
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Azərbaycan Ordusu 2020-ci ilin 8 noyabrında Şuşa qələbəsi ilə hərb tariximizin ən şərəfli, qürurlu bir səhifəsini yazdılar. Belə ki, müdrik liderin hərtərəfli düşünülmüş, uzaqgörən siyasəti, diplomatik çevikliyi və xalqla sarsılmaz birliyi, ordumuzun qəhrəmanlığı nəticəsində erməni dığaları darmadağın edildi, Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu. Hərb tariximizə qızıl hərflərlə yazılan həmin möhtəşəm gündən beş il ötdü. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları 44 günlük Zəfərin 5-ci ildönümünü böyük təntənə ilə bayram etdilər. Astara Pedaqoji Kolleci də bu sırada. Təhsil ocağında “8 Noyabr- Zəfər Günü” münasibətilə “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür “ adlı bədii-musiqili tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının Astara Rayon təşkilatının və Astara Pedaqoji Kollecinin təşkilatçılığı sayəsində baş tutan tədbirdə əvvəlcə qanları bahasına Zəfər tarixini yazan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və dövlət himni səslənilib.
Açılış sözündə Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və deyib: “Zəfər Günü – xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və Ali Baş Komandanın doğma Azərbaycana sevgisinin, Müzəffər Ordumuzun qəhrəmanlığının təntənəsidir. Bu qələbə sayəsində illərlə həsrətində olduğumuz torpaqlarımız azadlığa qovuşdu, Azərbaycan xalqının qüruru bərpa olundu”.
YAP Astara Rayon təşkilatının sədri Həbib Cəfərov öz çıxışı zamanı bildirib ki, möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı: Bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı”.
Tədbir rəngarəng musiqi nömrələri ilə davam edib. Kollecinin “Qida məhsullarının təhlükəsizliyi” ixtisasının I kurs tələbəsi Günay Qurbanova “Tarixi zəfər”, Maliyyə işi” ixtisasının I kurs tələbəsi Sədaqət Hüseynova “Həsrət bitdi, Qarabağ” şerini söyləyib, eləcə kollecin qızlardan ibarət rəqs qrupun göstərdiyi rəqslər dəfələrlə alqışlanıb.
Tədbirin musiqili qonaqları olan Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin "Babalar" xor kollektivi, solistləri Vüsal Bağırov “Yaşa mənim xalqım”, Mətanət Babayeva “Yaşa, yaşa Azərbaycan”, Elnarə Abdullayeva “Azərbaycan əsgəri” mahnılarını ifa ediblər. O. Kazimi adına Astara Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblının müşayiəti ilə “Qarabağ” mahnısı musiqi məktəbinin 5-ci sinif şagirdi Ruslan Əsgərovun, “Azərbaycan sənsən mənim” mahnısı 4-cü sinif şagirdi Xədicə Məhərrəmovanın, “Şuşanın dağları” mahnısı məktəbinin müəllimi Elyana Məmmədovanın ifasında tədbirə xoş ovqat qatıb. Ardınca O. Kazımi adına Astara Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərin birgə hazırladığı “Azərbaycanım” adlı kompozisiya olduqca maraqlı alınıb.
Tədbirdə Zəfər tariximizi yazan Şəhidlərin əmanətləri- Mayor Kamran Fərəcovun qızları Dəniz və Şəmsin, baş leytenant Vüsal Kazımovun qızı Aynurun, çavuş Nurlan Rəhimovun qızı Səidənin və çavuş Arif Qeybiyevin qızı Gülnurun oxuduqları "Mənim atam qəhrəmandır" mahnısı lap yerinə düşüb.
Həmçinin kollecdə Zəfər Gününə həsr olunmuş Futzal yarışının qalib komandası kubokla təltif olunub.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü