Şumer tanrılarının adıyla bağlı Azərbaycan toponimləri Mədəniyyət

Şumer tanrılarının adıyla bağlı Azərbaycan toponimləri

Azərbaycanda etimologiyası düzgün açılmamış toponimlərdən biri də Quba şəhərinin adıdır. Bu adın etimologiyası ilə bağlı heç bir elmi əsasa söykənməyən və ağlabatmayan yozumlara rast gəlinir. Məsələn, tarix elmləri doktoru Yusif Yusifov yunan qaynaqlarında rast gəlinən "Xobota"nı Quba toponimiylə eyniləşdirərək yazırdı ki, Xobota sözündəki "ta" şəkilçisi sonralar düşüb və "Xobo" qalıb. Guya "Xobo" sözü uzun əsrlər boyu fonetik dəyişikliklərə uğrayıb, getdikcə "Quba" kimi tələffüz olunub. Burdaca sual doğur: Qubanın adı niyə yunan dilindən götürülməliydi? Bu yerin ilk sakinləri yunanlarmı olublar? Axı hər bir etnos hər şeydən öncə yurd saldığı yerə ad qoyur. Ona görə də adlar etnosun öz dilində olur. Toponimlərimizin etimologiyası ilə bağlı bu cür yanlış yozumlar o qədər çoxdur ki, onların hamısını sadalamağa ehtiyac yoxdur. Bu iki adı yanaşı qoyub bir kəsi inandırmaq olmaz ki, Xobota sözü fonetik (tələffüz) dəyişmələrinə uğrayıb Quba şəklinə düşüb. Burda heç olmasa əks varianta üstünlük verib, "Quba" sözünün yunan dilinə keçərkən "Xobota" şəklinə düşdüyünü söyləmək daha doğru olardı. Həm də qədim Şərq tarixinin yaxşı bilicisi olan Y.Yusifovun Quba sözünün etimologiyası haqqında fikir söyləyərkən onu öz kökündən bu qədər uzaqlaşdırmağı daha çox təəccüb doğurur. Çünki "Quba" toponiminin kökü birbaşa Şumerlə bağlanır və onun etimologiyasının düzgün yozumunu da orda axtarmaq lazımdır.
Şumer tanrılarından birinin adı Kuba/Quba olub. "K" və "q" samitlərinin bir-birini əvəzləməsi bu gün də türk dilində öz səciyyəviliyini saxlayıb. Hətta Qubanı Kuba, qadını kadın kimi tələffüz edənlər də var. Mixi yazılı Şumer mətnlərində Quba tanrı adına və onunla bağlı "A-pil-Ku-bi" (tərcüməsi: tanrı Qubanın varisi), "Nu-ur-Ku-bi" (tərcüməsi: tanrı Qubanın işığı) kimi ifadələrə çox rast gəlinir. Apil-Kuba (A-pil-Ku-bi). Londonda çap olunmuş "Ur Excavationc Textc" kitabının V cildinin 187-ci səhifəsindəki mətn belədir. Onun tərcüməsini yuxarıda verdik. Şahidlərin siyahısına aid başqa bir mətndən apil-Qubanın tanrı Qubanın varisi və Sinbanın oğlu olduğu aydınlaşır.
Digər mətnlərdən aydın olur ki, burada söhbət Ur-Nannanın kürəkəni (qızının əri) Apil-Qubadan gedir. O, yenə tanrı Qubanın varisi adlandırılır. Göründüyü kimi, Quba toponimi ilə Quba tanrı adı arasında heç bir fərq yoxdur. Tanrı Qubanın adı 5-6 min il bundan öncə indiki Quba toponimiylə eyni cür yazılıb və tələffüz edilib.
Tanrı Qubanın adı sonralar Şumer çarlarına keçib. Şumerin ən qədim şəhərlərindən biri və Tufandan sonra onun ilk paytaxtı olmuş Kiş şəhərində çarlardan biri Quba adlı qadın olub. Bu qadın təxminən 100 il Kiş şəhərini idarə edib. Quba adına bir də "Edigey haqqında rəvayət" adlı Noqay dastanında rast gəlinir. Dastanın qəhrəmanı Edigeyin ləqəbi Qubaul olub ki, bunu da rus alimi, professor Fadeyev "bənizi ağarmış gənc, yaxud ağbənizli gənc" kimi tərcümə edib. Fadeyev tərcümə zamanı sözün qədim türk dilindəki mənasını əsas götürüb. Quba sözü qədim türk dilində məhz "ağ" mənası bildirib. Hazırda yele, şor və s. dillərdə "quba" sözü "ağ" mənasını saxlayıb.
İkiçayarasında Quba adlı bir şəhər də olub. Onun yeri hələlik dürüstləşdirilməyib, lakin Dəclə çayının sağ sahilində, İran körfəzinə töküldüyü yerin yaxınlığında yerləşdiyini güman edirlər. Bu şəhərin adını bəzən Quaba kimi yazırlar. III Kiş sülaləsinin çarının adını da Qubau kimi yazanlar var. Lakin bunların eyni ad olduğunu danmaq mümkün deyil. Bu adların hamısı tanrı Qubanın adından qaynaqlanır. Yəqin ki, tanrı Qubanın məbədgahı da İkiçayarasındakı Quba şəhərində olub. Bizə elə gəlir ki Quba şəhəri hazırda İran körfəzində suyun altında qalıb.
Yuxarıda beş Qubanın adı çəkildi: Şumer tanrısı; Ağşahlar sülaləsinin qadın çarı; Noqay dastanının qəhrəmanı; İkiçayarasında şəhər; Azərbaycanda şəhər.
III Kiş sülaləsinin çarı Quba qadın olub. Azərbaycan folklorunda da Quba sözü gözəllik bildirən epitet kimi həmişə qadınlara ünvanlanıb. Görünür, bu da xalqın qan yaddaşında minillər boyu yaşayıb, Quba adlı Kiş çarının bir qadın kimi gözəlliyi unudulmayıb, zaman-zaman epitetləşərək gözəllik rəmzinə çevrilib. Şumer tanrısı Qubanın bir çox əlamətləri (məsələn, işıqlı olması) onun da qadın olduğunu düşünməyə əsas verir. Quba şəhərinin adıyla xalqın mifik düşüncəsindəki quba gözəllik epiteti tamamilə üst-üstə düşdüyünə görə, bu toponimin etimologiyasının yuxarıdakı yozumu doğru görünür. Onda belə qənaətə gəlmək olar ki, Şumer tanrısı Qubanın adından həm III Kiş sülaləsinin çarı Qubanın, həm də İkiçayarasındakı və Azərbaycandakı Quba şəhərlərinin adları yaranıb.
Yeni bilgilər prizmasından baxdıqda Qusar toponiminin
etimologiyası haqqında söylənən fikirlərin köhnəldiyi aydınca görünür. Bəzi alimlərə görə "Qusar" sözü macarca "süvari qoşun növü" deməkdir. Guya keçmişdə Qusar ərazisində olan süvari polkun adından rayon adı yaranıb. Əgər belə olsaydı, süvari polklarının yerləşdiyi bütün yerlər Qusar adlanardı. Ona görə digər müəlliflər haqlı olaraq bu fikrin düzgün olmadığını yazırlar. Bu gün Qırğızıstanda, Tacikistanda, Türkiyədə Qissar, Qusar, Qusarlıq adlı toponimlər var ki, onların eyni kökdən olduğu şübhə doğurmur. S.Abramzon 1635-1636-cı illərdə qırğızların Qaratəkindən Qissara və Kulaba doğru getdiklərini yazır. Türkiyədəki Qissarlıq da əslində "Qusar" sözündən və "lıq" sözdüzəldici şəkilçisindən yaranmış türk mənşəli etnotoponimdir. Onların hamısının tarixi qədimdir və kökü Şumerlə bağlıdır. E.ə. Hett dövlətinin paytaxtı Kuşşar/Kussar/Kusar/Qusar olub. Məşhur çex hettoloqu akademik B.Hroznı yazırdı ki, kuş/kuşu/kaşi/kaşşu/kasu adlarının hamısı kassilərə aiddir. Alman alimi Hüqo Vinklerə görə, akkadlar kassiləri quşçu adlandırırdılar. B.Hroznı üstəlik kaspiləri də onlarla eyniləşdirib. Deməli, quşçu, kaspi və kassi eyni tayfanın, yaxud bir-birinə qohum tayfaların adlarıdır. Quşçuların ən qədim türk tayfalarından biri olduğu isə artıq sübut edilib. Quşçu/kassilər qədim İkiçayarasının ilk sakinlərindən biri olan türk tayfalarıdır, şumerlərin qan qohumudurlar.
Hett dövlətinin paytaxtı olmuş Kussar/Qusar toponiminin quşçu/kassi tayfasının adıyla bağlılığı göz qabağındadır. Burdan da aydın görünür ki, Qusar etnotoponim olub, qədim türk tayfalarından birinin - quşçu/kassilərin adından yaranıb.
