Biz bir dərya qan vermişik… Mədəniyyət

Biz bir dərya qan vermişik…

Hərarətli vətənpərvərlik duyğuları Yəhya Şeydanın bütün şeirlərində ifadə olunub. Lakin şair nə yazırsa yazsın, bütün yaradıcılığında obrazlarda konkret, hissi-emosional ifadəliliyi məzmun olaraq seçib və ona uyğun formalar yaradıb. Obrazlı şəkildə desək, forma məzmuna bədii don geyindirir, onun bədii-estetik təsirini gücləndirir. Əlbəttə, şairlər əsasən öz əsərlərini ilham pərisinin cövlanə gəldiyi müddətdə yaratdıqlarına görə məzmun, forma, ümumiyyətlə, belə şeylər haqqında fikirləşmirlər, daha doğrusu, şeir yazmaq üçün layihə hazırlamırlar. Bu, onlarda fitrətən doğulur. Yəni əgər şair istedadlıdırsa, daha doğrusu, əsl şairdirsə, onda bütün bunlar olduqca düzgün bir şəkildə nizama düzülür və ədəbiyyatşünaslıqdan başı çıxan oxucuyua elə gəlir ki, həmin şair şeiri yazmamışdan qabaq onun forma və məzmununu seçib hazırlayıb. Lakin bu qətiyyən belə deyil. Şair yalnız mövzunu düşünür və mövzu onu necə deyərlər, tərpədirsə, dərhal yaradıcı ilhamı, təbi coşub qələmə əl atır, əsərin təhlinini ədəbiyyyatşünasların üzərinə buraxır. Məhz buna görə də şair məzmuna uyğun forma seçib deyəndə, biz hökmən onun bu formanı fitrətən seçdiyini nəzərə almalıyıq və ilk növbədə şairin hansısa ədəbiyyat universitetini bitirib-bitirmədiyi ilə deyil, onun yaradıcı qüdrəti ilə maraqlanmalıyıq.
Bu baxımdan Cənubi Azərbaycan şairlərinin mənbəsini xalq yaradıcılığından, el ədəbiyyatından götürən və daim bulaq kimi qaynayan əsərlərini təhlil edərkən, xüsusiulə də 1950-1980-ci illərdə yazıb-yaratmış şairlərin əsərlərini süzgəcdən keçirərkən onların bir sovet vətəndaşı deyil, İran vətəndaşı olduqlarını nəzərə almalı və təhlili sosializm ideologiyasının tələbləri əsasında yaradılan əsərlərin təhlili kimi deyil, hakim təbəqələrin cəlladlığının, fars şovinizminin iti qılıncı altında yazılan əsərlər kimi nəzərdən keçirməliyik. Yəni 1950-1980-ci illərdə yazıb-yaratmış güneyli şairdən, həmin dövrdə yazıb-yaratmış quzeyli şairdən tələb olunan forma və yaxud məzmun gözləmək olduqca gülüncdür. Çünki yuxarıda qeyd olunduğu kimi, bədii əsərin məzmunun mahiyyəti, poetik mündəricəsi əsasən dövrün hadisə və əhvalatlarından, obrazlardan, ictimai-siyasi hadisələrdən, onlarla əlaqəli hiss və duyğulardan doğur. Məlum məsələdir ki, həmin illərdə Şimali Azərbaycanda tamamilə başqa, İranda isə tamamilə başqa ictimai-siyasi hadisələr baş verib. Düzdür, Cənubi Azərbaycandakılar şimaldakı qardaşlara qovuşmağın vüsalının həsrətiylə, eyni zamanda Şimali Azərbaycandakı şairlər də qovuşmaq ümidindən başqa cənublu qardaşlarının başına gələn münasibətlərə, haqsızlığa öz münasibətlərini bildirmişlər. Bu, həmin şairlər böyük təzyiqlərə məruz qaldığı üçün ədəbiyyatın əsas predmetinə çevrilə bilməyib. Lakin həm şimallının, həm də cənublunun qəlbində bir azərbaycanlı ruhu yaşayıb ki, bu da hər bir elmi termindən qat-qat üstün olaraq onlara gələcək nəsillər üçün, gələcəyin Azərbaycan xalqı üçün bir-birindən dəyərli töhfələr yaratmağa sövq edib.
"Azərbaycanın Gülüstan müqaviləsindən bəri iki yerə parçalanması xalq musiqisi kimi bütövlüyü daha çox qoruyub saxlaya bilən folklorda da müəyyən ayrılıqlar, fərqli cəhətlər, spesifik ifadə çalarları meydana gətirib. Dastanlarda, tarixi mənzumələrdə, atalar sözlərində, zərbi-məsəl və lətifələrdə tapmacalarda olduğu kimi bayatılarda da Cənuba məxsusluğun müəyyən əlamətləri, nişanələri, zahiri və fikri-mənəvi spesifikliyi nəzərə çarpmaqdadır. Bu və ya digər nümunədə Cənub spesifikası nə qədər qabarıq görünsə də, "Cənub folkloru", "Cənub bayatıları", Cənub dastanları" və sair ifadələr son dərəcə şərtiliklə işlədilir. Bədii sözün, xüsusən də vahid xalqın bədii sözünün isə müstəqim mənada sərhəddi ola bilməz". ("Cənubi Azərbaycan Ədəbiyyatı Tarixi". XIX-XX əsrlər. Nizami adına Ədəbiyyat İnsitutu Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsi". I cild. 2009. səh.41).
1950-1980-ci illərdə Cənubi Azərbaycan poeziyasının həm mündəricəsinin həyatiliyində, xalqın mübarizəsini, gündəlik həyatını, arzularını əks etməsində, həm də lirik qəhrəmanın real (burda real deyiləndə materialist realizminin əsasları deyil, sadəcə, gerçək anlamı nəzərdə tutulur) psixoloji cizgilərlə təsvirində, poetik formasının xalqa yaxın olmasında özünü göstərib. Buna görə də biz bu dövrdə yaranan poeziyanın forma xüsusiyyətlərdən geniş surətdə danışmalıyıq.
1950-1980-ci illərdə Cənubi Azərbaycanda yaranan poeziyada mündəricə ilə forma vəhdəti daha parlaq şəkildə gözə dəyir və bu əsərlər yalnız mündəricəsi, materialı ilə deyil, formasının da xəlqiliyi, xalq danışıq dilinə və təfəkkürünə yaxınlığı, sadəliyi və təbiiliyi ilə başqa əsərlərdən seçilir. Diqqətli təhlil göstərir ki, bu poeziya bədii forması və gedişləri ilə də yalnız və yalnız gerçəyi əks etdirən poeziyadır, eyni zamanda həqiqət üzərində ifadə olunub. Əfsuslar olsun ki, 1950-1980-ci illərdə cənublu şairlərimizin o vaxt ərzində qələmə aldığı irfan poeziyası nümunələri əlimizə demək olar, gəlib çatmayıb...
Professor Elman Quliyev ustad Şəhriyarı irfani bir şair kimi xarakterizə edərək həm də çox gözəl mərsiyə ustası adlandırır: "Onu da qeyd edək ki, şairin hər hansı siyasi-ictimai münasibətlərlə əlaqədar yazılmış dini əsərləri İslam inqilabı ilə bu və ya digər dərəcədə əlaqədardısa, mərsiyələri isə bu cür əlaqələrdən uzaqdır. Maraqlı hal odur ki, ayrı-ayrı sənətkarlar tərəfindən yazılmış bütün mərsiyələr mövzu və ideya baxımından eyniyyət təşkil edir.
Böyük ustad Məhəmmədhüseyn Şəhriyar, Şimali Azərbaycanın ən görkəmli şairlərindən biri "Süleyman Rüstəmə cavab" şeirində, Şimali Azərbaycana, Azərbaycan xalqına, onun sənətkarlarına öz intəhasız sevgisini, məhəbbətini bildirməklə, "gəraylı" formasında olan bu əsərdə mündəricə ilə formanın nümunəvi şəklini yaradaraq, o taylı, bu taylı Azərbaycanın bir çox dərdlərini, bəlalarını olduqca məharətlə misralara köçürərək gözümüzün önündə canlandırır:

Gün çırtdadı, göz qamaşdı,
Araz mənlə xosunlaşdı.
Eşqim ayaqyalın qaçdı,
Səsin gəldi, Süleymanım!
Sənə qurban mənim canım!

Mən ölmüşəm, ağlayan yox,
Gözlərimi bağlayan yox,
Bir od yaxıb dalayan yox,
Soyuq bizi kiridibdi,
Şaxta bizi qurudubdu.

Biz millətin var harası?
Hardan sağalsın yarası?
Öz şeytanı, öz barası.
Buna deyir: "Qaç çaparı",
Ona deyir: "Vur şikarı!".

Bir əl silah, bir əl yalın,
Biri tünük, biri qalın.
Deyir ki, haqqızı alın!
Amma hansı kömək ilə?
Yemək olur demək ilə?!

Millət yıxan-öz qalası,
Sərbaz kimdi?-öz balası.
Öz qanıdır, öz colası.
Necə deyim çal çatlasın,
Qovuq kimi vur partlasın?

Qorxum budur oyun ola,
Millət yenə qoyun ola,
Kimdir bizə boyun ola?
Ki, qurdu biz qova bilək,
Qurdun şərrin sova bilək?!

Millətə varmı faydası?
Hər qab sınır-öz badyası!
Bu, şeytanın öz qaydası,
Dədəm mənə kor deyibdi,
Hər gələni vur deyibdi.

Amma bizim mücahidlər,
Hər biri min cana dəyər.
Topa, tanka baxar məyər?
Qan-qan deyir hayxırması,
Acıqlı bir şir balası.

Köməkləşən gədir maha
Bizə kömək yoxdur daha,
Bizimki qalmış Allaha.
Şeytan quluymuş şahımız,
Bizim də var Allahımız.

Biz bir dərya qan vermişik,
Zindanlarda can vermişik,
Qırx nəsil qurban vermişik,
Şəriəti tək insanlar,
Təxti kimi pəhləvanlar.

Biz etisab etdik tamam,
Əli yalın etdik qiyam,
Qoyun gəliz, naib-imam!
Cəhad desə dartılaruq,
Qırılsaq da qurtularuq.

Səsin mənə nəfəs oldu,
Qəbir genə qəfəs oldu,
Bir balaca həvəs oldu,
Dedim genə durum yazım,
Gənə də bir qəbir qazım.

Hərdən belə səsin gəlsin,
Gözümüzün yaşın silsin,
Mənim də bir üzüm gülsün.
Haçan səni görə billəm?
Qol boynuva hörə billəm?!

Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də sözündən öp.
Mən də təkəm sizə qurban,
Tək canım hammuza qurban!
("Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası" 4-cü cild.Bakı,1994).

Vüqar Əhməd,
professor