Orta çağ Azərbaycan bədii nəsri Mədəniyyət

Orta çağ Azərbaycan bədii nəsri

Anadilli ədəbiyyatımızın ayrılmaz qolunu təşkil edən bədii nəsr uzun bir inkişaf yolu keçsə də, "Kitabi-Dədə Qorqud" dastanları nəzərə alınmazsa, şeirlə müqayisədə çox az öyrənilib. Azərbaycan klassik bədii nəsr nümunələrinin çoxu araşdırıcıların diqqətindən yayınıb, bir növ kölgədə qalıb. Bu, bir yandan ümumiyyətlə, orta yüzilliklərdə şeirə, poeziyaya meylin daha güclü olması üzündən bədii nəsrin ağır və ləng inkişafı ilə izah olunursa, o biri yandan da Azərbaycanda uzun müddət klassik irsə, xüsusilə də bədii nəsr nümunələrinə olan birtərəfli və biganə münasibətlə. Belə ki, orta çağ Azərbaycan bədii nəsrinin bir çox nümunələri indiyə kimi ya sırf dini əsərlər, ya da ikinci dərəcəli tərcümələr sayılıb. Ana dilimizdə yaranmış klassik bədii nəsr nümunələrindən biri də Möhsün Nəsirinin "Lisanüt-teyr" ("Quş dili") əsəridir. Onun əldə olan bu yeganə əsəri Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın sifarişilə qələmə alınıb. Müstəqil siyasət yürütmüş Cavad xanın hakimiyyəti dövründə (1785-1804) Gəncə xanlığı güclənmiş, inkişafının zirvəsinə çatmışdı. Çağdaşlarının yazdığına görə, Cavad xan möhkəm xarakterli, qətiyyətli, cəsur və natiq bir şəxsiyyət olub.
Nəsirinin doğulduğu yer, il və ölüm tarixi haqqında əlimizdə heç bir bilgi yoxsa da, "Lisanüt-teyr"əsərinin XVII yüzilliyin sonlarında qələmə alındığını və bu zaman müəllifin yetkin yaşda olduğunu söyləyə bilərik. Əsərin girişində Cavad xanın dililə göstərilir ki, Nəsiri öz dövrünün savadlı, məlumatlı şəxslərindən olub. Kitabın sonunda işlənmiş "sahibxame" (qələm sahibi) sözünə əsasən, Nəsirinin saray tarixçisi olduğunu da güman etmək olar.
"Lisanüt-teyr" əsəri göstərir ki, Nəsiri klassik Şərq, o sıradan Azərbaycan ədəbiyyatına dərindən bələd olub, ərəb və fars dillərini mükəmməl bilib.
Əsərdə Sədi, Hafiz, Cami yaradıcılığına üz tutulması, onların qələmindən çıxmış şeir parçalarının nəsr arasında ustalıqla və yerində işlədilməsi bunu aydın sübut edir. Ancaq Nəsirinin daha çox bəhrələndiyi, yaradıcılıqlarına üz tutduğu, şeirlərindən nümunələr gətirdiyi şairlər onun öz doğma sələfləridir - Nizami, xüsusilə də Füzulidir. Bəlli olduğu kimi, anadilli klassik bədii nəsrimiz ərəb ədəbiyyatının təsirilə uzun müddət qafiyə ilə - səclə yazılıb. Azərbaycan ədəbiyyatı tarixində anadilli qafiyəli nəsr özünün yüksək zirvəsinə Füzulinin "Hədiqətüs-süəda" əsərində çatıb. "Lisanüt-teyr"də Füzulinin bu məşhur nəsr əsərinin təsiri açıq duyulur.
