“Dünyaya gəldim mən Azərbaycanda...” Mədəniyyət

“Dünyaya gəldim mən Azərbaycanda...”

Maqsud Şeyxzadə - müasir özbək ədəbiyyatında fəlsəfi-siyasi şeirin və dramaturgiyanın nümayəndələrindən biri

2-ci yazı

Maraqlı haldır ki, tarixin qəhrəmanlıq səhifələrində özünə yer tapmış bu məlum hadisənin əfsanəvi qəhrəmanlarının 9 nəfəri türk oğulları olublar. Poema Vətən sevgisi, mərdlik, qorxmazlıq və s. cəhətlər aşılamaq baxımından böyük əhəmiyyətə malikdir.

“Jenya” poeması da düşmənlərə qarşı mübarizə meydanına atılan və faşistlər tərəfindən öldürülən gənc vətənpərvər Yevgeni Popovun qəhrəmanlıqlarını əks etdirir. Şair poemada 7-ci sinfə yenicə qədəm qoymuş bu 14 yaşlı məktəblinin düşmənə qəzəbinin səbəbini açır, vətən deyərək can verən bu qəhrəmanın xalqına, elinə, torpağına möhkəm tellərlə bağlı olduğunu göstərmiş olur.

M.Şeyxzadə “Üçüncü oğul” əsərində həm müharibənin ağrı-acılarından, şəhərlərin, kəndlərin xarabazara çevrilməsindən, uşaqların ata-anasız qalmasından və s. söhbət açır, həm də keçmiş Sovet məka-nında xalqlar dostluğunun böyük əhəmiyyətindən danışır. Əsərin əsas mərkəzi obrazı Kolyadır. O, faşistlərin Ukraynaya hücumları zamanı anasını itirmiş bir uşaqdır. Müharibə vaxtı kimsəsiz uşaq kimi Özbəkistana gətirilən Kolya Nasir əkənin himayəsinə verilir. Nasir öz iki oğlu ilə bərabər Kolyanın təlim-tərbiyəsi ilə məşğul olur. Onu öz övladlarından fərqləndirmir. Burada Kolyanı Kamil deyə çağırırlar. O, ailənin üçüncü oğlu kimi böyüyür. Müəllif əsərdə Ukrayna-Özbəkistan qardaşlıq və dostluğunun əbədiliyi və sarsılmazlığından söhbət açarkən, əslində bütün xalqların dostluğunu təbliğ edib.

“Daşkəndnamə” (1957) poeması lirik-fəlsəfi əsərdir. Poema şairin yüksək vətənpərvərlik duyğularını özündə əks etdirən ciddi sənət nümunəsidir. Əsər vahid süjet xətti ətrafında qələmə alınmamışdır. Burada Daşkəndin keçmişi, bu günü, gələcəyi ilə bağlı məsələlər, tərcümeyi-hal faktları, ictimai-siyasi hadisələrə münasibət özünə yer tapıb. Lakin təsvir olunanlar əsərin baş qəhrəmanı kimi səciyyələndirilən Daşkənd, daşkəndlilər və şair obrazı ilə müəyyən mənada əlaqələndirilərək, təsvir və tərənnümün asan, həm də bəzi ardıcıllığını təmin etmiş olur.

İlk növbədə, M.Şeyxzadə Daşkənd şəhərinin bədii obrazını yaradır, bu şəhəri mədh edir. 18 fəsildən ibarət olan “Daşkəndnamə” poeması bir şəhərin simasında böyük bir xalqın tarixi keçmişinin və bu gününün həqiqətlərini açıb göstərir, şairin vətən qarşısında borcunu, ona qarşı olan sevgisini müəyyənləşdirir:

Vətən ürəyimdə yaşayan bir səs,

Vətənin mənası ulu, müqəddəs!..

Ürəklər ulduzdur, vətən kainat,

Vətəndir yaşamaq, vətəndir həyat.

