Tunc dövrünə aid maddi mədəniyyət qalıqları Mədəniyyət

Tunc dövrünə aid maddi mədəniyyət qalıqları

Yazılı mənbələr Cənubi Azərbaycanda və ona qonşu ərazilərdə etnososial səciyyə daşıyan birləşmələrin mövcudluğu barədə məlumatlar verir

Azərbaycan ərazisində yaşamış tunc dövrü tayfalarının hərbi döyüşlərdə iştirak etməsi barədə yazılı mənbələr çox az məlumat verir. Bu baxımdan arxeoloji mənbələrə istinad etmək daha məqsədəuyğundur. Belə ki, Azərbaycanın tunc və ilk dəmir dövrü arxeoloji abidələrində qədim tayfaların hərb işi az da olsa əksini tapıb. Əsasən Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar zamanı təsadüf olunan maddi mədəniyyət nümunələri arasında hərb işini təmsil edə biləcək əşyalar və bədii tərtibatlı məmulatlar üzərində döyüş səhnələri müşahidə edilən kompozisiyalara təsadüf olunur ki, bu da qədim tayfaların hərb işi barədə müəyyən fikirlər söyləməyə əsas verir.
Bu kompozisiyalarda biz qədim tayfaların siyasi, iqtisadi, dini-ideoloji və mifoloji baxışları ilə yanaşı, bədii təfəkkürünü də izləyə bilir və maddi mədəniyyət nümunələri içərisində elə çoxsüjetli kompozisiyalara rast gəlirik ki, onlar xalqımızın qədim tarixini özündə əks etdirən dəyərli mənbələr sayıla bilər.
Azərbaycanın arxeoloji abidələrində təsadüf olunan maddi mədəniyyət nümunələrinin əsas hissəsini qəbir materialları təşkil edir. Qəbirlər və yaşayış yerləri qədim etnosların adət-ənənələrini özündə qoruyub saxlayan yeganə maddi mədəniyyət abidələridir. Tunc və ilk dəmir dövrünün inanclarına görə, qəbirlərə ölən şəxsə məxsus əşyalarla yanaşı, müxtəlif məişət əşyaları qoyulurdu. Qəbirlərdə skeletlər əsasən kürəyi üstə, dizləri və qolları bükülü vəziyyətdə təsadüf olunur. B.Derjavin dizləri qatlanmış, kürəyi üzərində dəfn adətinin Şumer mədəniyyətinə xas geniş bir ərazini əhatə etdiyini göstərir. Şumer, Assur Türkiyə tayfaları ilə qonşuluqda yaşamış Azərbaycan türk tayfalarının adət və ənənələri, dini-inancları və dünyagörüşləri yuxarıda göstərilən tayfaların həyat tərzi və dünyagörüşləri ilə şübhəsiz ki, eyniyyət təşkil etməyə bilməzdi.
Tunc dövrünə aid maddi mədəniyyət qalıqları və yazılı mənbələr Cənubi Azərbaycanda və ona qonşu ərazilərdə ilk böyük tayfa ittifaqlarının etnososial səciyyə daşıyan birləşmələrinin mövcudluğu və cəmiyyətdə ictimai bərabərsizliyin güclənməsi ilə əlaqədar tayfalararası etnomədəni əlaqələr barədə qiymətli məlumatlar verir.
Aşşur, Babil, Akkad, Şumer, Elam kimi güclü dövlətlərlə qonşuluqda yaşamış Azərbaycan tayfaları sözsüz ki, yadelli hücumlara da məruz qalmışlar. Bunun nəticəsi idi ki, son tunc-ilk dəmir dövründə Azərbaycanın, demək olar, bütün yaşayış məskənləri möhkəm müdafiə divarları və siklopik tikililərlə əhatə olunurdu.
Aşşur çarı II Adad-Nerarinin (e.ə. 911-890) zamanında Aşşurlar Azərbaycan ərazilərində qarətçi yürüşlər ediblər. Bunu təsdiq edən yazılı mənbə Xocalıdan tapılmış II Adad-Nerariyə məxsus muncuq üzərindəki yazıdır: "Adad-Nerarinin, qüdrətli hökmdarın sarayı". Bu arxeoloji tapıntı Azərbaycan ərazisinə olan basqınlardan və hərbi yürüşlərdən xəbər verir.
Culfa rayonunun Xaşkeşin kəndi yaxınlığında aşkar olunmuş Urartu çarı Menuaya aid mixi yazı Urartu çarlarının bu əraziyə basqınlar təşkil etdiyini təsdiq edir. V.Baxşəliyev yazır: "E.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində Azərbaycanın iimalında yaşayan Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının Naxçıvana daxil olması bu dövrdə ehtimal ki, tayfalararası ziddiyyətlər və siyasi hadisələrlə bağlı olub.
Azərbaycan ərazisində dağıdılmış və yandırılmış (məsələn, I Kültəpədə 2 m-ə yaxın mədəni təbəqə kül qatı ilə örtülüb) şəhərlər, yaşayış məskənləri bir daha müharibələrdən xəbər verir. Bundan başqa yaşayış məskənlərindən və qəbir abidələrindən arxeoloji qazıntılar zamanı silahların əldə olunması şəhər və kəndlərin hücumlara məruz qaldığını göstərir. Əraziyə hücumlar, qanlı vuruşlar, döyüşlər və müharibələrin olmasını arxeoloji əşyavi dəlillər bir daha sübut edir. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində təsadüf olunan döyüş əşyalarına və silahlara - ox, nizə ucluqları, cida başlıqları, gürz, toppuzlar, döyüş baltaları, xəncərlər, qılınclar və tuğ-bayraqlar daxildir. Ön Asiya döyüş baltaları ilə Azərbaycan baltaları arasında ümumi oxşarlıq Qafqaz və Asiyanın qədim tayfalarının metallurgiya ocaqlarının bir-biri ilə iqtisadi-mədəni və siyasi əlaqələrinin mövcud olduğundan xəbər verir. Q.İ.İone, B.B.Piotrovski "skif" tipli (qanadsız) ox ucluqlarının bu ərazilərdə tapılmasını Ön Asiya yürüşləri ilə - midiyalılarla əlaqələndirir. Tuğ-bayraqlar hər bir dövrdə dövlətçiliyin rəmzi olub. Tarixdən məlumdur ki, tuğ-bayraqlar qədim tayfalarda, xüsusilə də türklər arasında geniş yayılıb. Tuğlar dövrünə görə hökmdar tərəfindən əyanlara hakimiyyət rəmzi mənasında verilirdi. Tunc dövrünə aid tuğ-bayraqlar Şəmkir rayonunun Qaracəmirli kurqanından və s. ərazilərdən məlumdur. Onların döyüş arabalarına bərkidildiyi və döyüşlər zamanı tuğ-bayraq rolu oynadığı düşünülür.
Azərbaycandan əldə olunan maddi-mədəniyyət nümunələri içərisində silahların üstünlük təşkil etməsi və adətən kişi qəbirləri üçün xarakterik olması, qəbirlərdə bir və ya bir neçə ədəd təsadüf olunmasına əsasən demək olar ki, dövrün döyüşçüləri hərb işinə önəmli yer verib, yaxşı təlim keçmiş və daha mükəmməl silahlanaraq öz şücaətlərini və qüvvələrini döyüşlərdə göstəriblər.
Göygöl rayonundan arxeoloji qazıntı zamanı əldə olunan tunc tac son tunc-ilk dəmir dövrünə aiddir. Tacın tapılması hələ
tunc dövründə bu ərazidə olan dövlətçilikdən xəbər verir.
Bildiyimiz kimi, atların rolu hərb işində böyükdür. Azərbaycanda, o cümlədən Cənubi Qafqazda aparılan arxeoloji qazıntılar bu ərazilərin dünyada atçılığın ən qədim məskənlərindən biri olduğunu sübut edir. Köməktəpə abidəsindən əldə olunan at skeleti hələ eneolit dövründə Azərbaycanda atın əhliləşdirilməsindən xəbər verir. Azərbaycanda atçılıqla bağlı ən geniş tapıntılar e.ə. II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərinə aid arxeoloji abidələrdən əldə edilib. Məlumdur ki, at dövrünün ən etibarlı nəqliyyat və minik vasitəsi olub. Qobustan, Gəmiqaya və Kəlbəcər petroqliflərində atla bağlı təsvir olunan süjetlər eneolit və tunc dövründə Azərbaycan tayfalarının atdan minik vasitəsi kimi istifadə etdiklərini bir daha təsdiq edir.
Gəncə, Qarabağ və Şəmkirin tunc dövrü qəbir abidələrindən tapılmış atlara məxsus astroloji qalıqlar, Qaracəmirli kurqanından əldə olunan at arabasının müxtəlif hissələri və at əlhəslərinin ərazilərdən tapılması Azərbaycan tayfalarının hərb işində atın önəmli yer tutması barədə fikirlər söyləməyə əsas verir. Bildiyimiz kimi, qədim tayfaların təfəkküründə at mühüm rol oynayıb. Qədim nağıllarımıza nəzər saldıqda atın murada yetişmək kimi mifik baxışları özündə cəmləşdirdiyini görürük. Bundan başqa at qədim türk tayfalarının təfəkküründə namus, qeyrət rəmzi olub. Bununla yanaşı bəhs etdiyimiz mövzuya aid kəmərlər üzərində öküz, qartal, qrif, maral və s. obrazlarla bağlı təsvirlər də geniş yayılıb. Bu obrazların bədii məmulatlar üzərində təsvir olunması heç də təsadüfi deyil. Allahlar, şahlar, şər və xeyir qüvvələr maddi mədəniyyət nümunələri üzərində ibtidai icma dövrünün inanclarına görə müxtəlif heyvanlar şəklində əks olunurdu.