Nəsirinin bu əsəri haqqında geniş bilgini Azərbaycan MEA-nın müxbir üzvü, professor Əlyar Səfərli verib. Əsərin qaynaqları, ideya-bədii xüsusiyyətləri üzərində ətraflı dayanan Ə.Səfərli onu "Tutinamə" adlandırıb. Müəllif hekayə və rəvayətlərin tutinin və heyvanların dilindən söyləndiyinə görə, sözlə mənanın bağlılığını nəzərə alaraq əsərin adını "Lisanüt-teyr" ("Quş dili") qoyub. "Lisanüt-teyr" adlı başqa bir əsərin Şərq ədəbiyyatında ilk dəfə böyük özbək şairi Əlişir Nəvai tərəfindən yazıldığı bəllidir. Nəvai bu əsərini məşhur sufi şairi Şeyx Fəridəddin Əttarın farsca yazdığı "Məntiqüt-teyr" əsərinin təsirilə qələmə alıb. Çox güman ki, Əlişir Nəvainin bu əsərindən Nəsirinin xəbəri olub və onun təsirilə kitabına bu adı seçib. Nəsirinin bu əsərinin Azərbaycanda "Tutinamə" adı ilə tanınması şübhəsiz, təsadüfi deyil. Məsələ burasındadır ki, Nəsirinin "Lisanüt-teyr"i məzmunca Ziyaəddin Nəxşəbinin fars dilində yazdığı məşhur "Tutinamə" əsərilə demək olar, eynidir. "Tutinamə"nin kökləri, qaynaqları qədim hind folkloru və ədəbiyyatı ilə bağlı olsa da, bu mövzu Yaxın və Orta Şərq ölkələrində daha çox yayılıb. Nəxşəbinin "Tutinamə"si (1330) tez bir zamanda bütün müsəlman Şərqinə yayılıb, müəllifinə dünya şöhrəti qazandırıb. Əsər orta yüzillərdə bir sıra dillərə, o sıradan türk, türkmən, özbək, tatar və başqa dillərə tərcümə olunub. Bunların ən qədimi Nəxşəbinin "Tutinamə"sindən təxminən 100 il sonra Sultan Bayəzid üçün edilmiş türkcəyə tərcümə sayılır. 30 görklü hekayətdən ibarət bu məşhur tərcümə keçən yüzilin ortalarında alman dilinə də çevrilərək çap edilib.
Azərbaycan ədəbiyyatında "Tutinamə" mövzusunda qələmə alınmış ilk əsər hələlik Möhsün Nəsirinin "Lisanüt-teyr"i sayılır. Cavad xan maraqlı və ibrətamiz hekayətlərlə dolu bir əsərin - "Tutinamə"nin insanların əxlaqında, dünyagörüşündə müsbət rol oynayacağını düşünərək onun ana dilində yazılmasını buyurub. Nəsiri əsəri yazmaqda əvvəlcə tərəddüd etsə də, sonralar özündə belə bir bacarıq olduğunu duyub, tarixin "gizlinclərində unudulub qalmış" "Tutinamə"ni təzədən işləyib, ona yeni don geyindirərək "Lisanüt-teyr" adlandırıb. Müəllifin özünün yazdığı kimi, onun dilsiz heyvanları, şüursuz quşları "danışdırmaqda" məqsədi bu yolla insanları düzgünlüyə çağırmaq, çağdaşı olduğu olaylar barədə düşüncələrini oxuculara çatdırmaqdır.
