Çarpacaq qəlbim, əgər sussa dilim...? Mədəniyyət

Çarpacaq qəlbim, əgər sussa dilim...?

Müşkinaz Cavid Hüseyn Cavidin ilk oxucusu olmaq, onun əsərlərinin üzünü köçürmək kimi bir missiyanı yerinə yetirib

Hər dahi kişinin arxasında bir güclü qadın dayanır. Məhz o mütəfəkkirin güc və ilham mənbəyi olur. Bu gücün sayəsində bütün bəşəriyyəti ədalətə səsləyir, ətrafını sarmış dumana rəğmən haqq səsini ucaldır, qorxmadan, çəkinmədən müstəbidlə vuruşur. "Sürüklənən bəşəriyyət qadınla yüksələcək" deyən Cavid və onun həyat yoldaşı Müşkinaz xanım kimi. Böyük ədibin layiqli xanımı, qürurlu, şərəfli bir qadın, qayğıkeş ana və qüvvətli şəxsiyyət - Müşkinaz Cavid ...
1902-ci ildə Naxçıvanda anadan olub Müşkinaz xanım. İlk gənclik illərinə qədər heç bir təhsil almayıb. Atası onu yaşlı bir kişiyə ərə vermişdi. Lakin o, evdə qərar tuta bilməmiş, baş götürüb qaçmışdı o evdən. Ömrü Cavidlə birləşəndə özünü, həyatını, arzu və istəklərini unudub Cavid ömrünə caladı ömrünü. O, Cavidə yalnız sədaqətli, dəyanətli bir həyat yoldaşı deyil, həm də dost, sirdaş ola bildi. Cavid də ona sevgiylə savad verdi, həyatı öyrətdi. Mişkinaz beləcə Hüseyn Cavidin yüzlərlə tələbəsindən birinə çevrildi. Caviddən aldığı o savadla Mişkinaz çox illər sonra şairin unudulmuş əsərlərini yazıya köçürdü, onun haqqında ən doğru xatirələri qələmə aldı.
Müşkinaz Cavidin gündəliklərindən Cavidlə bağlı bir xatirə: "Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızmaqara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan. Mən isə onun oxucusu ola bilməzdim. Çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı..."
Müşkinaz xanımla Cavid 19 il birgə yaşayıblar. Və beləcə adı, özü, yaşantısı ilə daha bir Cavid ömrü yaşansın deyə, illərlə ömür-gün yoldaşının ədəbi mirasının keşiyində durub. Ta Allahın ona verdiyi ömür payı kəsilənədək, 1976-cı ilin soyuq noyabrınadək ürəyində böyük sevdanın hərarəti ilə yaşadı. Müşkinaz xanım Hüseyn Cavidin ilk oxucusu olmaq, onun əsərlərinin üzünü köçürmək kimi bir missiyanı yerinə yetirib. Təsadüfi deyil ki, "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş bir sıra ədəbi nümunələri kimi, bu əsər də itəcəkdi. Ümumiyyətlə, Müşkinaz xanımın ömrü Cavidləşmişdi, onu elg belə də adlandırırdılar - Müşkinaz Cavid.
Beləcə, aylar ötür, xoş günlər bir-birini əvəz edirdi. Ədəbi mühitdə söz qovğaları nə qədər çətin, bəlkə də dözülməz olsa da, sevgi dolu evdə səadət hökm sürürdü. Cavidin ölməz əsərlərinin say sırası da genişlənir, ilhamlanan ədib durmadan yazıb-yaradırdı. "Keçmiş günlər" və "Bahar şəbnəmləri" kitabları, "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda" nəşr edilərək yayılırdı. Əsrin ikinci onilliyində Cavid artıq Azərbaycan ədəbi mühitində özünü təsdiq etmişdi. 1919-cu ildə oğlu Ərtoğrol, 1923-cü ildə qızı Turan dünyaya gəlib ailənin həyat təqvimini daha da rəngarəng etmişdilər.
Cavid səhhətindən dolayı Kislovodskda müalicə alarkən evə yazdığı məktublardan sətirlər..
"4 həziran, 1927. Kislovodsk.
Əziz və sevgili Mişkinaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun otkrıtkasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud poçtxanamı verməyir? Hər halda, bu qədər tənbəllik yaramaz.
Desəm ki, vannalar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsabı və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılayım, bugün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocuqları mənim tərəfimdən öpərsən... Hüseyn Cavid".
"30 iyun, 1927. Kislovodsk.
Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə bərabər yazmışdınız. Çox məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə, iyulun iyirmisinə qədər tədavi bitər, sərbəst olaram. Mən bir də doktora gedəcəyəm. Proqrama bir şey əlavə etməsə, ayın iyirmisində çıxacağam, çünki qəribsəməyə başladım, tanış da çox az... Pənah bəy də dünən yox, srağagün gəldi. Kislovodsk yağmurları dad-bidad eləyir. Dışarı çıxmaq mümkün deyil. Yenə beş-altı girvəngə kökəldim. Professor, qətiyyən yaramaz - deyə, ac buraxır. Gündüz yatmağa heç qoymayır. Gələn dəfə ayrıca Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu dəfə bağışlasın. Çocuqları öpürəm. Ərtoğrol Həlimənin də dərslərinə baxsın... Baqi ehtiram, səni öpürəm".
1937-ci ilin qara maşınından sonra onların da həyatı alt-üst oldu, həyatları "xalq düşməni" ləkəsi ilə bulandı. Yavaş-yavaş qapılarından əl-ayaq kəsildi, yaxın-uzaqlar üz çevirdi, yan-yörələrində dolaşmaq qorxuya çevrildi. Unuduldu həyatın şirinliyi, sevdanın ülfəti. Az sonra pozuldu həyatın ritmi, ev-eşiklərindən, Cavidli yurd-yuvalarından zorla çıxarıldılar. Soyuq küləklər əsdikcə əsdi. Dondu dodaqlardakı təbəssüm, itdi üzlərin sevinc saçan cizgiləri, batdı şaqraq gülüşlərin cingiltisi. Bir özləri oldu, bir də dağdan ağır dərdləri, ruh sıxan əzabları.
Dostlar kədərlənməsin, düşmənlər sevinməsin, hər gün məskunlaşdıqları yad, soyuq mənzilin küncləri məhəbbətlə isinib, əmanət balaların qarnı doysun deyə çalışmaq, hər şeyə rəğmən yıxılmadan yürümək lazım idi. Onda nə etməli, bu kəskin münasibətlərin, cüzamlı kimi hər kəsin qaçmağa çalışdığı vəziyyətin içindən necə çıxmalı?!
Müşkinaz xanım "xalq düşməni"nin həyat yodaşı olduğu üçün bütün qapılar üzünə bağlı idi, yaşadığı mənzil əlindən alınmışdı. Çətinliklə də olsa, nəhayət 1938-ci ilin aprelində "Klara Setkin" adına sənaye kooperativ artelində işə düzəldi. Ehtiyac məcburiyyəti ilə fasilələrlə ta 1948-ci ilə qədər burada çalışdı. Artel o vaxt işəmuzd qaydada qəbul etdiyi qadınlara bacaracaqları qədər sifariş verirdi. Ən adi iş üçün bağlanan qapılar, o qapıların ardındakı dəyişən simalar Müşkinaz xanımı çox yorduğundan buna da şükür edib çalışır, çörək ağacı olan dərziliyindən əl çəkmək istəmirdi.
O bütün çətinliklərə rəğmən həmişə Bakıda yaşadı. Sanki Cavidin hər an gələcəyini gözləyirmiş kimi. Böyük şəhərdə böyük dərdlər daşıdı ürəyində.
Cavid çox nadir istedadı ilə yanaşı, böyük pedaqoq, üzaqgörən və qeyri-adi insan idi. Bir dəfə Keşlə həbsxanasında olarkən, Mişkinaz xanımla görüş zamanı Cavid ona deyib ki, filan əsərimin filan səhifəsində Ərtoğrolla Turanın taleyini yazmışam, tap, oxu, amma özlərinə göstərmə. Mişkinaz xanım o yazını tapıb oxuyub, sonra da yandırıb.
Sonra amansız ayrılıq onları ayrı saldı bir-birindən. 4 il həyat yoldaşının məktublarını gözlədi, səbrlə, göz yaşlarıyla. Sonra məktublar kəsildi, Mişkinaz xanım başladı Caviddən gələn məktubların köhnə ünvanına yazmağa. Yenə də cavab olmadı, hər dəfəsində oxşar cavablar - "Burdan gedib"...
"Sevgili Mişkinaz, 2 gün sonra Daşkənddən Vladivastoka doğru hərəkət edəcəyik. Keyvim yaxşıdır, məndən tez-tez məktub gözləməyin. Fürsət düşərsə, yazaram. Abuzərə, Qərənfilə (Abuzər Müşkinaz xanımın qardaşı, Qərənfil isə qonşusu olub) salam. Sən də Ərtoğrul da Turan xanımdan muğayat olun, hər yerə yalnız buraxmayın. Öpürəm. H.Cavid 26 iyul 1939".
