Dodaq danışdıqca od tutar yanar... Mədəniyyət

Dodaq danışdıqca od tutar yanar...

1950-1980-ci illərin Güney Azərbaycan şeiri

1950-1980-ci illərdə Güney Azərbaycanda da Quzey Azərbaycanda olduğu kimi poeziyamızın ağır yükünü çəkən şairlər onun dil və üslubca yeni istiqamətlərdə inkişafına səy göstərirdilər. Güney Azərbaycan şeirinin ən yaxşı nümunələrində bu yeniləşmə məziyyəti aydın nəzərə çarpır və buna 1950-ci illərdən sonra poeziya aləminə qədəm qoyan ədəbi qüvvələrin yaradıcılıq təcrübəsində sıx-sıx müraciət olunurdu. Şairlər gerçəkliyi fəal estetik mövqedən işıqlandırarkən, sənət dilinin orijinallığına xüsusi diqqət yetirirdilər. Odur ki, 1950-1980-ci illər poeziyamızda sənətkarlıq yetkinliyi, forma və məzmun birliyinin yeni mərhələsi kimi dəyər qazanır. Şeir dilinə təravətin gəlməsi təsvir və tərənnümün istiqamətini, ruhunu təyin edən başlıca amilə çevrildi, şeirin həyatı inikas üsuluna təsir etdi. Nəticədə üslub yeksənəkliyi, dil kasadlığı tədricən azalır, yenilik ruhu bədii inikasa işıq saçırdı. Güney Azərbaycan şeiri məhz bu məziyyətləri ilə dəyərli görünürdü. Poeziya dilinin möhkəm qanunları daxilində poetik mətn küll halıında yüksək səviyyəyə qalxır, güneyli şairlər lazımi yetkinlik səviyyəsinə nail olurdu. Üslub müxtəlifliyi isə 1950-1980-ci illər Güney Azərbaycan poeziyasının axtarışının əsasını təşkil edirdi. Bundan əlavə bu dövr ərzində Güney Azərbaycan şeirində mənəvi-psixoloji təhlili gücləndirməyə ardıcıl meyl bədii təsvir yollarının yeni istiqamətləri aşkarlanırdı. Məhz bu dövr ərzində gen-bol təkrarlanan deyim qəlibləri, söz düzümünün ənənəvi imkanları tədricən aradan qalxmağa başladı. Bu dövr ərzində eyni zamanda poetik intellektin yüksəlməsi şeir dilinin aforitik məzmunla dərinləşməsinə təsirsiz qalmadı, şeirin obrazı və hikmət doğuran məzmununda dərin iz buraxdı. Məhz Şəhriyar, Səhənd, Həbib Sahir kimi şairlərin yaradıcılıq üslubu əsasında belə bir fikri əminliklə vurğulamaq olar ki, 50-ci illərdə şeirin varlığa fəlsəfi müdaxiləsinin güclənməsi nəticəsində ifadə tərzində də uğurlu dəyişikliklər baş verdi, müdriklik düşüncəsinin dərinləşməsi ilə şeir sənətinin dilində bu istiqamətdə intensiv yeniləşmə hərəkatı vüsət aldı. Həmin prosesin bir əhəmiyyətli cəhəti də ondan ibarətdir ki, poeziya dili, bir çox İran şairlərinin o vaxta qədərki dil quruculuğundan irəliyə addım atdı, bədii təfəkkürün müasir səviyyəsi poeziya dilinin müxtəlif meyllərində yaranan püxtələşmə prosesində təzahür etdi.
Bütün dövrlərdə ədəbiyyatın ən tipik əlaməti ilk əvvəl onun dilində təzahür edir. 1950-1980-ci illərin Güney Azərbaycan şeiri də dövrünün narahatlığını, nigarançılğını əks etdirərkən onun dilində ədəbi prosesin üslubi təmayüllərini, estetik özünəməxsusluğun izlərini hifz edir: şeirdə, dildə orijinallığa və novatorluğa səylər özünü göstərməkdədir:

Ordakı dil-ağız sözdən usanar,
Soruşun mətləbi tellər söyləsin.
Dodaq danışdıqca od tutar yanar,
Gərəkdir zəxmələr, əllər söyləsin. (Səhənd)

Bu şeirdə şair ənənəyə sadiq qalaraq qoşma formasının bütün tələblərini yerinə yetirir. Lakin məna və deyiliş etibarilə fikirlər tamamilə orijinaldır. Səhənd bu poemanı sırf folklor abu-havasında yazıb. Çünki "Dədə Qorqud"un öz dili, ideyası, obrazları bizim gen yaddaşımdızın güzgüsüdür. Qələmi əlinə təsadüfi götürməmiş, istedadı bulaq kimi qaynayan Səhənd "Dədə Qorqud"a müraciət edərkən hansı əziyyətlərə qatlaşacağını, hansı çətinliklərdən keçəcəyini çox yaxşı bilirdi. Bunu da yaxşı bilirdi ki, hökmən folklor deyilən xalq kitabına mükəmməl bələd olmalıdır ki, Azərbaycan ədəbiyyatının ana kitabı sayılan "Dədə Qorqud" eposunun motivləri əsasında əsər yarada bilsin. Lakin şairin özünə inamı, folklor ənənələrinə intəhasız sevgisi və onu əhatə eləyən problemləri folklor ənənələri üzərində çözmək istəyi onu bu gur çeşməli dəryaya baş vurmağa inandırdı və şair bu dəryanı mahir bir dalğıc kimi üzüb keçərək gələcək nəsillərə ərməğan edəcəyi olduqca nəfis bir əsər yaratdı:

Keçənlər demişlər: "Hər həqiqətin,
Minlər surəti var, minlər üzü var.
Kimsə nə baxışda baxarsa ona,
Öz baxışı qədər Haqqa yol tapar.

Səhəndin hamımıza tanış olan "Dədə Qorqud" eposunun motivləri əsasında yazdığı "Sazımın sözü" əsərində həqiqət anlayışı, şairin bədii fəhminin, heyrətamiz təxəyyülünün meydana gətirdiyi olduqca mənalı, məntiqli, fəlsəfi cəhətdən dərinliyi dərhal özünü biruzə verir.
Səhənd tarixi şəraitin böyük ideyalarını əks etdirən bədii kəşflər aparan sənətkardır. Şair bütün yaradıcılığı boyu üfüqləri olduqca geniş və aydın bir yolla – həqiqi şeir-sənət yolu ilə addımlayıb, folklorun bütün ənənələrinə millilikdən yoğrulmuş qəlbilə riayət edib.
Poeziya tarixinin zəngin təcrübəsi dəfələrlə sübut edib ki, şeir dilində özünütəkrar yaradıcılıq böhranının başlanğıcıdır. İstənilən obrazın və onun maddi ifadəçisi sözün ifrat təkrarı geriləmə əlamətidir və bu geriləmədən yeganə xilas yolu isteda¬dın zəhmətə qatlaşmasıdır. Şeir dili zəhmətlə yoğrulmasa, cilalana bilməz. Poeziyada dil vasitələrinin təkmilləşməsi, təravətlənməsi daimi və gərgin yaradıcılıq prosesinin nəticəsidir. Hazır obraz və söz təkrarları estetik tələblərə uyuşmur. Buna görə də şair sözün estetik tələblərini incəliklərinə qədər bilməsə, onun gözəl cəhətlərini, ülvi əlamətlərini, ən xırda cəhətlərini duymasa, sözün tam mənasında sənət hadisəsinə çevrilən əsər yarada bilməz. Təsadüfü deyil ki, daim öz əsərlərində təkrirlərdən, təşbihlərdən, istiarələrdən, cinaslardan çox məharətlə istifadə edən və heç zaman təkrara yol verməyən klassiklərimiz daim misilsiz sərvətlər yaratmışlar. 1950-1980-ci illər Güney Azərbaycan poeziya dilinin cəhətlərinin bu sahədə əldə edilən uğurların təsdiq və təqdiri üçün kifayət qədər nümunələr var:

Qorxma, bu mavi göy altında yanan günəşin
Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək.
İlk baharında açacaq gül, ötəcək bülbüllər,
Dünyamız bir də bu aləmdə xəzan görməyəcək.

Dünya durduqca Səhəndin uca bürcündə yanan,
Ol gümüş rəngli ay yolları aydınlaşdıracaq,
Axacaq nəhrlərin, həm açacaq lalələrin,
Bir də evlərdə inan, sönməyəcək od və ocaq.

