyrət etməmək mümkün deyil.
İnsanlar arasında ən vacib və əvəzolunmaz ünsiyyət vasitəsi olan dili insan cəmiyyətindən və təfəkküründən kənar təsəvvür etmək ağlasığmaz bir şeydir. Ünsiyyət, başqa sözlə, kommunikasiya, hər hansı bir fikrin bir insandan başqa bir insana ötürülməsidir ki, bu proses iki və ya daha artıq insanın kommunikasiya fəaliyyəti zamanı baş verir. Bu baxımdan dillə müqayisə oluna biləcək ikinci bir arac yoxdur.
İnsanlar arasında ünsiyyət dilin ən başlıca funksiyasıdır. Bu funksiyaya "kommunikativ funksiya" deyilir. Dilin ikinci funksiyası hər hansı bir fikri ifadə etməkdir ki, buna da "ekspressiv funksiya" deyilir.
Məlum olduğu kimi, dil təkcə ayrı-ayrı müsahiblərin fikrini ifadə etmir, yəni təkcə fərdi təfəkkürün ifadəçisi deyil. O, eyni zamanda ictimai şüur və fikrin də ifadəçisidir. Yəni dilin daha bir funksiyası da əsrlərlə toplanmış təcrübə və biliklərin sonrakı nəsillərə ötürülməsidir ki, dilin bu funksiyası "akkumlyativ funksiya" və ya "qnoseoloji funksiya" adlanır.
Heyvanlar üzərində aparılan təcrübələr zamanı onlara danışmağı öyrətməyin heç bir nəticə verməməsi nəticəsində birmənalı şəkildə sübut olunub ki, dil və təfəkkür cəmiyyətlə birbaşa bağlıdır və dili insan cəmiyyətindən kənar təsəvvür etmək mümkün deyil. Tədqiqatlar nəticəsində o da məlum olub ki, dilin insan irqləri ilə bağlılığı yoxdur. Məlum olduğu kimi, bu gün yer üzündə mövcud olan dillərin sayı irqlərin sayından dəfələrlə çoxdur, eləcə də irqi xüsusiyyətlər mütləq mahiyyət daşımır və tarixən mövcud olmuş və mövcud olmaqda davam edən irqlər və keçid formaları buna əyani sübutdur. Həm də eyni irqə mənsub olan adamların ayrı-ayrı etnoslara mənsubluğu və mənsub olduqları etnosun dilində danışmaları ilə yanaşı, ayrı-ayrı irqin nümayəndələrinin bir etnosun nümayəndələri kimi eyni dildə danışmaları faktı da günümüzün gerçəkliyidir. Məsələn, Sudan və Həbəşistan (Efiopiya) əhalisi eyni subneqroid irqinə mənsub olsalar da, həbəşlər amhara, sudanlılar isə ərəb dilində danışırlar. Eyni zamanda, sudanlılar sami irqindən olan digər ərəblərlə eyni etnosu təmsil edir və onlarla eyni dili paylaşırlar.
Analoji olaraq, çinlilər kimi monqoloid irqinə mənsub olan qırğız və qazax türkləri turanoid özbək və uyğurlara, eləcə də, kaspi (oğuz) irqinə mənsub Azərbaycan tükləri ilə eyni etnosun və dil ailəsinin mənsublarıdır. Bu baxımdan tanınmış fransız dilçisi A. Meyenin hələ 1911-ci ildə söylədiyi aşağıdakı fikirlə razılaşmamaq mümkün deyil: "Dil tarixi şəraitdən asılıdır və onun fiziki anlayış olan irqdən heç bir asılılığı yoxdur."
Məşhur linqvist və etnoqraf, ümumi dilçilik və Amerikanın hindu dilləri üzrə görkəmli mütəxəssisi E.Sepir yazırdı: "Dil, irq və mədəniyyət mütləq mütənasib şəkildə üst-üstə düşmür."
E.Sepirin bu fikri dilin irqdən asılı olmadığını təsdiq etməklə yanaşı, mədəniyyətdən də həmişə asılı olmadığını göstərir. Bu fikir bir qədər mübahisəli olsa da, fakt budur ki, mədəniyyət də dil kimi ictimai hadisədir və eyni dildə danışan xalqların eyni mədəniyyətə sahib olmaları da şərt deyil. Bu baxımdan eyni dili danışan, fəqət bir qismi xristian, digər qismi müsəlman olan osetinləri, tatarları, abxazları, bir neçə müxtəlif dinə sitayiş edən hindliləri və b. misal göstərmək olar.
Dil cəmiyyətlə nə qədər bağlıdırsa, hər bir konkret dil də konkret etnosla bağlıdır. Bu baxımdan ana dilimiz də istisna deyil. Dilin yaranması insan cəmiyyətinin təşəkkülü ilə birbaşa bağlı olduğu kimi, hər bir milli dilin ortaya çıxması da həmin dildə danışan xalqın etnogenezi ilə birbaşa bağlıdır.