Ancaq Nəsiri "unudulmuş" bu əsərin adını və müəllifini göstərmir. Görünür, Nəxşəbinin "Tutinamə"si yuxarıda göstərdiyimiz kimi, çox məşhur olduğundan Nəsiri buna ehtiyac duymayıb. Həm də bir qayda olaraq orta yüzilliklərin tərcümə əsərlərində onların fars dilindən tərcümə olunduğu göstərilirsə də, əsl qaynaq və müəllifin adı çəkilmir. Nəxşəbi ənənəvi mövzuda əsər yaratsa da, onun əsəri orijinal sayılır. "Lisanüt-teyr"lə Nəxşəbi "Tutinamə"si arasında yaxınlıq, oxşarlıq olduqca çoxdur. Təkcə bunu xatırlatmaq yetər ki, hər iki əsər məzmunca və quruluşca demək olar, eynidir. Nəxşəbidə olduğu kimi, Möhsün Nəsiridə də hekayətlər Şərqdə müdriklük simvolu sayılan tutuquşunun dilindən söylənilir. Əri səfərdə olan gənc qadına tutuquşu hər gecə bir ibrətli hekayət danışmaqla onu pis yoldan çəkindirir. Nəsirinin əsərindəki 49 hekayətin hamısı "Tutinamə"də olduğu kimi başlayır, olaylar eyni biçimdə cərəyan edir, eyni sonluqla bitir. Nəsiri "Tutinamə"dəki şəxs adlarına, coğrafi adlara da toxunmayıb. Nəsiri "Tutinamə"yə məzmun baxımından sadiq qalsa da, onun üzərində əsl yaradıcılıq işi aparıb, qafiyəli nəsrlə qələmə aldığı əsəri ana dilinin folklor incilərilə, bədii ifadə vasitələri ilə zənginləşdirib, bir növ yeni əsər ərsəyə gətirib. Nəsiri "Lisanüt-teyr"i orijinal bənzətmə və məcazları ilə bəzəyib, "Tutinamə"ni, doğrudan da bədiilik, söz sənəti baxımından yenidən işləyib, onun üzərində əsl yaradıcılıq işi aparıb. Nəsirinin öz işinə yaradıcı münasibəti əsərdə olan şeir parçalarında daha qabarıq şəkildə özünü göstərir. O, əsərə yeri gəldikcə məharətlə həm öz şeirlərini daxil edib, həm də Nizami, Sədi, Hafiz, Cami, Füzuli, Qövsi kimi söz ustalarının seçmə şeirlərindən bəhrələnib. Nəxşəbidə şeirlərin hamısı onun öz qələmindən çıxıb.
Didaktik-nəsihətamiz əsər olan "Lisanüt-teyr"dəki hekayətlərin çoxunda qadın və onun əxlaqından danışılır. Müəllifin fikrincə, istər qadın, istərsə də bütün insanlar üçün başlıca kefiyyət onun daxili saflığı, əxlaqi təmizliyidir. İnsan məhz bu kefiyyətlərə söykənərək mənəvi kamilliyə ucala və öz arzu-istəyinə nail ola bilər. Hekayətlərdəki hadisələr daha çox Yaxın və Orta Şərq şəhərlərindən Bağdad və Kabulda, İsfahan və Nişapurda və hətta Təbrizdə baş verir. Əsərin dil materialı göstərir ki, Azərbaycan-türk dili 200 illik bir müddət ərzində necə də irəli gedib və yad ünsürlərdən təmizlənib. Nəsirinin "Lisanüt-teyr" əsərinin onun öz qələmindən çıxmış nüsxəsi günümüzə qədər gəlib çatmayıb. Əsərin sifarişçisi Cavad xan 1804-cü ildə işğalçı çar qoşunları ilə vuruşda öldürülüb və heç şübhəsiz, onun üçün xüsusi tərtibatla, müəllifin öz əli ilə yazılmış "Lisanüt-teyr" nüsxəsi də bu zaman məhv edilib (bəlkə müəllifin özü də bu zaman həlak olub).
"Lisanüt-teyr"in əldə olan beş əlyazma nüxsəsinin hamısı Azərbaycan Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Bu nüxsələrin beşi də XIX yüzilliyin 30-40-cı illərində Quzey Azərbaycanda köçürülüb. "Lisanüt-teyr"in əlyazmalarından biri yarımçıq, dördü isə tamdır. Tam nüsxələrdən ikisi 1833-1834-cü illərdə eyni katib-Rəsul Allahverdi oğlu Nəsirzadə tərəfindən köçürülüb. Araşdırmaçı Söhrab Bayramlı həmin beş nüsxə əsasında "Lisanüt-teyr"in elmi tənqidi mətnini tərtib edib.

Möhsün Nağısoylu,
filologiya üzrə elmlər doktoru