Bəs quşçu/kassi etnoniminin etimologiyası bizə nə deyir? Quba toponiminin etimologiyasında gördüyümüz proseslə Qusar adında da rastlaşırıq. Son nəticədə bu toponim də Şumer tanrılarından birinin adıyla bağlanır.
İkiçayarasında Kisur adlı bir şəhər də olmuşdur. Əslində Kisur adı Qusarın təhrif olunmuş şəklidir. Qusar tanrı adı da bu fikri söyləməyə əsas verir ki, İkiçayarasındakı şəhər Kusar/Qusar adlanıb.
Qaynaqlarda şumer tanrılarından birinin Qusar adlandığı öz əksini tapıb. Sonralar bu ad bəzi sami tayfalarında Kusar-va-Xusasa və Madae-Xassissaye (uqarilərdə və hurrilərdə) şəkillərinə düşüb.
Göründüyü kimi, Qusar tanrı adıyla Qusar toponiminin yazılışı və tələffüzü arasında heç bir fərq yoxdur. İndi tamamilə aydın olur ki, Hett dövlətinin paytaxtı Kuşşar/Kussar və Azərbaycandakı Qusar, Tacikistandakı Hissar, Qırğızıstandakı Qusar, Türkiyədəki Qusarlıq toponimlərinin hamısı Şumer tanrısı Qusarın adından yaranıb.
Şumer tanrılarının adıyla bağlanan Azərbaycan toponimlərindən biri də Astaradır. Astara toponiminin etimologiyası ilə bağlı söylənən fikirlər bir-birindən az fərqlənir. Onlar bir-birinin təkrarını xatırladır: "Astara- fars dilində aşağı yer"; "aşağıda duran" deməkdir".
Görəsən, dünyada Astaradan aşağı yer yoxdurmu ki, bu adı ora qoysunlar? Guya Bakının ətrafında uca təpələr olduğuna görə, Bakı "təpəlik yer" deməkdir. Onda gərək yanında təpələr olan bütün yerlərə Bakı deyilsin. Bunlar adların etimologiyasına ötəri və qeyri-elmi yanaşmadan başqa bir şey deyil.
Astara toponiminin etimologiyası haqqında düşünəndə istər-istəməz İştar tanrı adını xatırlayıram. İştar Şumerlərin sevgi, məhəbbət və törəmə, nəsilartırma tanrısıdır. İştar adı Misir və yunan mifologiyalarında Aştaret/Astartı/Aştarta şəkillərinə düşürdüsə, neçə minillik yaddaş süzgəcindən keçərək Astaralaşması da təbii görünür. Ahəng qanunu sözün birinci hecasının (iş) ikinci hecasına (tar) uyğunlaşmasını zəruriləşdirib və söz İştar/Astar/Astara şəklinə düşüb. Bu adları yanaşı qoyanda Astara toponiminin şumerlərin sevgi, məhəbbət tanrısı İnanna/İştarın adından yarandığı heç bir şübhə doğurmur.
Bu adın şumercəsi İnannadır. İştar adın akkad dilindəki variantıdır. Bəzi alimlər akkad dilini sami dillərinə aid edirlər. Bu, yanlış fikirdir, alman alimi H.Vinklerə görə, akkad dili şumer dilinin bir ləhcəsidir. Akkad dilini sami dili hesab edən alimlərin İştar adının sami mənşəli olmadığını söyləmələri də H.Vinklerin fikrinin doğruluğunu təsdiqləyir. Həmin alimlər bir tərəfdən deyirlər ki, akkad dili sami dilidir, digər tərəfdən deyirlər ki, İştar samicə deyil. Ona görə, ikinci fikir birincini inkar edir.
Qədim Şumer mətnlərində İştar qadın adının Astar kişi variantına rast gəlinməsi də, Şumer çarlarından birinin Astar adlanması da onların hamısının eyni kökə bağlı olduğunu göstərir. Bu kökün də tanrı İştarın adı olduğunu faktlar özü diktə edir. Təxminən e.ə. 2400-cü illərdə hakimiyyətdə olduğu güman edilən II Kiş sülaləsinin çarlarından birinin adı Enbi-Astar olub. Enbi adın epitetidir, belə adlar şumerlərdə çoxdur. Adın özü Astardır. O da yuxarıda deyildiyi kimi, İştar qadın adının kişi qarşılığıdır. Onların hamısı İştardan yaranıb və Astara toponimi də məhz bu kökə bağlanır.

İslam Sadıq,
Araşdırmaçı