Türk poeziyasında ağacla bağlı inamlar Mədəniyyət

Türk poeziyasında ağacla bağlı inamlar

200 illik hicranın millətə gətirdiyi dərd Araz çayı haqqında rəvayətlər, şeirlər, bayatıların yaranmasına səbəb oldu

II yazı

Məmməd Arazın yaradıcılığını izlədikcə onun təbiətə, xüsusilə də Ağaca olan sevgisi daha dərindən hiss edilir. Şairin həyat yoldaşı Gülxanım Fətəliqızı ilə söhbətimizdə Məmməd Arazın ağac sevgisindən danışırdıq. Söhbətin bu yerində Gülxanım müəllimə belə bir xatirə söylədi: "Bir dəfə Məmməd yenə yazırdı. Soruşdum ki, nədir, olmaya poema yazırsan? Dedi:- Yox, Gülxanım, poema deyil, şeirdi. Ancaq, bilirsən, "Kitabi-Dədə Qorqudda" bir ağac söhbəti var, neçə müddətdi məni narahat edir. Dədəm Qorqud ağaca müqəddəs varlıq kimi baxıb. Mən də elə düşünürəm, bu şeirdə ağac məsələsini əsas götürmüşəm. Dastanda ağac məsələsinə tədqiqatçılar çox da fikir vermirlər. Bu, çox ciddi məsələdi".
Gülxanım Fətəliqızı danışdıqca şairin nurlu siması gözlərimizin önündə canlanırdı. Aydın olurdu ki, "Kitabi-Dədə Qorqud" dastanındakı hadisələr, ağacla bağlı inamlar
şairin milli, tarixi, poetik düşüncəsinin formalaşmasında böyük rol oynayıb. Təsadüfü deyil ki, şair bir çox şeirlərində "Kitabi-Dədə Qorqud" dastanlarının qəhrəmanlarını xatırlayıb, onların igidliklərini, yüksək əxlaqi keyfiyyətlərini oxucuya milli-mənəvi dəyər kimi aşılamaq istəyib. Qeyd etmək lazımdır ki, Məmməd Arazın ömrünün son illərində yazdığı, lakin, çatdırıb çap edə bilmədiyi "Dədəm Qorqud səsləməsi" adlanan həmin əsər iki hissədən ibarətdir: Səsləmə; Adın Ağac.
Əsəri həcminə, obrazların rəngarəngliyinə, gündəmə qaldırılan qlobal məsələlərin aktuallığına, poetik yükünün çəkisinə görə poema da adlandırmaq olar. Əsər Dədə Qorquda müraciətlə yazılıb. Şairin öz ifadəsindən aydın olur ki, Dədə Qorqudun alqışları, səsləmələri əbədi olaraq yaşamaqdadır. Dastanda ağacla bağlı söyləmələr, dualar əsas leytmotivlərdən biridir. Demək olar ki, dastanın bütün boylarında ağac haqqında dualara, alqışlara rast gəlinir. Bu alqışlar əsasən bir-birini təkrar etməkdədir. Buna baxmayaraq hər dəfə "Kölgəlicə qaba ağacın kəsilməsin!" alqışı sanki yenidən doğulan körpənin gələcəyini stimullaşdıran amilə çevrilməkdədir.
"Salur Qazanın evinin yağmalandığı boy"da ağaca olan inam, məhəbbət isə daha qabarıq şəkildə verilib. Ağac kultuna aid edilən mifik elementlərə, həmçinin "Məlik Məmməd", "Tapdıq" və s. nağıllarda da rast gəlmək olur. Ağac kultu mifoloji strukturda əsas yer tutan atributlardan biridir. Ağac obrazı türk mifologiyasında yerlə göy, insanla Tanrı arasında rabitə yaradan əlaqə vasitəsidir. Məhz Məmməd Araz da bu aspektdən çıxış edərək ağaca olan sevgini bütün zamanlar üçün keçərli olduğuna oxucunu inandırmağa çalışıb. Eyni zamanda şair təəssüflənir ki, son zamanlarda təbiətə qarşı bir amansızlıq başlayıb. Ağaclar kütləvi surətdə məhv edilir, meşələr qırılır, nadir ağacların nəsli kəsilmək üzrədir. İnsanların ağacları məhv etməsi müasir dövrün bəlası kimi bağışlanılmazdır:

Ağacı əcəl yıxmır,
İnsan yıxır.
Ağacı insan öldürür.

Təbiətin fəryadını keçmişə, gələcəyə hayqıran şair Dədə Qorquda üz tuturaq, nahaq işlərin haqq adıyla qanuniləşdirilməsinin, təbiətin məhvinə müxtəlif don geyindirilməsinin yolverilməz olduğunu insanlara çatdırmaq istəyirdi. Axı ağacların məhv edilməsi, həm də quşların öz yuvasından didərgin düşməsi, çayların məcrasını dəyişməsi və bütövlükdə fəlakətlərlə nəticələnirdi:

Dədəm Qorqud!
İnsan yedi təbiəti,
Özünü yeyə-yeyə.
Quşları qovdu yuvasından,
Çayları dartıb aramla,
Çıxarıb məcrasından.

Qoşa-qoşa doğranan zeytun, palıd, narbənd, sərv ağaclarını görən şair təbiətə ağı deyib yas saxlayır, nalə çəkirdi:

Vay, zeytunlarım, vay,
Vay, palıdlarım, vay.
Vay, narbəndlərim, vay,
Ardıclarım, sərvlərim, vay.

Hazırda Azərbaycanda şam, çinar və ardıc ağaclarına inam və tapınma ənənəsi bölgələrimizdə davam edir. Məsələn, Naxçıvan MR-da çinar, narbənd, ardıc ağaclarına xüsusi qayğıyla yanaşırlar, əhd edənlər bu müqəddəs ağacların budaqlarına nəzir deyib yaylıq, parça kəsikləri bağlayırlar. Anam Məmmədova Məleykə Bağır qızından (1912-1998) çinar ağacı haqqında eşitdiyim əfsanəni oxucuların diqqətinə çatdırmağı məqsədəmüvafiq hesab edirəm (Anam bu əfsanəni əmisi Əhmədov Məsum Kərbəlayi Əhməd oğlundan (1878-1980) eşidib). Belə nağıl edirlər ki, Zəkəriyyə peyğəmbər Allahın əmri ilə Allahın əsl, həqiqi dinini təbliğ edir, çoxallahlığın hökm sürdüyü bir dövrdə Allahın vahidliyi haqqında, Allahdan başqa tanrıların olmadığı haqqında fikirlər söyləyirdi. Oyuncaq tanrılara tapınan kütlə Zəkəriyyə peyğəmbərə qarşı çıxır, onu öldürmək qərarına gəlirlər. Düşmən kütlənin amansız qərarından məlumatlandırılan Zəkəriyyə peyğəmbər çinar ağacının koğuşunda gizlənir. Peyğəmbərin düşmənləri ağacın gövdəsini kəsirlər, mişar Zəkəriyyə peyğəmbərin ayağına toxunub yaralayır və ağacın gövdəsindən qan axır. O vaxtdan Çinar ağacını kəsmək, yandırmaq günah sayılır...
Bütün bunlara baxmayaraq ağaclar kütləvi şəkildə kəsilir, meşələr məhv edilir.
Təbiətə qarşı bu qədər amansızlığı şair əsərin sonunda insanın özünə qarşı bir amansızlıq olduğunu xatırlatmaqla bitirirdi. Şair göstərirdi ki, ağacı, təbiəti məhv edən insan özünün məhvinə imza atır. Yaş ağacın kəsilməsi insan başının kəsilməsinə oxşayır, ağaclar da insan kimi ağlayırlar. Ağaclar insanların qoşa biləyidir, onları qorumaq lazımdır:

Baş kəsməyin,
Ağacları yaş kəsməyin.
İnsanın qoşa biləyidi ağaclar!

"Dədəm Qorqud səsləməsi" şeiri bütövlükdə qlobal ekoloji problemlərin yaşandığı bir zamanda insanlığa, bəşəriyyətə çağırışdır. Əsərin mərkəzi surəti ağac insanla vəhdətdə bəşərin dünəni, bu günü, sabahı kimi mənalandırılıb.
Görkəmli folklorşünas alim, mərhum professor Yaşar Qarayev Vaqif Yusiflinin "Məmməd Araz dünyası" kitabına yazdığı "Yaddaş poeziyası" ön sözündə belə bir fikir işlədir: "Əsl, həqiqi, böyük poeziya - ümumbəşəri yaddaşdır. Məncə, Məmməd Araz şeiri də düşüncədə, əxlaqda və qeyrətdə yaddaşın ifadəsidir. Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və yaralı sahillərindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü də tarixdən və təbiətdən, ana dilindən, bayatılardan, folklordan axan bir Araza döndü - Məmməd Araza!"
Azərbaycan mifoloji dünyagörüşündə su ilkin yaradılışın əsası olaraq şərtləndirilən elementlərdən sayılıb. Məmməd Arazın "Atamın kitabı" poemasında "Su ilə söhbət", "Su üstündə bayatı" fəsilləri də ilkin mifoloji hadisə kimi su ilə bağlı müəllifin orijinal, eyni zamanda ənənəvi fikirlərindən ibarətdir. Ancaq şair su mifoloji obrazını daha çox Araz obrazı ilə birləşdirərək əsərlərində bu haqda geniş danışıb. Xatırladaq ki, şairin poeziyasında Araz obrazı ən uca zirvədə yer alır. Araz Azərbaycanda çaydır. Dünyanın Arazdan böyük, sulu çayları çoxdur. Haqqında mahnılar, rəvayətlər yazılmış çaylar da var. Ancaq Araz çayı qədər haqqında poetik nümunələr yaradılmış çaya rast gəlmək mümkün deyil. Yaqut əl-Həməvi (1179-1229) də Mudjam əl-buldan (Ölkələrin adlı siyahısı) əsərində Ər-Rəss (Araz-N.M.) çayının adıyla bağlı vilayətin adının Quranda Allah tərəfindən xatırlandığını qeyd edib.
Akademik Ziya Bünyadovun tərcüməsində Yaqut əl-Həməvinin Araz haqqındakı aşağıdakı fikrini əhəmiyyətli hesab edirik: "Ər-Rəss Azərbaycanda çaydır. Azərbaycan sərhədlərinin biri bu çaydır. Deyirlər ki, Arranda, Ər-Rəss vadilərində minlərlə şəhər var idi. Bu çay başlanğıcını Kəlikəlidən götürüb Arran ərazisi ilə axır". Göründüyü kimi orta əsrlərdə Araz çayı haqqında formalaşmış mülahizələr diqqət çəkicidir.
Filologiya elmləri namizədi, mərhum Əbülfəz Hüseyninin "Sovet Naxçıvanı" qəzetinin 30 yanvar 1986-cı il tarixli 25 saylı nömrəsində çap edilmiş "Xalqımızın mənlik heykəli" adlı məqaləsində oxuyuruq: "Gəmiqaya"da yer xəritələri, hər hansı bir sahə, ölkə, çay və ayrıca Araz çayının xəritəsi müşahidə edilir. Biz həmin xəritənin yanında qədim runi hərfləri ilə Arazın qədim adlarından "Oğuz" sözünü oxuya bildik".
Bu müqəddəs çay haqqında Yaqut əl-Həməvi daha sonra yazırdı: "Ər-Rəss möcüzəli çaydır, burada çoxlu müxtəlif növ balıqlar üzür. Təsdiq edirlər ki, hər ay burada əvvəllər olmamış yeni balıq növləri peyda olur. "Sürməhi" növlü balıq ancaq bu çayda ildə bir dəfə müəyyən bir vaxtda peyda olur".
Xalq yaradıcılığında, folklor nümunələrində də Araz mövzusu yetərincə işlənib. Araz ilk növbədə su mənbəyidir, su isə ilkin yaşayışın, həyatın başlanğıcı olduğuna görə müqəddəsdir. Ona görə də xalqımız həmişə Araza müraciət edib, Arazdan kömək diləyib. Görünür, bu səbəblərdən də Arazdan dilək istəmək batindən gələn ilahi təlqinlər vasitəsilə səadət axtarışı, səyyahların kəhkəşanları izləməklə məğribdən məşriqə istiqaməti müəyyənləşdirməsi qədər müdhişdir:

Araz, Araz, xan Araz,
Can sənə qurban, Araz.
Ürəyimin dərdinin
Məlhəmisən, sən Araz.

Araz çayının qismətinə bir Vətəni, bir torpağı, bir eli ikiyə ayırmaq düşdü. 1813-cü ildə Rusiyanın Azərbaycanın şimalını işğal etməsi ilə başlanan bu "qismət" Araz çayının dərdinə çevrildi, bir nisgilə, bir ağrıya dönüb Azərbaycan türklərinin yaxasından asıldı. İki yüz illik hicranın millətə gətirdiyi dərd Araz çayı haqqında çoxlu rəvayətlər, şeirlər, bayatıların yaranmasına səbəb oldu. Təbii ki, bu ağrı Araz adında rəmzləşdirilərək dərd, ələm, ayrılıq əlaməti kimi təsvir edilirdi. Aşağıda verilən bayatı nümunələrində bu dərdin izləri açıq görünməkdədir:

Araz, Araz, xan Araz,
Dağlardan axan Araz.
Yardan bir xəbər gətir,
Evimi yıxan Araz.

Araz sahilində dünyaya göz açan şairin uşaqlıqdan eşitdiyi, duyduğu, hətta ağrı-acısını yaşadığı bu nisgil, bu qəm Məmməd Arazın ürəyində ağrı ilə bərabər doğulmuş poetik misralara, əzabla, göz yaşı ilə yoğrulmuş beytlərə, qanla suvarılmış şeir nümunələrinə çevrilib yazılır, dərd daşıya bilən insanların dərdinin təcəssümü olurdu. Şair "Arazın nəğməsi" şeirində yazırdı:

Sən canlı tarixsən doğrudan, Araz,
Səsində min ildən qəm-qubar qalıb.
Sinəndə dil açan bu yanıqlı saz,
Ulu babalardan yadigar qalıb.

Araz axır, fəslin müxtəlif vaxtlarında gah səsli-küylü, gah da lal-dinməz olurdu. Şair Arazın səsini babalardan yadigar qalan sazın səsinə bənzədirdi...

Nizami Muradoğlu,
şair-publisist