Novruz - yaraniş, oyaniş və yeniləşmə bayrami Mədəniyyət

Novruz - yaraniş,  oyaniş   və  yeniləşmə  bayrami

2-ci yazı

Azərbaycanda "Ölülər bayramı" varmı? Türkiyə mənbələrində yazırlar ki, Şərqi Anadolu və Azərbaycanda Novruz günlərindən biri "Ölülər bayramı" adlanır. O gün qohumların qəbirləri ziyarət edilir, ata-babalar xatırlanır, ruhları üçün dualar oxunur. Doğrudur, ilin axır çərşənbəsində ata-baba ruhunun xatırlanması Azərbaycan Novruzunun əsas törənlərindən biridir. Lakin heç yerdə insanları barışa, dostluğa, xeyir iş görməyə çağıran bayrama "Ölü" adı verilmir. Bir-iki qəzet yazısında guya hansı bölgədəsə yazqabağı mərasimlərdən birinin "Ölü çərşənbəsi" adlandırıldığı qeyd olunsa da, bunu təsdiqləyən elmi dəlil yoxdur.

İlin axır çərşənbəsində nə üçün tonqallar qalanır?

İlin axır çərşənbəsində qalanan tonqalın əcdad kultuna bağlanan bir yozum mövcuddur. Belə ki, nə üçün tonqallar qalanır? - sualına el ağsaqqalları belə cavab verirlər: - Ulu əcdadlarımız hesab edirdilər ki, ildə bir dəfə ölmüş babalarının ruhları öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbəyə düşür. İnsanlar çoxlu odun, çır-çırpı toplayırlar, böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsinlər. Əgər onlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr tapdanıb, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub, qayıdıb gedərlər və bir də o tərəflərə gəlməzlər. Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər. Məhz bu inama görə, İlaxır çərşənbə axşamı tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülürdü. Doğrudan da, dünya xalqlarının çoxunda özünə yer almış tonqal qalama, ətrafında ayinlər keçirmə bütün hallarda gün batandan sonra başlanır.

Kosanı oyun çıxarmağa nə vadar edir?

Novruz bayramının qədimliyini şərtləndirən ən mühüm cəhət Kosa-Keçi və Qodu-Qodu oyun-tamaşalarıdır. Ulu əcdad təbiəti həmişə insan və heyvanlarla müqayisədə təqdim etmişdir. Qışın soyuqluğunu kosa, çisi, buludu, dumanı keçəl qız, yazı keçi kimi obrazlaşdırmışdır. Günəşi çağırma mərasimində oxuyurdular ki:

Gün çıx, gün çıx,
Kəhər atı min çıx...

Bütün varlıqların yaradıcısı Günəşin keçəl qızı bulud, duman, saçlı qızı isə onun şüalarıdır.
Yumurta boyamaq, yaxud bayramın rəngləri. Yumurta – törənişinin, təbiətin oyanmasının, həyatın təzələnməsinin, cansızın canlanmasının simvoludur. Yumurtaları boyamaq və onları döyüşdürmək ənənəsi çox əski çağlardan qalıb. Adətən yumurtaların boyanmasında və Novruz xonçasının hazırlanmasında yeddi rəngdən istifadə edirdilər. Bu rənglərin hər birinin türk tarixində öz mənası və yeri var.

Türkün rənglər dünyası

Əski türklərdə Dünyanın dörd istiqamətinin hər biri bir rənglə əlaqələndirilib: Quzey (şimal) - qara, güney (cənub) - qızıl, doğu (şərq) - göy, batı (qərb) - ağ. Coğrafi adlarda da rəng simvolikasına rast gəlirik: Qara dəniz, Ağ dəniz, Qısıl dəniz, Göy göl, Göygə gölü, Qaradağ, Qarabağ. Eləcə də türk soylarının adında rənglərdən istifadə edilirdi: Ağ Hunlar, Boz Hunlar, Göy Türklər, Ağ Orda, Qara Orda, Ağqoyunlu, Qaraqoyunlu. Ümumilikdə götürəndə türklərin önəm verdikləri rənglər bunlardır: ağ, qara, boz, qızıl (qırmızı, al), göy (mavi), yaşıl, sarı. Novruz xonçasında (yeddi löyün nemətlər və yeddi rənglı yumurtalar) bu rənglərin hər birindən gen-bol işlənilir.

Su, Od, Torpaq və Yel çərşənbələri - həqiqət, yoxsa uydurma?

Ötən əsrin 80-ci illərindən başlayaraq yazqabağı mərasimlər silsiləsindən – ilaxır çərşənbələrdən geniş bəhs olunur və bayramın xalq arasında xüsusi təntənə ilə qeyd olunan axır çərşənbəsinə daha üç çərşənbə də artırılır. Bu barədə çoxsaylı yazıların ümumi qayəsi budur ki, Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar su, od, torpaq və yel çərşənbələridir. Sonuncu həm də İlaxır çərşənbə adlanır. Guya su çərşənbəsində su mənbələri təmizlənir və təzələnir. İkinci çərşənbənin odla əlaqələndirilməsi də əbəs yerə deyil. O, günəşin hərarətinin artması ilə izah olunur. Üçüncü çərşənbədə torpaq oyanır. İlaxır çərşənbədə isə küləyin köməyi ilə bütün varlıqlar canlanır, ağaclar tumurcuqlayır. Sonuncu iki çərşənbənin Yel, sonra Torpaq ardıcıllığı ilə sıralanmasını deyənlər də var. Çərşənbələrdə, xüsusən də İlaxır çərşənbəsində, eyni zamanda bayram günündə hava qaralana yaxın tonqal qalanar, hər kəs onun üzərindən tullanar. Bu sözləri söyləyərlər: "Ağırlığım, burda qalsın!", "Dərdim, bəlam odda yansın". İnanca görə, odun üzərindən tullandıqdan və həmin sözlər deyildikdən sonra onlar köhnə ilin bəlalarından, xəstəliklərindən qurtulur, yeni ilə paklanmış, təmizlənmiş, sağlam olaraq gedirlər.
Sovet dönəmində Novruz bayramına dini don geydirilərək keçirilməsinə qadağa qoyulsa da, xalq həmişə ilin axır çərşənbəsini və yazın gəlişini böyük təntənə ilə bayram edirdi.
Məhz 1980-ci illərin ikinci yarısında Novruzun üzərindən qadağa rəsmi şəkildə götürüldü. Mərhum A.Nəbiyevlə birlikdə dünyanın yaranmasında iştirak edən dörd ünsürlə (su, od, torpaq, yel) bağlı qədim inancları, atalar sözü və məsəlləri toplayıb ilk dəfə 1987-ci ilin fevral ayından başlayaraq hər çərşənbə günü "Kommunist" qəzetində su, od, torpaq və yelə aid çoxlu materiallar çap etdirdik. Bu təşəbbüs gözləmədiyimiz maraqla qarşılandı, o vaxtdan çərşənbələri ünsürlərlə bağlı qeyd etmək ənənə halını aldı. 1988-ci ildə "Əzəl çərşənbələr" adında bir toplu da buraxıldı. Bundan sonra hər il Novruzla bərabər dörd çərşənbə də bu adlarla qeyd olunmağa başladı.
Azərbaycanda Müqəddəs İlaxır çərşənbələr adı ilə keçirilən mərasimlər barədə yazılı məlumata ilk olaraq XIX yüzilliyin yetmişinci illərində işıq üzü görən ilk Azərbaycan qəzeti "Əkinçi"də rast gəlirik. Lakin sovet imperiyası dövründə xalqın bir sıra qədim adət-ənənəsinə dini don geydirib yaddaşlardan silməyə cəhd edildiyi üçün İlaxır çərşənbələr də folklorşünasların və etnoqrafların diqqətindən kənarda qalıb. Bu gün isə Novruz mərasimləri ümümxalq bayramına çevrilib. İlaxır çərşənbələrlə bağlı mülahizələrdə əsas ünsürlərlə əlaqələndirilən həftələrin ardıcıllığı, düzümü, mahiyyəti və məramı şərh olunur. Novruz bayramının mənşəyini əsasən zərdüştlüklə bağlayan tədqiqatçıların fikrinə görə, çərşənbələrdən birinci torpaq, ikinci yel, üçüncü su, sonuncu oddur. Onlar qənaətlərini belə əsaslandırırlar ki, "Novruzun birinci həftəsi torpaq ayılır. Otlar qalxır, ağaclar yaşıllanır, adamlar çöl işlərinə başlayırlar. İkinci həftə yel ayılır, külək əsir, ağaclar çiçəkləyir. Üçüncü həftə su ayılır, adamlar suyun üstündən tullanıb aydınlığa çıxırlar. Dördüncü həftədə od ayılır. Adamlar qışdan qalan ağırlığı, xəstəliyi od üstünə tökürlər, üstündən tullanıb yüngülləşirlər".
Novruzun kökünün çox dərin qatlarda dayandığı, ulu əcdadımızın təbiətdəki dəyişikləri sezdiyi, təqvim düzümünün ardıcıllığını anlamağa başladığı çağlarla səsləşdiyi açıq-aydın görünür. Ancaq çərşənbələrin növbələşməsi ilə bağlı şərhlərdə bir qədər fərqli məqamlar nəzərə çarpır. Əgər Novruzdan dörd həftə çıxsaq, onda əzəl çərşənbə qışın şaxtalı çağına düşür. Torpağın oyanması, üstəlik də qarın altındakı otların cücərməsi, ağacların yarpaqlaması inandırıcı deyil. İkinci çərşənbədə ağacların çiçəkləməsi də yerinə düşmür. Çünki hələ qabaqda dəli mart gəlir...

