

“PKK onsuz da xaricdən müəyyən dairələrin dəstəyilə yaradılmışdı və indiyə qədər də onların dəstəyilə fəaliyyət göstərirdi. Ancaq Türkiyə dövlətinin qətiyyəti, öz qürurunu, suverenliyini qorumaq bacarığı həmin qüvvələri geri çəkilməyə məcbur etdi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə əlavə edib ki, eyni zamanda, ABŞ-nin yeni administrasiyası PKK layihəsinin uğursuz bir layihə olduğunu gördü: “Türkiyəni zəiflətmək əvəzinə, əksinə, güclü Türkiyə ilə əməkdaşlıq etmək bugünkü ABŞ-nin marağındadır. Bu baxımdan onlar PKK-ya yardım göstərmək fikrindən əl çəkdilər. Digər tərəfdən PKK ideyasına bağlı olan insanlar da 40 illik fəaliyyətlərinin ilk növbədə kürd xalqının maraqlarına zərər vurduğunun fərqində oldu. Bütöv bir nəsil ancaq döyüşə, özünü və yaxınlarını problemlərə düçar etməklə məşğul oldu. PKK-ya bağlı olan insanlar təhsildən, mədəniyyətdən kənarda qaldılar, Türkiyə dövlətinin idarə edilməsi imkanından məhrum oldular”.
Deputat vurğulayıb ki, son dövrlərdə dünyada gedən proseslər Türkiyənin özündə dövlətçiliyin, milli qürurun möhkəmlənməsi uğrunda aparılan siyasət öz müsbət nəticəsini verir: “PKK artıq tarixin səhnəsindən silinmiş olur. Bu, Türkiyənin, Türk dünyasının, həmçinin Azərbaycanın qələbəsidir. Cənab Prezidentimizin Türkiyə dövlət başçısına təbriki də onu göstərdi ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdədir və həmişə də bir yerdə olacaqlar”.
Röya İsrafilova