Mifoloji mətnləri araşdırarkən... Mədəniyyət

Mifoloji mətnləri araşdırarkən...

Yazılı ədəbiyyatda da demonik obrazlar böyük ədəbi əsərlərin mövzusunun hərəkətverici obrazı olub

Mifoloji mətnləri diqqətlə araşdırarkən aydın olur ki, bu örnəklərdə mükəmməl inanclar sistemi ifadə səviyyəsində işarələnib. Miladdan öncənin mifik düşüncəsində bu hesabla götürülən zaman fiziki prosesləri özünün əbədi gerçəkliyinə tabe edib faktoloji formada eraya qədər geriyə gələn zamandır. Ondan doqquza, doqquzdan səkkizə bu dinamika üzrə birinci ilə qədər gələn zaman eradan sonra zaman baxımından əvvəldən axıra getməkdə olan trayektoriya üstündədir. Zamanın milada qədər geriyə gəlməsi fəlsəfəsi ən qədim xalqlarda da, özünü bu fəlsəfəyə uyğunlaşdıran xalqlarda da özünü göstərir. M.ö.də era ona görə geri gəlir ki, tarix (təqvim) ilk insanın dünyaya gəldiyi illə götürülür və təbiidir ki, illər geriyə doğru hesablanır. Çünki ilk insandan əvvələ doğru hesablana bilməz. Bu baxımdan çinlilər m.ö. 2397, yəhudilər m.ö. 3761, hindlilər m.ö. 3113, rusiyalılar isə 5509-cu ildən era və təqvimlərini hesablayıblar.
Zamanın bu fəlsəfi gedişatı məhz epik mətndə mətnüstü, mətniçi və mətnaltı informasiyalarda daşınmaqdadır. Elə bu fərqli düşüncə hadisəsi baxımından biz Dədə Qorqud Kitabının eradan öncəyə aid təfəkkür tərzindən gələn arxeepos olduğunu qətiyyətlə söyləyə bilərik. Çünki bu əsərdə zaman eyniçarxlı hərəkətlə geriyə doğru gedir ki, bu da struktur komponent olaraq bu zaman tərzini mətnaltında kod səviyyəsində, mətn üstündə mövzu əhatəsində proyeksiyalan- dırır. Misal üçün, II boyda Qazan xan tərəfindən öldürülən kafir Şöklü Məlik III boyda yenə həyatını yaşayır, III boyda yenə Qazan xan tərəfindən öldürülür, IV boyda yenə həyatda olduğu görünür. Həmin boyun sonunda təzədən Qazan xan tərəfindən öldürülür. Yəni geriyə gedən zaman Qazan xan tərəfindən öldürülmüş Şöklü Məliyin yenidən dirilməsini, sonra yenə ölməsini, sonra yenə dirilməsini və yenə də ölməsini ifadələndirir. Yəni zaman geriyə getdiyinə görə Şöklü Məlik doğumuna qayıdır, təzədən ölməli olur və eyni şəkildə bu bərpa prosesi davam edir. Əlbəttə bu barədə digər qiymətli fikirlər də var ki, bu örnəklərə əhəmiyyətli şəkildə diqqət çəkən S.Rzasoyun tədqiqatlarında özünü göstərir. Tədqiqatçı alimə görə bu proses təkrardan irəli gəlir "Bir mətndəki hadisələr o biri mətndəki hadisələrin davamı, yaxud əvvəli yox, "təkrarıdır". Əlbəttə, biz də bu situativliyi inkar etmir, lakin bunun geriyə qayıdan zamandan irəli gələn dinamik proses və fəlsəfi düşüncə tərzi olmasına aydınlıq gətirməyə çalışırıq. Geriyə qayıdan zaman DQK-də Qazan-Uruz münasibətlərinin kompozisiyasında da eyni formada iştirak edir. II və IV boyda Qazan və onun oğlu Uruzun haqqında geniş bəhs açıldığı halda, XI boyda Qazan Uruzu, Uruz da Qazanı tanımır. Hətta Qazan övladının böyüyüb igid olmasına təəccüb edir. Çünki XI boydan geriyə gələn zaman mətnüstü süjetdə IV boya və II boya dönüş xəttini inikas etdirir. Beləliklə bizim maddi-fiziki qavrayışlarımıza görə davam edən zaman DQK də geriyə doğru hərəkət edir və bu sakral sferaya cazibəni epik mətndə kosmoloji funksiyada təsdiqləyir. Şaquli və üfiqi strukturdan şaxələnib düşüncədə obrazlaşan üçlük türk mifoloji modeli və ritual sferanı təşkil edən toy, soy, boy Oğuz eli təşkilatı ilə bərabər Oğuz fütuhatını şərtləndirən sakral transmissiyada eyni səciyyəni inikas etdirir. Mif və din arasında uyğunluq və təkrarçılıq göründüyü kimi dinin mifdən nə isə götürməsi deyil, əksinə, mifin özünün din olması səbəbindən irəli gəlir.
Dini sistem daxilində mükəmməl inanc qaynağı olan mifin izah olunanla izah olunmayan, açıq olduğu kimi qapalı olan, (təsadüfi deyil ki, təhkiyə üstündə olan dini mövzulu miflər F.Bayatda da "qapalı miflər" hesab olunur) icrasına kütləvi icazə olanla bərabər icrası və daxil oluşu qadağan olan, tabu qoyulan mifin kütləvi-ictimai dəyərlər baxımından tədqiqatlara cəlb olunması bir çox anlaşılmazlığa və dolaşıqlığa səbəb olub. Ən əsası da, mifin dini inanc olması inkar olunduğundan bu məsələlərin üzərinə kölgə salıb. C.Bəydili bu dolaşıqlığı aydınlaşdırmağa çalışması səbəbindən mif və dinin bir-birinə qarşı olmadığı müddəasını irəli sürür: "Miflə dinin qarşı-qarşıya qoyulması mifoloji düşüncə ilə yaşayan bir topluluğun ruh həyatını anlamaq imkanı vermir. Çünki cəmiyyətin inkişafının ilkin çağlarında mif(ologiya) və din bütövlük içərisində olub, bir-birindən ayrılmayacaq şəkildə etnik-mədəni düşüncəyə güc verən enerji qaynağı kimi vəhdət təşkil eşdib".
Fikrimizcə, mifə materialist dünyagörüşü kimi yanaşma onun idealist mahiyyətini şübhə altına almaqda əsas rol oynayıb. İnsanların təbiətin özündən yaranma, qidalanma, uzun bir dialektik mərhələdən sonra insanlaşma və bu mərhələlərdə təbiətdə baş verənləri anlamamaq qorxusundan təbiət ünsürlərini müqəddəsləşdirmə, kultlaşdırma, əcdad fetişləşdirməsi, totemik, zoomofik anlayışlar, ayrı-ayrı maddi ünsürlərin daxilində ruh mövcudluğunun bu səbəbdən axtarılması kimi gülünc iddialar materialist yanaşma təlminin əsassız fərziyələridir. Reallığın materialstlər tərəfindən inkar olunması ciddi etiqad pozğunluğuna və ictimai-fəlsəfi dağıntılara səbəb olmuşdur. Bütün sahələri əhatə edən bu kataklizmlər miflərin araşdırılmasında da acınacaqlı rol oynayıb. Miflərə yanaşmada hətta idealist bayrağı altında materialist metodların işləməsi bir çox anaxronizmləri meydana çıxarıb. Məlumdur ki, mif erkən ibtidai dövrün baxışlar sistemi kimi əsasən iddia olunduğuna görə təbiətin (kosmosun) bir parçası kimi qəbul edilən çoxallahlığa (politeizm), ruhlara (animizm), heyvanlara (totemizm) və digər canlı və cansız əşyalara (fetişizm) pərəstişin əsası olaraq götürülür və bu inamlarla bağlı ən anlaşılmaz hekayələr toplusu olduğu iddia edilir. Mifin inancdan sözə çevrilməsi üçün məlumdur ki, nitq ünsürü dil mənbəyi əsasdır. Yəni sözün meydana çıxması üçün ilkin olaraq dil faktoru vacibdir. Bu baxımdan istər miflərin, istər digər söz nümunələrinin, poetik örnəklərin araşdırılması gərəyindən dilin mənşəyi araşdırma tələb edir. Hansı fikir əsasdır, sözü ifadə edən dil faktına necə yanaşılmalıdır? Bu barədə müxtəlif nəzəri görüşlər irəli sürülmüş və bir-birini inkar edən tezislərin hipotez və antiteza mahiyyəti bu günə qədər mübahisə törətməkdədir. Bu yerdə yenə də iki əsas dünyagörüşü üzərində dayanmaq məcburiyyəti meydana gəlir:
1. İdealist dünyagörüşü;
2. Materialist dünyagörüşü.
Elə ikinci birincidən törəyərək idealist dünyagörüşünün bir hissəsini - materiya haqqındakı realzmini ayrıca götürərərək, idealist baxışın özünə qarşı irəli sürülən, yalnız materiya mövcudluğunu iddia edən təftişçi materialist dünyagörüşü olaraq meydana çıxıb. Bu baxımdan dilin və sözün mənşəyinin araşdırılmasında iki yanaşma tərzi sistemləşib daşınan fikirlərin istiqamətini ortaya qoyur:
a) Dilin (sözün) Ali substansional varlıq (Vahid Allah, Nurül-Ənvar, Vacib Zəruri Varlıq, Transsendent, Mütləq İdeya və s. kimi müxtəlif fəlsəfi cərəyanlarda ifadə olunan Ali yaradıcı Qüvvə) tərəfindən yaradılması;
b) İbtidai insan sürüsü tərəfindən təbii şəkildə qazanılan dil (söz, nitq) faktoru.
