Azərbaycan kinosu: min illəri aşıb gələn xəlqi taleyimizin mənalı ifadəsi Mədəniyyət

Azərbaycan kinosu: min illəri  aşıb gələn xəlqi taleyimizin mənalı ifadəsi

Kino sənəti zəngin imkanlarıyla dünyanı, həyatı, təbiəti, insanı başqa sənət vasitələrindən tamamilə bənzərsiz şəkildə göstərir, habelə müxtəlif yaradıcı sahələri özündə birləşdirir. Yüz ildən çoxdur ki, bəşər mədəniyyətinin misilsiz özünüifadəsi kimi imkanlarını genişləndirməkdə, çoxsahəli janrlarıyla inkişaf etməkdədir. Kinoda canlı həyat şübhəsiz, yaradıcı şəkildə göstərilir, buradakı işıq, səs effektləri, aktyor oyunu və s. rejissor fantaziyasında öz bədii həllini tapır. Bu fikirləri bütünlüklə Azərbaycan kinosuna aid edə bilərik. Bu, milli kinomuzun yaranma tarixinin dünya kino sənətiylə yaşıd olmasına görə deyil, ümumiyyətlə, Azərbaycan ruhundan gələn ulusallığı bəşərilik ölçüsündə ifadə etməsindədir. Təbii, dünyanın ildən-ilə daha da cilalanan, həm də standartlaşan sənət ölçüsüylə dediklərimiz müəyyən mənada üst-üstə düşməyə də bilər. Burada hətta hər hansı prinsipin dünyada aparıcı olması, müəyyən dəyişkənliyə uğraması, vaxtaşırı yeni prinsiplərin yaranması belə milli kinomuz haqda qənaətimizə təsir edə bilməz.
Xüsusən son illərdə kinoçularımızın beynəlxalq kino festivallarına qatılması, sayılan uğurlar qazanması şübhəsiz, beynəlxalq standartlara uyğun çalışması ilə bağlıdır. Ancaq bütün hallarda milli kino örnəyi hər şeydən öncə xalqın həyatının hər sahəsinə özünəməxsus yanaşması, bənzərsiz özünüifadəsi kimi meydana çıxır.
Ömrümdə Azərbaycan filmlərinin təsiri ayrıcadır. Bizim nəslin çoxunun ağlında uşaqlıq çağından bəri bu qənaətin indi də davamlı yaşadığına, duyğu, düşüncə, davranışlarımıza yön verdiyinə əminəm. "İlkin təəssürat" anlayışını bu mənada kino sənətinə aid etmək daha doğru olar. İnsanın doğulduğu yerlə, təbiətlə, tarixiylə, Vətəniylə bağlı olan hadisələrin kinoda ifadəsi uşaqlıq çağının seyretməsində daha canlı, daha yaradıcı, bənzərsiz olur. İndi hər birimiz üçün dünyanın nadir sənət incilərini istənilən vaxt maneəsiz dəfələrlə izləmək imkanımız olduğu halda uşaqlıq və gənclik dövrünün nostaljisi üstünlüyünü yenə də saxlayır. O filmlər bizim nəslin ağlında, yaddaşında ulusallığı, insani keyfiyyətləri, insan gözəlliyini, yurdu, Vətəni qorumağı, sevməyi, ailəçiliyi, fədakarlığı və b. kimi keyfiyyətləri aşıladı. Bu gün dünya kino sənayesinin əsas istehsalçılarının daha çox insanın ruhunu özgələşdirən filmlər sərgiləməsi istər-istəməz hər birimizə təsirini göstərir. Dünya siyasətindəki iri güclər hər sahədə özünün hegemonluğunu göstərməyə çalışır, daha çox ideologiyalarına uyğun filmlər istehsal etməklə üstünlüklərini qoruyub saxlamağa çalışırlar. Bu "üstünlük" isə şübhəsiz, artıq bəşəri təsdiq olmur, ola bilmir.
Dünyada ideyasızlığın artdığı, tüğyan etdiyi çağda yeni ideyalarla meydana atılmaq, kino kimi çətin yaradıcılıq sahəsində bunu gerçəkləşdirmək kinoçularımızdan hünər istəyir. Hünərin bir adı da bənzərsizlikdir. Elə bənzərsizlik ki, onillər, yüzillər üçün də özünün təkcəliyini, fərqliliyini, başlıcası, insani, ulusal, bəşəri gərəkliyini qoruyub saxlaya bilsin.
Fikrimizcə, Azərbaycan kinoçularına bundan sonrakı dönəmdə maliyyədən çox orijinal ideya gərək olacaq. Bu prosesdə uğura çatmaq üçün maliyyənin xüsusi rolunu kimsə inkar etmir. Eləcə də dövlətin bu gedişdə yeni gərəkli ideyalara maliyyə ayırması, gerçəkləşməyə nəzarəti də qaçılmaz görünür.
Azərbaycan kinosunun uğurları sırasında ilk növbədə ağlımızda, yaddaşımızda "Arşın mal alan", "O olmasın, bu olsun" və b. kimi filmlərimiz canlanır. Kino şərtiliyində, plastikasında biçimlə məzmun arasında üzvi yaxınlıq, birlik var; çox vaxt bunları biri-birindən ayırmaq olmur. Yəni Azərbaycan filmlərinin sirrini-sehrini tamaşaçıya çatdırmaq imkanı bundan sonra da var, olmalıdır. Ona görə ki, xalq, dövlət olaraq bundan sonrakı yaşamımız da təbii olaraq irəliləyiş tələb edir. Kinomuz bu sahədə gərəkliyini həmişə göstərməlidir.
Azərbaycan kinolarında musiqi məsələsi: yaddaşımızda hər an zümzümə etdiyimiz filmlərimizin musiqisi bizimlədir - sevincli anlarımızda da, kədərimizdə də. Həmişə kinolarımızdakı musiqilər məni bir neçə baxımdan ovsunlayıb: ən yaxşı kino örnəyimiz belə musiqisiz yoxsul görünərdi. Kinonun ümumiləşdirməsi əslində musiqisiz alınmazdı. Filmlərimizdə dediyimiz məsələ bütün cəhətləriylə aşkara çıxır. Hadisələrin musiqi ilə qovuşması hətta adi səviyyəli tamaşaçının da kino sənətində həyatın mənasını ruhunun gözüylə görməsinə imkan yaradır. 120 yaşlı Azərbaycan kinosunda belə örnəklər kifayət qədərdir.
Azərbaycan kino örnəklərində yetkin xalq olaraq incəsənətin bütün sahələrində sözümüzün yerişini, gerçəkliyini, sübutunu görürük. Kinomuz ilk növbədə özümüzə həyatımızın acılı-şirinli çağlarını göstərə bildi. Əlyazmalarının yanmadığı inancı kimi, plastika örnəkləri də məhv olmur əslində. Bu gün 120 yaşlı Azərbaycan kinosunun örnəklərinə baxdıqca xalq olaraq yaşamımızın, ictimai mübarizəmizin gedişində uğurlarımızla yanaşı buraxdığımız səhvləri görmək imkanımız daha çoxdur.
Azərbaycan kinosunun uğuru minilləri aşıb gələn xəlqi taleyimizin rəmzi səviyyədə ifadəsi oldu. Tariximizin bir çox məqamlarının kinoda bədii həllini görə bildik. Düzdür, kino vasitəsilə özünüifadəmiz daha çox sovet dövrünə düşür. Bu dövrdəki filmlərdə sovet ideologiyasının təsiri özünü istər-istəməz göstərir.
Müstəqillik dönəmində hər şeyə ulusal, dövləti baxış imkanımız yarandı. Bu yöndə müəyyən filmlər yarandı. Ancaq gedişat göstərir ki, bu sahədə daha geniş imkanlar aşkarlanmalı, xüsusən də tarixi mövzularda filmlər çəkilməlidir.
120 yaşlı Azərbaycan kinosunun tarixində sənətə özünəməxsus yönü, baxışı olan rejissorlarımız yarandı. Filmlərimiz onların həyata, dünyaya, Azərbaycan insanına, təbiətinə münasibətinin ifadəsi kimi meydana çıxdı. Populyarlıq qazanan filmlərimizin rejissorları o dərəcədə yaradıcı olublar ki, onların fəhmi, istedadı çağlarının metodunu üstələyib. Əsil yaradıcılıq standartlıq sevmir, həddi-səddi ötməyi istəyir. Burada rejissorun fəhmi, ilhamı, təbi başlıca rol oynayır.
Bundan sonrakı dönəmdə Azərbaycan kinosunun yeni uğurlara çatması üçün gənc rejissorlarımızın öncəki nəsillərin bənzərsiz cəhətlərini özümləşdirməklə yanaşı həm də özlərinin universal, yaradıcı düşüncəyə malik olmaları, ədəbiyyatı, musiqini, dünya mədəniyyətini, incəsənətini dərindən bilmələri, kinoda məzmun-biçim məsələsinin həllinin insanlığın əzəli, əbədi tələbinə uyğun tapmalarıyla şərtlənir.
Son onillərdə Azərbaycanda da seriallar artmaqdadır. Dünyada yayğın olan televiziya serialçılığı mahiyyətcə hadisəçiliyə yarayır. İnsan ömrünün hər anının ülviləşdirilməsinə xidmət etməli olan kinonun bu mənada bəsit serialçılıqdan əl çəkməsi gərəkdir. Azərbaycan kinosunun da yeni üfüqləri serialçılığa çağımızda ən azı yeni yaradıcılıq baxışı tələb edir. Məsələn, tarixi mövzularda filmləri seriallaşdırmaq olar. Azərbaycanda sovet dövründə çəkilmiş cizgi filmləri bu gün də aktuallığını saxlayır. Ancaq çağımızda elmi-texniki gəlişmə nə qədər yayğın olsa da, uşaqlar üçün yeni cizgi filmlərimiz ərsəyə gəlməlidir. Bu filmlərin uşaqların duyğusuna, düşüncəsinə necə yaradıcı təsir göstərdiyi isə danılmaz faktdır.
Azərbaycan kinosunun uğuru həm də teatrla sıx bağlılığındadır. Teatrdan fərqli olaraq kinoda ideallaşdırmanın təsiri daha da daimiləşir, baxmayaraq ki, teatrda tamaşaçı-aktyor münasibəti canlıdır. Kino sənəti ümumən bəşərin teatrdan sonrakı bənzərsiz yaradıcılıq janrı olmaqla onun da gözəlliklərini içinə aldı. Dediklərimizi bütünlüklə Azərbaycan kinosuna aid edə bilərik.
Azərbaycan kinosu incəsənət sahəsində çalışan insanlarımızın yaradıcı imkanlarını genişləndirdi. Hətta gerçəklik dairəsində fantastikanın ifadəsi də özünün geniş imkanlarını kinoda tapa bildi. Sovet dövründə uşaq auditoriyasına ünvanlanmış filmlərin həm də böyüklərə göstərdiyi ciddi təsirdən söz aça bilərik. Təəssüf ki, son onillərdə bu sahədə yaddaqalan, ekran həllini tapmış filmlərin yarandığını demək olur. İndi bu mövzuda filmlərin çəkilməsinə də çox gərək var.
Azərbaycan kinosunda sənədli filmlərin təsiri müstəqillikdən sonrakı dönəmdə daha da artmaqdadır. Artıq dünyada fikri yığcam, canlı olduğu dərəcədə yaradıcı ifadə etmək ənənələşməkdədir. Sənədli filmin bədiiliyi bu dediklərimizə tam cavab verir. Son onillərdə yaranmış sənədli Azərbaycan filmlərinin sabahkı filmlərimiz üçün həm də mənəvi-yaradıcı özül olacağını demək olar. Sabahımızda kinoçularımızın yaradacağı sənədli-bədii filmlər yeni xəlqi imkanlarımızı təsdiq edəcək.
Bundan sonrakı Azərbaycan kinosu dünya kinosunun fövqündə olan ideyaçılıqla bədii özünüifadənin birliyində varlığını təsdiq edə bilər. Yeni yaradıcı iddiamızı şərtləndirən imkanlar içimizdədir - aşkarlanmalı. Gözəl diləklər o zaman gerçəkliyini tapır ki, axtarışlarımız bir an da səngiməsin, yaradıcılıq halımız ətalətləşməsin. Qoy yenə də öncəki onillərdəki kimi kinoçularımız çətinliklərdən güc alsınlar, az qala yoxdan var yaratsınlar. Sənətin, sənətkarın ilahiliyi bu deməkdir.
Azərbaycan kinokomediyaları 120 illik kino tariximizdə öz dəst-xətti ilə seçilir. Bu filmlərimizdə komediya janrına xas cəhətlər gerçəkliklə birləşir. Kinomuzda faciə janrının ifadəsi də uğurlu alınıb. Həyat insanın istəyinə, insani idealına cavab vermir, beləliklə, insanla cəmiyyət, yaşadığı çağ arasında uçurum yaranır. Azərbaycan kino sənəti həyatımızın, tariximizin müəyyən çağlarındakı faciəvilikləri göstərməklə yanaşı ümid də yarada bilir. "Babək", "Nəsimi" filmlərində qəhrəmanların faciəvi ölümü Azərbaycan tamaşaçısını sarsıtsa da, yaşamağa-yaratmağa olan inamını nəinki qırmır, əksinə, böyük insançı ideallar uğrunda canını verən insanlarımız kimi yaşamağa özünü kökləyir, məsuliyyəti artır.
Kinomuzun dünya kinosuna inteqrasiyası məsələsinə gəlincə, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan hədəflər sırasında Azərbaycanın kino sənətini və mədəniyyətini dünyada layiqincə təbliğ və təmsil etmək imkanlarının genişləndirilməsi ayrıca olaraq nəzərdə tutulur. Dünyada kino texnologiyasının sürətlə inkişaf etdiyi çağda Azərbaycan kinosunun böyük irəliləyişə çatması üçün daim təkmilləşməsi gərəkdir.
Azərbaycan kinosunun hər birimizin ağlında, ürəyində az-çox yeri olan bu və ya başqa filmləri ilk növbədə Azərbaycan sorağı olduğuna, Azərbaycan dəyərləri ilə bağlı olduğuna görə bizim üçün qiymətlidir. Bu da təbiidir. Ona görə ki, özümüzlə bağlı bu ölçünü, istəyi başqa xalqların, dövlətlərin kinoçularından uma bilmərik. Ona görə də qarşıdakı illərdə Azərbaycan kinoçularından umacağımız böyükdür. Kinoçularımızın istəklərinin hər zaman Azərbaycan adına, ünvanına uğur gətirəcəyinə inamlı, ümidliyəm. Yuxarıda dilə gətirdiyimiz istəklər, iradlar da bununla bağlıdır. İnanırıq ki, umuruq...

Elçin Qaliboğlu
"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"