Ey mənim şanlı elim, həmvətənim, al günəşim,
Ayna tək parlaq üfüq, dərya təkin çərx əsir.
Ey qadınlar, analar, bircə açın pəncərəni,
Sübh açılmaqdadı, sübhün yeli dağlardan əsir.
(Həbib Sahir)

Güney Azərbaycan poeziyası heç zaman şeir qıtlığından əziyyət çəkməyib, istər Təbriz, istər Ərdəbil, istərsə də başqa azərbaycanlılar yaşayan bölgələrdə ədəbi mühit bütün dövrlərdə ümumi Azərbaycan poeziya xəzinəsinə töhfələr verməkdə öz səxavətini əsirgəməyib. Lakin poetik yaddaşda ancaq keyfiyyət dəyişmələrinə məruz qalan nümunələr qallb. Bu mənada 1950-1980-cı illər də istisna deyil. Zamana uyğun poetik ovqat dəyişdikcə onun üslubi funksiyasında müəyyən təbəddülatlar özünü biruzə verib və bu keyfiyyət əlamətləri ən çox M.H.Şəhriyar, Səhənd, Sahir və b. kimi orijinal qələm sahibləri¬nin yazı tərzində özünü olduqca qabarıq şəkildə hiss etdirib.
Məlum məsələdir ki, şeir dili adi fikir ifadəsi hududlarına sığmır, bu hududları aşıb həyat həqiqətini öz poetik vüsətilə canlandırmağa başlayır. Bu mənada yuxarıda adı çəkilən şairlər möcüzəvi işlər görmüşlər. Bu sənətkarlar öz əsərlərini yüksək intellektə malik olan insandan tutub, tamamilə savadı olmayan bir insan üçün də anlaşıqlı edib, onların şeirlərini oxuyan və yaxud eşidən insanlarla öz aralarında olduqca səmimi bir dioloq, eyni zamanda hamıda əsərlərini əzbər söyləmək həvəsi yaradıblar.
Həmin dövrdə Güney Azərbaycan poeziyasının başlıca və diqqətəlayiq keyfiyyətlərindən biri xalqımızın ictimai və mənəvi həyatına daha yaxından təması olub. Eyni zamanda ulu babalarımızdan bizə miras qalan mənəvi sərvətimizin dərin köklərinə prinsipal şəkildə, yeni baxışlarla yanaşmaq ədəbi prosesin tərəqqisinə geniş imkanlar açıb. Bədii təfəkkürün inkişafında 1950-1980-ci illərdə meydana gələn poetik dil cilalanıb, yeni məziyyətlərlə zənginləşərək həmin dövr şairlərinin yaradıcılıq laboratoriyalarında olduqca mühüm keyfiyyətlər kəşf edib.
Çox zaman şairləri üç yerə bölürlər. Vətən haqqında yazan şairlər, təbiət şairləri və aşiqanə şeirlər yazan şairlər. Lakin ən əsasını unudurlar. İrfan şairlərini. Azərbaycanın bütün klassikləri öz yaradıcılıqlarını təsəvvüf poeziyası üzrərində kökləyib və məhz bu səbəbdən də misilsiz əsərlər meydana gətiriblər.
70 il Sovet rejimi zamanı Quzey Azərbaycan şairləri qəddar quruluşun qorxusundan "Allah" kəlməsini belə dillərinə gətirmədiklərinə görə, təsəvvüf poeziyasından uzaq qaçıb, əsərlərini əsasən diktatura rejiminin tələblərinə uyğun olaraq müsbət sovet adamı obrazını yaratmağa qurban veriblər. Əlbəttə, bununla yanaşı Quzey Azərbaycan şairləri bəzən sözaltı mənalarla, bəzən qəddar rejimin anlamadığı dərin fəlsəfi fikirlərlə, bəzən adət-ənənə mənzərəsi altında, bəzən poetik formalardan qaçmağın poeziyaya ləkə gətirəcəyi bəhanəsilə yuxarıda qeyd olunduğu kimi milli dəyərləri əziz tutub, daim doğma dilə, genetik koddan qaynaqlanan yüksək mənəvi keyfiyyətlərə lazımi qiymət verərək onları yaradıcılıqlarının əsas ideya qüvvəsinə çevirib və əslində hakimiyyətə yarınmaq üçün deyil, xalqını, millətini, vətənini, torpağını sevən qələm ustaları kimi yazıb-yaradıblar.

Vüqar Əhməd,
professor