Dünya sevdanı yırğalar, sevda havanı yırğalar… Mədəniyyət

Dünya sevdanı yırğalar, sevda havanı yırğalar…

Poetik xüsusiyyətlərinə görə özbək xalq lirikasının ümumtürk folkloru ilə, o cümlədən Azərbaycan şifahi xalq şeiri ilə müştərəklik və yaxınlıq təşkil edən cəhətləri çoxdur. Bu, hər şeydən əvvəl, eyni etnik köklərə, adət-ənənələrə bağlılıqdan, oxşar bədii təfəkkür tərzinin təbiətindən irəli gəlir.
Ancaq saf özbək təfəkkür tərzinə xas olub, özbək qəlbinin poetik yaşantısı kimi parlayan misilsiz örnəklər də az deyil. Buna əmin olmaq üçün aşağıdakı parlaq nümunəyə dərindən diqqət yetirmək kifayətdir:

…Hava buludu yırğalar,
Bulud yağışı yırğalar,
Yağış göy otu yırğalar,
Göy ot madyanı yırğalar,
Madyan qımızı yırğalar,
Qımız oğlanı yırğalar,
Oğlan o qızı yırğalar,
O qız beşiyi yırğalar,
Beşik uşağı yırğalar,
Uşaq dünyanı yırğalar,
Dünya sevdanı yırğalar,
Sevda havanı yırğalar…

Göründüyü kimi, yaranışın aramsız dövr edən təbii gözəlliyini, həyatın özünün işıqlı obrazını bundan da sərrast, bundan da inandırıcı cizgilərlə canlandıran başqa mənzərəni təsəvvürə gətirmək çətindir. Hələ biz sadəliyin və səmimiyyətin bədii vəhdətinə səciyyəvi misal kimi bu örnəyin öz çoxcəhətli orijinallığı ilə xalq şeirinin ahənglər və obrazlar aləmi, bənd və qafiyə quruluşu haqqındakı ənənəvi təsəvvürlərə gətirdiyi yeniliyi demirik!..
Özünəməxsusluqdan söz gedəndə özbək xalq şeirinin ənginliklərində nəzərə çarpan bir sıra rəmzi-məcazi obrazlar ciddi maraq doğurur. Onlar tədqiqatçı diqqətini, bir tərəfdən, öz poetik özgünlüyü və yeniliyi ilə cəlb edirsə, ikinci tərəfdən, qədim inanclar və mifoloji təsəvvürlərlə bu və ya digər dərəcədə bağlılıqlara doğru yönəldir. Bu baxımdan xalq arasında çox geniş yayılmış qədim mahnılardan birinin növbəti bəndləri fikrimizə tutarlı misal ola bilər:

…Ağ ilan, ağca ilan,
Ay ilə yatdığın hanı?!..
Mən yamandan ayrılıb,
Yaxşını tapdığın hanı?!..
Ah çəkirəm, ah çəkirəm,
Ahlarım tutar səni.
Göz yaşım dərya olub,
Balıqları udar səni.

Özbək xalq şeirinə mənsub lirik janrların sərhədləri və xüsusiyyətlərini düzgün müəyyənləşdirmək üçün bəzi fərqli cəhətlərə xüsusi diqqət yetirmək lazımdır. Məsələn, yalnız özbək xalq mahnılarının mətnini götürsək, indinin özündə gerçəkləşən nəşrlərdə də onların məzmun-mündəricə bütövlüyü və sərhədləri nisbidir. Doğrudur, Azərbaycan xalq mahnılarındakı kimi, müəyyən bir yaşantının və ya hadisənin ifadəsi olan nümunələr ("Sünbülə", "Bəri gəl", "Qaragöz", "Narın-narın", "Qızıl alma", "Zər çuxalı", "Şamama iylim mənim" və s.) də mövcuddur. Amma özbək xalq mahnılarının böyük əksəriyyəti heca vəzninin müxtəlif ölçülərində (yeddilik, səkkizlik, onbirlik və s.) yaranmış və ən müxtəlif yaşantıları əks etdirən saysız-sanaqsız müstəqil dördlüklərdən ibarətdir. Bu dördlüklərin ən qəribə cəhəti ondadır ki, onlar bir çox kütləvi nəşrlərdə bir-birinin ardınca elə sıralanıb ki, bəzən bir sıra nümunələrin kimin (qızın və ya oğlanın, qadının yoxsa kişinin) dilindən söyləndiyini ayırd etmək olduqca çətindir.

Akif Azalp,
Filologiya üzrə fəlsəfə doktoru

***

Özbək xalq şeirindən seçmələr

Bu dağlar necə dağlar,
Daşı var, təpəsi yox.
Sözündə durmayan yarın
Dərdi var, vəfası yox.

Gül qönçədir, gül qönçə,
Niyə yaxırsan bunca?
Yanımda olmadın bir dəm,
Mənim könlüm açılınca.

Sən nə vaxt gəldin qapıya,
Mən bilib, ah çəkmədim?
Çıxmağa yol tapmadan,
Oturub qan ağladım.

Qapından keçəndə mən,
Dütarın səsi gəlir.
Ürəyimi yandıran
Yarın işvəsi gəlir.

Hər gün görəcəm deyib,
Bir görmədim yarımı.
Ölməsəm, allam deyib,
Ümid üzmədim yardan.

Qaranlıq gecə ilə,
Arxların içi ilə.
İki qolum bağlansın
Qızların saçı ilə.

Yar elə keçib getdi,
Yar belə keçib getdi.
Yarımın dediyi söz,
Ürəkdən keçib getdi.

Mən səfərə çıxanda
Yar evlərində qalıb.
"Nə vaxt gələssən?" deyə,
Qara gözü yaşlanıb.

Səmada mənim ayım,
Təndə qalmadı canım.
Salamımı çatdır sən
Uzaqda mənim yarım.

Dağlar dolu kəklikdir,
Məndən yarım incikdir.
Həyətdə görüşəndə
Deyib-gülmək hər şeydir.

Mən gedimmi ya ora,
Yar gəlsinmi ya bura?
Yara yar gərəkdirsə,
Qoy özü gəlsin bura!

Yar ilə gedimmi mən,
Yolunda qalımmı mən?
Könül verməz yarımın
Könlünü alımmı mən?

Yarımı atıb gəldim,
Daşkənd dediyin yerə.
Dildə deməyə baxma,
Könlü başqa yardadır.

Xəyalım uçub getdi,
Daşkənd yoluna tərəf.
Gözümün nuru getdi
Yarın yoluna tərəf.

Mən özüm kiçik bağda,
Kəklik bəslərdim dağda.
Bəy oğluna satdılar,
Qaldım qəmdə, fərağda.

Su şırıldayıb axsa,
Gözüm nuru deyirəm.
Yar üçün ölüb getsəm,
Alın yazım deyirəm.

Gecələri mən gəldim,
İtlərinə yalvardım.
Vədə verib, çıxmadın,
Zəfəran tək saraldım.

Səmadakı ulduzun,
Yanan şamı varmıdır?
Canım, ürəyimi yar,
Bax gör, dağı varmıdır?

Ayı aya satımmı,
Yar, səni gözləyimmi?
Yaxud sənin dərdində
Astananda yatımmı?

Uca yerə çıxsam mən,
Dörd tərəfimə baxıb,
Qapım önündən keç sən,
Bülbül kimi oxuyub.

O tərəfə ötər bir gül,
Açılıbdı qızılgül.
Yarımın gülzarında,
Oxumaqdadır bülbül.

Kaş ki, gülzar olaydım,
Sevgilimi görəydim.
Göz qabağında olsa,
Qoynunda can verəydim!

Uca dağa qalxdım mən,
Yol tapıb düşəcəmmi?
Sizin üçün yandım mən,
Murada yetəcəmmi?

Bülbül kimi ötürəm,
Yarımın gülzarında.
Məcnun kimi ağlaram,
Yarımın fərağında.

Bu küçə uzun küçə,
O yanına keçməyin.
Qızını sevdiyimi,
Anasına deməyin!

Qol-qola girib gəzmək,
Yarım sevən mənzərə.
Bir az da söhbət edək,
Canına can verdiyim!

Bülbüllər ötməz oldu,
Güllər açılmaz oldu.
Düşmən sözünə girib,
Yar bizə baxmaz oldu.

Gedirəm demədiniz,
Bir deyib-gülmədiniz.
Qızıl almanı bölüb,
Mənimlə yemədiniz.

Bivəfa imişsiniz,
Çoxcəfa imişsiniz.
Vüsal sözünü verib,
Ayrılan imişsiniz.

Bağınıza girdim mən,
Şaftalınıza doydum.
Bir də qıyqacı baxın,
Öləcəmsə, ölüm mən!

Bağındakı almanı,
Qoy bir iyləyim, yarım!
Mən qərib biçarəni
Yerə vurmayın, yarım!

Bağında gül olsaydım,
Qapında qul olsaydım,
Heç nisgilim qalmazdı,
Eşqində kül olsaydım.

Bu gün gecə yuxumda
Sevdiyim yar gəlibdi.
Dindirirəm, danışmır,
Nədənsə inciyibdi.

Bülbül qondurma bağına,
Məni yandırma dağına.
Atlaz donun yaraşır,
Sənin ay tək camalına.

O sevgilimin, görən,
Şəkili gələrmi heç?
Yar yandıran ürəyin
Sağ yeri olarmı heç?

Mən səfərə çıxanda
At üstdə dönüb baxdım.
Düşmən sözünə girib,
Sevdiyimdən ayrıldım.

Qımız içəndə acı,
İçəndən sonra dadlı.
Ağzında nabat varmı,
Dili şirin qaragöz?

Qapında var qızılgül,
At bağlar Nəbiqulu.
Gizlin-gizlin pisləyir
Namərd məni yarıma.

Qızılgül yarpağı tək,
Daim yanında olum!
Əgər vəfasız çıxsan,
Yana-yana kül olum?

Evdən dolanıb çıxdım
Qarşıdakı dəhlizə.
Yarımı dəyişmərəm
Mən on beş yaşlı qıza.

Meşəylə cəngəlliyin
Çoxdur ördəyi, qazı.
Mənim sevdiyim yar var,
Öldürür onun nazı.

Çıxdım dağın başına,
Ordan düşdüm piyada.
Mənim sevdiyim gözəl
Qızılgüldən artıqdı.

Dam altında oturub,
Daş gəldimi üstünə?
Üz-gözün saralıbdı,
Qəm gəldimi üstünə?

Ağ atlarda görkəm var,
Boz atlarda quyruq var.
Sevirsən, ürəkdən sev,
Məcnundan buyuruq var.

Pəncərədən bir baxdım,
Yarım qıvrılıb yatır.
Dönüb gedim, deyirəm,
Könlüm qüssəyə batır.

Dan çağı ötən bülbül,
Könlümün gözün açdı.
Açılmış qızılgülü,
Yarım sevgiyə saçdı.

Dan çağı ötən bülbül,
Allaha nalə eylər:
"Nadana könül versən,
Ürəyi para eylər!"

Səyrə, bülbülüm, səyrə
Qızılgül şaxı sınsın!
Yar ayrılıram, deyir,
Ayrılıb, qoy dincəlsin!

Sənin kimi zərif qız,
Gəlməyib heç dünyaya.
Bütün qızlardan artıq
Sən layiqsən sevdaya.

Yarın dili dadlıdır,
Ürəyi daş kimidir.
Bir qapıya çıxmadı,
Dünən atda gələndə.

Sarı çiçək çaydadı,
Sizin tək yar hardadı?
Siz tək yarı sevəndə
Könüldə qəm nə gəzir.

Bıçağı salacaqdım,
Yarım əlimdən tutdu.
Qaşlarını oynadıb,
Könlümə yolu tapdı.

Darvazanın zəncirin,
Bağlamaq olmur, axı.
Yarı əlin içində
Saxlamaq olmur, axı.

Can dostum, canım dostum,
Görməyə gəlmisən məni.
Yar dərdi belədirsə,
Dərmanın tap dərdimin.

Can içində canan qız,
Odun cana yaxan qız.
Qələm qaşlı, qaragöz,
Saçın uzun hörən qız.

Çiçəklər niyə bitmir,
Otlar niyə göyərmir?
Yarım məndən küsübdür,
Çağırmasam, baş çəkmir.

Havada bulud varmıdı,
Qar-yağış yağarmıdı?
Bir qız üçün can vermək
Adına rəvamıdı?

Könüldə həsrətim var,
Yarımdan xəbər gəldi.
Şirin sözlü, qaragöz,
Qaşları kaman gəldi.

Hava yenə tutuldu,
Ardından qarı varmı?
Aləmi gəzib gəldim,
Sənin tək yar görmədim.

Dütar çalırdım evdə,
Yarım gəldi yanıma.
Şirin-şirin sözlərlə
Odun saldı canıma.

Çay da belə axarmı,
Axa-axa daşarmı?
Mənim qaragöz yarım,
Daim mənlə yaşarmı?

Dərdini mənə söylə,
Qoy dadına mən çatım.
Sən tək sevimli yarı
Gəlib Daşkənddə görüm.
Qızılgülüm, qızılgülüm,
Niyə vaxtsız xəzan oldun?
Məni çöllərdə buraxıb,
Özün yola rəvan oldun?

Qaşının qaralığı,
Gözünün gözəlliyi.
Canıma cəfa eylər,
Yarımın bəlalığı.

Baxıram, heç görünmür,
Çay tərəfdə dan atır.
Mənim qəm çəkməyimi
Sevdiyim nə vaxt anlar?

Gözüm səyriyir mənim,
Daşkənddən yarım gəlir.
Özü gəlir, ya da ki,
Bir xoş xəbəri gəlir.

Qaşın qarası səndə,
Ay üzünə mən bəndə.
Çağıranda gəlmirsən,
Üzü qara olmuşum!

Qaşının qarasını,
Qara xəttə oxşatdım.
Sabah axşam gəlməsən,
Səni kimə oxşadım?

Qiblədən külək əssə,
Yarım necə gələcək?
Dostdan çox düşməni var,
Burda necə gəzəcək?

Qapqara qaşlım mənim,
Ey uzun saçlım mənim!
Qara qaşından yana,
Qarda qaldı qismətim.

Baxdım gözüm yoruldu,
Mənə bir söz vermirsən.
Nədən könlün soyudu,
Çağıranda gəlmirsən?

Qoşa ağac altında
Əl vermişdiniz, hanı?
Ayrılmaq yoxdu deyə,
Söz vermişdiniz, hanı?

Əllərində dəsmalı,
Yarın gözü yaşlıdı.
Yar könlü başqa cürdü,
Könlündə bir daşı var.

Qızıl alma gülü tək,
Qırmızı güllü yarım.
Ağzında nabat varmı,
Ey şirin dilli yarım!

Qapımızı döydünüz,
Sonra bizdən qaçdınız.
Yoxmu heç insafınız,
Bir belə ağlatdınız?!

Dünən mən yatan vaxtda,
Atı qamçılayıb keçdin.
Bir baxmadan, danışmadan,
Könlümə od salıb getdin.

Kaş görməyəydim səni,
Könül verməz olaydım.
Səndə olan könlümü,
Özümə saxlayaydım.

Könül verməsən yara,
Ox dəyməz imiş cana.
Könülü tamam versən,
Ürəyin dolar qana.

Yanıb-yaxılmaz idim,
Sonda kül olmaz idim.
Könül verməz olsaydım,
Bu günə düşməz idim.