İnsan nitqinin mənşəyi məsələsi elə bir çətin məsələdir ki, bu məsələnin həlli ilə təkcə dilçilik deyil, eyni zamanda antropologiya, psixologiya, biologiya və etnoqrafiya kimi digər elmlər də məşğul olmaqdadır. Dilin təşəkkülü və ayrı-ayrı dillərin ortaya çıxması cəmiyyətin və etnosların təşəkkülü ilə bağlı olduğundan bu məsələ fəlsəfi mahiyyət də daşımaqda və yuxarıda adı çəkilən elmlərdən başqa fəlsəfə üçün də tədqiqat obyekti rolunda çıxış etməkdədir. Problemin əsas çətinliyi ondadır ki, bu gün elmin düzgün qərar çıxara bilməsi üçün lazım olan birbaşa faktlar yoxdur və tədqiqatlar zamanı dolayı faktlara – primitiv (ibtidai) tayfaların dili, uşaq nitqi, heyvanların siqnalizasiya sistemi və s. bu kimi faktlara əsaslanılır. Şübhəsiz ki, bütün bunlar ən düzgün və qüsursuz cavabı tapmağa mane olur, nəticədə fərqli-fərqli nəzəriyyə və ehtimallar doğulur. Odur ki, insan nitqinin təşəkkülü probleminin həlli çox zaman dilin yaranmasının səbəb və şərtlərini, nitq aparatının və qədim dillərin leksik və qrammatik vahidlərinin imkanlarını nəzərdən keçirməkdən uzağa gedə bilmir.
Ümumilikdə dilin yaranması və ayrı-ayrı dil və dil ailələrinin ortaya çıxması problemləri eyni dərəcədə vacib problemlər olsa da, ayrı-ayrı mövzulardır. İnsan nitqi və etnik dillər ayrı-ayrı vaxtlarda, ayrı-ayrı şərtlərdə müxtəlif konkret səbəbər nəticəsində yaranıb. Dilin təşəkkülü məsələsi antropogenezlə birbaşa bağlıdır.
Termin kimi qədim yunan dilindəki "antropo" (insan) və "genezis" (mənşə) sözlərindən yaranmış "antopogenez" termini ilə antropologiya elminin əsas bölmələrindən biri adlandırılmaqdadır. Bu elm bölməsi insanın fiziki tipinin əmələ gəlməsinin, onun şüurlu fəaliyyəti və dilinin, həm də cəmiyyətin inkişaf mərhələlərinin başlanğıcının tarixi təkamül prosesini, bu prosesin amillərini, gedişini və qanunauyğunluqlarını öyrənir. Antropogenezin əsas problemlərini ən qədim insanların əmələ gəlmə və ya yaradılma yeri və dövrü, insanın "əcdadı", antropogenezin əsas mərhələləri, müxtəlif mərhələlərdə əsas hərəkətverivici qüvvələri, insanın fiziki tipinin təkamülünün, onun mədəniyyətinin tarixi tərəqqisi, ibtidai cəmiyyətin və nitqin inkişafı ilə əlaqəsi məsələsi aiddir.
"Antropogenez" termini ilə eyni elm sahəsi deyil, eyni zamanda, insanın əmələgəlmə prosesi də adlanmaqdadır. Antropogenez prosesinin ilk yeri və vaxtı mübahisəlidir. Bəzi tədqiqatçılara görə, ilk insan Mərkəzi və Cənub-Şərqi Asiyada yaranıb. Lakin son 50-60 ildə Cənubi və Şərqi Afrikada tapılan bəzi tapıntılar insanın Afrika mənşəli olması fərziyyəsinin üstünlük qazanmasına səbəb olub.
Yeri gəlmişkən, onu da qeyd edək ki, insanın mənşəyi məsələsinə münasibətdə bir-birindən köklü surətdə fərqlənən iki məktəb var. Bunlardan birincisi materialist-darvinist məktəbdir ki, bu məktəbin nümayəndələri problemə mərhələlik prinsi¬pindən yanaşır və əsasən üç mərhələnin olduğunu bildirirlər:
1) İnsanın antropoid əcdadı müntəzəm surətdə təbii əşyalardan istifadə edən, iki ayağı üzərində gəzən ali primatlardır, yəni insanabənzər meymunlardır;
2) Ən qədim və qədim insanlar ( arxantroplar və paleantroplar) – süni surətdə hazırlanmış və müəyyən həddə qədər mürəkkəbləşdirilmiş əmək alətlərinin meydana gəlməsi, cəmiyyətin təşkilinin ibtidai forması onlarla əlaqədardır;
3) Müasir quruluşlu insanlar (neoantroplar) – bu mərhələnin başlanması Son Paleolitə aiddir.
İkinci məktəb idealist-teoloji məktəbdir. Bu məktəbin nümayəndələri insan tipinin yer üzündə fiziki, bioloji bir təkamül prosesi keçdiyini inkar etmir, fəqət insanın mənşəyinin meymunla bağlı olduğunu qəbul etmir, insanın Tanrı tərəfindən yaradıldığını bildirir.
