Keçəpapaqların sorağı ilə... Mədəniyyət

Keçəpapaqların sorağı ilə...

Borçalı mahalında qeyri-adi Novruz bayramı

I yazı

Onların sorağını ilk dəfə 2011-ci ilin Novruz bayramı qabağı aldım. Dostum Səməd Vəkilov xəbər gətirdi ki, Gürcüstanda Borçalı mahalının Qarayazı (dəyişdirilmiş adı: Qardabani) rayonunun Muğanlı (dəyişdirilmiş adı – Sərtçala Muğanlı) kəndində qeyri-adi Novruz bayramı keçirilir. Bu barədə ona həmin kəndin sakini hüquq müdafiəçisi Elbrus Məmmədov məlumat vermiş, bu bayramla bağlı bir şey yazıb-yaza bilməyəcəyimi soruşmuşdu.
Məlumata ilk reaksiyam ötəri oldu: qeyri-adi heç nə gözləmirdim. Sadəcə, fərqli etnoqrafik özəlliklərin ola biləcəyinə əmin idim. Ana etnosdan siyasi, inzibati, linqvistik, mədəni və s. cəhətlər baxımından ayrı düşmüş etnik toplumlarda etnoqrafik özünəməxsusluqlar milli özünüqoruma və özünüyaşatma mexanizmlərinə çevrilir. Eləcə də Gürcüstanda minillərdən bəri öz ana vətənlərində (torpaqlarında) yaşayan Azərbaycan türkləri zamanla milli hüquqlarından (milli məktəb, milli dildə tədris, tarixi etnotoponimika, milli-mədəni özünüfadə və s.) məhrum olduqca toplumun etnik kimlik atributları onları Azərbaycan türkləri kimi qoruyan və yaşadan formullar olaraq aktivləşib. Belə toplumlarda zaman sanki donur. Azərbaycan ədəbi dili ilə xüsusilə orta məktəb vasitəsi ilə həyata keçirilən birbaşa əlaqəsi kəsilən məhəlli dialekt, etnoqrafik yaşam tərzi, milli adət-ənənələr, bayram və mərasimlər milli həyatın, etnik mövcudluğun əsas və dominant özünütəşkil sxemləri səviyyəsinə qalxır. Bundan dolayı Gürcüstandan Bakıya gəlib ədəbi mühitdə fəaliyyət göstərən azərbaycanlı yazıçı və şairlərin bədii dilində, ədəbi düşüncəsində fərqli, oxucuların və tənqidçilərin milli yaddaşını oyadan koloritli etnoqrafizm boy verir. Onlar ya şair Zəlimxan Yaqub kimi daha çox xalq şeiri üslubunda, milli poetik ənənə əsasında şeirlər qoşur, ya da yazıçı Mövlud Süleymanlı kimi öz bədii təsvirlərində canlı tarixi-etnik kolorit yarada bilirlər...
…Səmədin də Muğanlıdakı Novruz bayramı ilə bağlı dediklərində fərqli bir şeyin olacağını düşünmürdüm: "Elbrus gəlsin, – dedim, – bir danışsın, görək nədir".
Elburus Məmmədov 2011-ci ilin Novruz bayramı öncəsi işlədiyim AMEA Folklor İnstitutunun mifologiya şöbəsində qonaq oldu. Kəndlərindəki Novruz bayramından, ən başlıcası, şir maskalı, qara keçə geyimli, zınqırovlu keçəpapaqlardan bəhs etdi. Marağıma səbəb oldu. O, söz verdi ki, kənddəki Novruz bayramını videofilmə çəkdirib bizə gətirəcək. Həmin ilin Novruz bayramını folklorşünas alim Ramazan Qafarlı ilə birlikdə Türkiyənin Fəthiyə şəhərində keçirdim. Burada Türkiyə Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun Fəthiyə Bələdiyyəsi ilə birlikdə "Türk dünyasında mərasimlər" mövzusunda təşkil etdiyi "Uluslararası Türk Kültürü Qurultay"ında (21-23 mart 2011-ci il) iştirak edib, "Novruz bayramının konseptual-fəlsəfi əsasları" mövzusunda məruzə etdim. Qayıdanda məni nə kimi bir sürprizin gözlədiyindən əsla xəbərim yox idi.