Bu bircə qırıq kağızda min kilometrlərlə uzaq məsafədən, qarlı düzlərdən, dağlardan, səhralardan, meşələrdən şəhərlərdən aşıb gələn doğma, isti ata məhəbbəti var.
"Əzizim Mişkinaz! Sən və uşaqlara Vladivostokdan salam. Bura sentyabrın 22-də gəlib çatdıq. Burdan haçan, hara göndəriləcəyimiz bəlli deyil. Sağ-salamatam. Sizə də səmimi qəlbdən bunu diləyirəm. Məktub yazmayın, mənim məktubumu gözləyin. Öpürəm sizi. Cavid. 29.09.1939".
"Əzizim Mişkinaz. İndiyədək sizə bir neçə məktub yazmışam. Hələ heç bir bağlamaya ehtiyac yoxdur. Ancaq hər iki aydan bir teleqrafla 100 manat göndərin. Öpürəm sizi, oğlumu və sevimli qızımı. Turan orta məktəbi bitiribsə, bir il dincəlsin. Bir də mənə yazın görüm özü hansı ixtisası arzulayır? Müfəssəl yazın görüm necə yaşayırsınız? Yenə öpürəm sizi, yaxınlara, dostlara, qohumlara salam. H.Cavid. Xabarovsk vilayəti, Maqadan Əlillər zonası. 30.06.1940".
"Əziz Mişkinaz! Köhnə yerimdə yaşayıram, sağlamam. Hər ay siz göndərən pulları alıram, yazdığım kimi hər ay teleqrafla 50-60 manat göndərin. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban qızım Turancığımı öpürəm. Yenə də öpürəm. H.Cavid 27 may 1941".
Bu, Cavidin Bakıya gəlib çatan son məktubudur. Evdəkilər bundan xəbərsizdirlər, xəbərsiz olduqları üçün də gözləyəcəklər.. Çox gözləyəcəklər. İllərlə gözləyəcəklər. Bilməyəcəklər ki, Cavid bu məktubu yazandan 6-ay sonra -1941-ci il dekabrın 5-də keçinib.
Amma çox illər sonra Cavidin ellisi-nehrəmli Məmmədin acıdan-acı bir xatirəsi çatacaq onlara: "Aparılanda 9-cu sinifdə oxuyurdum, 17 gün Cavidlə bir qatarda getdik. Əlbəttə yarımqaranlıq bir yük maşınında Cavidi seçə bilməzdim, lap görsəydim də tanımazdım. Özü məni səslədi. Danışığımı eşidən kimi ləhcəmdən Naxçıvanlı olduğumu bilib məni çağırdı, "kimlərdənsən?" soruşdu. Xeyli dərdləşdik 17-gün gedəndən sonra qatarı saxladılar, başladılar bizi düşürməyə. Burdan hərəni nəzərdə tutduqları yerə yola salacaqdılar. Vaqonun qapısı yerdən hündür idi. Cavid deyəsən düşməyə çətinlik çəkirdi. Elə bu vaxt hirslə onu itələyib yerə saldılar ki, hamı düşüb sən qalmısan.
Cavid üzü üstə yerə sərildi, burnundan qan gəldi. Cəld ona tərəf yüyürdüm. Elə qolundan yapışıb qalxmasına kömək etmək istəyirdim ki, mənim özümə də arxadan güclü bir təpik ilişdirdilər. Huşumu itirdim, ayılanda nə o düşdüyümüz yer qalmışdı, nə də Cavid - artıq tamam başqa qatar məni aparırdı."
Hüseyn Cavidin nəşini Vətənə gətirmiş Həmid Cəfərov danışır ki, Cavidi taxta tabutda, iki metr dərinlikdə, üzü Şərqə, yəni üzü qibləyə, müsəlmansayağı dəfn etmişdilər. Ayağında Müşkinaz xanımın toxuduğu corab hələ də qalmaqda idi...
1996-cı ilin oktyabrında Hüseyn Cavidin Naxçıvanda məqbərəsi yaradıldı, Mişkinaz xanımın məzarı Bakıdan, şairin erkən vəfat etmiş oğlu Ərtoğrolun məzarı isə Naxçıvandan Cavid türbəsinə köçürüldü. 2004-cü ildə Turan xanımın vəfatından sonra Cavidlərin dördüncü - sonuncu nümayəndəsi də həmin məqbərədə dəfn edildi.

Ülviyyə Tahiqızı