Qədim və zəngin türk-islam mədəniyyəti Mədəniyyət

Qədim və zəngin türk-islam mədəniyyəti

7-ci yazı

Təsəvvüfdə insanın vəhdətdən ayrılıb yerə gəlışı bir mərhələlidir. Onun Haqqa qovuşması isə dörd mərhələdən keçir: Şəriət, təriqət, mərifət və həqiqət. Şəriət hökmlərə ibadət, təriqət duyub, düşünüb yol müəyyənləşdirmək, mərifət Haqqı öz ruhuna hakim etmək, həqiqət isə Haqqa qovuşmaq mərhələləridir. Burada bütün mərhələlər əsas və vacibdir. Bir mərhələni keçmədən digər mərhələyə qədəm qoymaq mümkün deyil:

Təriqətə şəriətsiz girənlərin,
Şeytan gəlib imanını alır imiş...
(Ə. Yəsəvi)
Şəriət, təriqət yoldur varana,
Həqiqət meyvəsi ondan içəri.
(Y. İmrə)

Təsəvvüfdə insana vəhdətdən qopan, Haqqa doğru gedən bir varlıq kimi münasibət bildirilir. C.Ruminin dediyi kimi:

Mən məndə deyil, Səndə də həm Sən, həm mən,
Mən həm məniməm, həm də Sənin, Sən də mənim.
Bir öylə qərib halə bu gün gəldim ki,
Sən mənmisən bilmirəm, mənmi Sənəm.

Təsəvvüfdə təriqət və təkkə vacib şərtlərdən biri kimi yer tutur. Təriqət təsəvvüfün öyrətmə qurumudur, duyub və düşünüb yol müəyyənləşdirməkdir. Allaha doğru gedən yolda təriqət mühüm addım¬lardan biridir. Mürşüd və mürid amili burada əhəmiyyətli yer tutur:

Təriqətə siyasətli mürşüd gərək,
O mürşüdə ikiqatlı mürid gərək,
Hizmət qılıb, bir rizanı bulmaq gərək,
Böylə aşiq Haqdan nəsib alır imiş (Ə.Yəsəvi)

Təriqətlər daha çox Xorasan, İraq, Türkistan, Anadolu və Balkan ərazilərində yaranıb. Mövləvilik, Yəsəvilik, Şəfailik, Heydərilik, Bəktaşilik, Nəqşbəndilik və s. təriqətlər həmin ərazilərdə sufizmin yayılmasına xidmət göstərib.
Təkkə təsəvvüfün sosial qurumudur. Təkkələr daha çox sosial qurumlar olsalar da, onlar ədəbiyyatın inkişafına da töhfələr veriblər. İlk təsəvvüf ədəbiyyatı nümunələrini təkkələrə yığışan təriqətçilər meydana gətiriblər. Şərqdə təkkələr say etibarı ilə mədrəsələrdən çox olub. Əgər mədrəsələr əsasən klassikanı, klassik elmləri öyrədirdisə, təkkələrdə Allaha qovuşmaq yolları öyrədilirdi. Bu səbəbdən mədrəsələrlə təkkələrin bir-birinə münasibəti bir qədər ziddiyyətli olub. Qeyd edək ki, təkkələrdə sünni məzhəblər şiələrlə müqayisədə çoxluq təşkil ediblər. Buna baxmayaraq, onlar qarşılıqlı hörmət şəraitində fəaliyyət göstəriblər.
Bir çox hallarda təsəvvüfü mistizmlə eyniləşdirirlər. Lakin bunlar arasında müəyyən fərqlər var. Qeyd edək ki, "mistika" - yunan sözüdür, bu "dilsiz olmaq, danışmamaq, dodaqları və gözləri bağlamaq" mənalarını ifadə edir. Təsəvvüfdə insan ruhu bir yüksəkliyə ucalır, mistizmdə isə ruhi yüksəkliyə ucalmaq yox, keçici həzz var. Təsəvvüfdə mənəvi yüksəliş üçün fərdi səy əsasdır, mistizmdə isə yox, Təsəvvüfdə ruh ayrılıb Haqqa qovuşur, mistizmdə ruh cəsədə hakimdir, ondan ayrılmır. Təsəvvüfdə insan həm vəcd, həm də elm əhlidir, mistizmdə yalnız vəcd əhlidir.
Təsəvvüfdə insan bədəni ərz (ərazi), sümükləri dağ, ilikləri mineral mədən, damarları axar su, ünsiyyət və əlaqə duyğusu mədəniyyət, tənəffüsü rüzgarların əsməsi, söz söyləməsi göy gurultusu kimi mənalandırılır. Mistizmdə isə bu şəkildə mənalandırma yoxdur və s. Təsəvvüf islami əsaslar daxilində formalaşmış, Şərq-müsəlman dini-fəlsəfi, eyni zamanda ədəbi-bədii düşüncəsinin inkişafında əhə¬miyyətli rol oynamış cərəyanlardan biridır.

Yusif Balasaqunlu

Yusif Balasaqunlu XI əsr türk-islam mədəniyyətinin ilk böyük mütəfəkkir nümayəndəsidir. O, 1017-ci ildə Qaraxanlı dövlətinin (840-1212) mədəniyyət mərkəzi hesab olunan Balasaqun şəhərində anadan olub. Lakin Y.Balasaqunlunun doğum tarixi ilə bağlı müxtəlif fıkirlər mövcuddur. Belə ki, ayrı-ayrı mənbələrdə onun anadan olma tarixləri 1010, 1015, 1019, 1025 və s. kimi də göstərilir. Yusif Balasaqunlu türk ədəbi dil və mədəniyyətinin formalaşması, eyni zamanda inkişafında əhəmiyyətli rol oynayan Qaraxanlı hakimiyyəti dövründə yaşayıb-yaradıb. Qeyd edək ki, Qaraxanlı dövləti Göytürk və Uyğur xaqanlarından sonra Türküstan regionunda yaranan ilk türk müsəlman imperiyası kimi tarixə daxil olub. Qaraxanlı dövlətinin yaradıcısı, islamı qəbul edib, ilk türk hökmdarı Əbdülkərim Satuq Buğra Qaraxanın hakimiyyətə gəlişi ilə regionda bədii, elmi, ictimai-siyasi təfəkkür tərzi türkün xeyrinə dəyişib. Belə demək mümkünsə, bu dövrdən etibarən türk dili və mədəniyyətinin əsası qoyulmağa başlayıb. Y.Balasaqunlunun harada, kimdən və nə vaxt dərs alması dəqiq məlum deyil. Bu barədə çoxlu mübahisəli fikirlər mövcuddur. Lakin dünyagörüşü, ictimai-siyasi, elmi-ədəbi və s. fikirləri onu deməyə əsas verir ki, o, mükəmməl təhsil alıb. Bir fikrə görə onun müəllimi İbn Sina (980-1037) olub. Ehtimal olunur ki, o, ömrünün çox hissəsini Balasaqun şəhərində yaşayıb. Y.Balasaqunlu "Qutadqu bilik" əsərini də bu şəhərdə yazmağa başlayıb (1069). O, əsəri 18 aydan son¬ra Qaraxanlı dövlətinin siyasi mərkəzi Kaşqarda tamamlamış (1070), hökmdar Tabğac Buğra xana təqdim edib. Əsəri bəyənən hökmdar Y.Balasaqunluya Xas Haciblik rütbəsi verib. Bu barədə əsərin müqəddiməsində belə yazılır: "Bu kitabı təsnif edən Balasaqun şəhərində doğulmuş dindar və mömin bir şəxsdir. Amma bu kitabı Kaşqar elində tamamlayıb, Tabğac Buğra xan hüzuruna çıxarıb. Məlik Buğra xan da onu ağırlayıb-əzizləyib öz Xas Hacibliyini ona vermək lütfündə bulunub. Onun üçün də Yusif Xas Hacib adı və sanı dünyaya yayılıb."
Məlumdur ki, Haciblik hökmdarın ideoloji müşaviri kimi sarayda vəzir və ordu komandanından sonra 3-cü vəzifə hesab olunur. O, əqli, əxlaqi, mənəvi, fiziki və s. baxımdan fərqlənməli, xalqın görən gözü, düşünən beyni olmalıdır. Haciblik üçün 10 fəzilət vacib şərt sayılıb: iti göz, saf könül, həssas qulaq, dil, nurlu üz, qamət, əməl, elm, idrak, pak əl. Heç şübhəsiz, Y.Balasaqunlu bütün bu keyfıyyətləri özündə əks etdirib və xalqın sevimlisinə çevrilib. Yusif Balasaqunlu 1077-ci ildə vəfat edib.

"Qutadqu bilik" əsəri

Y.Balasaqunlunun "Qutadqu bilik" əsəri (1069-1070) türk xalqlarının bədii təfəkkür gücünü özündə əks etdirən, türkcə qələmə alınmış əsərlər içində birinci dəfə sözə Allahın adı ilə başlanılan ilk (XI əsr) yazılı sənət abidəsidir. "Qutadqu bilik" məsnəvi formasında yazılmış mənzum didaktik əsərdir. Əsər 6645 beytdən ibarətdir. Lakin əsərə 77 beytlik mənzum və kiçik bir mənsur müqəddimə də əlavə edilib. Bu parçaların kim tərəfindən yazılıb əsərə əlavə edilməsi barədə hələlik dəqiq bir fikrə gəlinməsə də, ehtimal olunur ki, həmin parçalar müəllifin özünə məxsusdur. Çox güman ki, Y.Balasaqunlu əsərə əlavəni ömrünün sonlarında yazıb. Belə ki, oxucuya birbaşa ünvanlanan 75 və 76-cı beytlərdə bu hal öz təsdiqini belə tapır:

Türkcə bu şeirləri sənin üçün düzdüm,
Ey oxucu, oxuyaraq mənə dua et.
Mən dünyadan gedirəm, məni eşit.
Kitabdan ibrət al, gözünü aç.

Onu da qeyd edək ki, bu əlavələrin istər nəsr, istərsə də nəzm hissələrində əsərin ətraf ölkələrdə yayılması və müəllifinə şöhrət gətirməsi barədə məlumat verilir. Müəllif kitabın Çində "Ədəbül-mülük", Ma- çində "Ənisül-məmalik", məşriğdə "Zinətül üməra", İranda "Şahnameyi-türki", Turanda "Qutadqu bilik" adı ilə şöhrət tapmasını qürur hissi ilə qələmə alır. Ehtimal ki, əsər müəllifin sağlığında əlyazma halında adı çəkilən ölkələrdə yayılmış və bunun nəticəsi olaraq Y.Balasaqunlu fakt kimi bunları əsərə əlavə edib.
"Qutadqu bilik" mütəqarib bəhrinin Fa’ülün Fa’ülün Fa’ülün Fa’ül təfilə quruluşuna uyğun yazılıb. Lakin bu fikrə də tədqiqatçıların münasibəti birmənalı deyil. Belə ki, əsərin milli şeir vəzni hecada yazılmasını təsdiqləyən fikirlər də mövcuddur. Qeyd edək ki, əsərdə 173 dördlük var ki, bunlar da islamiyyətdən əvvəlki mani türk şeir şəklinə uyğundur. Həmin dördlük-mani quruluşunda cinaslı qafiyələnmə sistemi mövcuddur ki, mənbələrdə bu proses sonrakı dövrlərdə milli türk şeiri olan tuyuğ şəklinin inkişafına böyük təsir göstərən amil kimi təsdiqlənir.
"Qutadqu bilik" Xan dili ilə tanınan Kaşqar-Xaqaniyyə türkcəsində yazılıb. Yeni ədəbi dil olan Kaşqar-Xaqaniyyəsi həm də Qaraxanlıların dövlət dili idi. "Qutadqu bilik" əsərinin üç əlyazma nüsxəsi mövcuddur: Vyana, Qahirə və Fərqanə. 1439-cu ildə Heratda Həsən Qara Şəms tərəfindən uyğur əlifbası ilə üzü köçürülmüş nüsxə İstanbula gətirilib. Həmin nüsxə şərqşünas alim Hammer tərəfındən satın alınaraq Vyana Saray kitabxanasına hədiyyə olunub. Vyana nüsxəsi "Qutadqu bilik"in elm aləminə məlum olan ilk nüsxəsi hesab olunsa da, tədqiqatçılar onu naqis hesab edirlər. Həmin variant ilk dəfə 1870-ci ildə nəşr olunub.
"Qutadqu bilik"in ərəb əlifbası ilə yazılmış ikinci nüsxəsi 1896- cı ildə Qahirədə tapılıb. Qahirə Saray kitabxanasında saxlanılan bu nüsxənin materialları ilk dəfə 1943-cü ildə çap olunub. Əsərin ərəb əlifbası ilə üzü köçürülmüş mükəmməl nüsxəsi hesab olunan Fərqanə (Namanqan) variantı isə elm aləminə 1913-cü ildə məlum olub. Z.Vəlizadə və Fitrət tərəfındən aşkarlanan bu nüsxə ilk dəfə 1934-cü ildə nəşr olunub. Hazırda Fərqanə nüsxəsi Vilayət kitabxanasında saxlanılır.
Y.Balasaqunlunun əsərə "Qutadqu bilik" adı verməsi təsadüfi deyil. "Xoşbəxtlik", "uğurlu tale" və s. mənalarını bildirən "qut" sözünün leksik dəyişməsi və "bilik" sözü ilə yanaşı işlənməsi nəticəsində ifadə etdiyi məna "xoşbəxtliyə aparan elm" əsərin adı ilə bağlı müəllif məqsədini özündə ehtiva edir:

Kitaba "Qutadqu bilik" adını verdim,
Oxuyanı uğurlasın, əlindən tutsun.
Sözümü söylədim, kitabı yazdım.
Bu kitab uzanıb hər iki dünyanı tutan əldir.

Y.Balasaqunlu "Qutadqu bilik"i çox əziz bir kitab kimi qiymət¬ləndirir və "dəyərli biliklərlə bəzədilmiş" bu kitabı "qananlar üçün elm dəryası" hesab edir. Kitabın ən dərin hikmət və inci çələngi olması xüsusi şəkildə vurğulanır. Ona görə də müəllifin oxucuya ünvanladığı "bu kitabı hər oxuyan-yazan anlamaz, onu ancaq oxuyub-duyan başa düşər" sözləri təsadüfi səslənmir.

Elman Quliyev,
filologiya üzrə elmlər doktoru, professor