
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
Məmməd Səfa- 65
Müsahibələrindən birində deyir ki:- “Doğrusu uşaqlıqda gah yol polisi, gah da bir çox peşələrin sahibi olmaq istəmişəm. Sadəcə, tale belə gətirdi ki, aktyor oldum. Bu peşəni mənə sevdirən isə ədəbiyyat müəllimim Müslüm müəllim olub. Bununla bağlı maraqlı bir fakt var. Bir gün sinfimizin qapısı döyüldü və atam içəri girdi. Müəllimdən icazə aldı, gedib arxada əyləşdi. Mən də tez kitabı qarşıma çəkib açdım. Bunu Müslüm müəllim gördü və başa düşdü ki, mən dərsə hazır deyiləm. Əvvəlki gün dərsə cavab vermişdim, əmin idim ki, bu gün məndən soruşmayacaq. Bir neçə uşaqla sual-cavab elədi, o müddətdə mən də kitab oxuyurdum. Qəfil məndən soruşdu ki, hazırsan? Dedim, bəli. Tapşırıq Cəfər Cabbarlının dramaturgiyası ilə bağlı idi. Dərsi danışdım, sonra atam getdi. O gedəndən sonra Müslüm müəllim məni sinifdə saxladı. Dedi ki, ədəbiyyat bu millətin, xalqın, tarixin işıqlı, gözəl dəyərlərindən biridir. Əgər sən buna ötəri baxırsansa, mən inanmıram ki, sən normal vətəndaş ola biləsən. Mən də uşaq idim, çox anlamırdım. Amma bu sözlərdən sonra elə bil başımdan qaynar su töküldü. Çünki mən müəllimimi çox istəyirdim. Bu söhbətdən sonra məndə ədəbiyyata, dramaturgiyaya qarşı böyük həvəs yarandı. Elə o vaxtdan qəlbimin gizli yerində aktyorluğa maraq oyandı. Amma aktyor olmaq asan deyil. Yəni, mən özümü hələ də tam aktyor hesab etmirəm. Düşünmürəm ki, artıq bu peşəyə tam yiyələnmişəm...”
O, 25 iyul 1960-cı ildə Şabran rayonunda dünyaya gəlib. 1967-1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977-1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alaraq, buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində çalışıb. 1980-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980-1984-cü illərdə oranın aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Sonra bir müddət görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında- Tədris Teatrında fəaliyyətini davam etdirib. 1988-ci ildə eksperimantal studiya yarananda bu truppaya daxil olub. 1991-ci ildə bu studiyanın bazasında “Yuğ” Dövlət Teatrı yaradılıb. O vaxtdan bu günədək “Yuğ” teatrının aktyorudur... Aktyorun yaradıcılıq bioqrafiyasında xeyli mürəkkəb və maraqlı rollar var. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində də çalışır. 1988-ci ildə müəllim, 2002-ci ildə dosent, 2018-ci ildə professor elmi adını alıb. Hal-hazırda orada aktyor sənətindən dərs deyir, Səhnə danışığı kafedrasının müdiridir...
“Mən hesab edirəm ki, aktyor sənəti çox çətin, mürəkkəb bir sənətdir. Hər bir peşənin öz silahı, öz aləti var. Aktyor sənətinin aləti isə insanın ruhudur, qəlbidir, varlığıdır. Bu mənada insan özünü dərk etməli, anlamalı, ətrafını başa düşməli, qarşı tərəfi dinləyib, ona dəyər verməyi bacarmalıdır. Qeyri-adi, çətin bir peşədir. İnsanın sağlamlığına, dünyagörüşünə, mütaliəsinə, dünyaya baxışına söykənən bir peşədir. Ona görə də hesab edirəm ki, bu peşəyə gəlmək istəyən, məşğul olmaq istəyən insan öz üzərində ciddi şəkildə işləməlidir. Bütün bu proseslərə hazır olmalıdır. Sabah elə müştərək işlər, filmlər, tamaşalar hazırlanar ki, bizim hər hansı bir aktyorumuz, - istər tələbələrimiz, istərsə peşəkarlarımız digər aktyor məktəbləri ilə üz-üzə dayana bilər. Bu çox məsuliyyətli bir işdir. Mən və ya hər hansı bir aktyor birinci növbədə bu məmləkəti, vətəni, xalqı təmsil edir. Xalqın, vətənin isə arxasında onun adətləri, keçmişi, indisi dayanır. Mən hesab edirəm ki, bu peşədə hərbi nizam-intizam dərəcəsində qayda-qanun olmalıdır. Bəzən deyirlər ki, aktyorun istedadı kifayət edir. Elə deyil, aktyor daim öz üzərində işləməlidir. Həm bədii baxımdan, həm də fiziki...”- söyləyir...