Bu dövrlərdə döyüş zamanı zirehli geyimlərdən istifadə olunurdu ki, bunun da bariz nümunəsi bədii tərtibatlı tunc kəmərlərdir. Kəmərlər üzərindəki kompozisiyalar döyüş arabalarının və süvarilərin döyüşdə iştirak etməsini bir daha sübut edən dəyərli mənbələr sayıla bilər. İkitəkərli hərbi arabalara gəldikdə isə Azərbaycanın qayaüstü petroqliflərində bu təsvirlərə rast gəlinir.
Aparılan arxeoloji tədqiqatlar bir daha sübut edir ki, Yaxın Şərq tayfaları ilə Azərbaycan tayfaları arasında münasibətlər yalnız ticarət əlaqələrində deyil, ictimai-siyasi prosesləri qabarıq şəkildə əks etdirən abidələrdə də özünü göstərir. Belə ki, biz maddi mədəniyyət nümunələri arasında elə çoxsüjetli kompozisiyalara rast gəlirik ki, onlar xalqımızın qədim dövr tarixini özündə əks etdirən dəyərli tarixi mənbələr hesab oluna bilər. Belə mənbələrdən biri Naxçıvanın Şərur rayonundan əldə olunan təsadüfi tapıntıdır. Kəmərin tapıldığı yerdən zınqırovşəkilli möhür də əldə olunub. Möhürün üzərində ayaqları qatlanmış qanadlı dağ keçisi və ona halqavari şəkildə dolaşan ilan təsviri var. Keçinin ilanla təsviri Mesopotamiya və Cənubi Azərbaycan qliptikasının geniş yayılmış motivlərindəndir. Məlumdur ki, ayaqları qatlanmış heyvan fiqurları Qədim Şərq incəsənəti üçün də xarakterikdir. Bu tip keçi təsvirlərinə Rassamara, Qezer və Ağaverdidən tapılmış möhürlər üzərində də rast gəlinib. Keçinin ayaqları bükülmüş təsvirləri Manna və Skif incəsənəti üçün də xarakterikdir. E.ə. II minillikdən "heyvan stili" mədəniyyəti Azərbaycan tayfaları arasında da geniş yayılıb. E.ə. I minilliyin əvvəllərində Şumer incəsənətindən gəlmiş real və fantastik heyvan obrazları Azərbaycanın son tunc və ilk dəmir dövrü incəsənət nümunələri üzərində geniş yer alıb. Möhür və kəmərin bir yerdən tapılması isə onun tanınmış, həm də eyni bir şəxsə məxsus olduğunu göstərir. V.Baxşəliyev hər iki tapıntını e.ə. VIII-VII əsrlərə aid edir.
Göründüyü kimi, tunc və ilk dəmir dövrünə aid maddi mədəniyyət qalıqları və yazılı mənbələr Cənubi Azərbaycanda və qonşu ərazilərdə ilk böyük tayfa ittifaqlarının, etnososial səciyyə daşıyan birləşmələrin mövcudluğu, cəmiyyətdə ictimai bərabərsizliyin güclənməsi və tayfalar arasında siyasi-iqtisadi, etnomədəni əlaqələr barədə qiymətli məlumatlar verir. Məlumdur ki, Azərbaycanın qədim tarixi bütün qədim Şərq ölkələrinin tarixi ilə sıx və qırılmaz şəkildə əlaqədar olub. Aşşur, Babil mənşəli mənbələr əsasən Urmiya gölü ətrafındakı əraziləri işıqlandırsa da, Urartu mənbələri Cənubi Qafqazın Arazətrafı əraziləri barədə məlumat verir. Naxçıvan və Zəngəzur bölgələrində iki qayaüstü yazının aşkar olunması Urartu tayfalarının ərazilərə basqınlar törətməsindən xəbər verir.
Şərur və Xaçbulaq rayonlarından əldə olunmuş tunc kəmər parçaları üzərindəki çoxsüjetli kompozisiyalar Azərbaycan ərazisində baş verən hərbi yürüşlərin bariz göstəricisidir.

İradə Avşarova,
tarix üzrə fəlsəfə doktoru