Qazax milli mədəniyyəti və ədəbiyyatının flaqmanı - Müxtar Auezov Mədəniyyət

Qazax milli mədəniyyəti və ədəbiyyatının flaqmanı - Müxtar Auezov

Bu ilin sentyabr ayının sonunda Muxtar Auezovun anadan olmasından 120 il keçir. Müxtar Auezov Qazax ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin inkişafında əvəzsiz rol oynayıb. Onun haqqında ekskuliziv bioqrafik məlumatları, keçdiyi həyat yolu ilə bağlı bilgiləri sizə təqdim edirik. Muxtar Omarxanulı Auezov (1897-1961) qazax şairi, yazıçısı, dramaturqu, məşhur elm xadimi, akademik. Ədəbi yaradıcılığa 1917-ci ildə "Yenlik-Kebek" pyesi ilə gəlməklə XX əsrin 20-ci illərindən "Müdafiəsizlərin taleyi" (1921), "Kimdir müqəssir?" (1923) və s. kimi hekayələr, "Aşırımda atəş" ("Karaş-Karaş") (1927), "Abay", "Qaragöz" (1926), "Şəfəq" (1934), "Sərhəddə" (1937), "Qaraqıpçaq Koblandı" (1943-1944) və s. kimi povestlərlə tanınıb. Müxtəlif illərdə "Kökserek" ("Boz yırtıcı"), "Sınaq məqamında", "Kılı zaman" ("Qəddar illər"), "Həsənin təəssüratı", "Ovçu və çalağan", "Yetimin payı", "Keçmişin kölgəsində", "Barımta", "Yetim", "Evlənmə" ,"Divan tutma", "Çiyin-çiyinə", "İzlər", "Üç gün", "Qiyam" və s. kimi maraqlı əsərlər qələmə alıb.
1930-cu ildə Gənc Qazax Yazıçılarının orqanı olan "Alka" cəmiyyəti ilə əlaqələrdə olduğuna görə iki il yarım azadlıqdan məhrum edilib. Azadlığa çıxdıqdan sonra Almatı ali məktəblərində dərs deməklə bərabər, yaradıcılığını pyeslər yazmaqla davam etdirib. Dostu, istedadlı şair İlyas Cansuqurovun məsləhəti ilə siyasəti buraxıb özünün yaxın qohumunun (Abayın) yaradıcılığı ilə məşğul olmağa başlayıb. O, Abaya həsr olunmuş ilk elmi araşdırma müəllifi kimi tanınmaqdadır. Abaya həsr etdiyi eyniadlı pyesi Qazax Musiqili Teatrında müvəffəqiyyətlə səhnəyə qoyulub. Qazaxıstan Yazıçılarının Birinci Plenumu dövründə (may, 1937) o, artıq doğma ədəbiyyatın ən parlaq nümayəndələrindən birinə çevrilib. Buna baxmayaraq, əsərləri NKVD əməkdaşlarının xoşuna gəlmədiyindən kitabxa¬nalardan çıxarılır, özü işdən azad edilir.
Moskvaya gedib, rus yazıçısı Leonid Sobolevlə əməkdaşlıq edərək, onunla birlikdə "Abay" faciəsini işləyir, "Qazax xalqının eposu və folkloru" kimi tədqiqat əsəri, "Qazax xalq nəğmələri" kimi məcmuə nəşr etdirir. Moskvada uzun müddət yaşamır. Böyük Vətən Müharibəsi başlayan kimi Qazaxıstana qayıdır. SSRİ Elmlər Akademiyasının Qazaxıstan filialının Dil, Ədəbiyyat və Tarix İnstitutunda çalışır, 1942-ci ildə "Abay" romanının birinci kitabını çap etdirir. Elə həmin vaxtdan 1937-ci ildə NKVD tərəfindən repressiyaya məruz qalıb güllələnmiş şair dostu İlyas Cansuqurovun dul qalmış xanımı Fatima Qabidova ilə vətəndaş nikahında olur. Onunla nikahdan Murad adlı oğlu dünyaya gəlir ki, sonralar o, tanınmış kulturoloq-alim Muxtar Auezov Fondunun təsisçisi olub. 1947-ci ildə "Abay" romanının ikinci kitabı həm qazax, həm də rus dilində nəşr olunur.
1947-ci ildə Qazaxıstan Kommunist Partiyası "Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun işindəki kobud siyasi səhvlər haqqında" Qərarı qəbul etdikdən sonra göz altına alınır, ona rahat ədəbi – elmi fəaliyyətlə məşğul olmağa imkan verilmir. 1952-ci ildə "Abay yolu" romanının birinci kitabı qazax dilində nəşr olunsa da, elə həmin ilin 29 yanvarında "Pravda" qəzeti Auezovun vətəndaşlıq sayıqlığını itirdiyi ilə bağlı cinayət işi irəli sürür, bir gün sonra - 30 yanvar 1952-ci ildə "Kazaxstanskaya pravda" qəzeti həmin məqaləni təkrar çap edir. Bundan sonra professor, akademik M.Auezov "burjua-millətçi səhvlərinə görə" universitetdən uzaqlaşdırılır və "Qazaxıstan SSR tarixi" çoxcildli müəllif kollektivi sıralarından kənarlaşdırılır. Cəzadan yaxa qurtarmaq məqsədi ilə yenidən Moskvaya qayıdıb orada gizlənir, iki il MDU-da SSRİ Xalqları Ədəbiyyatı kafedrasında qazax ədəbiyyatından mühazirələr oxuyur. 1954-cü ildə Moskvada "Abay yolu" tetralogiyasını başa vurur, "İnostrannaya literatura" və "Drujba narodov" jurnallarının redaksiya heyətinin üzvlülüyünə daxil edilir. Bundan sonra qalib kimi Almatıya qayıdır və yenidən bütün vəzifələrinə bərpa olunur. 1961-ci ildə Moskvada xəstəxanada əməliyyat zamanı dünyasını dəyişir. Muxtar Auezov yaradıcılığı dövründə daim təqib və basqılara məruz qalsa da, onun bədii və elmi irsi, həyatı və fəaliyyəti qazax milli təfəkkürünün ən parlaq səhifələrini təşkil etməkdədir. Muxtar Auezovun yaradıcılığı ("Abay yolu" romanı) ilə Azərbaycan oxucuları müəyyən qədər tanış olsalar da, bu orijinal bədii təfəkkür sahibinin digər əsərləri geniş ictimaiyyət arasında yayılmayıb.


Nizami Tağısoy
professor