2004-cü ildə ona Azərbaycan teatr sənətininin inkişafında fəal iştirakına görə "Qızıl Dərviş" mükafatı verilib. 2009-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2018-ci ildən “Xalq artisti”dir. 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına layiq görülüb. 2023-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır. Sinəsini “Qabaqcıl təhsil işçisi” döş nişanı bəzəyir...
Deyir ki:- “Hələ oynayacağım rollar qarşıdadır. İndiyədək ifa etdiyim rolları bir məşq hesab edirəm. Bəlkə də, bundan sonra bir rol qismət olmayacaq. Çünki obraz bir qismət, taledir. Təkcə biz istəməklə deyil. Lazım olanda özü gəlib bizi tapacaq. Amma yəqin ki, böyük işlər, rollar hələ qarşıdadır. Çünki bizim müharibə səhifəmiz tam açılmayıb. Bu mənada o səhifələr hələ çox vərəqlənəcək. Orada elə nüanslar var ki, onlar çox önəmlidir və orada olan bizim mövzularımız, qəhrəmanlarımız, iç dünyamız var. Bütün bunlar dünyaya göstərilməlidir...”
2024-cü ildə onun "Teatr… Kino… Aktyor" adlı dərs vəsaiti çap olunub. Bu kitabda teatr sənətində nəzəriyyə və təlimlər, Konstantin Stanislavski, Li Strasberq və Vaqif İbrahimoğlu kimi nəzəriyyəçi və rejissorların metod və təcrübəsi yer alıb.
“Mənim peşəmlə ədəbiyyat müəllimi peşəsi arasında fərq çox böyükdür. Aktyorluq nizam-intizam çərçivəsində inkişaf edir. Məsələn, indiyə qədər heç kimi gözlətməmişəm. Söz verib, tutmadığım hal da olmayıb. Çünki müəllimlərimdən belə görmüşəm. Mən Vaqif İbrahimoğludan, Əfrasiyab müəllimdən, Fuad müəllimdən, Zəminə xanımdan, Faiq müəllimdən, Nəsir müəllimdən dərs almışam, onlardan bu nizam-intizamı öyrənmişəm. Yəni, mənim qrupumda birinci tələbim budur, ikinci tələbim isə qızlarımıza, qadınlarımıza hörmət. Çünki onlar bizim başımızın tacıdır. Yəqin, insan zamanla özündə nələrisə formalaşdırır. Amma belə düşünürəm ki, bu, qanla gələn bir şeydir. Mənim həyata öz baxışım, münasibətim, qaydalara, yazılmayan qanunlarım var. Yazılmayan qanunlarıma daha çox üstünlük verirəm, nəinki yazılan qaydalara. Yazılan qaydalara hamı sözsüz əməl etməlidir. Məsələn, yol qaydalarına kimliyindən asılı olmayaraq, əməl olunmalıdır. Amma yolda qaydanı pozan bir insana mən də qaydanı pozub yol verə bilərəm. Bu yazılmayan qanundur. Bəzən yazılmayan qanunlara da əməl etmək lazımdır.”- söyləyir...
İlk baxışda sakit, təmkinli və şən görünsə də, inanmayın. Bu zahiri görkəmin arxasında daimi həyəcan, dərin düşüncə, ciddi bir şəxsiyyət gizlənir. Onun böyüklüyünü aşkara çıxarmaq üçün uzun zaman tələb olunmur. Onunla bir neçə dəfə ünsiyyətdə olmaq kifayətdir ki, sinəsində gəzdirdiyi böyük ürəyi kəşf edəsiniz. Əsəbiliyini, narahatlığını heç vaxt gizlətməyə çalışmır. Dost məclislərini xoşlayır və məmnuniyyətlə onlarla fikir mübadiləsi aparır. Amma dedi-qodudan, qeybətdən uzaq adamdır. Ehtiyatlıdır, öz qayğılarını çox vaxt gizlədir, eyni zamanda gələcəkdən daim nigarandır. Təxəyyülü çox inkişaf edib. O, həm də gözəl tənqidçidir. Məsələlərə obyektiv yanaşma tərzi var. Məsləhətlərinə qulaq assanız pis olmaz. Təmizliyi, səliqə-səhmanı xoşlayır, başladığı işlərdə, hətta uğursuzluğa düçar olsa belə, axıradək getmək qabiliyyətinə malikdir. Xoşbəxt adamdır, həyatının üçüncü hissəsi daha firavan keçəcək və qocalığını istənilən qədər sakit yaşayacaq...
Yəqin soruşacaqsınız ki, söhbət kimdən gedir? Əlbəttə ki, çoxmuzun sevimli aktyorlarından biri- Xalq artisti Məmməd Səfadan. İyulun 25-i onun 65 yaşı tamam olur, yubileyidir. Yübileyi münasibətilə Məmməd müəllimi təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaddaqalan rollar arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu