“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit Mədəniyyət

“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit

3-cü yazı

Miladdan öncə II minillikdən başlayaraq m.s. I minilliyin sonunadək davam etmiş "xalqların böyük köçü" tarixində semit-hamitlərlə, hind-avropalıların şərqə, öntürklərin: etruskların, massaqet-sakların, hunların, oğuzların, qıpçaqların, fin-uqorların qərbə yayılmaları ilə bunların maddi-fiziki görünüşlərində, mənəvi-ruh aləmlərində ciddi dəyişikliklər yaranır. Tayfaların, tayfa birliklərinin siyasi-hərbi təzyiqlərə görə yerdəyişmələri öz qapalı maddi-mənəvi dünyalarında da baş verir. Bəzən bu cür qarşıdurmaların gərginliyindən bunlar məcburiyyət qarşısında min kilometrlərlə uzaqlara – tamamilə yad maddi-ruh aləminin içərisinə köç etmək məcburiyyətində qalırlar. Kökləşmiş tarazılıqlı hal nə qədər özünü yad mühit əhatəsində qoruyub müdafiə etsə də, okeandakı ada kimi, böyük qitə - qədim dünya, ata yurd ilə əlaqələri istər-istəməz zəifləyir, tədricən hər cəhətdən aşınmaya uğrayır. Belə vəziyyət zəif də olsa əvvəlki yüzilliklərdə bənzəri səbəblərə görə köç etmiş eyni irqi-etnik, mədəni dünyanın davamçıları ilə münasibətlərdə də yaranır. Bunun da əsas səbəbi yeni qonşuların öz irqi-etnik dünyalarından olmasına baxmayaraq, zaman və məkanın təsiri nəticəsində, daha qədimlərdə oxşar taleyi yaşamaqla nisbətən də olsa ortaq dəyərlərdən itirmələridir. Lakin belə vəziyyətdə təzadlı hal yaranır. Bir tərəfdən, əgər yeni gələnlər artıq kökləşmişlərə, ortaq dəyərlərdən itirənlərə, ata yurddan təzə ruh, güc verici maddi-mənəvi hava gətirirlərsə, digər tərəfdən də əvvəlkilər yad mühitdən aldıqlarını bunlara verməklə, yeni gələnləri hər cəhətdən "zədələyirlər". Yenə də bütün "itkilərə" baxmayaraq, həm əvvəlkilər, həm də sonra gələnlər etnik-genetik dünya üçün siyasi-mədəni cəhətdən bir-birlərinə çatışmayan tərəflərdən kömək edirlər. Bunların bir-birində çatışmayan cəhətləri tamamlamağı ilə əvvəlkilər, gələcəkdəkilər üçün hərtərəfli zəmin hazırlayırlar. Massaget-sakların əvvəlki yüzilliklərdə fədakarlıqları olmasaydı hunlar 20-30 ilə bütün Avropanı təsir altına alıb itaətdə saxlaya bilməzdilər. Çünki zəif də olsa, massaget-saklar öz maddi-mənəvi varlıqlarını həmin ərazilərdə qoruyub saxlamışdılar. Hunlar da öz növbələrində avarlar, bulqarlar üçün yol açmışdılar. Bunlardan da sonra Avropada, tarix səhnəsində oğuzlar (quz, peçeneq), qıpçaqlar (kuman, poloves) özlərini güvənli hiss edirlər. Səlcuqların Asiyanın cənubi-qərbindəki üstünlükləri monqol-tatarların həm Avropada, həm də Asiyadakı fəthlərini asanlaşdırır. Çünki eyni etnik-genetik dünyaya aid tayfalar, xalqlar arası yuxarı təbəqədə gedən siyasi-hərbi çəkişmələrə baxmayaraq, kütlələr qədim ortaq dəyərlərin təsiri nəticəsində tez bir zamanda birləşirlər, qalib xana, xaqana tabe olurlar, keçmişlə həmin dövrün əlaqəsi qırılmır.
Oğuz türkləri mənbələrə görə m.ö. III, m.s. V əsrdə Ural dağlarından şərqdə, VIII əsrdən başlayaraq isə Qara dənizin şimal ərazilərində, Balkan yarımadasında yaşayıblar. Oğuzlar həm də Ordosda, Xuanxe (Sarı) çayının sahillərində aid olduqları irqi, etnik-genetik dünyanın mərkəzində öz varlıqlarını göstəriblər. Tayfanın, tayfalar birliyinin aid olduğu etnik-mədəni dünyanın və tamamilə yad mühitdə öz varlıqlarını necə qorumalarını müəyyənləşdirmək üçün Ordosdan məlum olan oğuzlardan alayuntlu, alayontluların taleyinə nəzər yetirmək yetərli olardı. Oğuzların Ordosda olduqları yüzilliklərə yaxın zamanda, IV-V əsrlər, qonşu ərazi Amdoda (Qərbi Tibet), mənbələrin verdiyi məlumatlara görə, qyan tayfasından olan türk mənşəli Qeserin nəsilləri də öz xanlıqlarını yaradırlar. Həmin dövr üçün diqqəti çəkən məqamlardan biri də Ordosdaki türkyutların 639-cu ildə seçilmiş yeni xanı Aşina Sımonun törələrə görə yox, şəxsi istedadına əsasən seçilməsi və onun görünüşdə qərb (avropalı) xalqlarının insanlarına bənzəməsidir. Çinlilər də 9 oğuzların, uyqurların daha çox avropalılara bənzədiklərini qeyd edirdilər. Verilmiş tarixi məlumatları müqayisədə məqsəd Qeserin milli mənşəyinə - türklüyünə, monqolluğuna, tibetliyinə haq qazandırmaq deyil, ural-altay dünyasının qədim birliyinə, həmin səviyyənin qərb aləmində - yad mühitdə qorunub saxlanması inkişafına diqqəti yönəltməkdir.
Alayantlı, alayontlu kimi "Oğuznamə"də təqdim olunan qəbilə birləşməsi alaçı, alak-bulak, bulakat, alka-bulak, alan, alaçin kimi adlarla tanınır. Çin qaynağında bu tayfaya bo-ma (ala-at) da deyilir. Qədim türklər bunları alat, ala-at da adlandırırmışlar. Türklərdə də əski inanclara görə alnındakı (qaşqasında) böyük ləkələrə görə atlar güclü və uğur gətirən sayılırmış. VII əsrdən başlayaraq həmin tayfa türk etnik birliklərinin – oğuzların tərkibində qərbə doğru köç etməyə başlayır. Yəqin ki, Balkan yarımadasında (Bolqarıstanda) bu gün də öz varlıqlarını göstərən pomaklar - boma (slavyanlaşmış türklər) tayfası, Azərbaycanda (Abşeron) Ələt (ala-at) yaşayış məskəninin adları, həmin bomaların (ala-at) bulqar, avar, oqur, oğuz tayfalar birliyi daxilində bu ərazilərə yerləşmələri ilə yaranıb. Əgər tele tayfalarından telengitlərlə uyğun adlanan tilingitlərin (yəqin ki, yakutların, üç-kurıkanların, uryanxayların tərkibində şimala köç ediblər) Alyaskada da var olmaları diqqətdə tutulsa, onda buradakı aleut tayfaları ilə alat, ala-atların mənşəcə yaxınlıqları yaranır. Həmin tarixi-coğrafi inkişaf əlaqəsi cəhətdən "Qeser"in unqin-alar mətninin və böyük buryat tayfalarından alarların adları ilə Azərbaycanda Alar (Cəlilabad) yaşayış məskəninin adı arasındakı yaxınlıq təsadüfi deyil, yenə də hülakilərlə əlaqəlidir. Bəlli olur ki, öz qapalı etnik-genetik dünyasının daxilində, yad mühitdən fərqli olaraq, zaman və məkan çərçivəsində böyük itkilər yaranmır.
Çingiz xan taycuitlərə qalib gəldikdən sonra Kuba-Kaya ətrafında yerləşib qışlayır. Buradan da Qafqaz dağlarının şimalında və cənubunda məlum olan Quba (Azərbaycan), Qayakənd, Kubaçi, Quba (Dağıstan) yaşayış məskənlərinin mənşəyi məlum olur. Altay dastanı "Altay-Buuçay"ın fərqli mətnlərindən birində (Ç.Alaqozovun) baş qəhrəman Altay Kuuçunun (qu quşu əcdadlı)qadını Erme-Çeçen, bacısı Erke –Çeçen adlanırlar. Şimali Qafqaz xalqlarından özlərini "noxçi" adlandıranlara çeçen deyilməsi də yəqin ki, türklərin təsiri ilə yaranıb. Halbuki, "noxçi" də "nox" (Nuh, Naxçıvan, Enox (Ənnux) Şumerli hökmdar – tanrı ) və "çı" hissələrindən ibarət olmaqla yenə də türkcədir.