Hər iki fikir ətrafında bir çox mülahizə və mübahisə əsassız elmi və qeyri - dəqiq nəticələrə gətirib çıxarmış, lakin aydın və dayanıqlı ümumi elmi rəy formalaşdıra bilməyib. Ən təəccüblüsü də orasındadır ki, idealist-teoloji dünyagörüşünə malik bir sıra tədqiqatçıların da irəli sürdüyü teorilər bir çox hallarda elə yuxarıda işarələdiyimiz "b" təsnifatına uyğun gələn materialist dünyagörüşünə identik olub. Əksinə, aydın məntiqi dünyagörüşünü ifadə edən baxışlar sistemi bunun əksini isbat etməyi tələb edir.
Tarixin ən erkən çağlrında dilin mövcudluğu faktını dilçilik elmi deyil, elə "mif dövrü" daha bariz şəkildə təcəssüm etdirə bilər. Çünki ilkin dövrlərə gedib çıxa bilməyən elm (ən qədim yazı m.ö. 4-cü minilliyə aiddir) mif informasiyasına məntiqi nəticə olaraq möhtacdır. Mifin ölməməsi, şifahi və yazılı mətnlərə adap-tasiya olunaraq onda daşınması şifrələnmiş məlumat bazası olduğunu göstərir. Elə bu baxımdan da Bibliyada göstərilən Babil mifi (dillərin eyni mənşəli olub, sonradan ayrılması) dilin və sözün ilk insan vasitəsilə mü kəmməl şəkildə yer üzünə gəlməsi və sonradan müxtəlif şəkillərə düşməsi gerçəkliyini təsdiq edir. Fikrimizcə, ilk yazı işarələrinin və simvolik ifadələrin meydana gəlməsi məhz Babil hadisəsindən sonrakı dövrlərə düşür.
İnsanlar bir-biri arasında anlayışlı əlaqələri əsasən şəkillər vasitəsilə qurmağa başlamışlar. İnsan kütləsinin çoxalması, müxtəlif ərazilərə yayılması, coğrafi amillərin spesifik təsiri nəticəsində həm dil diferensillaşması, həmçinin inanc dəyişik-liklərinin baş verməsinə baxmayaraq mənfəət əlaqələri üçün insanlar arasında anlaşma ehtiyacı piktoqrafik yazıları meydana çıxarıb. Piktoqrafik yazıdan səs yazısına qədər keçilən yolun əsasında səkil, rəsm dayanır ki, şifahi nitq ilə yazılı nitq arasındakı birləşdirici faktor şəkil fəlsəfəsi olub. Hər söz bir şəkil ilə hesablandığı kimi (piktoqrafiya), hər hərf özü də bir şəkildir (hərfi yazı). Hərf səsin, şəkli yazı isə sözün şəklidir. Bizə görə, mifologiyada əşyaların və şəkillərin ifası ona pərəstiş etməkdən daha çox "anlaşıqlı danışıq vasitəsi" olmuşdur. Elə piktoqrafik yazılar da müəyyən rəmz, simvol olaraq şüurda müəyyən bir situasiya, funksiya və hərəkəti canlandırmaq üçün istifadə olunub. Mixi yazıların, run, qədim türk və yaxud Orxon-Yenisey əlifbasının ərəb və sami xalqlara məxsus əbcəd əlifbasının ( hər hərf bir rəqəm, eyni zamanda müxtəlif rəmzdir) simvolikası bu fikri daha da qüvvətləndirə bilər. Biz bu baxımdan mif simvolikasının ciddi araşdırılmasına ehtiyac hiss edirik. Bu simvolikanın araşdırılması həm qədim dövrün təfəkkür tərzini öyrənməyə, həm də təhrif olunanın mövcudluğunu təsdiq etməyə kömək ola bilər.
Mifik mətnlərdə mövcud olan mövhumi obrazlar sistemi də gerçək mifdən ayrılan epik layların mükəmməl dini sistemdən qopduğunu göstərir. Əgər epik mətn əsasında uydurma və gerçəklik bir-birinə çulğalaşmış şəkildə özünü göstərirsə, obrazların kökündə mövcud olan gerçəkliyi və uydurmanı bir-birindən fərqləndirən spesifiklik də diqqətdən kənarda qala bilməz.
Demonoloji obrazların meydana gəlib, epik mətn hadisəsinə çevrilməsi onların mövcud olmaması anlamını vermir. El ağzında bu gün belə işlək olan cin və ruh haqqındakı hekayətlər bir tərəfdən şüuri-psixi yaşantıdan irəli gələn qarabasma - (hallüsinasiya)lardan törəyirsə, başqa bir tərəfdən gerçək görüntülərdən də qaynaqlanır. Ruhların və cinlərin, ümumiyyətlə, mövhumi varlıqların mövcudluğu bütün dinlərdə ehkam səviyyəsində qəbul olunur. Beləliklə, demonoloji varlıqlara aid olan mifik obrazlar yazılı ədəbiyyatda da demonik obrazlar böyük ədəbi əsərlərin mövzusunun hərəkətverici obrazı olub.

Atif İslamzadə
filologiya üzrə fəlsəfə doktoru