“Gələn bəzirgandı, gedən xocadı...” Mədəniyyət

“Gələn bəzirgandı, gedən xocadı...”

Epos, nağıl, bayatı, atalar sözü, lətifə, qaravəlli və deyimlərimizdə ticari izlər

Bəşər sivilizasiyasının kökündə dayanan ticarət, millətlər və dövlətlər arasındakı iqtisadi münasibətlər çox qədim zamanlarda - ibtidai icma strukturunun yarandığı dövrdə meydana gəlib, sinfi cəmiyyətlərdə öz inkişafının əsas mərhələsinə daxil olub. Xüsusi mülkiyyətin hökmran olduğu kapitalizm dönəmində ticarət daha da inkişaf edərək cəmiyyətin sosial sferasında həlledici nüfuza sahib çıxıb. V əsrdən başlayaraq Doğu ilə Batını birləşdirən ticarət karvanlarının bir yolu da qədim İpək yolu olub. Türk xalqlarının tarixi və coğrafi keçmişində izləri silinməmiş "İpək yolu" bu qövmün şifahi örnəklərində də yaşamaq haqqını itirməyib.
İpək yolunun Orta Asiya istiqamətləri barədə məlumat verən L.Qumilyovun "Qədim türklər" əsərinin "İpək və karvan yolu" bölməsindəki marşrutun sxeminə diqqət yetirək. Karvan yolu Qaoçandan (Çin ərazisi) başlayırdı. Onun bir qolu Tyan-Şanın cənub silsiləsindən Qaraşəhər, Küçör və Ağsudan keçib İssık-Gölə, Çu vadisinə, oradan da Talas və İsfar vadilərinə qədər uzanırdı. Qırğız türklərinin möhtəşəm eposu "Manas"da oxuyuruq:

Noqoy oğlu bu Cakıb
Aral üstdə yaşayıb,
Yaxın olub Altaya,
Ağsu adlı bir çaya.
Küçör adlı şəhərdən
Sovqat da gəldi hərdən.
Sürüsünün oylağı
Qaraşəhər yaylağı.

Dastanda adları çəkilən toponimlər İpək və Karvan yolunun cənubi Tyan-Şan istiqamətlərini bir daha təsdiqləyir. Burada işlənmiş "Küçördən gələn sovqat" arqumenti istər-istəməz diqqətimizi cəlb edir. İpək yolunun keçdiyi ölkələr Çin tacirlərindən konkret məbləğdə təyin olunmuş gömrük haqqı, daha doğrusu, torpaqbasdı alırdılar. Cakıb bəyin Küçördən aldığı "sovqat" da məhz buna işarədir. Göründüyü kimi, "Manas" dastanında həmin dövrün həyat həqiqəti bədii həqiqətə çevrilərək ədəbi dövriyyəyə daxil olub.
Şərqdən Qərbə uzanan böyük İpək Yolunun Avrasiya mədəniyyətinin tərəqqisində əvəzsiz rolu olub. Bu yoldan keçən müxtəlif karvanların əlvan etnik tərkibi, onların öz sinələrində gəzdirdikləri folklor inciləri köçəri və yarımköçəri xalqlarla ədəbi-bədii inteqrasiyaya münbit şərait yaradıb. Ayrı-ayrı xalqların, etnik qrupların, tayfaların şifahi ədəbiyyatı bu "inteqrasiya"dan bəhrələnərək bəşər sivilizasiyasına öz dəyərli töhfələrini verib. "Manas", "Alpamış", "Maday Qara", "Koroğlu" kimi dastanların da məhz bu mühitdən "sıyrıldığına" tam əminik.
Kökü daha qədimlərə işləyən oğuz dastanı "Kitabi Dədə Qorqud"da ticarətlə məşğul olan və "bəzirgan" adlanan personajla üzləşirik. Müxtəlif tarixi mərhələlərdə ticarətlə məşğul olan insanlara bəzirgan, sövdəgər, tacir, nəhayət, yeni dönəmdə iş adamı, biznesmen, kommersant kimi adlar ünvanlayıblar. "Kitabi-Dədə Qorqud" dastanının "Qan Börənin oğlu Bamsı Beyrək boyu"nda Baybörə bəy bəzirganlarını yanına çağırtdırır və buyurur ki: "Mərə bazirganlar! Allah-təala mana bir oğul verdi. Varın Rum elinə, mənim oğlım üçün yəxşi ərmağanlar gətürün, mənim oğlım böyüyüncə". Bu sözlərdən sonra bəzirganlar (tacirlər - A.C.) gecə-gündüz yol gedərək İstanbula yetişirlər. Danışıqlar aparıb Baybörənin oğlu üçün nəzərdə tutulanları – bir dəniz qulunu boz ayğır, bir dəstəyi ağ tozlu möhkəm yay, bir də altı pərli gürz alırlar. Göründüyü kimi, qiymət sövdələşməsi, alqı-satqı prosesində tərəflər arasında aparılan danışıqlar və razılaşmalar qədim dastanlarımızdan olan "Kitabi-Dədə Qorqud" boylarında da özünə yer almaqdadır.
Azərbaycan xalqının sonrakı dönəmlərdəki dastan yaradıcılığında tacir və ticarətlə, alqı-satqı ilə bağlı bir çox süjet və olayların şahidi oluruq. Xalqın dastan təfəkküründə yer alan tacir cəmiyyətin varlı, sayılıb-seçilən, maddi baxımdan imkanlı təbəqəsini təmsil edir. "Seydi və Pəri" dastanında baş verən olayların mətləsi iki tacir qardaşın - Məhəmməd və Əhmədin arzuları üzərində qurulur: "Sizə hardan, kimnən xəbər verim, İstanbul şəhərində iki tacir qardaş var idi. Böyüyünün adı Məhəmməd tacir, xırdasının adı Əhməd tacir idi. Məhəmməd tacirin Seydi adında bir oğlu var idi, Əhməd tacirin də Məryam xanım adda bir qızı. Bir gün Əhməd tacir Məhəmməd tacirə dedi:
- Mənim bir qızım var, sənin bir oğlun. Niyə varımızı özgə yesin? Mən qızımı sənin oğluna verirəm.
Dastanlarımızda tez-tez üzləşdiyimiz sonsuzluq, övlad həsrəti tacirlərin də həyatından yan keçmir. Belə məqamlarda tacir öz varidatını yaxın bildiyi köməkçisinə, yaxud nökər-naibinə vəsiyyət edir. "Leyli-Məcnun" dastanındakı Firuz tacir də xəstələnib son günlərini yaşayarkən ona sidq-ürəklə xidmət etmiş köməkçisi Abdullanı yanına çağırıb var-dövlətini ona bağışlayır:
- Abdulla, bu mal, bu pul, bu da ilxı. Mən də görürəm, ölürəm. Mən öləndən sonra bu dövlətimə sahib durmaq, ticarət aparmaq üçün bir övladım yoxdu. Gəl bu var-dövləti sənin adına salım, mən öləndən sonra ye, iç, kefini çək, mənə də rəhmət oxu.
Azərbaycan nağıllarında da tacir obrazı xalqın bədii təfəkküründən və yaradıcı təxəyyülündən kənarda qalmır. Nağılların bir çoxunda bu obraza ayrı-ayrı epizodlarda rast gəldiyimiz halda, bəzi nağılların ("Tacir oğlu" və s.) baş qəhrəmanı məhz tacir özü olur və süjet olayları onun çevrəsində cərəyan edir. Elə "Tacir oğlu" nağılında olduğu kimi…
Yeganə oğlunun fərsizliyindən rahatsız olan Əhməd adlı bir tacir öz tacir həmkarlarını çağırıb onlara yalvarır ki, "gözümün ağı-qarası bir fərasətsiz oğlum var. Bu qədər zəhmət, zəlalət çəkib var-dövlət yığmışam. İndi qocalmışam, gözlərimə tor gəlib, yeri əməlli görmürəm, bu gün – sabah öləcəyəm, oğlum Fərəməz dövlətimi zay edəcək. Mənim qoca yoldaşlığıma hörmət edin. Bu oğlumu ticarət səfərinə gedəndə özünüznən aparın, gözü açılsın".
Əlbəttə, əzab-əziyyətlə, min bir zəhmətlə var-dövlət toplayan atanın - tacir Əhmədin əndişəsini anlamaq çətin deyil. Yenə də leytmotiv "əldə olunanı əldə saxlamaq" sosial fəlsəfəsinə söykənir. Varislik haqqını daşıyan isə fərsiz, yaxud fərasətsiz olarsa, illərlə, çətin zəhmət və zəlalətlə yığılmış var-dövləti bir günün, hətta bir anın içində kül edib göyə sovura bilər. Məşhur bir atalar sözü yəqin ki, bu məqama ünvanlanıb: "Yaxşı oğul neylər ata malını, pis oğul neylər ata malını".
Ticari izlər ilə təkcə eposlarımızda, nağıllarımızda deyil, digər folklor nümunələrimizdə - bayatı, atalar sözü, lətifə, qaravəlli və deyimlərimizdə də üzləşmək mümkündür. Bu baxımdan "Molla Nəsrəddin" lətifələri xüsusən diqqəti cəlb edir. "Beş şahının hökmü", "Həm nökərəm, həm ağa", "Ondan al, buna ver", "Qoy mənim mayama zərər gəlsin", "Sövdəgər qardaş", "Molla və tacir", "Dəvəbaşı", "Mollanın hinduşqası" və s. bu qəbildən olan lətifələrdə islahedici xalq gülüşünə hədəf olan tacir və sövdəgərləri görürük. Belə insanlar adətən xəsisliyinə və tamahkarlığına görə yumor predmetinə çevrilir. Molla Nəsrəddin isə təkcə tacir-tüccara deyil, ümumən cəmiyyətin maddi-mənəvi balansını pozan mollaya, qazılara, hakimlərə, həmçinin sadə zümrəni təmsil edən dələduzlara gülür.
"Molla və tacir" sərlövhəli bir lətifənin məzmununa diqqət yetirək: "Xəsis adamlardan biri ilə (burada "xəsis adam" tacir anlamındadır - A.C.) Mollanın mübahisəsi düşür. Çox deyişmədən, söz güləşdirmədən sonra axırı xəsis Mollaya deyir:
- Hər nə deyirsən, de! Amma hər halda bu pul zəhrimar elə şeydi ki, hamı onu sevir. Hətta sən özün də sevirsən.
Molla deyir:
- Düzdü, sevirəm. Ancaq bu sənin sevməyindən deyil. Mən pulu onun üçün sevirəm ki, məni sənin kimi adamlara möhtac olmaqdan xilas eləyir.
Çəkinmədən hər kəsin eyibini üzünə deyən Molla istər islahedici, istərsə də ifşaedici gülüşü ilə xalqın mövqeyində dayanır. Ona görə də Molla Nəsrəddin xalq gülüşünün bir obrazıdır. Bu barədə filologiya elmləri doktoru Muxtar Kazımoğlunun mülahizələri olduqca maraqlıdır: "Kosa, Keçəl, Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı folklor nümunələri bir fərdin yox, məhz kollektiv yaradıcılığın məhsulu olduğundan həmin nümunələrdə tənqid edən şəxsiyyət və tənqid olunan dünya modeli axtarmaq özünü doğrultmur". Yəni belə qənaətə gəlmək olar ki, bu folklor personajlarının gülüş hədəfi həm onların əhatəsində olanlar, həm də onlar özləridir. Deyək ki, tacirə, sövdəgərə, xəsis varlılara gülən Molla çox zaman gülünc vəziyyətdə qalaraq özü də gülüş hədəfinə çevrilir.
Deyimlərimizdə də ticari izləri yaşadan, xüsusən bazar, karvan, dəvə morfemi ilə bağlı nümunələr yetərincədir: "Bazar olsun", "Bazarı bağlanmaq", "Bazarın gözünü çıxartmaq", "Bazar dili", "İt hürər, karvan keçər", "Dəvəçi ilə dost olanın darvazası gen gərək", "Dəryada balıq sövdası", "Aldım qoz, satdım qoz", "Həm ziyarət, həm ticarət" və s.
Xalq təfəkkürünün daha dərin qatlarına işləyən oğuznamələrdə də ticari deyimləri izləmək mümkündür. Məsələn: "Alan satandan umar", "Min gör, bir al", "Türk ucuz bulduğun murdar sanır", "Satın alınmış sarımsaq sapınacan tatlı olur" və s.
Xalq ədəbiyyatının bir qolu olan ozan-aşıq yaradıcılığında da ticarətə, alqı-satqı aləminə poetik prizmadan, obrazlı və metoforik bir baxış var. Əlbəttə, epik folklor mətnlərindən fərqli olaraq aşıq yaradıcılığındakı lirik təhkiyə sözügedən izləri məcazlar və metaforalar, obrazlı deyimlər və qanadlı ibarələrlə yadda saxlatdırır:

Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı.
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.
(Xəstə Qasım)

Yaxud:

Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm.
Ah-vaynan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb nəf eyləmişəm.
(Aşıq Ələsgər)

Göründüyü kimi, bütün sinifli cəmiyyətlərin sosial sferasında məxsusi yer alan ticarət bəşəriyyətin, o cümlədən türk xalqlarının bədii təfəkkür tarixində də özünün silinməz izlərini qoyub.

Adil Cəmil,
filologiya üzrə fəlsəfə doktoru