Ona görə də şair konkret mənada özünün düşüncələrini Daşkəndin simasında belə açıqlayır:

Daşkənd bir romandır, Daşkənd öz anam,

Mən də bu romanın qəhrəmanıyam.

Maqsud Şeyxzadə dramaturgiya sahəsində uğurlar qazanmış sənətkarlardandır. Onun “Cəlaləddin Mənquberdi” (1944) və “Mirzə Uluğ- bəy” (1960) faciələri müasir özbək dramaturgiyasının ən şöhrətli əsərləridir.

“Cəlaləddin Mənquberdi” dörd pərdəli bir faciədir. Əsərin mövzusu XIII əsrdə baş vermiş tarixi hadisələrdən götürülmüşdür. Düzdür, hadisələr tarixdən götürülsə də, məqsəd tarixi hadisələr fonunda Böyük Vətən müharibəsi illərində xalqları qəhrəmanlığa ruhlandırmaq olub. Ona görə dramaturq məhz özbək xalqının qəhrəmanlıq dolu tarixinə müraciət edib.

Əsərin baş qəhrəmanı Cəlaləddin Mənquberdidir. O, Soltan Məhəmməd Əlaəddin Xarəzmşahın oğludur. Faciənin əvvəlində göstərilir ki, Xarəzmşah öz sarayında eyş-işrətlə məşğul olarkən monqol hakimi Çingiz xandan namə alır. Elçinin gətirdiyi namədə ölkənin təslim olması tələb olunur. Xarəzmşah Çingiz xanın elçilərinə rədd cavabı versə də, ölkədə müdafiə işlərini qura bilmir, buna görə oğlu Cəlaləddin ilə aralarında ziddiyyət yaranır. Xarəzmşah öz oğlunu vəliəhdlikdən məhrum edir.Cəlaləddin isə taxt-tac üçün yox, ölkənin müdafiəsi üçün mübarizəyə qalxır. Lakin o, apardığı mübarizədə xəyanətlər məngənəsində daim əzilir. Əzilsə də qürurunu əymir. Bu yolda bacısı Soltanbəyim, Elbars pəhləvan, anası və bir çoxlarının onunla birləşməsi Cəlaləddinin döyüş meydanında etibarlı arxasının olmasından xəbər verir. Buna görə də əsərin sonunda Cəlaləddin canından da artıq sevdiyi vətəninin gələcək zəfəri naminə döyüşlərə atılmaq ümidi ilə meydanı tərk edir.

Beş pərdəli “Mirzə Uluğbəy” faciəsi M.Şeyxzadə yaradıcılığının şah əsəridir. Əvvəlki faciə kimi bu əsər də tarixi mövzuya həsr edilmişdir. “Mirzə Uluğbəy” faciəsi XV əsr tarixi həqiqətlərinin bütün mürəkkəblik və ziddiyyətlərini göstərməkdə əhəmiyyətli yer tutmuşdur. Mirzə Uluğbəy faciənin mərkəzi, həm də baş obrazıdır.

Qeyd edək ki, Mirzə Uluğbəy tarixi şəxsiyyətdir. O, Əmir Teymurun nəvəsidir. 1394-cü ildə anadan olub və 1450-ci ildə 56 yaşında ikən oğlu tərəfindən qətlə yetirilib. Mirzə Uluğbəy əvvəlcə Səmərqənd, 1446-1450-ci illərdə isə bütün ətraf əyalətlərin də hakimi olub. Hakimiyyətdə olduğu vaxt elmin, mədəniyyətin, incəsənətin inkişafına qayğı göstərib, Səmərqənd şəhərində mədrəsə və rəsədxanalar tikdirib. Onun tikdirdiyi binaların bir çoxu indi də mövcuddur. Mirzə Uluğbəy XV əsrdə yaşamış ən məşhur özbək alimidir. O, yazmış olduğu “Zeyci Uluğbəy” əsərinə görə təkcə Özbəkistanda yox, bütün Şərq ölkələrində şöhrət qazanıb.

M.Şeyxzadə tarixi həqiqətlərə sadiqlik nümayiş etdirərək “Mirzə Uluğbəy” faciəsində Uluğbəy dövrünün xarakter xüsusiyyətlərini özünəməxsus tərzdə əks etdirməyə nail olub. Müəllif öz qəhrə-manına iki aspektdən yanaşıb. O, həm şair, həm də dövlət başçısı, hakim timsalında göstərilir. O, elmi, sənəti hakimlikdən, səltənət sahibliyindən üstün tutur. Buna görə də biz əsərdə onu daha çox elm və mədəniyyət işlərinə məşğul olmağa çalışan şəxs kimi görürük. Müəllif faciənin ilk pərdəsindən başlayaraq, keşikçilərin və ölkəyə gəlmiş qonaqların danışıqlarında əyalətin elmi və mədəni baxımından inkişafından söhbət açır. Lakin sonrakı pərdələrdə hadisələr ziddiyyətə doğru inkişaf etməyə başlayır. Belə demək mümkünsə, elmi, mədəni proses siyasi proses və gərginliklərin “kölgəsində” qalmağa başlayır.

Faciə iştirakçıları iki qrupda təmsil olunurlar. Mirzə Uluğbəyin tərəfdarları mütərəqqi planda əks etdirilirlər. Əli Quşçu, Səkkaki, Şeyxülislam Bürhanəddin, Firuzə, Ata Murad, mədrəsə tələbələri və s. adamlar bu qrupun təmsilçiləridirlər. Mühafizəkar, hakimiyyət hərisi və mənsəbpərəst qrupa isə adları nifrətlə yad olunan Uluğbəyin oğlu Əbdüllətif, Seyid Abid, Abbas, Buraq bəy və b. daxildir. Bu obrazlar öz məqsədlərinə çatmaq üçün ardıcıl, açıq eyni zamanda, amansız mübarizə yolu seçirlər. Demək olar ki, bu cəbhədə birləşənlərin hər biri son ana qədər öz fikrindən dönmür, günahsız, zəhmətkeş adamların qanlarını tökməkdən belə çəkinmirlər. Əsərin sonunda onlar hakimiyyəti ələ keçirsələr də, işıqlı şəxsiyyət olan Mirzə Uluğbəyi öldürsələr də müəllif bu faciənin timsalında ədalətsizliyə, haqsızlığa, zülmə, elmsizliyə qarşı özünün kəskin nifrətini bildirib.

Mirzə Uluğbəy qan tökməmək naminə hakimiyyəti müəyyən şərtlərlə təhvil verməyə məcbur olur. Qeyd etdiyimiz kimi hakimiyyət onun üçün mənsəb, var-dövlət mənbəyi yox, xalqa xeyir vermək, dövləti ədalətlə idarə etməkdir. Ona görə də o, hakimiyyəti təhvil verdikdən sonra dostu Ata Murada belə deyir:

Əgər ki, tac itirdimsə, azadlıq tapdım,

Dedim gəlim, sənə deyim səfər qabağı.

Və yaxud onun gələcəyə olan yüksək inamının ifadəsi kimi səslənən aşağıdakı fikirləri də maraq doğurur:

Mən gedərəm, qəlbim qalar doğma ölkəmdə,

Xatırlayar neçə oba, neçə kənd məni.

Amma şayəd Səmərqəndi mən görməsəm də,

Deyirəm ki, görər yəqin Səmərqənd məni.

M.Şeyxzadənin “Mirzə Uluğbəy” faciəsi tarixi olmaqla, həm də fəlsəfi faciədir. Faciə sənətkarlıq baxımından olduqca yüksəkdir. Əsərdə dramatizm, xarakterlərin təqdimi, monoloqlar və s. çox canlı və təsirli tərzdədir. Özbək ədəbiyyatşünasları olan Saydulla Mirzəyev və Səid Şeirməhəmmədov M.Şeyxzadənin “Mirzə Uluğbəy” faciəsini yazarkən Şekspir yaradıcılığından təsirləndiyini qeyd edirlər.

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor