Oğuz eposunda inisiasiya, sakrallaşdırma və qurban Mədəniyyət

Oğuz eposunda inisiasiya,  sakrallaşdırma  və qurban

1-ci yazı

Əski dövrün inancları və ilə bağlı bir sıra tədqiqatlar aparılıb. Burada inisiasiyanın bir arxaik ritual hadisəsi olaraq səciy¬yəsi aydın izah olunmur. Hər hansı bir hadisənin inisiasiya olduğu qeyd olunur və onun xüsusiyyətləri aydınlaşdırılmır. "Mifoloji lüğət"lərdə də inisiasiyaya verilən izah olduqca məhduddur. V.Prop "Sehrli nağılların tarixi kökləri" adlı əsərində bəzi yerdə "inisiasiya", bəzi yerdə isə "posvyaşeniya" terminindən is¬tifadə edir. Ola bilər ki, bu məsələ Propun özü üçün aydın olub və onu əlavə izah etməyə ehtiyac görməyib. İndi məsələ belədir ki, bu terminlərdən birincisi "ölüb-dirilmə" kimi tədqiqatlarda işlənməkdədir. İkincisi isə birincidən hansı xüsusiyyətləri ilə fərqləndiyi aydınlaşdırılmadığına görə, demək olar ki, istifadə edilmir. Düşünürük ki, bu terminlər eyni bir ritual hadisəsini nəzərdə tutursa onlardan birindən imtina edilməsi tamamilə təbiidir. Bizə görə, burada işlənən terminlərin ifadə etdiyi tipoloji xüsusiyyət arasında əlaqə var. Lakin onlar ritualın fərqli formalarını bildirirlər.
"Posvyaşeniya" tərkibindəki "svyaşenie" sözünə görə "müqəddəsləşdirmə" mənası verir. Bu baxımdan ritualı sakrallaşdırma olaraq ritual funksiyasının adından alındığını müəyyənləşdirə bilərik. Burada diqqət edilməli məsələ odur ki, bu, həm bütün rituallara aid olan "sakrallaşdırma"nı, həm də onlardan bir ti-pini nəzərdə tutur. Çünki ritual əsas funksiyası etibarilə sakrallaşdırmadan iba-rətdir. Ritualın differensiallaşdığı, şəkilləndiyi dövrlərə münasibətdə "sakrallaşdırma" ritualın ümumi və geniş mənada işləndiyi adlarından biri kimi düşünülür. İbtidai inisiasiyada da, sonrakı statusdəyişmədə də sakrallaşdırma ritualın əsas funksiyasıdır. Ritualın məqsədi və vəzifəsi isə fərqlidir. Burada inisiasiyanın stausdəyişməyə transformasiya olunan sxemindən bəhs edilə bilər. Çünki köhnə statusda "ölüb", yeni statusda "dirilmə" inisiasiya sxemindən qaynaqlanır.
İnisiasiyanı izah etmək üçün milli folklorşünaslığımızda bir neçə tədqiqata istinad etmək olar. Onlardan biri Muxtar Kazımoğlunun folklorda dualizm prob¬lemini izah edən "Folklorda obrazın ikiləşməsi" əsəridir. Bu tədqiqatdan biz folklordakı dual obrazlar sisteminin "əkizlər mifi"ndən qaynaqlanması və epik mətndə fərqli şəkillərdə transformasiya olunması məsələsini obraz səviyyəsində öyrənə bilirik. Xüsusilə, buradakı "ikiləşmə" şəkilləri içərisində "yalan və gerçək", "ciddi və komik" cütlükləri özündə inisiasiyadan gələn ikili xarakterin element¬lərini ehtiva edir. Ona görə "ehtiva edir" deyirik ki, bu transformativ bir hadisədir və açıq şəkildə özünü göstərmir. İnisiasiyadakı "ölüb-dirilmə" "yalan ölüm" de¬məkdir. Bu ritualdan keçən adam gerçəkdən ölmür, şaman təcrübəsində olduğu ki¬mi, o, "müvəqqəti ölür", ruh bədəni müvəqqəti tərk edir və yenidən bədənə qayıdır. Ruhun bədəni tərk etdiyi müddət ərzində şaman və ya ritual personajı "ölü" sayılır. İbtidai cəmiyyətdə qaranlıq məkanda yerləşmək "ölü olmaq", işığa çıxdıqda isə "dirilmək" kimi təsəvvür edilib. Əslində, gecə və gündüz növbələnməsinin özü bu "oyunu" yaradıb. Təbii şəkildə baş verən bu prosesdə "ölü" və "diri" olmanın özü artıq bir oyundur, bir adamın iki rolda olmasının, "ikiləşməsinin" göstərici¬sidir. Oyunun da, ayinin də, mərasimin də, tamaşanın da, teatrın da, folklorun da əsas başlanğıcı, onun əsas personajının obrazlaşması və onun arxetipindəki arxaik ritual inisiasiyasından və mifoloji dualizmdən gəlir. M.Kazımoğlunun tədqiqatı bu dualizm problemini nağıl mətnləri üzərində geniş və ətraflı şəkildə şərh edir.
İnisiasiya ritualında ibtidai insanın inancı nə olursa olsun, o, ölünün və ölümün yalanını oynayır. Doğrudan da maraqlıdır ki, ibtidai cəmiyyətin, "homo sapiens"in primitiv ağlına bu "ölüb-dirilmə" oyunu nə üçün gəlib? Demək ki, ibtidai insan da ölüm qayğısı ilə qarşılaşıb və onu oyun vasitəsilə aradan qaldırmağa səy göstərib. Bu bir tərəfdən sadəlövh görünsə də, digər tərəf¬dən "dirilməyə", hətta "o dünyaya" inancın çox güclü olmasından xəbər verir. "Müvəqqəti ölüm", ritual ölümü üçün bu qədər səy göstərilməsi də həyatın ölümdən doğulmasına inancı göstərməkdədir. İbtidai insan da müasir insan kimi ölüm qarşısında aciz qalıb, ölümü həyata, ölünü diriyə çevirməyə çalışıb. Belə anlaşılır ki, ibtidai insan öz oyununun, yalanının gerçəkliyinə inandığı üçün "ölüm-dirim" oyununu oynayıb yalanı gerçəyə çevirmək, gerçək ölünü diriltmək istəyib. İbtidai insan qaranlığı ölü dünyası və ya ölüm kimi təsəvvür edib, "ölüb-dirilməni" qaranlıqda və ya qaranlığı imitasiya etməklə oynayıb. Bu oyun vasitəsilə o, gerçək ölünü dirildə bilməsə də, hələ diri ikən ölümü bir oyuna çevirib onu əyləncə halına gətirməyi bacarıb. Bu, eyni zamanda, Tanrının və təbiətin sərt qanunauyğunluqlarından qaynaqlanan acı, kədərli duyğulara, qədərdən gələn qayğılara qarşı həmin qədim insanın qələbəsi sayılmalıdır. Bu təbii bir instinktdir, içində primitiv inanc və bəsit düşüncə də var.
İnstinkt ağlın nəzarətinə keçəndə emosiyalar eqodan asılı vəziyyətə düşür, ritual oyunu da öz ritmində davam etmir, onda dəyişmələr baş verir: ritualın strukturunda inanc komponentinin rolu və funksiyası oyunlarda "donmuş şəkildə"qalır, ayinlərdə genişlənir, mərasimlərdə simvolik olaraq öz sxemini qoruyur, eposda isə mənəvi dəyər konseptlərinə və mədəni institutlara transfrmasiya olunur.