Qərbi Azərbaycanda Ələyəz (Alagöz) dağının adı da, böyük ehtimalla, eleqes monqol tayfasının adının tarixiləşməsidir. Q.N.Potaninin altay dastanlarını yazıya aldığı dastançı Alaqozov Çımıyın soyadı da qeyd edilən eleqes tayfa adından yaranmadır. Ağbabada, Borçalı da Əlləz adının, soyadının varlığı da həmin tayfa ilə əlaqəlidir. Bunu həmin dağın qərb yamacında yerləşən Bürakan yaşayış məskəninin adı da təsdiqləyir. Adın yaranması birinci halda Toğrul, Çağrı, Buğra bəylərin XI əsrin əvvəllərində Bağdada yerləşmədən öncə kəşfiyyat üçün yağma hərəkatları ilə buralarda olduqları zamanla, Buğra xan ilə əlaqəlidir. İkinci halda hunların, göy türklərin, xəzərlərin IV-XI əsrlərdə həmin ərazilərdə daimi var olmaları nəticəsində inanc səviyyəsində "böru kan", "kan börü" (əcdad əfsanəsi, günəş üzlü qurd) təsəvvüründən şəkilləşib. Göründüyü kimi, iki min il əvvəl Qeserin vətəni Amdoda, Ordosda monqollar, çinlilər, tibetlər, türklər tərəfindən yaradılmış ortaq etnik adlar özlərini 7-9 min kilometr qərbdə də olduğu kimi qoruyub tarixiləşdirib. Həmin tarixi-etnik inkişaf xüsusiyyəti daha qədim dövrdə massaget-saklar, etrusklar vasitəsi ilə də özünü göstərib. Buna görə də qədim dünyanın maddi-siyasi, mənəvi-ruh tarixi yenidən oxunub qiymətləndirilməlidir.
Ə.Əsgər Z.V.Toğana istinadən və müstəqil fikir olaraq müasir dövrdə Azərbaycanın şimali-şərqində yaşayan uyqur tayfalarından padarları monqol-tatar siyasi birliyinin tərkibində görür, bunların bəzi bölgələrdə (Zaqatala) muğal, moğol adlanmalarını qeyd edir. Eyni səviyyədə Təkləli, Muğanlı tayfa adlarının Şimalı Azərbaycanda, Borçalıda, Qərbi Azərbaycanda, Qarsda və s. yerlərdə geniş yayılmasını Monqolustanın cənubi-qərb, Türküstanın şimali-qərb ərazilərindəki Təklə-Məkan, Muğan çölləri ilə əlaqəlaqələndirir. Çağatay türklərinin Babur Şahın başçılığı altında XV əsrin sonu, XVI əsrin əvvəllərində Hindistanda qurduqları türk imperiyasına Moğollar (monqol adının təhrif olunmuş şəkli) deyilməsi də türk, monol tayfalarının siyasi çıxarlara baxmayaraq mənəvi-ruh cəhətdən dünyanın hansı yerində olurlar-olsunlar daimi, ayrılmaz olduqlarını göstərir. Bayat, bayandır oğuz tayfalarının mütəxəssislərin çoxu tərəfindən monqol əsilli qəbul etməsi də işin mahiyyətini dəyişmir. Buryat-xorin tayfasının toteminin (onqon) qu quşu olmasını S.B.Sidendambayev ortaq əcdad, törəyiş anlayışı kimi türklərə aid etməklə belə izah edir. "Göründüyü kimi, türklərin Mərkəzi Asiyada hökmranlıqları ilə əlaqəli xorinlər uzun müddət yaxın, asılı vəziyyətdə olublar. Qarşılıqlı qız alıb-veriblər". Yaxud da xorinlərin ilk əcdadı sayılan Xoriday haqda əfsanədə o, qu quşu surətində olan qızla evlənir, bundan 11 oğlu olur. Bunların da iki hissəyə bölünərək qalzutların, xarqanayların və 11 xorin tayfasının yaradıcıları, başçıları olmaları, bəllidir ki, türklərdə börüdən doğulmuş 10 qardaşdan birinin qu quşuna çevrilməsi əfsanəsinin təhrif olunmuş şəklidir. Müasir tuvalarda Kuular soyadının yayqın olması da həmin əcdad əfsanəsinin, genetik birliyin canlı qalmasıdır. Beləliklə, ural-altay xalqlarının qədim etnogenetik maddi-mənəvi birliyi nəticəsində dünya şifahi söz sənətinin ən möhtəşəm dastanlarından "Qeser" yaranır.
Qeser haqda avropalılara ilk məlumatı 1772-ci ildə məşhur səyyah, tədqiqatçı, təbiətşünas və tarixçi Pyotr Simon Pallas vermişdir. Şərqi Sibirə səyahəti zamanı, o, Monqolustanda Maymaçon (Altan - Bulak) şəhərində Qeserə yüksəldilmiş məbəd ilə rastlaşır. Məbəd haqda ətraflı məlumat verdikdən sonra Qeseri Pallas "şərq tatarlarının Vakxı (Dionis), Heraklı adlandırır", eyni zamanda onun haqda geniş əsərin mövcud olduğunu xəbər verir. Qeser haqda ikinci məlumat V.Berqman ilə əlaqəlidir, o, folklorşünaslıq tarixində dastanın kalmıklardan eşitdiyi VIII, IX hissələrini (boy) 1804-cü ildə alman dilinə tərcümə etməsi ilə tanınır.

Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru