“Amerikan siyasətində çox ciddi dəyişikliklər müşahidə edilmir” Gündəm

“Amerikan siyasətində çox ciddi dəyişikliklər müşahidə edilmir”

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) siyasətinin müəyyən edilməsində Baydenin və ya Trampın hakimiyyətdə olmasının ciddi təsirləri yoxdur. Çünki ABŞ üçün strateji hədəflər dəyişməz olaraq qalır, taktiki addımlarda isə dəyişikliklər ola bilər”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

A.Qurbanovanın sözlərinə görə, Ağ evin təsir vasitəsi olaraq siyasi və ya iqtisadi amillərdən daha çox istifadə etməsi, eləcə də əməkdaşlıq yoxsa qarşıdurma vasitəsilə hədəfə doğru irəliləmək məsələsində seçim imkanı ümumi maraqlara təsir etmir: “Ona görə düşünürəm ki, məhdud iradə çərçivəsində respublikaçıların və demokratların təqdim etdikləri fərqliliklər də ənənəvi amerikan siyasətinin təzahürləri olaraq nəzərdən keçirilməlidir. Ona görə də, ABŞ-nin fövqəldövlət olmaq iddialarında davamlılığı təmin edəcək addımlar fəaliyyətləri qanunvericiliklə təmzilənən bir neçə fərqli mərkəzlərdən idarə edilir”.

Politoloq əlavə edib ki, nəticə etibarilə, Baydenin siyasəti ABŞ-nin strateji hədəflərinə çatmaq üçün zəruri addımlarla müşayiət edilərək sona çatıb və artıq bu missiya Trampa keçib: “Ümumilikdə isə ənənəvi Amerikan siyasətində çox ciddi dəyişikliklər müşahidə edilmir. Nəzərə çarpan dəyişikliklər isə dövrün tələblərinə uyğun atılan taktiki addımlardır. Siyasi mənzərəyə geniş pəncərədən baxdıqda isə tarixi analoji hadisələrdə olduğu kimi ənənəvi Amerikan siyasətinin təzahürləri müşahidə edilə bilər”.

Röya İsrafilova