Materialist-darvinist məktəbin nümayəndələrinə görə, antropogenezin primat mərhələsindən əvvəl "ali meymun"ların intensiv təkamülü olub bə bu təkamül müxtəlif istiqamətlərdə gedib. Avropada, Cənubi və Cənub-Şərqi Asiyada, Afrikada "ali insanabənzər meymun"ların ağacda və yerdə yaşayan formaları meydana çıxıb, onlardan ramapitek, oreopitek və driopitek üçün "insanaoxşar əlamətlər" səciyyəvi olub. Bir çox materialist – darvinist alimlər driopitekləri qorilla, şimpanze və insanın ortaq əcdadı hesab edirlər. Fəqət bu iddialar hələ də sübut olunmamış qalır və hər keçən gün tərəfdarlarını itirir. Səbəb də odur ki, paleontologiya və genetika kimi elmlər bu fərziyyələri birmənalı şəkildə rədd edir.
Ədalət naminə deyək ki, idealist – teoloji məktəbin nümayəndələrinin fikirləri də eyni dərəcə də arqumentləşdirilməmiş qalır. Yəni iki məktəbin təmsilçiləri arasındakı mübahisələr heç bir təkzibedilməz fakta əsaslanmayan fəlsəfi mübahisələrdən o yana keçə bilmir. Fəqət hər kəs bir fikirdə yekdildir ki, yerdə insanın peyda olması üçün, onun necə əmələ gəlməsindən asılı olmayaraq, Yer kürəsində zəruri şərait yetişməli idi və antropogenez yalnız bundan sonra baş verə bilərdi. Bu şərait isə antropogen sistemi dövründə yetişib.
Antropogen sistemi stratiqrafik şkalanın 4-cü, son sistemi olmaqla, Yer planetinin geoloji tarixində günümüzə qədər davam edən axırıncı dövrdür ki, bəzi mülahizələrə görə 700 min il - 1 mil¬yon il, digər mülahizələrə görə 2,5-3 milyon il, başqa mülahizələrə görə isə 5 milyon il öncə başlayıb. İlk dəfə 1825-1829-cu illərdə bu dövrün çöküntüləri görkəmli Fransa alimi J.Duanye tərəfindən müstəqil sistem kimi təsnif edilib və həmin çöküntülər öncə "4-cü sistem", 1922-ci ildən sonra isə akademik A.Pavlovun təklifi ilə "antropogen" adlandırılıb. Sistemin belə adlandırılmasında insanın mövcudluğu üçün, yəni yaranması və ya yaradılması üçün zəruri şəraitin ortaya çıxması əsas götürülüb.
Tədqiqatlar nəticəsində məlum olub ki, üçüncü sistemlə dördüncü sistem, başqa sözlə, neogenlə antropogen sistemlər arasındakı sərhəd Azərbaycanda Bakı mərtəbəsi çöküntüləri altından və İtaliyada Kallibri və kontenental Orta Villafrank çöküntüləri altından keçir. Bəzi mütəxəssislər kallibri çöküntülərinin Abşeron çöküntüləri ilə uyğun gəldiyini əldə əsas tutaraq, sərhədin Abşeron yarımadasının altından keçməli olduğu fikrini önə sürürlər.
Aparılan tədqiqatlar Antropogen dövründə Avropanın və Şimali Asiyanın paleocoğrafiyasının hazırkındən çox-çox fərqli olduğunu üzə çıxarıb. Belə məlum olub ki, o zamanlar Britaniya adaları Fransa ilə su ilə deyil, quru ilə birləşirdi. Rusiyanın şimal dənizlərinin yüzlərcə kilometr uzanan dayaz sahilləri quru idi, Şimali Amerika və Asiya arasında da okean yox idi. Heyvanlar da belə quru zolaqlar ilə bir materikdən digərinə keçirdi. Antropogen dövründə bitkilərin müasir bitki örtüyünə yaxın olduğu, sadəcə, bəzi sahələrdə daha intensiv olduğu müəyyənləşdirilib. Tədqiqatçıların böyük əksəriyyətinin yekdil fikrinə görə, Yer kürəsi iqliminin ümumi soyuqlaşması antropogen dövrünün ən xarakterik cəhəti olub. Alt Pleystosenin əvvəllərində Şimal yarımkürəsinin geniş sahəsində buzlaşma gedib, soyuq iqlim üzvi aləmin dəyişməsinə səbəb olub. Subtropik bitkiləri indikinə bənzər meşə və çöllər əvəz edib. Qərbi və Cənubi Avropa dənizlərində şimal dənizlərinin molyusk növləri meydana gəlib, neogen dövrü məməlilərinin əksəriyyəti qırılıb, onları tipik antropogen qrupları – fillər, öküzlər, atlar əvəz edib.

Bəxtiyar Tuncay