İbtidai cəmiyyətin "ölüb-dirilmə" inancı təbiət hadisələri üzərindəki müşa-hidələrdən, empizmdən qaynaqlanır. Bu çox ümumi bir mülahizədir və tədqiqat-larda da geniş istifadə olunub. Təkrar etmiş olsaq da, qeyd etməliyik ki, ibtidai insanın gözü önündə təbiətin "ölüb-dirilməsi" baş verib. Günəş gecələr "batır", səhərlər "çıxır". Bu da oğuz panteonunun mərkəzində olan "Gün"ün "ölüb-dirilməsi" kimi anlaşılıb. Gecə (tün) və gündüz (kün) bir-birini əvəz edir. Belə ritmik olaraq qaranlıqdan keçən "Gün"ün hər biri bir gün olur. Günlər ay, aylar yıl olur. Ay Oğuzun anası, Gün oğlu olur və burada Oğuz həm də təqvim mifin-dən doğulmuş olur. Qışda təbiət "qış yuxusuna" gedir, bitkilər solur və ya "ölüb", yazda yenidən yaşıllanır və yaşamağa başlayır. Torpağa basdırılan bir toxumdan bitki əmələ gəlir. İbtidai insanın bu müşahidələri onda "dirilməyə" inam yaradıb. Təbiətdəki "dirilmə" ritualdakı "dirilmə"yə qaynaq rolunu oyna-yıb. Ritualda da qaranlıqdan və işıqdan, torpaq və sudan istifadə olunub. "Diril-mə" üçün əvvəlcə "ölmə" lazımdır. Qaranlıq yerdə yerləşmək, gözü bağlamaq və ya yummaqla simvolik ölüm təmin edilib. Bu inisiasiyadakı ən əski və ibtidai "ölmə" şəklidir. Bu formada simvolik "ölmə" əlavə vasitələr tələb etmir. Son¬rakı dövrlərin inisiasiya ritualında əlavə vasitələrdən istifadə olunub.
İnisiasiyanın nağıldakı izlərini aydınlaşdıran R.Əliyevin "Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları" adlı araşdırmasında Azərbaycan nağıllarındakı inisiasiya rudimentləri təhlil olunmuş və onun transformasiya olunduğu motivlər müəyyənləşdirilib. Tədqiqatçı Azərbaycan nağıllarında inisiasiyadan qaynaqlanan "20 tipik lay" və "üç inkişaf prosesi" aşkarladığını göstərir.
Oğuz eposunda inisiasiyanın aşkarlanması formasını üç yerə ayırmaq olar:
Mətn səviyyəsi və ya üzdə olan forma. Məsələn, Dəli Domrulun can yerinə can verməsi şəklində. Çünki burada ölüm mələyi də iştirak edir və məsələnin ölüm və həyat məsələsi olduğu açıqdır.
Mətn əhatəsi və ya ortada olan forma. Məsələn, Qazanın sərxoş olub yatması, Qazanın oğurlanması, Qazanın quyuya salınması, Beyrəyin oğurlan¬ması (bəyin oğurlanması), Koroğlunun oğurlanması, Koroğlunun quyuya salın¬ması, Qıratın oğurlanması və s. Bu motivlərin hər biri inisiasiyanın "müvəqqəti ölüm" hissəsinin transformasiyasıdır.
Mətnaltı və ya dərində olan forma. Məsələn, Koroğlunun gordan doğul¬ması, Oğuzun zülmət dünyasına səfəri, Basatın Təpəgözü öldürməsi və s. nü¬munələrin altındakı inisiasiya. Beləliklə, oğuz eposunda aşağıdakı inisiasiya tiplərinin olduğunu müəy¬yənləşdirə bilərik:

Yuxu və ya "müvəqqəti ölüm" vasitəsilə inisiasiya.
Can əvəzləmə vasitəsi ilə inisiasiya.
Möcüzəli vasitə və ya buta alma vasitəsilə inisiasiya.
Qaranlıq və ya zülmət vasitəsilə inisiasiya.
Gözəgörünməzlik vasitəsilə inisiasiya.
Oğurlama vasitəsilə inisiasiya.
Qaçırma vasitəsilə inisiasiya.
Qopuzla (musiqi ilə) inisiasiya.
Qurban vasitəsilə inisiasiya.
İçki və sərxoş olma vasitəsilə inisiasiya.

Ağaverdi XƏLİL