Elbrus dediyi kimi, Novruzdan sonra yenidən instituta gəldi. Söz verdiyi videofilmi yox, bir dəstə fotoşəkil gətirmişdi. Şəkillərə baxanda məni heyrət bürüdü. Fotoların müasir dövr Azərbaycan dünyasında keçirilən Novruz bayramına aid olduğuna bir anlıq inanmaq istəmədim. Şəkillərdə sanki hansısa mistik-xaotik mərasimin iştirakçıları var idi. Onların əyinlərində tərsinə geyilmiş qara kürk, başlarında kürəklərinə qədər tökülmüş qara saçları olan keçə papaq, sifətlərində şir maskaları var idi. Kürkün üstündən iki kəmər bağlamışdılar: birini üfüqi şəkildə bellərinə, digərini isə çarpaz (aşırma) şəkildə çiyindən sinələrinə. Hər iki kəmərin üstündə çoxlu sayda zınqırovlar, əllərində qamçı, çubuq, dana quyruğu və s. var idi.
Bu halda hər bir azərbaycanlı tədqiqatçının ağlına ilk gələn şey şamanlar olduğu kimi, mən də sanki canlı şamanların fotolarını görürdüm. Təbii ki, bunlar şamanlar deyildi, lakin şamanizmdən, ümumən arxaik türk (oğuz) animistik təsəvvürlərindən qıraq hadisə də deyildi…
Fotolara zamanla uzun müddət tamaşa edib, onları dəyərləndirmək istədim. Qarşımda canlanan mənzərənin kökü qədim oğuz-türk düşüncəsinin ritual-mifoloji dünyagörüşünə gedib çıxan arxaik fenomeni əks etdirməsi aydın idi. Təkcə şəkillərə əsaslanıb, məlumat səciyyəli "nə isə" yazmaq olardı. Amma bu "nə isə" mənim yazmaq istədiyim, ən başlıcası, şəkilləri görən andan keçəpapaqları canlı şəkildə görmək arzusunun qəlbimdə yaratdığı və mənim onlarla ilk görüşümədək sakitləşməyən coşqun ovqatın ifadəsi olmayacaqdı. Nəhayət, mən də fotoların müşahidəsindən yorulub, Ternersayağı qərar qəbul etdim: "Əgər Muğanlı kəndindəki keçəpapaq fenomeninin, heç olmasa, bir hissəsinin nə olduğunu başa düşmək istəyirəmsə, bu halda onun canlı tədqiqinə başlamalıyam".
Qərarımı Elbrus bəyə bildirdim. O, bizə 2012-ci ilin Novruzunu Muğanlıda keçirməyə hazırlaşmağımızı bildirib, video və fotoçəkilişlərin ən keyfiyyətli texniki vasitələrlə təmin ediləcəyinə, bizi Muğanlı kimi böyük bir kənddə dünyagörmüş insanlarla (hər bir folklorşünasın gündüz lampa işığında axtardığı sinədəftər söyləyicilərlə) görüşdürücəyinə söz verdi. Elbrus Məmmədovun Borçalı mahalı, Gürcüstanda və Azərbaycan xalqı üçün kim olduğunu, Gürcüstanda azərbaycanlıların milli tarixi mədəniyyətinin, qeyri-maddi mədəni irsinin qorunması və yaşadılmasından ötrü hansı həyəcan və əzablara düçar olduğunu və hansı əhəmiyyətli işlər gördüyünü yaxşı bildiyim üçün "Novruz qrafikimi" qətiləşdirdim.
19 mart 2012-ci il: Səmədlə mənim şəxsi avtomobilimdə üzü Qazax rayonuna – Gürcüstan sərhəddinə doğru yola çıxırıq. Yollar abaddır. Bəzi yerdə qoşa, bəzi yerdə tək olsa da, sərhədə qədər gözəl yol salınıb. Yol qırağı kəndlərin evləri göz oxşayır. Azərbaycan insanının istənilən şəraitdə və şərtlər altında çıxış yolu tapıb, öz həyatını qurmaq bacarığı – xalqımızın bu fövqəladi yaşam eşqi onu hər yerdə – istər Azərbaycanda, istər Rusiyada, istərsə də, digər yerlərdə daim fərqləndirir. O, hər yerdə elitar yaşamağa, həyat şəraitini mövcud standartların maksimumu səviyyəsinə qaldırmağa çalışır. Bununla bərabər, özü kimi yaşamağı, dəyişən şərtlər və şərait içərisində özü olaraq qalmağı da bacarır.
Yol boyu rayon mərkəzləri, onlara dönən yolayrıcıları xüsusilə abaddır: ticarət obyektləri, işıq dirəkləri həyatın yüksək ritmindən soraq verir. Səməd: "Özün görəcəksən, Gürcüstanın yolları belə deyil, xüsusilə azərbaycanlıların yaşadığı yerlərin yolları bərbad gündədir", – deyir.
