“Eşqdə yanmaqdan özgə bir əlamət görmədim” Mədəniyyət

“Eşqdə yanmaqdan özgə bir əlamət görmədim”

"Əliağa Vahid siqaret qabının üstündə qəzəllərini yazırdı, aparıb evdə üzünü köçürürdü"

Onun anadan olmasından 119 il ötdü. Zamanında olduğu kimi, indi də Vahidin qəzəllərinə xanəndələr daha çox müraciət edirlər. Səbəbi qəzəllərinin dilinin aydın, yaddaqalan olmasındadır. Ancaq nədənsə Azərbaycan xanəndələri Həsimiyə elə də çox müraciət etmirlər. Hər xanəndə də Füzulidən oxumur. Bütün bunlarla yanaşı Azərbaycanda qədimdən gələn şeiriyyət ənənəsi var və Vahid ötən yüzildə bu ənənənin istedadlı davamçısı kimi özünü təsdiq edə bildi...
Hələ sağlığında - neçə onillər ərzində insanların yaddaşında bir şair olaraq dərin kök salmasının səbəbləri vardı: əvvəla, Əliağa Vahid az qala hamının qəzəldən, klassik Azərbaycan şeirinin o dövrədək populyar janrlarından əl çəkdiyi, xüsusən də qəzəlin sovet ideologiyasına demək olar, tamamilə tabe etdirildiyi bir vaxtda bu janrdan möhkəm yapışdı, onun qədim ənənələr əsasında yaşaması üçün əlindən gələni etdi.
Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin halını özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir. Vahidi Füzuli ilə müqayisə edirlər. Bu, doğma istəklə bağlı olsa belə, Füzuli ilə müayisə məsələsi düzgün sayılmamalıdır. Mübaliğəsiz demək olar, Füzuli bəşər tarixində ən böyük eşq şairidir. İnsana sevginin Füzuliyanə ölçüsü var və bu, danılmazdır. Füzulinin sevgisi heç bir dövran tanımır, mahiyyətcə dövrandan üstündür. Vahidin Füzulidən bəhrələnməsi, üstəlik də yuxarıda deyildiyi kimi, qəzəlin ideolojiləşdirildiyi, camaatın qulağının dövran havalarından yağır olduğu bir zamanda sadə dillə yazması, son dərəcə sadə həyat tərzi sürməsi, meyxanada orijinal dəst-xətti onu sevdirdi. Vahid əksər çağdaşları kimi dəbdəbə, tarixdə qalmaq həşirində deyildi. Və çox zaman könlünün səsini eşidənlər, bunu vəsf edənlər sabahda yaşayırlar.
Danışırlar ki, Vahid bir gün Üzeyir Hacıbəylini "kaşanəsinə" dəvət edir. Üzeyir bəy onun yarıqaranlıq bir otaqda yaşadığını görüncə burada necə yazıb-yaratdığına təəccüblənir. Əliağa Vahid ona deyir ki, doğrudan da bura mənim üçün kaşanədir. Bundan sonra Üzeyir bəyin və Məmməd Səid Ordubadinin səyilə Mircəfər Bağırov Vahidə iki otaqlı ev verir... Vahidin həyatının idealizə edilməsi də düzgün deyil. Onun içkiyə aludəliyi barədə bu gün də danışılır. Hər halda bu, Vahidin dövrana etirazı kimi qələmə verilsə belə, səmimi səslənməz.
Onun faciəvi həyatı olub. Şəxsi həyatı ilə yaradıcılığının daim təzad təşkil etməsi, şəxsi ailə həyatındakı uğursuzluq həyatında faciəvi notlar yaradıb. Deyilənə görə, 37-ci ildən təsadüf nəticəsində sağ çıxa bilib. Onun talantının hüdudsuzluğu, fitri şairliyi, meyxana janrının qaydalarından məharətli baş çıxara bilməsi XX yüzilin əvvəllərindən başlayaraq onillər ərzində "Vahid" imzasının Azərbaycan ictimaiyyəti arasında daim populyar qalmasına səbəb olub. Xalq arasında şəxsiyyətiylə bağlı müxtəlif söhbətlər olsa da, populyarlığını saxlaya bildi. Əliağa Vahiddən bəhs edən "Qəzəlxan" filmində onun meyxanaçılığı xüsusi şəkildə qabardılır. Əslində Vahid meyxanaçı deyildi, qəzəl şairi idi. Hər halda meyxana camaat arasında rəğbət qazanmış bir janrdır. Onu hamıdan yaxşı tanıyan mərhum Həkim Qəni idi. Vahidi çox sevirdi: danışardı ki, Vahid həmişə şeir aləmində olardı. Onun kədərli həyatı yaradıcılığına təsir etməyib. Vahidin hünəri idi ki, bütün əzablara sinə gərə bildi, şairlik aqibətinə sadiq qaldı. Əsil ədəbiyyat adamı idi. Onu heç də hamı sevmirdi. Yaradıcı adamlar içərisində kifayət qədər paxıllığını çəkənlər vardı. Siqaret qabının üstündə qəzəllərini yazırdı, aparıb evdə üzünü köçürürdü. Qəzəllərinin bir qismi "Vışka" siqaretinin qutularının üstündə yaranıb: "Onun gözəl tərcüməçilik qabiliyyəti bir neçə məqamda mənim üçün tamamilə aydın oldu. Füzulinin farsca əsərlərinin tərcüməsi ilə bağlı keçirilən müsabiqədə birinci yer tutmasının səbəbi həm də fars dilini gözəl bilməsi idi".
Həkim Qəni Vahidin şəxsi həkimi olduğu dövrdə bütünlüklə xarakterinə dərindən bələd olmuşdu: "Müharibə vaxtı Vahidi müharibəyə göndərmişdilər. O zaman təsadüfən həkim işlədiyim yerdə rastlaşdıq, Vahidin xəstə olduğunu sübut etdim, nəticədə o, davaya göndərilməkdən xilas oldu. Sonradan Bakıya gələndə məclislərdə tez-tez deyirdi ki, əgər Həkim Qəni olmasaydı, kim bilir, harada ölüb qalmışdım. Təəssüf ki, onun nəslindən heç kəs Vahidin yolunu davam etdirmədi. Ümumiyyətlə, Vahidin nəslində yaradıcı adamlar olmayıb. Əliağa Vahidi həmişə müəllimim və ustadım olaraq xatırlamışam, yaşatmışam. Əliağa Vahid vur-tut mollaxana məktəbində üç sinif oxumuşdu, sonra nə oxumuşdusa, qazanmışdısa, şəxsi qabiliyyəti hesabına əldə etmişdi. Bundan sonra Vahid cavan yaşlarından meyxana deməyə başladı. Buzovnalı Azər vardı, Firdovsidən, Füzulidən tərcümələr etmişdi. Vahidin istedadını görən kimi bunu aparmışdı İçərişəhərdəki "Məcməüş-şüəra"nın məclisinə. Vahid orada məharətini göstərmiş, imtahandan əla çıxmışdı. Bundan sonra ona "Vahid" ("yeganə, tək") təxəllüsünü vermişdilər".
Bakı kəndlərində bu gün də muğama ciddi münasibətin qalması təqdirəlayiq hal hesab edilməlidir. Ancaq meyxanaçılığın ifrat bayağılığa meyl etməsini hər halda yaxşı cəhət hesab etmək olmur. Meyxananın imkanlarından vaxtilə Sabir böyük məharətlə istifadə etdi. Sonradan Əliağa Vahid yaradıcılığında meyxananın təsiri xüsusi hiss olundu. İndi texniki imkanların artdığı bir şəraitdə ümumən bayağılığa meyl edən meyxana janrı əslində insanların zövqlərinin korlanmasına, korşalmasına səbəb olur. Bu mənada əvvəlki ənənələrdən istifadə edilməsi zövqlərin inkişaf etməsinə də səbəb olar. Şair Firidun Şahbuzlu deyir, şeirə vurğunluğunun qol-qanad açmasında Əliağa Vahidin xüsusi təsiri olub. "Dirili Qurbani" şeir məclisinin rəhbəri Yusif Dirili isə deyir: "Ulu Füzulidən bəri bəlkə də çox illər öncədən məhəbbət mövzusu yazılı ədəbiyyatın aparıcı qanadı olub. Ancaq ədəbiyyat tarixində az şair var ki, yaradıcılıq ünvanı birbaşa məhəbbətlə bağlıdır. Məsələn, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Əliağa Vahid belələrindəndir. Bütün yaradıcı şəxsiyyətlərin fəaliyyət istiqamətində məhəbbətin hərəkətverici qüvvə olduğunu da istisna etmək olmaz. Hə yaxşı ki, sevgi var. İnsanlığa sevgi, vətənə sevgi, dünyaya sevgi, sevdiyinə sevgi..."
Tanınmış tarzən Vamiq Məmmədəliyev Əliağa Vahidin qəzəllərindən Azərbaycan xanəndələrinin daim bəhrələndiyini bildirir: "Bu, Vahidin bir qəzəlxan olaraq xoşbəxtliyidir ki, xanəndələrimiz daim onun qəzəllərinə müraciət edirlər. Vahidin şeir dili çox musiqilidir".
Araşdırmaçı Teyyub Qurban isə deyir: "Pul hesabına vəzifəyə gəlmək olar, ancaq pulla sənətkar, şair, əsil rəssam olmaq mümkün deyil. Hüseyn Cavidin, Əliağa Vahidin şair təbi məgər pulun hesabına mümkün olmuşdu? Yalnız sənətə, yaradıcı aqibətə sadiq olanlar sabahda yaşayırlar. Bu mənada illər ötəcək, Vahidin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər barədə yeni-yeni söz deyiləcək".
Meyxananın imkanlarından Sabir qədər ustalıqla istifadə edən başqa birisini hələ ki, görmədim. Bu, o demək deyil ki, imkanlar tükənib. İmkan həmişə var. Bu gün ümumən sənətin bu dərəcədə özündən ayrıldığı çağda sənətdən istənilən nə olmalıdır? İlk növbədə sənətin insaniliyə çatması gərəkdir. Sənət daim insanı ucalığa səsləməli, onun inam, idrak, mənəviyyat, iradə imkanının aşkarlanması sarıdan borcunu yerinə yetirməlidir. Yoxsa ki, "Sənət sənət üçündür" prinsipi sənətin insanilikdən ayrılmasına, insanın üzərində ağalığına yol açır. Təəssüf ki, acı gerçəklik qənaətimizi təsdiq edir. Sənət Həqiqət üçündür və insanı yalnız bu qənaət ucalda, insaniliyinə çatdıra bilər. Yoxsa ki, bər-bəzəkli, insana çatmayan, adamlıq səviyyəsini qoruyan zövqlər bundan sonra nəinki hər bir kəsin fərdi mənəvi yetkinliyini yaratmasını əngəlləyəcək, insanlığa, milliliyə ziyanlı amillərin qaynağı olacaq, habelə bütövlükdə inkişafı ləngidəcək. Ümumən bugünkü səviyyə ilə sabahımızı yarada biləcəyikmi? Bayağılıq, nümayişçilik niyə sənətin insaniliyini təsdiq etmir? Suallar çoxdur. Bu qədər sənətlər inkişaf edir, "sənətkarlar" aşıb-daşır, ancaq insanlar çaşıb qalıblar. Sənətin insana çatması üçün neyləmək gərəkdir?
Bunun üçün sənətin insaniliyə bərabər olması gərəkdir. Sənət bu mənada insanın insaniliyə çatmasına əvəzsiz yardımçı olmalıdır.
Hər bir meyxana deyənin şairliyinin olması təbiidir.
Bədahətənliyin mayası çətinliyə, məsuliyyətə dayanmayanda asanlıq təsdiq olunur. Bu gün hamı ağıl öyrədir, ancaq heç kəs dediyi kimi yaşamaq istəmir. Ümumən sənətin yaratdığı ilğım var və bu ilğım mehi çox zaman adamları sərməst eləyir. Şübhəsiz ki, meyxanaçıların halı ilə Füzuli, xüsusən də Xəyyam meyxanaçılığı, ilahi şairliyi arasında böyük birlik görə bilmirik. Onların meylə dostluğu əslində zamanı aşan həqiqətlə dostluqdur. Füzulinin, Xəyyamın meypərəstliyi mey sərməstliyi, meyxana əhvalı insanlığın həqiqət ünvanının bulunduğu müqəddəs məkan anlamındadır. Bu gün meyin mənəvi, irfani xüsusiyyətindən daha çox maddi, nəşəsevərlik xüsusiyyətləri alışdırılır cəmiyyətdə. Meyxana folklor hadisəsi olduğu dərəcədə də yazılı ədəbiyyat nümunəsidir.
O deməkdir ki, heca vəzni ilə bağlı olduğu dərəcədə də əruzla bağlıdır. Bununla yanaşı meyxananın mayasında folklorluq cəhəti müəyyən hallarda üstünlüyünü büruzə verir.
Hər bir sahədə artma olmayanda azalma baş verir.
Bu, həyatın adi qaydasıdır. Meyxana bu gedişlə, bu əhvalla sönə bilər. İndi adamlar hadisənin məğzinə daha tez çatmaq istəyirlər. Bunun xeyirli və ziyanlı tərəfləri var.
Meyxanaçılıq uzunçuluqdan, fikirsizlikdən, hədyanlardan, nümayişçilikdən, mənasız əhvallardan qurtulmalıdır.
Bir vaxtlar elmləri fəlsəfə birləşdirirdi. İndi bəşərin ümidsiz çağında belə birləşdirici cəhətə qaçılmaz ehtiyac yaranıb. Meyxananın universallıq keyfiyyəti daha çox ciddilik üstə olarsa, sabahı var.

Uğur