"Ey türk milləti, torpağına sahib çıx!.."

Bu çağırış qədim türk dastanı "Ərgənəkon"dan götürülüb. Ulu əcdadlarımızın söylədiyinə görə, türklər bir zamanlar düşmən tərəfindən hiylə ilə yenildiklərindən böyük itki verərək doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və keçilməz dağlarla əhatələnmiş bir ovalığa sığınmışdılar.
Türklərin yerləşdikləri həmin ölkədə axar sular, qaynaqlar, ovlaqlar, bulaqlar, cürbəcür bitkilər, dadlı meyvələr vardı. Belə yeri görüncə, onlar Allaha şükür etdilər. Qışda heyvanların ətini yedilər, dərisini geyindilər, yazda südünü içdilər. Bu ölkəyə Ərgənəkon dedilər. Zaman keçdi, çağlar axdı, türk nəsilləri o qədər artdı ki, Ərgənəkona sığmadılar. Dörd yüz ildən sonra çarə tapmaq üçün qurultay topladılar. Dedilər: "Atalarımızdan eşitdik, Ərgənəkonun dışında geniş ormanlar, gözəl ölkələr var. Bizim yurdumuz da əskidən o yerlər imiş. Dağların arasını araşdırıb yol tapaq, köçüb gedək. Ərgənəkondan kənarda kim bizə dost olsa, biz də onunla dost olaq, kim bizə düşmən olsa, biz də ona düşmən olaq".
Türklər qurultayın qərarına əsasən Ərgənəkondan çıxmaq üçün yol aradılar, tapmadılar. O zaman bir dəmirçi dedi ki: "Dağda bir dəmir mədəni var. Dəmiri əritsək, bəlkə dağ bizə keçid verər". Gedib dəmir mədənini gördülər. Dağın geniş yerinə bir qat odun, bir qat kömür dizdilər. Dağın altını, üstünü, yanını, yönünü odun-kömürlə doldurdular. Yetmiş dəridən yetmiş böyük körük düzəldib yetmiş yerə qoydular. Odun-kömürü odlayıb körüklədilər. Allahın yardımıyla dəmir dağ əridi, yer açıldı. Bir yüklü dəvə çıxacaq qədər yol əmələ gəldi. Sonra göy yellikli bir Bozqurd çıxdı ortaya; haradan gəldiyi bilinmədi. Bozqurd gəldi, Türkün önündə dikilib durdu. Hər kəs anladı ki, yolu o göstərəcək. Bozqurd yürüdü; ardından da Türk milləti irəlilədi. Və Türklər Bozqurdun öndərliyi ilə o müqəddəs ilin müqəddəs ayının müqəddəs günündə - Ocaq ayının 21-də Ərgənəkondan çıxdılar.
Türklər o günü, o saatı əbədi yadda saxladılar. Bu müqəddəs gün Türklərin bayramına çevrildi. Hər il o gün böyük törən düzəltdirlər. Bir parça dəmiri atəşdə qızdırdılar. Bu dəmiri öncə Türk xaqanı qısqacla tutub zindana qoyur, çəkiclə döyürdü. Sonra şöhrətli Türk bəyləri bir-bir gəlib eyni işi yerinə yetirərək təntənəni davam etdirirdilər.
Novruz – törəyiş, yaranış, oyanış, yeniləşmə bayramı olaraq dərin köklərə söykənən qədim ənənələri üzə çıxarır və Türkün yenilməzliyini, birliyini, işığa, xeyirə meylliliyini bütün dünyaya bir daha əyani şəkildə nümayiş etdirir.

Ramazan QAFARLI
filologiya üzrə elmlər doktoru, professor