Azərbaycanda XIX əsrdə fəlsəfi fikir Mədəniyyət

Azərbaycanda XIX əsrdə fəlsəfi fikir

Azərbaycanın zadəgan ziyalı təbəqəsinin bir hissəsi XIX əsrdə təhsil almaq üçün İslam ölkələrinə, digər hissəsi isə Rusiyaya və Avropaya gedirdi. Sonuncular təhsil aldıqları ölkələrdə dil və elmlə bərabər həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnir və vətənə qayıtdıqda bu dəyərləri öz milli dəyərləri və mənəvi ənənələri ilə birləşdirərək Azərbaycan xalqının ideologiyasının və fəlsəfəsinin təşəkkülünə təkan verirdilər. Nəticədə Azərbaycanda universallığı ilə fərqlənən maarifçilik cərəyanı yarandı. Avropa və Rusiyada olduğu kimi Azərbaycan maarifçiləri də ictimai böhrandan çıxış yolunu xalqın maariflənməsində görürdülər. Beləliklə, XIX əsrdə Azərbaycan gerçəkliyinin sosial-mədəni inkişafının tələblərinə cavab verən və universallığı ilə səciyyələnən maarifçilik hərəkatının ideologiyası və fəlsəfi görüşləri formalaşırdı. Ölkənin ideologiyasında maarifçilik fəlsəfəsinə diqqətin artmasının səbəbi əvvəlki dövrlərə nisbətən xalq təhsilinin çox ağır vəziyyətə düşməsi idi. Azərbaycan maarifçiliyinin mədəni bazası və ölkənin sosial-siyasi vəziyyəti Qərb və Rusiya maarifçiliyindən bir sıra xüsusiyyətləri ilk növbədə dinə münasibəti ilə fərqlənirdi. Bu fərqi yaradan real obyektiv səbəb rus çarizminin Azərbaycan xalqını dinindən, dilindən və milli mədəniyyətindən ayırmaq və onu etnik assimilyasiyaya uğratmaq siyasəti idi. Çünki etnik varlığını qoruyub saxlamaq xalq üçün öz din, dil və mədəniyyəti ilə bağlılığını itirməmək demək idi. Dil və mədəniyyətdən fərqli olaraq, Azərbaycan maarifçiləri dinə münasibətdə müxtəlif mövqelərdə dururdular. Bu münasibət din xadimlərinin Rusiya müstəmləkə sisteminə münasibətindən və maarifçi ideoloqların şəxsi dünyagörüşlərindən asılı idi.
XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlərin müəllifi, şair və filosof Abbasqulu ağa Bakıxanov olub. Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri "Əxlaqın tərbiyələnməsi", "Nəsihətlər kitabı", "İşıqların yerləşdiyi yer", "Camalın aynası" və s. əsərlərində, həmçinin məşhur "Gülüstani-İrəm", "Qüdsinin bağı", "Qüdsinin qanunları" öz əsərlərində əksini tapıb. A.Bakıxanovun fəlsəfi dünyagörüşünün formalaşmasında onun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları, təmsil etdiyi Azərbaycan və Şərq mədəniyyəti və fəlsəfəsi ilə yanaşı, rus və Avropa ictimai fikri, fəlsəfi ənənələri ilə tanışlığı mühüm rol oynayıb. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq olub. A.Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm kimi iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və b. irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə konsepsiyası üçün təməl idi. O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, elmlə əməlin (praktikanın) bağlılığına və mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət verirdi. A.Bakıxanovun fəlsəfi və etik görüşləri, əsasən "Əxlaqi kamilləşmə" və "Nəsihət kitabı" əsərlərində əksini tapıb. Həmin əsərlərdə fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkini onların kamilləşən insan tərəfindən həll edilməsi əsası kimi təsəvvür edən A.Bakıxanov məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünə görə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşmaqdır.
İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.
XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir neçə Şərq və Avropa dillərini bilən, rus şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və Avropanın elmi dairələrində şöhrət qazanmışdı. Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir. Mirzə Kazım bəy xurafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək dəyərləndirmişdi. O, elmin milli və bölgə zəmininin olmasının vacibliyini xüsusi qeyd edirdi: "Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz: ölkənin islahatçıları ölkənin özündə doğulmalıdırlar". M.Kazım bəyin "Bab və babilər" əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs olunur. Onun "Firdövsiyə görə mifologiya" əsərində müxtəlif bölgə mifləri, onların mənşəyi və təşəkkülündə ədəbi və dini təfəkkür formaları və psixoloji amillər tədqiq edilib, "Şamil və müridizm", "Bab və babilər" kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüşlərinin elmi şərhi verilib.
Azərbaycanda maarifçiliyin fəlsəfi ideyalarının yayılması və inkişafında şair-mütəfəkkir Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və b. özlərinə məxsus yer tutublar. XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixi M.F.Axundzadənin (Axundov) "Kəmalüddövlə məktubları", "Mollayi Ruminin və onun təsnifinin babında", "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" və s. əsərlərində əksini tapıb. Mirzə Fətəli Axundzadənin dünyagörüşünün mənbəyi Azərbaycan, bütövlükdə İslam Şərqi, Qərb və rus mədəniyyətləri, ilk növbədə fəlsəfi təlimləri və elmi nailiyyətləri olub. Onun fəlsəfi irsinin ontoloji aspekti materialist və ateist, qnoseoloji aspekti isə rasionalist təmayüllü idi. M.F.Axundzadəyə görə, Kainat - əsasında hissəciklərdən (atomlardan) ibarət maddi substansiya duran, əvvəli və sonu olmayan kamil, bütöv və vahid varlıqdır. Zaman və məkan onun zəruri atributlarıdır. Maddi varlıq daim hərəkətdədir, qanunauyğunluğa söykənir və bunların mövcudluğunda İlahi qüvvənin iştirakı yoxdur. Kainat həm yaradan, həm yaradılandır. Rasionalizmə söykənən M.F.Axundzadə maddi varlığın insan hissləri, əqli və müxtəlif elmlər vasitəsilə dərkini təsdiq edirdi. Onun dünyagörüşündə dialektika mexanistik baxışlarla birgə mövcuddur.
Kainatda qarşılıqlı əlaqə, asılılıq, səbəb və nəticə, hissə ilə tamın vəhdətini görən M.F.Axundzadə hərəkəti yerdəyişmə və təkcə kəmiyyət dəyişiklikləri kimi qəbul edib, zaman daxilində kəmiyyət dəyişikliklərinin isə dairəvi hərəkət daxilində baş verdiyini söyləyib. Başqa sözlə, M.F.Axundzadə yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etmirdi. Onun fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi və müdafiəsi idealizm, teologiya və aqnostisizm prinsiplərinin tənqidi ilə paralel verilir. M.F.Axundzadə bir çox Azərbaycan maarifçilərindən fərqli olaraq din və dini dünyagörüşü ilə ardıcıl mübarizə aparıb. Onun İslam dininə, bu dinlə bağlı adət və ənənələrə qarşı radikalizmlə səciyyələnən və bir sıra məqamlarda obyektivlikdən kənar kəskin çıxışlarına səbəb dinin və dini dünyagörüşünün, Azərbaycan xalqı da daxil olmaqla, İslam bölgəsi xalqlarını maarifdən və Qərb inkişafından geri qoyduğunu hesab etməsidir. M.F.Axundzadənin ərəb əlifbasının sadələşdirilməsi, yaxud latın əlifbası ilə əvəz olunması uğrunda apardığı mübarizə də bununla bağlı idi. M.F.Axundzadə tərəfindən İslam və İslamla bağlı həyat və düşüncə tərzinin tənqidinin bir səbəbi də toxunduğu problemlərə marağı artırmaq məqsədi olub. O, azadlığın insana əzəli məxsusluğunu qəbul edir, azadfikirliliyi təbliğ edir, bəşəriyyətə azadlığı filosof və alimlərin gətirəcəyinə inanırdı. İnsanların əmlak bərabərliyindən deyil, hüquq bərabərliyindən bəhs edən M.F.Axundzadə qadınlar və kişilər arasında hüquq bərabərliyinə xüsusi diqqət verirdi. M.F.Axundzadənin fəlsəfi dünyagörüşü Şərqin mədəni həyatına böyük təsir göstərib.
XIX əsr Azərbaycan maarifçilərindən olan təbiətşünas alim və mütəfəkkir Həsən bəy Zərdabi Rusiya hakim dairələrinin təzyiq və təqiblərinə baxmayaraq xalqı maarifləndirmək, ona hüquqlarını başa salmaq məqsədilə Azərbaycanda ilk azərbaycandilli qəzet və ilk milli teatr yaradıb, ölkədə ilk Azərbaycan müəllimləri qurultayının çağırılmasının təşəbbüsçüsü olmuşdu. Bir nəzəriyyəçi kimi Zərdabi xalqın "etnik özünümühafizəsi" probleminə mühüm diqqət yetirib. Onun bu konsepsiyasında xalqın maariflənməsində dil, mədəniyyət və din fenomenlərinə xüsusi diqqət verilirdi. "Maarifdən təcrid olmaq xalqın məhvi deməkdir" söyləyən Zərdabi xalqın mənlik şüurunu oyatmağa, onu xurafatdan xilas etməyə çalışır, milli qırğına təhrik edən erməni millətçilərini mətbuatda kəskin tənqid edirdi. Mövhumat və cəhalətin elm və maarifə zidd olduğunu göstərən Zərdabi dini idealizm mövqeyindən çıxış edən Lev Tolstoyun insanın ilahiləşdirilməsinə aparan görüşlərini də tənqid edirdi. Cəmiyyətdə sosial bərabərsizliyə insanların elmi və mənəvi kamilləşməsi ilə son qoyulacağına inanan Zərdabi maarif zəminində siniflər arasında ümumi dil tapmağa səsləyirdi. Zərdabi bütün yaradıcılığı boyu zəhmətkeş xalqın havadarı və müdafiəçisi olmuşdu. O, əsərlərində sosial və iqtisadi məsələləri qoymaqla yanaşı, onların elmi həllinə xüsusi diqqət vermişdi. Mütəfəkkirin fəlsəfi görüşləri haqqında məlumatı onun "Torpaq, su və hava" adlı əsəri verir. Burada Yer planetinin təkamülünün elmi-materialist təsviri, onun müxtəlif tarixi dövrləri, bitki və heyvanat aləminin əlaqələri göstərilir, insanın yaranması haqqında dinə zidd fikirlər irəli sürülür.

Zümrüd Quluzadə
fəlsəfə üzrə elmlər dotoru,
professor