“Koblandı-Batır”. Qazax xalq qəhrəmanlıq dastanı” Mədəniyyət

“Koblandı-Batır”. Qazax xalq qəhrəmanlıq dastanı”

Professor Nizami Tağısoyun kitabının Qazaxıstanın Bakıdakı səfirliyində təqdimatı olub

Qazaxıstanın Azərbaycandakı səfirliyində filologiya üzrə elmlər doktoru, professor, tərcüməçi-tərcüməşünaş, türkoloq Nizami Məmmədov-Tağısoyun "Koblandı-batır". Qazax xalq qəhrəmanlıq dastanı" kitabının Səfirliyin konfrans zalında təqdimat mərasimi keçirilib. Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Beybit İsabayev kitabın qazax-Azərbaycan folklor, epik və mədəni əlaqələrinin inkişafında xüsusi rolundan danışmaqla, həm də bu dastanın Azərbaycan dilinə ilk dəfə tərcümə edildiyindən, əsərin tərcüməsinə müəllifin diqqət və qayğı ilə yanaşmasından, orijinaldakı bədii ifadə vasitələrinin oxuculara itkisiz çatdırılmasından danışıb.
Sonda prof. Nizami Tağısoy təqdimatın təşkilatçısı Beybit İsabayevə səfirliyin əməkdaşlarına minnətdarlığını bildirib. O, əsərin tərcüməsi üzərində işin çətinliyindən bəhs etməklə, qazaxların etnik-milli düşüncəsi, psixologiyası, köçəri həyatının mənzərələri, ailə-məşiət landşaftının rəngarəngliyinin saxlanılmasının təminedilməsində nəzəri və praktik materiallardan necə istifadə etməsindən söhbət acıb. Nizami Tağısoy dastanın tərcüməsindən başqa kitabda "Koblandı batırla"la bağlı tarixi-nəzəri materialları səbr və təmkinlə incələyib, onun sturuktur-kompozisiyasının özünəməxsusluğunu, ideya-məzmunun, obrazlar aləminin səciyyəviliyini qeyd etməklə, yeddi-səkkizlik qazax şeir ölçüsünün özünəxas bir sıra digər xüsusiyyətlərini tədqiq edib. Nizami Tağısoyun bu kitabı qazax dastanlarının Azərbaycanda öyrənilməsində ilk nümunə olaraq yetərincə maraq doğurmaqdadır.
Kitabın elmi məsləhətçisi Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Beybit İsabayev, elmi redaktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, rəyçilər AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu, Bakı Dövlət Universiteti Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Mahmud Allahmanlıdır.