Azərbaycan xalçalarını bəzəyən ornamentlər Mədəniyyət

Azərbaycan xalçalarını bəzəyən ornamentlər

Azərbaycanın dekorativ-tətbiqi sənət sahələri arasında xalçaçılığın özünəməxsus yeri var. Qədim tarixi köklərə malik olan bu sənət sahəsinin inkişafı bu və ya digər amillərlə bağlı olub və müəyyən mərhələlərdən keçib. Əcdadlarımızın həyat və məişətində əvvəllər daha çox sırf əməli mahiyyət daşıyan xalça, sonralar zaman keçdikcə bəzək nümunəsi kimi qəbul olunub. Məhz yüksək dekorativ məziyyəti və texniki keyfiyyəti ilə seçilən Azərbaycan xalçaları təkcə ölkə daxilində deyil, habelə beynəlxalq ticarətdə ən tələbatlı sənət məhsulu kimi yüksək qiymətləndirilirdi.
Azərbaycan xalçalarının uzaq ölkələrdə geniş yayılmasına, şübhəsiz ki, onların əla keyfiyyəti səbəb olub. Tədqiqatlar göstərir ki, Azərbaycan xalçaları istehsal olunduğu yerin bədii ənənəsindən, xammalından (yun, ipək, pambıq və s.) asılı olaraq müxtəlif kompozisiyalara, bəzəklərə malik olub, müxtəlif üsullarla toxunub.
Azərbaycan xalqının xalça sənətini öyrənmək üçün xalçalarımızın ornament, rəng və kompozisiya prinsiplərini nəzərə almaq lazımdır. Bir-birilə sıx əlaqədə olan bu üç amil, ümumiyyətlə, xalçaların, o cümlədən Azərbaycan xalçalarının bədii xüsusiyyətini müəyyən edir. Bədii xüsusiyyət və məzmun toxunan xalçanın rəsmində, ornamentində və rəngində öz əksini tapıb. Xalçalarımızın bədii xüsusiyyəti və məzmunu, əsasən onları bəzəyən ornamentlərdən asılıdır, çünki ornament tətbiq olunduğu sənət nümunəsini bəzəməklə bərabər, onun məzmununu da üzə çıxarır.
Araşdırmalar göstərir ki, xalça üzərindəki bu və ya digər təsviri elementlər təkcə estetik xarakter daşımayıb, eyni zamanda onların hər biri öz-özlüyündə xüsusi rəmzi mənalar da kəsb edib. Məsələn, qarmaqlı rombvari bəzək elementini götürək: o, uzaq keçmişdə bolluq, bərəkət anlayışlarını ifadə edib, bitki, torpaq və qadın rəmzi sayılırdı. Türk xalqlarında həmin işarə əmin-amanlıq və bərəkəti bildirib.
Xalçalarımız üzərində tək və cüt halda tez-tez rast gəlinən elementlərdən biri də qoç başlarının sxematik təsvirləridir. Bu elementlərə əsasən XVIII-XIX əsrlərdə toxunmuş Quba bölgəsinin "Pirəbədil", Qarabağın zili, "Buynuz" adlanan və Qərbi Azərbaycanın İrəvan qrupu xalçalarında rast gəlmək olar. Qarabağın zili adlanan xalçası istisna olmaqla adı çəkilən digər xalçalar xovludurlar. Bu xalçalarda qoçbaşı ornamentlərinin verilməsi təsadüfi olmayıb. Bunu böyük tarixi ənənənin davamı kimi dəyərləndirmək olar.
Ümumiyyətlə, qoç və ya onun buynuzları ilə bağlı elementlərə Azərbaycan xalqına məxsus digər maddi-mədəniyyət nümunələrində rast gəlmək mümkündür. Belə ki, əgər tarixə ekskurs etsək, qoçla bağlı inancın, etiqadın izlərini erkən tunc dövründə görə bilərik. Qeyd olunan dövrdə qoça olan xüsusi münasibəti özündə ehtiva edən abidələr sırasına ilk öncə Qobustan qayaüstü təsvirlərini aid etmək olar. Qobustanın Kiçikdaş dağındakı 15 saylı daşın şərq səthinin üzərində qoyun və qoç təsvirləri verilib. Hər iki heyvanın gövdələrinin yuxarı hissələrində, döşlərindən budlarına qədər iki paralel dalğavari xətt çəkilib. Təbii ki, həmin təsvirlər qaya parçası üzərinə cızma və sürtmə üsulları ilə həkk edilib.
Erkən tunc dövründə qoçun inanc obyektinə çevrilməsini arxeoloji qazıntılar zamanı aşkar olunan digər maddi-mədəniyyət nümunələri də təsdiq edir. 1956-cı ildə Kültəpə abidəsindən tapılan qoyun fiqurunu göstərmək olar. Bu fiqurun burnu bir qədər dəyirmi olub, qoyun burnuna oxşayır. Buynuzları və üç ayağı sınıb. Gözləri cızma dairələrlə, burnu kiçik deşiklə ifadə olunub. Həmin fiqurun başı əvvəlkilərdən fərqləndiyi və qoyuna oxşar olduğu üçün o, qoyun fiquru hesab edilib. Bu fiqur Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş etdirilir.
Erkən tunc dövründən başlanan xırdabuynuzlu heyvan fiqurlarının hazırlanması ənənəsi orta əsrlərə kimi davam edib. Belə ki, İsmayıllı rayonundakı Mollaisaqlı kəndi və onun ətrafında yerləşən antik və orta əsrlərə aid yaşayış yerlərinin birindən əldə edilmiş tapıntılar içərisində qoyun fiquru daha böyük əhəmiyyət kəsb edir. O kiçik olub, bir növ, qoyun fiqurunu xatırladır.
Son tunc və erkən dəmir dövründə qoç inancının əlamətlərini bəzək əşyalarında da müşahidə etmək mümkündür. Belə əşyalardan biri 1933-cü ildə Xocavənd rayonunun Dolanlar kəndi ərazisindən təsadüfən tapılmış sonluqları qoç başı ilə tamamlanan tunc bilərzikdir. Maraq doğuran digər tunc bəzək əşyası isə başlığı qoç buynuzu şəklində spiralvari burulmuş tunc sancaqdır. Həmin sancaq 1926-cı ildə Naxçıvanda - Qızılburun abidəsində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub.
Maddi-mədəniyyət nümunələrinin, xüsusilə saxsı qabların qoç və ya ona məxsus bədən üzvləri ilə bəzədilməsi ənənəsi antik dövrdə də davam etdirilib. Mingəçevirdən tapılmış ikiqulplu küp dediklərimizə bariz nümunə sayıla bilər. Qabın hər iki qulpunun üzərinə bir-birinə baxan qoç fiquru bərkidilib.
Qoç başı ilə bəzədilmiş digər qablar isə Mingəçevirin e.ə. I-e. II əsrlərinə aid küp qəbirlərindən məlumdur. Əvvəlki tapıntılardan fərqli olaraq, bu dəfə qabın qulp deyil, lülək hissəsinə qoç başı və ya buynuzları yapılıb. Həmin qabların bəzisi boyalı olub, üzərində üçkünc, quş, bitki, ulduz və s. naxışlar çəkilib. Bu tip qablara qəbirlərdə də rast gəlindiyi üçün onların e.ə. VI əsrdə istehsal edildiyi ehtimal olunur.
Orta əsrlərin sonrakı dövrlərinə - XIV-XV əsrlərə aid qoç inancını özündə ehtiva edən abidələr sırasına isə daşdan yonulmuş qoç heykəllərini aid etmək olar. Ümumiyyətlə, daş qoç heykəllərinə Azərbaycanın müxtəlif bölgələrində - Qarabağ, Naxçıvan, Gəncə, Qazax, Kəlbəcər, Lerik, Laçın, Gədəbəy və s. yerlərdə, eləcə də Qərbi Azərbaycan (Ermənistan) və Gürcüstan Respublikasının lap qədim zamanlardan azərbaycanlıların məskunlaşdığı bölgələrində rast gəlinir. Türkiyənin şərq bölgələrində də daş qoç heykəllərinə rast gəlinib. Arxeoloji və etnoqrafik baxımdan daha az öyrənilmiş Cənubi Azərbaycanda daş qoç heykəlləri Pirkəndi və Bisnadeh kəndlərindəki qəbiristanlıqlardan tapılıb. Bu qoç heykəllərinin az bir qismi Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş etdirilir.
Beləliklə, yuxarıda verilmiş maddi-mədəniyyət nümunələrinin təsvirindən belə aydın olur ki, qoç inancı öz başlanğıcını əsasən Erkən tunc dövründən - e.ə. IV minilliyin ikinci yarısından götürüb, orta əsrlərə, hətta etnoqrafik materiallara əsaslansaq, deyə bilərik ki, son dövrlərə kimi uzun bir tarixi yol keçib gəlib. Əlbəttə, Azərbaycan xalqının mənəvi dəyərlər sisteminin ayrılmaz bir parçasına çevrilmiş qoç inancı təsadüfən yaranmayıb, onun uzun zaman ərzində nəsildən-nəslə ötürülməsi də kortəbii proses kimi getməyib. Bu və ya digər ayin, inanc və s. ideoloji təsəvvürlərin yaranması üçün ciddi zəmin olmalıdır. İnamla deyə bilərik ki, qoç inancının meydana gəlməsinə maldarlıq təsərrüfatının, xüsusilə də qoyunçuluğun inkişafı əsaslı təsir göstərib.
Təsadüfi deyil ki, toxuculuğun, o cümlədən xalçaçılığın əsas xammallarından birini məhz qoyun yunu təşkil edir. Qədim sənətkarlar toxuculuq üçün yararlı, keyfiyyətli yuna malik qoyun cinslərinin yetişdirilməsində həmişə maraqlı olublar.
Erkən tunc dövründə təsərrüfatdakı faydalılığına görə qoçun inanc, pərəstiş obyektinə və dini ayinlərin subyektinə çevrilməsi artıq bir zərurət idi. Azərbaycanda qoçla bağlı inanc və etiqadlar ibtidai təsəvvürlər sisteminin tərkib hissəsi olmaqla, müəyyən spesifik cəhətləri ilə də seçilir.
Bu cəhətlərin formalaşmasında təbii-coğrafi şəraitin doğurduğu amillərlə yanaşı, müxtəlif dövrlərdə mövcud olmuş cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi münasibətlər, eləcə də bu və ya digər dinə məxsus adət-ənənələr də mühüm rol oynayıb.
İstər xalça, istərsə də digər maddi-mədəniyyət nümunələrində rast gəlinən qoç elementləri xalqımızın ənənəvi istehsal sahəsi olan maldarlıqla, xüsusilə qoyunçuluqla əlaqədar meydana gəlmiş ibtidai dini-fəlsəfi dünyagörüşlə, ayin və mərasimlərlə birbaşa bağlı olub. Təsərrüfatdakı faydalılığına görə qoç ideoloji təsəvvürlərdə məhsuldarlığı, artımı və s. təcəssüm etdirib. Adı çəkilən heyvanın fiziki göstəricilərinə əsaslanaraq deyə bilərik ki, maddi-mədəniyyət nümunələrində, o cümlədən xalçalardakı qoç elementləri həm də gücü, hakimiyyəti, mərdliyi, dəyanəti və qəhrəmanlığı rəmzləşdirir.


Nasir Quluzadə,
tarix üzrə fəlsəfə doktoru