Bu, əslində mənim Gürcüstana ikinci səfərim idi. Birinci dəfə 2011-ci ilin martında Türkiyəyə (Fəthiyə şəhərinə) avtobusla səfərim zamanı gecə vaxtı Tiflisin içindən keçmişdim. Uzun yol, sərhəd yoxlamaları məni yorsa da, Tiflis mənim yaddaşıma avtobusun pəncərəsindən gördüyüm Kürsahili işıqları, böyük olmayan binaları və kilsələrin əsrarəngiz siluetləri ilə yazılmışdı. Tiflisə qədər azərbaycanlıların yaşadığı Borçalıda gecə qaranlığında SOKAR-ın (State Oil Company of Azerbaijan Republik) hansısa yanacaqdoldurma məntəqəsindəki 15-20 dəqiqəlik fasiləni nəzərə almasaq, mənim tarixi Azərbaycanın bu hissəsinə hələ ayağım dəyməmişdi. Yolboyu Borçalı ilə qarşıda məni gözləyən görüşümü təsəvvür etdikcə içim vəcdlə dolurdu.
Qazaxda bizi Səməd Vəkilovun əmioğluları və dostları Məmmədhəsən Vəkilov və Mahmud Vəkilov qarşılayırlar. Biri riyaziyyatçı müəllim, o birisi psixoloq həkimdir. Hər ikisi bölgəyə məxsus səmimi əxlaqın tipik daşıyıcılarıdır. Təbii ki, bizi qonaq etməmiş buraxmırlar. Səfərimizin məqsədi hər ikisində özünəməxsus reaksiya doğurur. Mahmudun doqmatik düşüncə sistemində islam hökmlərindən başqa heç nəyə yer yoxdur. Xalq adət və inanclarına, o cümlədən Novruz bayramına əhəmiyyət vermir. Bizi də dindar adamlar olmağımıza baxmayaraq, islamdankənar şeylərin dalınca düşdüyümüzə görə qınayır. Lakin Mahmud qazaxlıların onun danışığında çox koloritli səslənən nitq folkloru, hər bir hərəkətində bölgənin mental formullarını, folklor davranışlarını yaşatması, tükənməz və təbii səmimiyyəti ilə mənim üçün çox maraqlı və dinləməyi sevdiyim insandır.
Mahmudun Novruza biganə münasibəti bölgə üçün səciyyəvi deyil. Bir neçə il öncə Azərbaycanın folklor paytaxtı statusunu da bir illiyə daşımış Qazaxda Novruz bayramı coşqu ilə qeyd edilir. Təsadüfi deyil ki, bizim səfərimiz Məmmədhəsən müəllimin dərin marağına səbəb olur. Gürcüstanda Borçalının Muğanlı kəndində qeyri-adi bir Novruz bayramının qeyd olunduğunu deyirik. "Bizdəkinə – Yuxarı Salahlıda keçirilənə çatmaz", – deyir. Üzünü hələ canlı şəkildə görmədiyimiz keçəpapaqlar haqqında bəhs edirik. O isə bunun qarşılığında məni heyrətə salan bir məlumat verir: "Bizdə, Yuxarı Salahlıda bayram gecəsi kişilər qadın paltarı geyir. Səhərə qədər od yandırırlar, şənlik olur. Cürbəcür oyunlar olur".
Bu məlumat arxaik oğuz rituallarını tədqiq edən folklorşünas kimi məni həyəcanlandırır. Kişilərin qadın paltarı geyməsinin, qadınların kişi paltarı geyməsinin nə olduğunu yaxşı bilirəm. Bu, kökləri arxaik ritual-mifoloji görüşlərə gedib çıxan travestik statusdəyişmə ritualıdır. Ordubad rayonunda Novruzda keçirilən "Xan bəzəmə" mərasiminin, o cümlədən indinin özündə də bəzi bölgələrin toylarındakı "padşahseçmə" adətinin əsasında statusdəyişmə ritualının durduğunu bilirdim. Bu statusdəyişmələr bütün hallarda sosial statusların (rolların) dəyişilməsi şəklində baş verir. Ancaq statusdəyişmənin "cinsdəyişmə" (travestizm) şəkli daha arxaik görüşlərlə bağlıdır. Ona müasir dövr Azərbaycanında rast gələ biləcəyimə inanmazdım…

Sedyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru